Teatrı təmənnasız
sevən adam
Teatr onu sevən insanlara hər zaman qucaq açıb. Yetər ki, sən teatrı heç bir təmənna güdmədən sevəsən, hər nazına, istəyinə, çətinliklərinə tab gətirəsən, dözəsən.
Amma teatra şöhrət, populyarlıq naminə üz tutan, bu ocağın istisinə əl uzadanların bir çoxu burada uzun müddət duruş gətirə bilmir. Yalnız dərin sevgi hissi kimlərisə bu ocağın başına yığışmağa vadar edə bilər. Elə müsahibimiz Azərbaycan Dövlət Musiqili Teatrının xormeyster assistenti, Əməkdar artist Aybəniz Bağırova kimi...
Necə deyərlər, bütün şüurlu həyatını, ömrünün ən gözəl illərini teatra, musiqiyə həsr edən Əməkdar artist Aybəniz Bağırova ilə onun yubileyi ərəfəsində görüşdük. Aybəniz xanım teatrdan danışanda gözlərinin içi gülür. Səmimiyyət dolu, seçdiyi sənətə tükənməz sevgidən, sevincdən parlayan bu gözlərdə həm də bir qürur, arxayınlıq var. Özlüyümdə düşündüm ki, o, səhnə üçün doğulan xoşbəxt taleli insanlardandır.
Əməkdar artist Aybəniz Bağırova ilə söhbətimiz çox səmimi və maraqlı oldu. Olduqca təvazökar, mülayim bir insan olan müsahibimlə söhbət etdikcə elə bilirdim ki, illərin tanışıyıq. Aybəniz xanımın həyat hekayəsini dinlədim. Onun həyatda tutunacağı iki varlıq var: teatr və həyat yoldaşı Əməkdar artist Ziya Bağırov!
Niyyətin hara, mənzilin
ora..
Ötən il 60 yaşını qeyd edən Aybəniz xanım şanslı sənətkarlardandır. Ona görə ki, ətrafında ona dəyər verən insanlar az deyil. Yenicə vidalaşdığımız ildə yubileyini qeyd edən Əməkdar artistin doğum günü Mədəniyyət naziri Əbülfəs Qarayevin diqqətindən yayınmayıb. Nazir onu milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyəti və anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.
Aybəniz Bağırovanın yaradıcılıq yoluna nəzər yetirdikdə hiss edirsən ki, aktrisa həm çox şərəfli, həm də çətin, məşəqqətli bir həyat yaşayıb.
Səhnəyə marağı onu Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsinə gətirib. Təhsilini başa vurduqdan sonra, bir müddət Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Mahnı və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərib. 1998-ci ildən isə taleyini Azərbaycan Dövlət Musiqili Teatrı ilə bağlayıb. 20 ildən çoxdur ki, xor artisti kimi müxtəlif tamaşalarda səhnəyə çıxır. Səs tembri metso-soprano olan Aybəniz Bağırova teatrda işlədiyi müddətdə "O olmasın, bu olsun”, "Şən dul qadın”, "Maritsa”, "Talelər qovuşanda”, "Silva”, "Çılğın Qasqoniyalı”, "Bir günlük siğə”, "Aldın payını, çağır dayını”, "Nəğməli könül”, "Dəli dünya”, "Bir saat xəlifəlik”, "Arşın mal alan”, "Qadınsız yaşamaq olmaz”, "Şeytanın yubileyi” kimi bir çox tamaşalarda uğurla çıxış edib. Mədəniyyət sahəsində xidmətlərinə görə 2014-cü ildə "Fəxri mədəniyyət işçisi” döş nişanına, 2016-cı ildə isə "Əməkdar artist” fəxri adına layiq görülüb.
Müsahibimizlə gənclik illərindən, onu sənətə gətirən taleyindən danışdıq. Dedi ki, Universitetə daxil olanda Gədəbəydə, rayon yerində xorda oxuyan, incəsənətlə məşğul olanlar az olduğu üçün hər kəsə onun seçdiyi sənət qəribə gəlirmiş: "Bizim ailədə sənət adamı, səhnə ilə yaxından-uzaqdan bağlılığı olan yox idi. Uşaq yaşlarımdan güzgünün qarşısına keçər, əlimdəki oxlovu tar kimi sinəmə sıxar, müxtəlif mahnılar, musiqi nömrələri ifa edərdim. İncəsənətə, musiqiyə olan həvəs məndə elə o vaxtdan baş qaldırmışdı. Deyirlər axı, niyyətin hara, mənzilin ora. Məni də niyyətim, istəyim bura gətirdi. Bəzən həyatın axarını təsadüflər də həll edir. Məsələn, belə bir təsadüfi görüşdən sonra təxminən on ilə yaxın işlədiyim Filormoniyadan ayrılmaq qərarına gəldim. Bizim gənclik dövrümüzün məşhur sənətkarlarından olan mərhum Mobil Əhmədovla görüşümüz taleyimdə dönüş anı oldu və köhnə iş yerimdən ayrıldım”.
Mobil Əhmədov onu Musiqili Teatra dəvət edir.
O gündən
bu günə Aybəniz
xanım qəlbindəki səhnə və sənət
sevgisini teatrdakı həmkarları ilə
bölüşür. Teatra gələndə həyat
yoldaşının kim olduğunu gizlətməyə
çalışsa da, buna nail ola bilmir.
Fəxri adlarım mənə
övladım qədər əzizdir
Aybəniz xanım ömrünü teatra həsr etməkdən
məmnunluq duyur. Deyir ki, bu illər ərzində çəkdiyi əziyyət
teatrın direktoru Əliqismət Lalayev tərəfindən
yüksək qiymətləndirilib: "Hər zaman rəhbərlik
tərəfindən özümə, sənətimə
hörmət və ehtiram görmüşəm. Bunun üçün direktorumuz Əliqismət
Lalayevə minnətdarlığımı bildirirəm. Hər zaman işləmək istəmişəm və
işimdən zövq almışam. Teatrımızın
direktoru da bunu görüb və zəhmətimi dəyərləndirib. Məhz çəkdiyim
əziyyətin nəticəsində "Fəxri mədəniyyət
işçisi”, "Əməkdar artist” fəxri adlarına
layiq görülmüşəm. Təbii
ki, bu məni çox sevindirir. İnsan öz zəhmətinin
bəhrəsini görəndə yaşadığı
ömrü, keçdiyi həyat yolunu səmərəsiz saymır. Bu fəxri
adlar mənə övladım qədər əzizdir”.
Aybəniz
xanım deyir ki, hər zaman özünə güvənib, məsuliyyətli
olub, işini dəqiqliklə icra edib, həmkarlarına sevgi
ilə, səmimiyyətlə yanaşıb: "Həyat
yoldaşım uzun müddət Mahnı və Rəqs
Ansamblında işləyib. Bu gün tanınan
bir çox sənətkarlara dərs deyib, onlara dəstək
olub. Onların əlindən tutub. Mən özüm də gənclərə hər
addımda yardım etməyə
çalışmışam, məsləhətlər
vermişəm, yeri gələndə, tərəfini
saxlamışam, irəli çəkilməsinə zəmanət
vermişəm. Axı, biz də gənc
olmuşuq. Mənə də zamanında
kimsə dəstək olub. Mənə
kömək edən, əlimdən tutan xeyirxah insanları bu
gün də unutmuram. Onları həmişə
minnətdarıq və ehtiram hissi ilə xatırlayıram”.
Hər zaman şükr etmişəm
Aybəniz xanım
bizimlə görüşə həyat yoldaşı Ziya
müəllimlə birlikdə gəlmişdi. O,
yoldaşını balaca uşaq kimi əzizləyir, ona ana
qayğısı ilə yanaşırdı: "Ziya çox
mədəni, geniş dünyagörüşlü
insandır. Hər zaman
çalışmışam ki, ona layiq bir həyat
yoldaşı olum. Mən onu heç kimə,
heç nəyə dəyişmədim. O mənim həm
həyat yoldaşım, həm kiçik ailəmizin
başçısı, həm də övladımdır. Çox vaxt onu körpə uşaq kmi bəsləyirəm.
Bu gün də bir-birimizə dəstək
ola-ola yaşayırıq”.
Gənclik illərini xatırlayan cütlük o illəri
xoş zamanlar kimi təqdim edirlər. Marağım mənə güc gəldiyindən
onların harda tanış
olduqlarını, necə ailə qurduqlarını xəbər
alıram: "Biz 1986-cı ildə Filarmoniyada tanış
olmuşuq. Heç ağlımın ucundan da
keçməzdi ki, nə vaxtsa onunla evlənə bilərəm.
O, bizim bədii rəhbərimiz idi. Rəfiqəm
Nüşabə Ələsgərli soruşdu ki, Ziya müəllimə
zəng vurursanmı, onunla danışırsanmı?
Dedim ki, yox. Bu söhbətdən sonra, nəyisə
soruşmaq bəhanəsi ilə ona zəng etdim və elə
o gündən aramızda səmimi münasibət yarandı”.
Bu gün də bir-birlərinə məhəbbətlə
baxan cütlüyün həyat eşqi tükənməyib. Aybəniz xanım deyir ki,
aralarında sevgi olmasaydı, ailə qurmazdılar: "Ziya
müəllimin heç vaxt elə də böyük
var-dövləti olmayıb. Biz evlənəndən sonra mən
cah-cəlal içində yaşamağa da can
atmamışam. Ancaq həmişə hər
şeyə şükr etmişəm. Onun
saflığını, təmizliyini sevmişəm. Sənət adamı olasan və bu qədər
abırlı, həyalı qalasan?! Mənim
üçün o, mələk misallı bir insandır.
Əminəm ki, onu tanıyanların, onunla
ünsiyyətdə olanların hamısı mənim sözlərimi
təsdiqləyərlər.
Kimdən soruşsanız, Ziya müəllim
haqqında yaxşı fikirlər söyləyəcək.
Çünki o ömrü boyu xeyirxah olub.
Bizim illər əvvəl başlayan sevgi hekayəmizin
qanadı sevgi, inam, sədaqət və hörmətdir! İndi biz bir-birimizə daha çox lazımıq.
Ən azından bir-birimizə qulaq həyanı
olmaq, bir-birimizin qayğısına qalmaq üçün
Allah bizi qoruyur!”
Qarşımda əyləşən bu iki sənət və
səhnə adamından dostlarını xəbər
alıram. Aybəniz xanım deyir ki, əhatə dairələri
geniş olub. Ancaq zaman öz xəlbirindən,
ələyindən keçirib bu insanların çoxunu.
Zamanın sınağından çıxanlar
bugünə qədər də yanlarındadırlar.
Onların arasında məşhurlar da var: "Hər dost
dediyimizlə axıradək yol getmək olmur bəzən.
Filarmoniyada işlədiyimiz illərdən Nüşabə
Ələsgərli ilə çox yaxın dost olmuşuq. Bu
gün də onunla səmimi münasibətimiz davam edir. Yaxın dostlarımızdan biri də Nahidə Həmdəmovadır.
Onunla da dostluğumuzun tarixi 30 ildir.
Adlarını qeyd etdiklərim sınanmış
dostlardır!”.
Sevdiyim
işlə məşğulam
Ömrünü
teatra fəda edən Aybəniz xanımın elə də
böyük tələbləri, istəkləri yoxdur. Ondan "Əməkdar artist adından sonra sizə
Xalq artisti adı almaq istərdinzimi?”- deyə
soruşuram: "Yox, - deyir, - mənə verilən adla kifayətlənirəm.
Düzdür, mən canımı bu teatra fəda
etmiş insanlardanam. Ancaq o qədər də
böyük gözləntilərim yoxdur. Sadəcə,
sevdiyim yerdə. Bu mənim ən
böyük xoşbəxtliyimdir”.
60 yaşının
olmasına baxmayaraq qıvraq, dinamik, zarafatlarından da qalmayan
gənc ruhlu bu xanım yalnız xorda oxumaqla kifayətlənməyib,
yeri gələndə, səhnədə müxtəlif
obrazları da canlandırıb. Dövlət
imtahanında Qaynana rolunu oynayan müsahibim teatrda da bəzi rolları
ifa edib. Musiqili Teatrda "Yeddi məhbusə”
tamaşasında Müəlliməni,
"Qırmızıpapaq” tamaşasında isə Nənəni
oynayıb.
Hər zaman öz ləyaqətini,
xanım-xatınlığını qoruyan Aybəniz
Bağırova indi teatrda xormeyster assisenti kimi
çalışır. Aktyorların geyiminə,
saç düzümünə, davranışına nəzarət
edir. Deyir ki, teatrda görünüş çox önəmlidir:
"Biz dahi sənətkarlarımızdan belə
görüb-götürmüşük, belə öyrənmişik.
Onlar teatrda elə bir yaradıcılq mühiti yaratmışdılar ki,
onların yanında əynimizi dəyişə, nalayiq ifadələr
işlədə bilməzdik. O vaxt çox ciddi ədəb-ərkan
qaydaları vardı. Biz də bu gün o ənənələri
qoruyub saxlamağa çalışırıq”.
Aybəniz
Bağırova o illəri xatırladıqca kövrəlir:
Deyir ki, azman sənətkarlarla işləyib: "Bizim teatra
kimlər gəlib, kimlər gedib. Təəssüf
ki, bir çox sənətkarlarımız bu gün həyatda
yoxdur. Allah qalanlarına can sağlığı versin. Çox xoşbəxt insanam ki, bu gün də
teatrda, kinoda öz sözünü demiş sənətkarlarla
bərabər çalışıram”.
2000-dən çox tamaşada səhnəyə
çıxan Aybəniz Bağırova deyir ki,
tamaşaların hamısının onun üçün yeri
ayrıdır. Aybəniz xanım teatrı
ikinci evi hesab edir. Burada işləməkdən zövq
alır: "İnsan işini sevdikdə bütün çətinliklərə
sinə gərir. Bu gün gənclər də
bizə baxıb özlərinə örnək
götürürlər. Sən elə
davranmalısan, elə işləməlisən ki, onlar səndən
nümunə götürə bilsinlər”.
Bu gün
ömürlərini sənətə həsr edən, qəlblərində
yaşamaq eşqi sönməyən iki sənətkarla Aybəniz
Bağırova və onun ömür-gün yoldaşı Ziya
Bağırovla tanış olduq. Bu gün
də bir-birinin gözünə sevgi ilə baxan, bir kəlmədən
nə demək istədiklərini anlaya bilən, yaxşı
gündə də, dar ayaqda da birlikdə olan bu iki insana
möhkəm cansağlığı və heç vaxt
tükənməyən yaradıcılıq həvəsi
arzulayır və Aybəniz xanımı 60 illik yubileyi
münasibəti ilə bir daha təbrik edirik.
Xəyalə Rəis
Kaspi.- 2019.- 10 yanvar.- S. 12.