Təsadüflərin qarşılaşdırdığı cütlük

Rəhman Rəsulov: “Bir hadisə ilə bağlı milyon dənə sual verməyindən başqa, bəyənmədiyim xasiyyəti yoxdur” Nərmin Rəsulova: “Ailə həyatı qurmağa hazırlaşan biri, mütləq şəkildə qarşı tərəfin ona necə dəyər verməsinə diqqət etməlidir”

Elçilikləri uğurlu olmur, buna görə, "qız qaçırma” üsulu ilə ailə qururlarbu gün çox xoşbəxtdirlər. Evliliyin heç nəyi məhdudlaşdırmadığını, sadəcə hər şeyin öz çərçivəsində gözəl olduğunu deyirlər. Ailə qurarkən həyat təcrübəsinin mühüm rol oynadığını düşünürlər. Evliliyi həyatın ən çətin imtahanı kimi qiymətləndirirlər. "Ailə” rubrikamızın budəfəki qonaqları "ARB24”-ün aparıcısı Rəhman Rəsulov və xanımı Nərmin Rəsulovadır.

İlk olaraq onlar haqqında qısa məlumat verək. R.Rəsulov 1987-ci ilin 7 fevralında Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə elə həmin şəhərin 26 saylı orta məktəbini bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinin dramkino aktyoru fakültəsində ali təhsil alıb.

N.Rəsulova da 1991-ci ildə 17 iyulda eyni şəhərdə doğulub. Ali təhsilini ilk olaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində bakalavr səviyyəsində alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi fakültəsini magistratura səviyyəsində oxuyub. Bir müddət bank sahəsində çalışsa da, hazırda işsizdir. Cütlüyümüzün Rəsul adında oğlan, Ayla adında qız övladları var.

Təsadüfi tanışlıq

Tanışlıqlarından danışan Nərmin hər şeyin sadəcə təsadüf olduğunu deyir: "Rəhmanla eyni şəhərdə yaşayıb, eyni məktəbdə oxusaq da, hətta, bir müddət eyni məhəllədə qalsaq da, bir-birimizi tanımamışıq. Mən Rəhmandan dörd sinif aşağı oxumuşam. Məktəbdə hamı ondan danışırdı. Deyirdilər ki, filan kanalda işləyən o oğlan bizim məktəbi bitirib. Sonra mən "ASAN xidmət”də Rəhmanın bacısı ilə birlikdə könüllü kimi fəaliyyət göstərirdim. Bacısı vasitəsilə tanış olduq. Amma bunlar təsadüfi görüş idi. Könüllülük müddəti bitdikdən sonra bankda işlədiyim dövrdə də Rəhman banka kimi gəlib çıxdı. Sözün açığı, özümbu gəlişi arzulayırdım (gülür)”.

Rəhman isə tanışlıqlarının maraqlı olduğunu və Nərmin xanımı görmək üçün müxtəlif bəhanələrlə onun yerinə getdiyini deyir: "Əvvəlcə bacımın vasitəsi ilə tanış olduq. Amma o, bizi bilərəkdən tanış etməyib. Sonra Nərmin başqa işə keçdi. Bankda işlədiyini öyrəndim. Gələcək həyat yoldaşımın fəaliyyət göstərdiyi şöbəyə kredit bəhanəsi ilə yaxınlaşdım. Elə hər şeybundan sonra başladı”.

"Gözlərinə baxanda nə isə hiss etməsəydim...”

Rəhmanın artıq formalaşmış düşüncə tərzi və görünüşünün də Nərminin ürəyincə olması, bu tanışlığın davam etməsinə şərait yaradıb: "Adam bir-birinin gözlərinə baxanda hər şeyi hiss edir. Bu dost, və həyat yoldaşı məsələsində də belədir. Əgər Nərminin gözlərinə baxanda nə isə hiss etməsəydim, sonra banka qədər onun ardınca getməzdim. Görüşlər, söhbətlərlə gördüm ki, Nərmin istədiyim xanımdır. Ən əsası, hiss edirdim ki, bu düşüncə birtərəfli deyil. Sən demə qarşı tərəf də belə fikirləşirmiş”.

"Nikah olmasa, bu addımı atmazdım

Münasibətlərində bütün ilk addımların Rəhmana məxsus olduğunu deyən Nərmin bildirir ki, elçilikləri uğurlu olmayıb və Rəhman onu qaçırmaq məcburiyyətində qalıb: "Ailəm bizim izdivacımıza razı deyildi. Uğursuz elçilikdən sonra nə qədər cəhd etsək də, onları heç cür razı sala bilmədik. Sonra Rəhman qaçmağı təklif etdi və mən başqa çıxış yolu görmədiyim üçün bu addımı atmaq məcburiyyətində qaldım. Nikah olmasa, təbii ki, bu addımı heç vaxt atmazdım. Onu qeyd edim ki, yaxşı ki, bu riskə getmişəm. Çünki bu addımı atmasaydım, ailəm razı olmayacaqdı və bu gün mən bəlkə də uduzmuş olacaqdım”.

"Yolda başına torba keçirib qaçırmadım”

Rəhman deyir ki, normal adətlərlə evlənmək üçün bütün mümkün vasitələrdən istifadə edərək ailəni yola gətirməyə çalışıblar: "Qaçırma üsulu ilə evlənməyin tərəfdarı olmasam da, bu yola əl atmaq məcburiyyətində qaldım. Kinolardakı kimi yolda başına torba keçirib qaçırmadım (gülür). İkimizin də razılığı oldu. Çünki Nərminin ailəsində müəyyən qaydalar var idi. Hansı ki, o qaydalara əməl etsəydik, yəqin, hər ikimiz subay qalacaqdıq. Amma bütün vasitələrdən mümkün qədər istifadə etdim ki, normal adətlərlə evlənək, lakin alınmadı. Mənim ailəmin qərarı birmənalı idi. "Necə istəyirsən, elə et” dedilər. O ki qaldı barışığa, təxminən 1 ilə yaxın Nərminin ailəsi ilə əlaqə olmadı. Sonradan hər şey yoluna düşdü. Çünki nə mən, nə də ailəm üz çevriləsi adamlar deyilik. Barışdıq, indinormal gediş-gəlişimiz var”.

"İkimizintoyla bağlı arzuları vardı”

 

Qaçmaq yolu ilə evlənmək üçün tərəflər arasında olan güvən məsələsinə də toxundular. Rəhman deyir ki, bu, bir anda verilmiş qərar deyildi: "Uzun-uzadı söhbətlər, müzakirələr artıq bizdə yetəri qədər inam yaratmışdı. El dilində desək, bircə, qızı qaçırmaq qalırdı. Qaçırmamışdan əvvəl gizlin şəkildə "ASAN xidmət”də nikaha daxil olmaq üçün ərizə də yazmışdıq. Biz toy da etdik. Çünki ikimizintoyla bağlı arzuları var idi. Baxmayaraq ki, toyda ancaq mənə yaxın adamlar iştirak edirdi, amma bütün hər şey planlaşdırdığımız kimi oldu”.

Sonsuz güvən

"İnanırsınız, hələ də özümə inandırıcı gəlmir ki, mən bu addımı necə atdım” deyən Nərmin xanım bu qərarın çox çətin və məsuliyyətli olduğunu deyir: "Daha uğurlu şəxsi həyat naminə bu riskə getdim. Qərarımdan peşman deyiləm. Nə yaxşı ki, belə qərar vermişəm. Bu gün hər şey ürəyimcədir. Güvən məsələsinə gəlincə isə bu, sonsuz idi. Buna səbəb isə Rəhmanın sözünə sadiq biri olmasıdır. Yəni hər dəfə gizli görüşümüz zamanı daha da əmin olurdum. Məsələn, növbəti görüşümüzə hansı vədi verirdisə, mütləq əməl edirdi. Görüş vaxtına 1 dəqiqə də olsun gecikmirdi”.

"Xoşuma gəlməz boşanaram” düşüncəsi

Rəhman düşünür ki, bir insanı tanımaq üçün müddətin fərqi yoxdur: "Bu, bir həftə də ola bilər, bir gün də. Çünki adicə bir saat kiminləsə oturub çay içib söhbət edərkən, necə bir insan olduğu, sənin istədiyin adam olub-olmadığını təyin edə bilirsən. Amma yenə də yanılmaq məsələsi var. Çünki indi bəzi şeylərdə razılaşdığın detallarla bir müddət sonra razılaşmaya da bilərsən. Yəni belə insanlar az deyil. İstənilən halda riskə gedirsən. "Xoşuma gəlməz boşanaram” düşüncəsi boşanma statistikasında özünü göstərir. Söhbət nəsil artırmaqdan da getməməlidir. Onu dərk etməlisən ki, yeni həyat axarına daxil olursan. Əyləncən də, səyahətin də olmalıdır. Bütün bunları evlənəcəyin adamla, dostlarını və valideynlərini yaddan çıxarmamaq şərti ilə edəcəksən. Qarşı tərəf də bunları dərk edəcək keyfiyyətdə biri olmalıdır. Xırda anlaşmazlıqlar onsuz hər ailədə olur. Bunları aradan qaldırmaq mümkündür”.

"Ondan romantika tələb edəndə...”

"Evliliyin dadı-duzu arada olan mübahisələrdir” desək, yanılmarıq. Nərmin xanım deyir ki, sözlərinin üst-üstə düşmədiyi məqamlar demək olar ki, hər dəfə eyni mövzularla bağlı olur: "Bir-birimizə dərin hörmət və ehtiramla yanaşırıq. Ona görə elə ciddi mübahisələrimiz olmur. Düşünürəm ki, ailə həyatı qurmağa hazırlaşan biri, mütləq qarşı tərəfin ona necə dəyər verməsinə diqqət etməlidir. Çünki evlilik elə bir şeydir ki, bu gün yola getməsən, sabah boşana bilmirsən. Ümumiyyətlə, bu düşüncə ilə yaşamaq özü yanlışdır. Bizdə isə mübahisələr hər zaman eyni situasiyalara görə olur. Rəhman çox hövsələsiz adamdır, suallarıma ətraflı cavab vermir. Mən isə geniş cavab xoşlayanam. Digər tərəfdən, həyat yoldaşım romantik deyil. Ondan romantika tələb edəndə "o romantik kinolara az baxdeyir. Amma bir məsələ var ki, Rəhman ondan inciməyə icazə vermir. Aramızda nəsə narazılıq olanda bir-birimizə bir az vaxt veririk. Əsəblər sakitləşir, sonra oturub danışırıq, səhvlərimizi başa salırıq. Düzdür, gələn dəfə yenə eyni məsələdə mübahisəmiz düşür düşəcək . Çünki mən həmişə ondan ətraflı cavablar tələb edib, romantik olmağını istəyəcəyəm”.

Ana kimi yüksək qiymət

Əslində, bu cavabla Nərmin Rəhmanın bəzi mənfi xüsusiyyətlərindən bəhs etmiş oldu. Bir az da Nərminin mənfi xüsusiyyətlərindən danışaq: "Bir hadisə ilə bağlı milyon dənə sual verməyindən başqa, bəyənmədiyim xasiyyəti yoxdur. Amma arada fikirləşirəm ki, bütün qadınlar belədir. Başa düşmürəm ki, bir sualla cavab ala biləcəkləri hadisənin içindən niyə çoxlu suallar çıxarırlar (gülür)? Nərmini ana kimi çox yüksək qiymətləndirirəm. Pis qiymətləndirməyə haqqım da yoxdur. Artıq 2 övladımız var, Nərmin onlarla daha çox vaxt keçirir. Mənə elə gəlir ki, nəticə pis deyil. Uşaqlar daha az xəstələnirlər səliqə-sahmanları hər zaman yerində olur. Deməli, beş ballıq cədvəllə 5+ qiymət vermək olar”.

10 ballıq sistemlə 10

Nərmin isə həyat yoldaşını 10 ballıq sistemlə qiymətləndirib ən yüksək xalı verdi: "Rəhmanın müsbət keyfiyyətləri çoxdur. Ailəyə qarşı diqqətcildir. Uşaqlarla çox vaxt keçirir, onların tərbiyəsində yaxından iştirak edir. Yəni ata kimi öz üzərinə düşən bütün məsuliyyətləri layiqincə, hətta deyərdim daha artıq yerinə yetirir. 10 ballıq sistemlə, ona elə 10 verirəm”.

Hər şey öz çərçivəsində olmalıdır

Bəzi ailələr evləndikdən sonra subay vaxtı yaşadıqları əyləncəli sosial həyatın bitdiyini deyir. Amma Rəhman bəy elə düşünmür: "Vallah, evlilik heç nəyi məhdudlaşdırmır. Biz tez-tez dostlarla ailəvi görüşürük, tək-tək vaxt keçiririk, səyahətə gedirik. Sadəcə, hər şey öz çərçivəsində olmalıdır. Əlbəttə ki, mən günlərlə evə gəlməsəm, kimlərləsə istirahət etsəm, bu, doğru olmaz. Hər şeyin başında diqqət dayanır. Deyərdim ki, dostlarıma da, ailəmə kifayət qədər vaxt ayıra bilirəm”.

Gələcəklə bağlı xəyallar qurarkən...

Son olaraq cütlüyümüzdən ailə qurmaq istəyən gənclərə tövsiyələrini soruşduq. Rəhman qeyd edir ki, ailəni ailə edən qarşılıqlı anlaşma, kənardan ailəyə olunan təsirləri yoluna qoymaq bacarığıdır: "Məncə, 25 yaşından sonra ailə qurmaq daha uğurludur. Hərçənd, elə insanlar da var ki yaşı çox olmasına baxmayaraq keyfiyyətsizdirlər. Ətrafı dərk etmək, baş verən hadisələrə reaksiya verə bilmək bacarığı bu məsələdə böyük rol oynayır. Bunlar hamısı təcrübədir. Həyat təcrübən kifayət qədər varsa, ailə də qurub saxlaya bilərsən, biznesqurub uğur qazana bilərsən. "Pis olar boşanaram” düşüncəsindəsinizsə, ümumiyyətlə, ailə qurmağı bir müddətlik unudun. Gəzin, yeyin-için, kef edin. Bu dediklərim məsləhət deyil. Şəxsi fikir, təcrübəmdir. Gələcəklə bağlı xəyallar qurarkən, bu arzulara gələcək həyat yoldaşını və övladlarını da daxil etməlisən”.

100 ölçün, 1 biçin

Ailə qurarkən yüz ölçüb, bir biçmək lazım olduğunu deyən Nərmin, evlilikdə sevgi və hörməti əsas sayır: "Təbii ki, bunlar varsa, yalan olmayacaq. Bu zaman hər iki tərəf bir-birinə dürüst davranacaq. İnsan, düşüncə tərzi eyni olan birisi qarşısına çıxan zaman ailə qurmalıdır. Ailə qurmaq inanın ki, həyatınızın ən çətin imtahanıdır. Ona görə, yüz ölçün, bir biçin. Sevib, sevilin, bir-birinizə dəyər verin. Onda ailəniz heç nəyə baxmayaraq, qorunacaq”.

Günel Azadə

Kaspi.-2019.-11 yanvar.-S.13.