“Uğurlarımı anama və
xarakterimə borcluyam”
Ləman
Süleyman: “Ən gözəl təcrübə işin
çətin tərəfidir, asan tərəf təcrübə
demək deyil”
"Gözəllik ondursa, doqquzu dondur” anlayışı bir çoxları tərəfindən qəbul olunur. Bu gün moda, dəb aləmində yerli brendlərimiz və moda aləmində mövcud olan və öz sahələri üzrə beynəlxalq aləmdə ölkəmizin tanıdan modelyerlərin gördükləri işlər göz önündədir. Bugünkü müsahibim də onlardan biridir. Türkiyədə yaşayan azərbaycanlı modelyer Ləman Süleyman bir müddət yerli televiziyada çalışıb, yaşının müəyyən dönəmində istəklərinin arxasınca gedib. Müxtəlif təcrübələr topladıqdan sonra Azərbaycanda yerli brend məhsul istehsalına başlayıb. Modelyerimiz öz adını brendə çevirərək bu ad altında geyimlər istehsal edib amma, daha böyük nailiyyətlər əldə etmək üçün Türkiyəyə üz tutub. Orada həyatına yön verib və daha böyük layihələrə imza atmağa başlayıb.
Türkiyənin məşhur simaları və markaları ilə çalışan azərbaycanlı modelyer "Lemans” adı ilə brendini xarici ölkələrə ixrac edir. Bir çox beynəlxalq moda gecələrində öz dəsti-xətti ilə seçilir. Elə bu yaxınlarda Batumidə moda həftəsi çərçivəsində Türkiyənin məşhur ifaçısı Funda Kılıçın Ləman xanımın libası ilə oradakı çıxışı böyük marağa səbəb olmuşdu.
Müsahibimiz Gürcüstanda doğulub. 7
yaşına kimi orada yaşayıb.
- 7 yaşımda Bakıya köçdük.
Anam AzTV-də aparıcı işləyirdi. Evimiz sənətçilərlə,
musiqi səsləri ilə dolu idi. Anam məni musiqi məktəbinə
yazdırmışdı və
yaradıcı ruhda böyüdürdü. Müəyyən
uşaq verilişlərində və yarışmalarında
yer aldım. Hələ də əhvalımı yüksəltmək
üçün studiyaya gedib mahnı oxuyuram, ya da mahnı və
şer yazıram. Ümumiyyətlə musiqi məni hər
zaman güldürə, ağlada bilər. Yeni eskiz üzərində
işləyəndə də, mütləq o prosesdə musiqi
də olur. O zaman başqa dünyalara dalıram.
- Bəs
televiziyaya gəlişiniz tam bir təsadüf idimi?
- Təbii ki, yox. Televiziya sevgisi mənə anamdan keçib. Bu 19 yaşımda gəlmişəm. Ondan öncə televiziya təcrübəm var idi. TV-də bir müddət həm müxbir, həm də aparıcı olaraq işləmişəm. Həyatda qazandığım ən böyük şey təcrübələrimdir. Televiziya mənim üçün həyatımın böyük təcrübələrindən ilki oldu. Çünki bu sahədə çalışdıqdan sonra insan sanki heç bir işdən qorxmur. Var-gücünlə gecə-gündüz işləyirsən. Qarşında duran hər yeni insanla görüşmədən əvvəl onu araşdırırsan, xarakterini açmağa çalışırsan. Bir növ psixoloq olursan. Bu insanı ruhən böyüdür və ciddi təcrübə qazandıran amillərdəndir. Mən televiziyanı çox sevdim. O illərimə və böyüməyimə səbəb olan hər bir insana minnətdaram.
- Moda sahəsində
ilk olaraq özünüzü nə zaman sınadınız?
- Moda sahəsinə gəlmədən əvvəl
anladığım tək şey vardı ki,
çalışdığım hər hansı bir işi sona
kimi sevə bilmirəm və sanki ora mənim yerim deyildi. Bundan başqa gözəl
görünməyi, dəbli geyinməyi uşaqlıqdan sevir,
modanı hər zaman izləyirdim. Hətta mənim moda rubrikalarım da
var idi. Bir ara "Best Model of Azərbaycan”ın
aparıcılığını etdim. Hiss edirdim ki, bu mənim
maraq dairəmdədir. Televiziyadan sonra artıq
öz biznesimə başladım. Başa
düşürdüm ki, moda ilə bağlı nəsə
etmək istəyirəm. O zaman bu iş Azərbaycanda
çox məşhurlaşmamışdı. 25
yaşım olanda, ailəmə moda sahəsində
çalışmaq, öz brendimi yaratmaq istəyimi bildirdim.
Əvvəlcə Azərbaycanda ilk Jeans geyim
markasını yaratmağı düşünürdüm.
Ailə üzvlərim bunun çox çətin
olacağını bildirdilər, çünki bu sahə o qədər
də inkişaf etməmişdi. Ailə
üzvlərim işin çətinliyindən bəhs edib,
fikrimi yayındırdılar.
- Bəs yenidən belə bir qərara
gəlmək çətin olmadı?
- Bu qərarı
haradasa 32 yaşımda aldım və bu qərar çox kəskin
idi. Bəzən deyirəm ki, həyatımızda
"kaş”kilər olmasaydı. Amma demək
ki, hər şeyin öz zamanı var. Bu işi
başladığımda da hiss etdim ki, xanımlarımız
hələ "Made in Azərbaycan” etiketini üzərlərində
daşımağa o qədər də hazır deyillər.
Müştərilər Ləman
Süleymanın kolleksiyasını görür, çox bəyənirdilər.
Amma hiss edirdim ki, yerli istehsal olduğunu bildikdə ona fərqli
yanaşırlar. Bəzi insanlar
düşünürlər ki, başqa bir ölkədə
tikilən geyimlər üstün olur. Halbuki,
həmin məhsulun ərsəyə gəlməsi
üçün eyni parçalardan və eyni aksesuarlardan
istifadə olunur. Onları eyni əllər, eyni insanlar tikir. Həmin məhsulları fərqli avadanlıqlar
yaratmır. Bu bildiyiniz bir iş prosesdir. Yəqin
ki bu, şüuraltı qəbul edilmiş bir
anlayışdır. Amma zaman keçdikcə
şahidi oluram və sevinirəm ki, insanlar artıq həmin o
baryerleri adlayırlar, sevə-sevə yerli markalardan istifadə
edirlər.
- Bu qərarınız həyatınızı
nə qədər dəyişdi?
- 30
yaşımdan sonra həyatımda bir sıra dəyişikliklər
oldu. O vaxt bir qərar verdim ki, bundan sonra həyatımı istədiyim
kimi - öz hissiyyatlarım üzərində quracam, istədiyim
kimi yaşayıb, yaradıb, hər zaman istədiyim və
inandığım şeyləri edəcəm. Hesab
edirəm ki, hər bir insan belə yaşamalıdır.
Çünki insanlarda müəyyən baryerlər
var, istədiklərini müəyyən səbəblərdən
həyata keçirmirlər. Yaxşı
ki, nəticədə mən doğrudan da istədiyim işə
başladım. Ondan etibarən anlayıram
ki, yaxşı ki, həyatımı istədiyim kimi dəyişdim.
32 yaşımda həyatımı
sıfırdan başladım.
- Bu yolda sizi həvəsdən salan
adamlar oldumu?
- Qorxmamaq
lazımdır. İnsan doğrudan da heç nəyə
baxmayaraq, çox mübarizə aparmalıdır. Həyatda
hər şey gözlədiyimiz kimi ola bilməz
və olmur. Çünki heç bir nailiyyət
asan qazanılmır. Mütləq bu yolda həvəsdən
salan insanlar, yoluna çıxan çətinliklər olacaq.
Məni də həvəsdən salan adamlar çox oldu, xəyal
qırıqlığına uğradığım məqamlar
da az olmadı. Bu hallara Azərbaycanda
da, Türkiyədə də rast gəldim. Azərbaycanda bir çox layihələr həyata
keçirdik. Baxmayaraq ki, geniş çevrəm var amma,
bu iş bir növ çevrə ilə görülsə belə,
ticarəti tamamilə çevrəyə bağlamaq
düzgün deyil. Ticarətin inkişaf etməsi
üçün çevrə xaricinə
çıxmalısan. Bir sözlə, Azərbaycanda
işlər bir az fərqli idi. Sərhədləri aşmaq istəyirdim. İstanbulu seçdim çünki, burada bu işi
həyata keçirmək üçün imkanlar daha
genişdir. İstədiyini əldə etmək
üçün yolun qısalır. Amma
bir çox ölkələr var ki, istehsal nöqtələri
olmadığı üçün orada bizim kimi insanlar bu
işi etməkdə çox çətinlik çəkirlər.
Türkiyədə həyat çox fərqlidir.
Bura istirahət üçün gəldikdə
hər şeyi gözəl tərəfdən
görürük. Yaşayarkən isə
bir sıra çətin təcrübələrdən,
yollardan keçməli olursan. Bir başa
ticarətə başlamaq isə böyük riskdir. Mən
də bir il araşdırma etdim. Eyni zamanda moda ilə bağlı layihələrdən
birində yer aldım.
- Türkiyəyə
köçdükdən neçə müddət sonra öz
şirkətinizi yaratdınız?
-
Türkiyəyə köçdükdən il
yarım sonra öz şirkətimi qurmaq qərarına gəldim.
Hesab edirəm ki, hansı işi görməyinizdən
asılı olmayaraq, ona təmkinlə yanaşıb,
yaxşı araşdırma edib, risklərini, çətin və
asan tərəflərini dəyərləndirdikdən sonra
başlamaq lazımdır. Ən önəmlisi
isə sevgidir. İşi həqiqi sevgi ilə
görmək lazımdır.
- Uğurlarınızı kimə
borclusunuz?
-
Uğurlarıma görə ilk başda anama borcluyam. Xaraktercə də anama oxşamışam. Anam hər zaman mənim mükəmməl olmam
üçün çox çalışıb. O,
övladının üstündə əsən analardan
olmayıb. Amma bizə
bir şey öyrədib - hər hansı bir işə
başladınsa, dayanma, heç bir zaman şikayət etmə.
Hər bir uğur ən başda insanın
xarakteridir. Xarakter isə güc deməkdir.
Mənim üçün gerçək xarakter
güclü xarakter anlamına gəlir. Bir
insan üçün başqa bir ölkəyə
köçüb orada dostsuz, yoldaşsız, təkbaşına
bir işə başlamaq doğrudan da çox çətindir.
Güclü insan hər zaman öz
prizmasından baxdığı üçün inanır ki,
nəticədə bu işi bacaracaq. Yetər
ki, o uğura doğru irəliləyəsən. Anama
Türkiyəyə köçmək istədiyimi bildirdiyimdə
tək söz dedi ki, "doğru qərardır, mən sənə inanıram”. Bu sözlər mənim
üçün çox önəmlidir. Buna
görə də uğurlarımı anama və xarakterimə
borcluyam. Şükürlər olsun ki,
uğurun bir qismini əldə edə bilmişəm. Bir şeyə inanmadan, ümumiyyətlə həyatda
bir işə başlamamaq daha yaxşı olar. Amma başlayırsansa, ən başda inam çox
önəmlidir. Mən inandım ki, bunu edə
biləcəyəm.
- Deyirlər dəb, moda Azərbaycana
bir qədər gec gəlib çıxır. Bu
fikirlər doğrudurmu?
- Əksinə, xanımlarımız trendləri
çox gözəl təqib edirlər. Doğrudan da
biz təqib məsələsində mükəmməlik
(gülürük). Azərbaycan xanımları
bütün trendləri, ən son yenilikləri bilirlər.
Son dəb ayaqqabıdan tutmuş, ən son
çıxan parçalara, son model maşınlaradək hər
şeydən xəbərdardırlar. Çünki
modada çox önəmli şey trendləri bilməkdir.
Xalq olaraq biz çox zövqlüyük. Bizim qadınlarımız doğrudan da
baxımlı, gözəldirlər. Zövq
qandan keçən bir şeydir. Məsələn,
italyanlar. Onlar zövqlü doğulublar və
belə də yaşayırlar.
- Türkiyədə qısa bir
zamanda böyük nailiyyət əldə etdiniz. Bir əcnəbi
vətəndaş, gənc bir xanım olaraq bunlara necə nail
oldunuz?
- Başqa bir ölkədə oranın sistemi ilə çalışmaq, oranın müştəriləri ilə dil tapmaq, oradakı fərqli psixologiyaya sahib olan insanların xarakterinə əsasən hərəkət etmək özü bir nailiyyətdir. Təbii ki, il yarım müddətində ticarətdə böyük nailiyyətdən danışa bilmərəm. Çünki hələ o yoldayam, bəlli məqsədlərimə doğru gedirəm. Çox böyük planlarım var. Əvvəllər düşünürdüm ki, Ləman Süleyman bir marka olacaq, maksimum bir butik çapında işləyəcək. Amma illər keçəndən sonra anladım ki, bu mənim xasiyyətimə uyğun düşüncələr deyil, mənim xəyallarım daha geniş olmalıdır. Bundan da çox nailiyyətlər əldə etməkdə davam edirəm. Burada sistem fərqli işləyir, ümumiyyətlə tekstil ölkələrində sistem başqa cür qurulub. Təbii ki, sən istehsalın böyük rəqəmlərindən yola çıxmağa başlayırsan. İşi, sistemi ona görə qururuq. Mən işə çətin və bilmədiyim tərəfdən başladım. Ən gözəl təcrübə işin çətin tərəfidir. Asan tərəf təcrübə demək deyil. Hər zaman çətinlikdən keçən işin bəhrəsi sənə daha şirin gəlir. Buna görə də mən daha nailiyyətlərə gedən yolun üzərindəyəm. Həqiqətən də o qədər asan deyil, insanı həvəsdən salacaq məqamlar da olur. Qorxduğum, çətinliklər yaşadığım günlər də olub. Başqa bir ölkədə sıfırdan başlamaq, müştərilərlə anlaşmaq, insanların sənə olan münasibətini istədiyin kimi formalaşdırmaq, sənə güvənlərini təmin etmək o qədər də asan deyil. Önəmli olan hər zaman məqsədə doğru yol almaq və özünə, elədiyin işə inanmaqdır. Bir yola çıxanda, o yolun sonu gələnə kimi maneələri görməmək və səni həvəsdən sala biləcək sözləri eşitməmək çox önəmlidir. İnamını sındıracaq nə varsa, onları görməmək, duymamaq lazımdır. Mən bunu öyrəndim və o hissiyyatla davam edirəm. Böyük nailiyyətləri əldə edən insanlara baxanda inanıram ki, onlar o güclərini əldə tuta biliblər ki, bu yerə gəliblər. Bunu hər birimiz edə bilərik.
- Azərbaycandakı
sistemlə burada çalışdığınız sistem
arasında nə kimi fərqlər var?
-
Burada mən işə istehsalın böyük rəqəmlərindən
başladım. Misal üçün, Bakıda 50-100 ədət
yaxşı satış göstəricisidirsə bəlli və
məntiqi səbəblərdən burada rəqəmlər
çox dəyişir. Azərbaycanda
çalışdığım sistemlə burada
çalışdığım sistemin daha bir fərqi ondadır
ki, Azərbaycanda daha çox yaradıcılığa yönəli
çalışırıqsa burda daha çox ticarətə
yönlənirik. Amma yaradıcılıq iç
dünyamız deməkdir. İç dünyamız çox
fərqli, rəngli, gözəl ola bilər və bu işdə
olmalıdır. O,
divardan asılan tablo kimidir. Bu tablonu hər kəs
anlamağa məcbur deyil. Amma sən o rəngləri
görməlisən. Hər insanın
öz həyat rəngləri var. Mən de o rəngləri həyatımda
daha əlvan etməyə çalışıram.
Xəyalə Rəis
Kaspi.-2019.-11 yanvar.-S.10.