Hollivudda işləyən azərbaycanlı xanım
Rəna Allahverdiyeva: “Patrik
Stüartı çəkiliş meydançasında
qarşılayanda, həyəcandan əlim əsirdi”
Jurnalistikadan başlayan yol onu film sahəsində
çalışanların xəyalı olan,
Hollivuda qədər aparıb
çıxarıb. Deyir ki,
yuxumda görsəm belə, heyrətlənəcəyim
insanlarla işləmək fərqli hissdir. SöhbətHollivudun çəkdiyi film setində təmsil olunan
Rəna Allahverdiyevadan gedir.
Müsahibimiz Bakı
Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib. Daha sonra Türkiyənin İstanbul Universitetində
magistratura pilləsində
təhsilini davam etdirib. Türkiyəyə getdiyi
ildən iş axtarmağa başlayıb.
Bir gün rastlaşdığı elan
bütün həyatını,
arzularını dəyişib:
"Türkiyədə məşhur
reklam şirkətlərindən
birinə həm rus, həm ingilis
dilini yaxşı bilən işçi axtarılırdı. Müraciət etdim və məni
müsahibə mərhələsinə
dəvət etdilər.
Elə mən müsahibdə ikən şirkətə reklam təklifi gəldi. Avstriyalılar Osmanlı imperiyası
ilə bağlı sənədli film çəkmək
istəyirdilər. Filmin rejissoru
əcnəbi idi və o işdə ona köməkçi lazım idi. Elə həmin gündən işə başladım.
Bu film bitdikdən sonra da, həmin
şirkətdə işləməyə
başladım. Artıq 5 ilə
yaxındır ki, Türkiyədə reklam sektorunda və uzunmetrajlı filmlərdə
işləyirəm”.
- İlk
işinizi necə xatırlayırsınız? Əcnəbilərlə, fərqli sektorda
təcrübəniz olmadığı
halda işləmək
necə hissdir?
- İlk təcrübəm
yuxarıda da qeyd etdiyim kimi,
avstriyalıların Türkiyədə
çəkdiyi, Osmanlının
Vyana savaşından bəhs edən sənədli filmi idi. Mənim çalışdığım
şirkət Türkiyə
tərəfindən prodakşını
aparırdı. Rejissor və
heyətin əsas hissəsi Avstriyadan gəlmişdi. Mən də
rejissorun ikinci köməkçisi oldum.
Birinci köməkçi isə
Türkiyənin ən
yaxşısı sayılırdı.
İlk iş təcrübəm mənim
üçün məktəb
kimi idi. Düzdür,
fərqli sahə və hər şey yeni idi.
Bu vaxta qədər
jurnalistikada video-müxbirlik,
reportaj, müsahibə
etmişdim amma reklam təcrübəm
ilk idi. Qaydalar çox ciddi
və sistematik idi. Hər şeyin saatı
dəqiq idi. Adi bir səhv, məsələn bir aktyorun hazırlıq müddətinin uzanması
çəkiliş saatının
uzanması demək idi. Günün sonunda hansısa
səhnə çəkilməsə,
ciddi problem yaranırdı.
Çünki ciddi vəsaitdən
söhbət gedirdi və bu da
büdcəyə ziyan
idi.
- Rəna xanım, jurnalistikadan reklam sektoruna necə keçdiniz?
- Əslində, elə
planım yox idi. Məqsədim jurnalist olmaq
idi. Amma həmişə qəzetdə yazmaqdan çox, insan həyatlarının hekayəsini
çəkməyi düşünürdüm.
Maraqlı insanlar, maraqlı
həyat hekayələrini
yazmaqdansa, çəkməyi
daha üstün tuturdum. Əslində,
az da
olsa jurnalistikaya oxşayır. Burada da "necə
çəkək ki, insanlar üçün daha maraqlı olsun” fikirləri əsasdır. Amma jurnalistikadan
ayrılıb, bu sahədə işləmək
planlarımda yox idi.
- Bəs
Hollivud macərası
necə başladı?
- Hollivud işi karyeramda çox böyük təcrübə
oldu. Çünki bizim üçün
Türkiyə bazarı
nə qədər peşəkar görünürsə,
Türkiyədən baxanda
da Hollivud böyük bazar və daha professional sistemdir. "Çarlinin mələkləri”
çəkiləndə səs-sədası
yayılmışdı. Filmin bir hissəsi Almaniyada, bir hissəsi də Türkiyədə çəkilirdi.
Mən də orada işləmək
üçün CV göndərdim.
Türkiyə tərəfi məni
çağırıb müsahibə
apardı. Daha sonra
Hollivud qrupu müsahibə etdi və seçildim. Məni baş rol aktyorları
ilə işləmək
üçün təyin
etdilər. Hamısı peşəkar və ekranlarda həvəslə
izlədiyim aktyorlar idi. Film 3
ay Almaniyada, 10 gün Türkiyədə çəkildi.
2019-cu ilin noyabrından
nümayiş olunacaq.
- Adətən, Türkiyədə aktyorlar
iş saatının çoxluğundan şikayət
edirdilər? İş saatı necədir?
- Əvvəllər bu,
çox çətin
və qalmaqallı məsələ idi. Aktyorlar 30 saat
işləmək məcburiyyətində
qalırdılar. Son 10
ildə isə 12 saat və əlavə
4 saat işləyirlər.
Yəni bir çəkiliş günü
maksimum 12 saat ola bilər.
12 saata iş bitməyəndə 4 saat əlavə olunur və bu 4 saata
görə də, əlavə məvacib ödənilir. Amma artıq pul
ödənsə belə,
əlavə vaxt 4 saatı keçə bilməz. Belə iş saatları aktyorlarla yanaşı, texniki komandaya da aiddir. Mənim işimin
də çətinliyi
odur ki, proqramı 16 saata bitirməliyəm. Hər
gün sabahın proqramını çıxarır
və işləməyənlərə
nəzarət edib, onları işləməyə
məcbur edirəm ki, 16 saata iş
bitsin. Bəzən proqram çox
qarışıq olur.
Ön hazırlıq yaxşı
aparılanda, çəkiliş
günü də heç bir problem olmadan keçir.
- Adətən, ailələr qız uşaqlarını gözlərindən
kənar qoymaq istəmirlər. Ailəniz
xaricdə yaşamağınıza
necə reaksiya verdi?
- Mən məktəbdə oxuyandan valideynlərimə
deyirdim ki, xaricdə oxuyacağam. Hətta
4-cü kursda bir proqramla Amerikaya getdim. O vaxt fikrim tam qətiləşdi.
Artıq
ailəm bu fikrə alışmış
və qəbul etmişdi ki, Rəna gedəcək.
Bundan sonra universitetə qəbul olmağımda, orada işləməyimdə
mənə dəstək
oldular. Mən şanslı qızlardanam
ki, ailəm məni həmişə dəstəkləyib. Atam, anam,
qardaşım uğurlarıma
sevinib və mənə hər zaman motivasiya veriblər.
- Köməkçilərin
işləri daha çox olur. Çətin deyil ki?
- Hər bir sahədə
çətinlik var. Bu çətinlikləri
aşmaq üçün
işini sevməlisən.
Çalışdığın yerdə özünü xoşbəxt hiss etmək,
işini sevmək çox önəmlidir. İşini sevirsənsə, heç bir çətinlik gözünə görünmür.
Mən işimdən zövq alıram. Təsəvvür edin, işə
qəbul olunursan, hazırlıq mərhələsindən
keçirsən və
setə gedirsən.
Reklamı efirdə görəndə,
bütün əziyyətin
yadından çıxır.
Prosedur əvvəlindən sonuna qədər çox maraqlıdır.
- Yəqin ki, dünya şöhrətli insanlarla
işləmək fərqli
hissdir…
- Hər biri ayrı
təcrübədir. Məsələn, biz Ceyda Düvənci və Mərt Fıratla tez-tez reklamlar çəkirik.
Bunların hər biri maraqlı xatirədir.
Kaprizli olmurlar və aktyorlar da iş sistemində
bir reklamın yaxşı alınması
üçün əllərindən
gələni edirlər.
"Recep İvedik”
və "Çarlinin
mələkləri”ndə də
prosedur çox maraqlı idi. Məsələn, biz Kristen Stüartı məktəb vaxtlarından
"Alacaqaranlıq” kinosundan
Bella olaraq tanıyırıq.
Yatsam da yuxuma girməzdi
ki, mən Bella ilə bir yerdə
işləyəcəyəm. Elizabet Banqs illərin aktrisasıdır. 10 gün səhərdən axşama qədər bu insanlarla birlikdə
olursan. Set bitəndə
Kristenin təşəkkür
etməsi, şəkil
çəkdirməsi belə,
çox gözəldir.
İllər keçsə də,
yaddaşımda qalacaq
xatirələrdəndir. Keçən il
qardaşımın qızı
olanda mən işdə idim. Zəng gəldi, sevindim və çəkiliş meydançasına gəldim.
Ceyda Düvənci bibi olduğumu eşitdi və mənə gözaydınlığı
verdi. Bir
il sonra
yenə Ceyda Düvənci ilə işləyəndə onun,
məndən qardaşım
qızını soruşması
qəribə gəldi.
Unutmamışdı. Adətən, deyirlər ki,
məşhur aktrisalar,
aktyorlar çox kaprizli olurlar. Televiziyada mələk kimi görünsələr də,
həyatda fərqlidirlər.
Mən hələ kaprizli aktyor görməmişəm.
Mərt Fırat 13 saat bizlə işlədi və heç bir kaprizi olmadı.
Əksinə, bizə kömək
etməyə çalışırdı.
Məsələn, dedilər ki,
Hülya Avşar çox karpizli olur. Burak Özçivit haqqında
"kobuddur” fikirləri
var idi. Onlarla işlədikdən sonra bütün stereotipləri
qırdım. Elizabet Banqs
mənim düşüncəmdə
sadəcə, gözəl
qadın idi. Amma onunla həmsöhbət oldum. Məsələn, Elizabetin önəmli
xüsusiyyəti, işlədiyi
insanların adını
əzbərləmək və
onlara adları ilə müraciət etməkdir.
- Maraqlıdır,
hansı aktyor və rejissorla işləmək sizi daha çox həyəcanlandırıb?
-"Çarlinin mələkləri”ndə
olan hər kəs fərqli millətlərdən, amma
hər biri də işinin peşəkarı idi. Görüntü rejissoru Bill Pope idi.
O, "Matrix” filminin görüntü
rejissoru idi. Təsəvvür edin, setdə
əsas ulduzlardan biri də Bill Popedir. Əsas aktyorları hazırlayıb
setə təhvil verəndən sonra Bill Popu izləmə şansım olurdu. Bu, böyük təcrübə
idi. Hamı öz sahəsində
çox peşəkar
idi. Onları müşahidə edib, hərəsindən bir şey götürmək
çox yaxşı təcrübə idi.
İşləmək, hazırlıq prosesini
görmək istədiyim
çox rejissor və aktyorlar var. Patrik Stüartı çəkiliş meydançasında
qarşılayanda həyəcandan
əlim əsirdi.
Belə olacağını heç
bilməzdim.
- Gələcək
planlarınız nədir?
- Hələ öyrənəcək çox şey var. Türkiyə elə bir
ölkədir ki, dünyanın çox yerindən reklam və
film çəkmək üçün
gəlirlər. Reklam sektoru
orada inkişaf etdiyi üçün hələ
ki, burada qalmaq istəyirəm. Gələcəkdə
ölkəmizdə çəkilən proyektlərdə yer almaq istəyərdim. Məsələn,
Asif Kapadianın Azərbaycanda "Əli
və Nino”nu çəkdiyini
eşidəndə həyəcanlandım. O an
orada olmaq üçün hər şey
edərdim.
Aygün ƏZİZ
Kaspi.-2019.-11 yanvar.-S.9.