Yaxşı adam

“Savalan” qrupunun mərhum rəhbəri Novruz Novruzlunun xatirəsi anıldı

Aylar öncə Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsinə özü çıxmışdı. Solo ifasıyla və əsasını qoyduğu, rəhbəri olduğu "Savalan” qrupu ilə. "Uzun, incə bir yoldayam” - deyə irfani səsinə, ecazkar ifasına salona yığışanları heyran etmişdi. O anda musiqisinə vurğun kəsilənlərin ağlına da gəlməzdi ki, bir neçə ay sonra elə bu salondaca onun xatirəsi anılacaq – kədərlə, göz yaşlarıyla... "Bir səs kimi yaşamaqda idi. Tək-tənha. Yaddaşının içində ömür sürürdü. «İnsanın yaddaşı sanki onun Vətənidir» sözlərini ona baxıb demişdilər” - sözlərini sənət dostları nisgillə söyləyəcək, gecəni uzun, incə bir yolun davamı kimi hiss edəcəkdilər.

«Hər yeni gün gün deməkdir, ömrün sənin bir örnəkdir» - deyə Novruz Novruzlunu "Savalan” qrupu ilə sənət dostları, yaxınları Mahnı Teatrında yad etdilər. Sanki canlı imiş kimi, ifasında səsləndirilən musiqilər "Savalan” qrupunun ifa etdiyi ilahilərə qarışdı.

"Yaxşı oxumaq – yaxşı əməl deməkdir”

«Salonda əyləşən insanların bəziləri xatırlayır: bir neçə ay bundan əvvəl belə bir səhnədə Novruz Novruzlunun möhtəşəm konsertinin açılışını etmişdik. Konsertdə çox maraqlı və düşündürücü bir ad seçilmişdi: «Uzun, incə bir yoldayam». Bir-birindən gözəl, rəngarəng nəğmələrlə dolu uzun bir gecə yaşamışdıq” - deyə gecəni açan Rafiq Haşımov Allaha inanaraq yaxşı işlər görənlərin yaxşı əməl sahibi olduqlarını söylədi: "Səmavi kitablarda bu ifadəyə tez-tez rast gəlmək olur: inanaraq yaxşı işlər görənlər... Bəşər övladının məşğul olduğu çoxsaylı peşələr, sənətlər var. İnsanlar bir-birinə lazım olsun deyə bizə ən müxtəlif sənətlər verilib. Kimi bu işlərin öhdəsindən əla, kimi yaxşı, kimi də necəsə gəlir. Amma mənim düşüncəmə həmişə bir fikir hakim kəsilib: inanaraq yaxşı işlər görənlər. Məşhur bir rejissorun "film çəkmək əməl deməkdir» fikri həm də o mənanı verir ki, yaxşı film çəkmək yaxşı əməldir və ya əksinə. Mənə elə gəlir ki, bu sözləri bütün sənətlərin bənzəməyə çalışdığı musiqiyə də şamil etmək olar. Yaxşı oxumaq – yaxşı əməl deməkdir”.

R.Haşımov Novruz Novruzlu dünyasını dəyişəndən sonra onun haqqında yalnız "yaxşı adam” sözlərini eşitdiyini  bildirdi: "Bir tanışım sosial şəbəkədə sənətçinin ifası yerləşdirilmiş səhifədə yazılanları mənə oxumuşdu. İstisnasız olaraq hamı məzmun etibarilə bir fikri dilə gətirirdi: Yaxşı adam. Şəxsən mənim üçün bundan böyük ad, bundan böyük qiymət yox idi. Yaxşı sənətkar olmaq olar. Yaxşı alim, yaxşı mühəndis, yaxşı vətəndaş, yaxşı ata, yaxşı ər, yaxşı əsgər olmaq olar. Bunların hamısının müəyyən bir formulu var. "Yaxşı adam” heç bir əndazəyə sığmadan, izahı yalnız Allah kəlamı ilə ölçülə bilən bir meyardır. "Yaxşı adam” Allaha inanaraq yaxşı işlər görəndir. Novruz Novruzlu inanan adam idi. O, öz sələfinə inanırdı. O, dostlarına inanırdı, o millətinə, tamaşaçısına inanırdı. O, ölkəsinə, dövlətinə inanırdı. O, insanlığa inanırdı. Çünki o, Allaha inanırdı. Ona görə də o, yaxşı işlər görürdü, yaxşı musiqilər ifa edirdi. Bilmirəm, nədəndir, mən bu gecəni onun özünün ifa etdiyi «uzun, incə bir yolun davamı kimi» hiss edirəm. Hiss edirəm ki, insan doğrudan da ölmür, dünyasını dəyişir. Bir də deyirlər ki, insan xatırlandığı qədər yaşayır: «Yaxşı adam kimi, gözəl söz kimi, duyğulu bir səs kimi...”

"Mənə elə gəlir ki, o, harasa gedib"

Müğənni-bəstəkar haqqında nümayiş etdirilən qısa filmdə onun təkcə bir sənətkar kimi deyil, həm də bir insan kimi xüsusiyyətləri xatırlandı. Tanınmış şəxslərin, incəsənət adamlarının onun haqqındakı ürək sözləri hamının tanıdığı nurani, irfani Novruz Novruzlunu bir daha olduğu kimi yada saldı.

«Novruz müəllim qazanc dediyimiz ziyalılardan biri idi. Mən hələ də onun aramızda olmadığına inana bilmirəm” deyə millət vəkili Qənirə Paşayeva Novruz Novruzlu ilə vəfat etməsindən bir neçə saat öncə görüşdüyünü xatırlayır: "Suriya türkmənlərinin tanınmış sənətçisi Adil bəy gəlmişdi. Biz bərabər söhbət elədik, onların birgə ifası barədə müzakirələr apardıq. Ayrılanda da «yaxın günlərdə bir də görüşərik» - dedik. Bir neçə saat sonra isə Novruz müəllimin ölümü ilə bağlı mənə xəbər veriləndə inana bilmədim. O, insani xüsusiyyətləri ilə çox yüksəklərdə duran şəxsiyyət idi”. Millət vəkili müğənnini mərhəmət və sevgi dolu insan, sənətinin peşəkarı kimi anır: "Novruz müəllim milli musiqini gözəl bilirdi. O, musiqi ilə bərabər türk dünyasının musiqisini, dünya musiqisini bilirdi. O, nadir insanlardandır ki, təsəvvüf musiqilərini, sufizmə yaxın musiqiləri yüksək peşəkarlıqla ifa edə bilirdi. Bu musiqiləri ifa edən insanlar onları yaşamalı, həyatının bir parçasına çevrilməlidir. Novruz müəllim də bunları yaşayan insanlardan idi. O, millətinin, ədəbiyyatının tarixini, düşüncəsini bilən, təbliğ edən, sevərək müdafiə edən, qoruyan və tanıdan sənətkar idi. Xeyirxahlıq, mərhəmət, sevgi dolu bir insan idi. Ona görə də onun aramızdan belə tez ayrılmasına heç kim inana bilmir. O qədər həyat dolu idi ki, hamı onu sevirdi. Mənə elə gəlir ki, o, harasa gedib, yenə qayıdacaq, biz yaxın günlərdə mütləq görüşəcəyik. Çünki yeri görünür... Azərbaycan musiqisi tarixində də Novruz müəllim özünəməxsus yeri ilə hər zaman anılacaq, sevgi və rəhmətlə xatırlanacaq”. 

Şaman musiqisindən sufi musiqisinə qədər

Novruz Novruzlunun Folklor İnstitutunun nəzdindəki «İrs» ansamblındakı fəaliyyətini xatırlayan akademik Muxtar İmanov onu həm layiqli insan, həm də peşəkar sənətkar kimi xatırlayır: "Sonradan biz "İrs”i «Qorqud» ansamblı adlandırdıq. Biz Novruz Novruzlunun «Savalan» qrupunu yaratmasına nəzər salsaq, bunu daha dərindən duya bilərik. 20 Yanvar faciəsinə münasibətini məhz «Savalan» qrupunu yaratması ilə üzə çıxardı. O, həmişə deyirdi ki, insan bəzən öz içindəki dərdi, faciəni sözlə ifadə edə bilər. O, öz ifaları ilə bunu sübut edirdi. Novruz Novruzlu ifa etdiyi musiqi nömrələrini əslində özü kəşf etməmişdi, sadəcə olaraq qədim musiqi parçalarını – bir ucu Altaydan, qədim şaman musiqisindən başlamış, sufi məclislərində muğam üstündə ifa olunan musiqilərə qədər öz ifalarını yaratmışdı. Onun aktyorluq və müğənnilik sənəti uzaq keçmişlə bu günü birləşdirən və gələcəyə ötürülən bir repertuar idi. Müğənninin böyük sənət yadigarları qalıb. Bu yadigarlar onun yaxın dostları tərəfindən göz bəbəyi kimi qorunacaq, lentlərə köçürüləcək, gələcək nəsillərə çatdırılacaq. Bu əsərlər Novruz Novruzlunu əbədi yaşadacaq”.

Nəsimi qədər inqilabçı

«Elə insanlar var ki, onları tanıyanda, elə bil bir-bir qapıdan keçirsən. Mən bu qapılardan keçib Novruz müəllimin dünyasına daxil olurdum. Mən onun nurani üzündə, qədim, irfani səsində, davranışında klassik Azərbaycan insanının sifətlərini görürdüm” - deyə yazıçı Orxan Fikrətoğlu xatirəsindəki Novruz Novruzlunu andı: "Onun səsində Xəqani, Nəsimi, Şirvani, Əcəmi, Bakuvi, həm də 25-ci əsrdə yaşayacaq Orxan, Novruz var. Novruz müəllimlə oturub saatlarla söhbət etməmişəm. Amma insanlar var ki, mənim 50 illik tanışım olsalar da, onları xatırlamıram. Novruz müəllim əxlaqa köklənmişdi. Bəlkə də anadan olandan bu əxlaqda idi. Novruz müəllimin oxuduğu yol türk təsnifatı, türk kökənli idi. Onun ifa etdikləri bizim türkçülüyümüzdən gələn bir şücaət idi. Novruz müəllimin ifasına eyni zamanda bir Avropa mədəniyyəti qarışmışdı. Onun davranışında, mədəniyyətində eyni zamanda buddist elementləri, təvazökarlıq vardı. Dünyadan heç nə istəməmək vardı. Bu mənim üçün həmişə sirli bir hal idi”. Yazıçı mərhum Novruz Noruzlunu qapalı olduğu qədər də humanist, xeyirxah insan kimi yada salır: "Novruz müəllim həmişə hardansa gəlib, harasa gedən, öz içində gizlətdiyi sirr olan bir adam idi. Mən təbii ki, həmişə bu sirri açmağa çalışırdım. O, eyni zamanda, qapalı adam idi. Birdən o, təzədən özünə qayıdırdı. Bu fikirdəyəm ki, Novruz müəllim Azərbaycanın qəniməti idi. O, Azərbaycan üçün bir dəyər, vergi idi. O vergi bizə verildi, ola bilsin ki, biz ona layiq olmadıq, ona görə də tez əlimizdən alındı. Mənim üçün Novruz müəllim ömrümdə gördüyüm saf, dürüst, ali insanlardan biri idi. O, mənim üçün böyük, içinin səsi çölünün səsinə tən gələn sənətkar, bizim tarixi dəhlizlərdən keçmiş, mentallığı günümüzə gətirib çıxara bilən Promotey ruhlu insan idi. O, Nəsimi qədər inqilabçı idi”.

Gecədə mərhum sənətkarın ömür-gün yoldaşı Sevda xanım və oğlu Bürhanəddinın ifa etdiyi musiqi nömrəsi Novruz Novruzlunun xatirəsinə gözəl ithaf oldu. Sənətçinin xatirəsini əziz tutan ölkənin tanınmış sənət adamları da musiqi töhfələrini əsirgəmədilər. Həmçinin aktyorların ifasında kiçik səhnəcik oynanıldı.

Bir neçə ay öncə Novruz Novruzlu elə bu səhnədən «Bilmiyorum nə haldayım» - oxuyur, "Gediyorum, gündüz-gecə» - deyirdi. Getdi də... Amma arxasınca bütün qapıları bağlamadı. O qapılar ki, indi onların arasından ilahi səsi, irfani musiqi süzülür. Bu ifalar duyğusal ürəklərə yayılır, "Salam olsun...” deyir...

Təranə Məhərrəmova

Kaspi 2019.- 23 yanvar.- S.9.