Tarixi XVII əsrə gedib çıxan turizm bağlılığı
Və ya sayı bir milyarda çatan hindlilərin
Azərbaycana marağını necə artırmalı?
Hindistanlı turistlərin Azərbaycana
marağı get-gedə
artır. Bunu keçən ilin
statistikası da təsdiqləyir. Belə
ki, Azərbaycan Turizm Bürosunun açıqlamasına görə,
2018-ci ildə Azərbaycana
səfər edən hindistanlı turistlərin
sayında 175% artım
olaraq 40 min nəfərə
çatıb. Hindistan həmçinin
Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı
ilk altı ölkə
sırasındadır. ATB Hindistan
bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını,
potensial turistlərin maraqlarının öyrənildiyini
bildirir: "Azərbaycanın
yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumat daha yaxşı çatdırılacaq.
Həmçinin hindli
turistlər üçün
müxtəlif bayram,
toy və s. kimi korporativ və qrup tədbirlərinin keçirilməsi üçün
də təkliflər
mövcuddur. Hətta Azərbaycanda Hindistan kinolarının çəkilişini
dəstəkləyəcək qaydalar müəyyənləşdirən
sənəd üzərində
iş gedir”.
Nəzərə alsaq ki, bu
gün xaricə turist axını olan ölkələr sırasında Hindistan öncül yerlərdən
birini tutur, onda bu fürsətdən
yararlanmaq üçün
ölkəmiz də öz turizm məhsullarını təklif
etməyi bacarmalıdır. Hindistanla
ta qədimdən əlaqələrimizin mövcud
olması, XVII əsrdə
atəşpərəst hindli
tacirlər - parslar tərəfindən Bakının
yaxınlığındakı Suraxanı kəndində ”Atəşgah” məbədinin inşa edildiyi də bu istiqamətdə müsbət amillərdən
ola bilər. XVIII əsrdə Hindistandan
Suraxanıya əbədi
oda sitayiş üçün hind zəvvarlarının
gəldiyi mənbələrdə
yer alıb. Həmçinin varlı hind tacirləri
Suraxanıda nadir abidə-od
məbədi və hindli zəvvarlar üçün hücrələr
tikdirirdilər. Qeyd
edək ki, əvvəllər olduğu
kimi, məbədə
yenə də hər il
yüzlərlə turist
gəlir. Onların arasında müxtəlif
dinlərin nümayəndələri
də var. Bu insanların
əksəriyyətini Atəşgaha
gətirən heç
də turist marağı deyil. Onlar bu müqəddəs məkana - Od Məbədinə öz ulu əcdadları kimi, həm də ziyarətə gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar oxuyurlar. YUNESKO siyahısına daxil edilən Suraxanı "Atəşgah”ı milli- maddi sərvət kimi bu gün
də qədim din olan zərdüştiliyin
ardıcılları haqqında
ən müfəssəl
məlumat verən, bütün yer üzündəki iki nadir
atəşgahdan birincisi
olaraq qalmaqdadır.
İndi qarşıda hindlilərin
kütləvi surətdə
öz əcdadlarının
izi ilə ölkəmizə gəlmələrini
- bu məbədi ziyarət etmələrini
təmin etmək turizmçilərin qarşısında
duran işdir.
Marketinq, tələbat və
təbliğat
Dövlət Turizm Agentliyinin əməkdaşı Kənan
Quluzadə də hindistanlı turistlərin
ölkəyə cəlb
edilməsinin konsepsiyasının
hazırlandığını deyir. Bu konsepsiya Turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi üzərində hazırlanıb
və Hindistan da prioritet istiqamətlərdən
biridir: "Hindistanda Azərbaycanın rəsmi
turizm nümayəndəliyi
açılıb. Həmin nümayəndəlik
vasitəsilə Azərbaycana
daha çox turizm cəlb edilməsi işləri aparılacaq. Bu, təbliğat xarakterli işlərdir. Həm media, həm
sərgilər vasitəsi
ilə, həm turizm şirkətləri ilə birbaşa əlaqələrin qurulması,
həm də sosial şəbəkələr
vasitəsilə həyata
keçirilir. Hazırda Hindistan
bazarı öyrənilir
və orada marketinq araşdırmaları
aparılır. Həmçinin onların Azərbaycandan hansı gözləntilərinin
olduğu araşdırılır
ki, tələbatları
əsasında təkliflər
formalaşdırılsın. Hesab edirəm ki, Hindistanla tarixi-mədəni
bağlantılarımız da bu əlaqələrdə
rol oynayacaq”. K.Quluzadə xüsusən
«Atəşgah» və
«Yanardağ» məbədlərinin
hindlilər üçün
cəlbedici məkanlar
olduğunu bildirir:
"Hindistanlı turistlər
üçün Azərbaycan
turizm məhsullarını
daha cəlbedici etməkdən ötrü
daxildə iş aparılır. Marketinq araşdırmaları, tələbatın öyrənilməsi,
tələbata uyğun
daxildə təklifin formalaşdırılması və
təbliğat işi
bu sahədə inkişafa yol açacaq».
Turistlərin maraqlarına uyğun
dəyişiklik
Turizm üzrə mütəxəssis
Ceyhun Aşurovun sözlərinə görə,
təkcə Hindistanda
yaşayanlar deyil, ayrı-ayrı ölkələrdə
yaşayan hindlilər
də turist kimi səyahətə çıxırlar: "Hindlilər
əlamətdar günlərini
və toylarını
xaricdə qeyd etməyi xoşlayırlar.
Özü də bu toylara qohum-əqrəbalarını
da dəvət edirlər. Hindlilərin bir qismi böyük məbləğdə
vəsait xərcləməklə,
toy şənliklərini xarici
ölkələrdə keçirirlər.
İmkanlı hindlilər də
səfər edirlər.
Onlar xüsusən qrupla səyahət etməyi xoşlayırlar». Yanvar
ayında Dehlidə turizm sərgisinin keçirildiyini bildirən
turizmçi Azərbaycan
nümayəndələrinin də «Luxurious tourizm” (Dəbdəbəli turizm) olaraq öz turizm
məkanlarımızı göstərmək
üçün həmin
sərgidə iştirak
etdiklərini bildirdi:
"Bu, turistləri cəlb
etmək üçün
maraqlı və vacib bir sərgi
idi. Bakının lüks otelləri,
tarixi yerləri hindlilər üçün
cəlbedici turizm məkanları sayılır”.
C.Aşurov hindistanlı turistləri
cəlb etmək üçün dünya ölkələrində müxtəlif
üsullardan istifadə
olunduğunu bildirdi.
Məsələn, hindliləri
cəlb etməyin yollarından biri kino sənayesindən geniş istifadədir: " Almaniyada məşhur hind aktyorlarının
çəkilişlərini həyata keçirirlər.
Həmin
ərazidə filmlərin
çəkilməsi də
hind turistlərini cəlb
edən məqamlardır.
Xüsusən, onların kino
qəhrəmanlarının olduğu, hadisələrin
baş verdiyi yerlər həmin əraziyə düşürsə,
bəzi ölkələr
bundan marketinqdə geniş istifadə edirlər. Bu da effektiv nəticə
verir. Onlar öz ölkələrini
tanıtmaq üçün
Hindistan aktyorlarını
müəyyən güzəştlərlə
dəvət edir, hətta, müəyyən
maliyyə dəstəyi
də verirlər ki, kinolar məhz
o məkanda çəkilsin”.
C.Aşurovun sözlərinə
görə, artıq Hindistanla bağlı bəzi kino elementlərinin, kliplərin
çəkilməsi təcrübəsi
Bakıda da var: "Bununla belə bu, çox
azdır. Hindistanda bir milyarddan
çox insan yaşayır. Onların böyük
bir qismi xaricə turist kimi səfər edən insanlardır.
Hindistanda ölkədən gedən turistlərin sayı, ölkəyə gələn turistlərin sayından daha çoxdur. Bu baxımdan biz öz ölkəmizə gələn
hindlilərin sayını
artıra bilərik.
Bunun üçün müxtəlif
yollar düşünülür.
Məsələn, iki
ölkə arasında birbaşa
reyslərin açılması
barədə danışıqlar
gedir. Düşünürəm ki, hindistanlı
turistlər Azərbaycana
gəlib maraqlı turizm məhsulları tapa bilərlər”.
Son iki ildə Hindistandan gələn turistlərin sayında aktivlik müşahidə olunduğunu deyən turizmçi bildirdi ki, sadəcə, hindlilərin gəlişini
stimullaşdırmağa ehtiyac
var. Turistlərin "Yanardağ”
və "Atəşgah”
məbədinə cəlb
edilməsinə gəlincə,
turizmçi hesab edir ki, abidələr
bunun üçün
hazır olmalıdır:
"Dini inanc nöqteyi-nəzərindən "Atəşgah”a xüsusi zəvvar qrupları gəlirdi. Hesab edirəm ki,
abidənin ətrafında
da bu günün
şərtlərinə və
gələn turistlərin
maraqlarına uyğun
müəyyən dəyişikliklər
olmalıdır».
Turizm paketlərinin ucuz
olması
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, hindistanlı turistləri ölkəyə cəlb etmək üçün turizm agentliklərinin arzu və tövsiyələrini səbir və təmkinlə dinləmək lazımdır. Yəni turist paketini hazırlayanda nəqliyyat xidmətlərinin yüksək olması nəzərə alınmalıdır: "Ona görə, turizm paketlərinin qiyməti artır. Xüsusən təyyarə biletləri baha olduğundan, qiymətlərə nəzarət edilməlidir. Müşavirin fikrincə, ölkələr arasında birbaşa reyslərin olması turizmin inkişafında düşünülmüş addımdır: "Yenə də turizm paketlərinin ucuz olması üçün təyyarə biletlərinin ucuzlaşması daha məqsədəuyğundur. Yalnız bu yolla turistləri cəlb edə bilərik. Kütləvi turizm də məhz bu yolla inkişaf edə bilər. Bu, eyni zamanda, yeni turizm istiqamətlərinin inkişafına təkan ola bilər”. M.Ağakərimov hesab edir ki, «Yanardağ» və «Atəşgah» kimi turizm obyektləri hindistanlı turistləri cəlb etmək baxımından əhəmiyyətlidir: "Azərbaycanda ümumiyyətlə, təkcə hindliləri deyil, başqa ölkələrin vətəndaşlarını da cəlb edəcək obyektlər var». Müşavirin fikrincə, digər tərəfdən, yeni otellərin inşasına start verilərsə, bu, yeni iş yerlərinin yaranmasına da səbəb olar: "Bizim gənc kadrlarımız və ya tələbələr yeni iş yerləri ilə təmin oluna bilərlər”.
Hazırda dünya ölkələrinin, turizmin inkişafı ilə bağlı müxtəlif konsepsiyalar hazırladıqlarını, turistləri cəlb etmək üçün yollar düşündüklərini nəzərə alsaq, qeyri-neft sektoru kimi turizmin inkişafını prioritet istiqamətə çevirən Azərbaycan üçün bu, xüsusən önəmlidir. Əgər söhbət təkcə hindli turistlərdən gedirsə, bazarda onları cəlb etməyə çalışan Türkiyə, Özbəkistan və s. ölkələrin də olduğunu unutmamalıyıq. Turistləri cəlb etməyin yolu isə onlara təqdim olunan turizm məhsullarından çox asılıdır.
Təranə Məhərrəmova
Kaspi 2019.- 24 yanvar.- S.6.