“Kişi ol”u mənəvi qazanc üçün
çəkdik”
Valeh Əhmədov: “Filmdə tənqid
etdiyimiz kişilər həqiqətən
də kişi adına layiq
deyillər”
Son bir
neçə ildə ölkə kino
industriyamızda gedən inkişafı görməmək mümkün deyil.
Kinoteatrlarımızda yerli filmlərimiz
nümayişə görə hətta xarici
filmlərlə rəqabət aparır və bir
çox hallarda qalib də gəlir. Di gəl
ki, yerli
kinoteatrlarımızda nümayiş olunan Azərbaycan filmləri komediya
janrında çəkilir və onların bir
çoxunda qurşaqdan
aşağı zarafatlar,
söyüşlər və sair öz əksini tapır. Bütün
bunlara baxmayaraq, həmin
filmlərin kifayət qədər tamaşaçısı var.
Daxili bazarda komediya filmləri tutarlı olduğu üçün bu sahəyə axın daha çoxdur. Belə bir rəqabət bazarında dram janrında çəkilən filmlər bir qədər kölgədə qalır. Bu rəqabəti, kino bazarını gözə alaraq nümayişə yeni bir dram filmi daxil oldu. Hər nə qədər bu janra maraq, diqqət az olsa da, ssenarist, aktyor Valeh Əhmədov yeni bir ssenari yazaraq kinosevərləri ətrafına topladı. Xəzər televiziyasında nümayiş olunan bir çox serialların, hazırda isə "Ata ocağı” serialının ssenaristi olan tanınmış yazar rejissorluq sahəsində öz debütünü etdi. Valeh Əhmədov ssenaristi olduğu seriallarda daha çox gündəmi tutaraq, dövrümüzə uyğun şəkildə cəmiyyətdə yaşadığımız problemləri göstərməyə çalışır və qələm qrupu ilə birlikdə illərdir ki, bu mövzuda ssenarilər üzərində işləyir.
Sevgi, xəyanət, dələduzluq...
Xəzər televiziyasında keçirilən qala gecəsində nümayiş olunan filmdə Valeh Əhmədov gündəmin əsas mövzularından olan "reket jurnalist”lərdən bəhs edir. Mətbuatda müzakirə səbəbi olan məsələni film halına gətirməyi düşünmüş ssenarist, buraya insanların peşə sevgisini də daxil edib. Mübariz adlı qəhrəmanın dili ilə qələmi iti olan, daim həqiqəti yazan, harama əl vurmadan həqiqətləri söyləyən bir jurnalist tipi yaradıb. Jurnalist adından istifadə edənlərin isə bu peşəyə ziyan vurmalarını və insanları aldadaraq dələduzluq etmələrini açıb göstərməyə çalışıb. Təqdimatı keçirilən "Kişi ol” filmində, bundan başqa, sevdiyi qadına xəyanət edən, imkanlı şəxslərin övladlarının gənc qızlardan hansı məqsədlə istifadə etməsi və bu məsələdə mətbuatın rolu, əsil dostluq, eyni məhəllə sakinlərinin bir-birlərinin haqqında olub-olmazları danışmaları, hər gün üz-üzə gəldiyi qonşularının bacısı, həyat yoldaşı haqqında iftiralar yer alıb.
Filmi izləyərkən ona nə üçün məhz belə bir ad verilməsi də sual doğururdu. Bütün məsələlər sonluqda açılır və aydın olur. Rejissor demək istəyir ki, hansı peşədə çalışırsınızsa-çalışın, əsas odur ki, işinizi vicdanla görün. Çünki vətənpərvər olmaq üçün təkcə səngərdə döyüşmək, düşmənlə üz-üzə gəlmək gərəkmir. Hər insan gördüyü işdə peşəkar, qərəzsiz, vicdanlı olarsa, bunun özü belə vətənpərvər olmağa kifayət edir. Filmdən ötürülən bu mesajla rejissor tamaşaçıları vicdanları ilə üz-üzə qoyur. Sağlam gələcəyimizin məhz valideynlərdən asılı olduğunu və onların yetişdirdiyi övladların gələcəyimizi xilas edə biləcəyini qeyd edir.
Fərqli baxış
Rejissor filmdə təkcə ötürülən mesajlarda deyil, eyni zamanda çəkiliş sistemində də fərqlilik etməyə çalışıb. Baş verən hadisələrlə bərabər, kadr dili ilə xüsusi məqamlar da yer almışdı. Belə ki, çəkilişlər adi qaydada deyil, üst və alt məkanda aparılır, konfliktlərin baş verdiyi məqamda su effektinin, ayrılıq səhnələrində tərəflərin uzaqlaşdığı məqamları kadrla vermək kimi nüanslar gözə çarpır. İzlədiyimiz filmin çəkilişləri Bakıda, Novxanıda və İsmayıllıda aparılıb. Seçilən kadrlarda təbiət mənzərələrinə xüsusi önəm verilib.
Filmin nümayişindən
sonra Valeh Əhmədov
təəssüratlarını "Kaspi”
ilə bölüşdü. Bildirdi ki, dövri
mətbuatdan bu tip xəbərləri
tez-tez oxuyur və
insanların beynindəki "pul
yığan jurnalist” anlayışını
dəyişdirməyə çalışıb. O bir neçə işbaza
görə hər hansı peşəni pisləməyin heç də doğru
olmadığını qeyd etdi: "Əslində bu problem hər zaman olub. Sadəcə olaraq indiki dövrdə sənətini, peşəsini
bu tip əməllərə
həsr edənlərin sayının günü-gündən
artdığını görüb, belə
bir layihəyə başladıq. Eyni zamanda dövlətimizin
də bu tip insanlarla mübarizə
apardığını və mətbuatda hər ay belə məsələlərin müzakirə
olunduğunun şahidi
olduq. Biz də bu məsələyə öz
münasibətimizi bu şəkildə
bildirməyə çalışdıq. Bu
da bizim mübarizə
yolumuz idi. Hər
hansı dələduza görə peşənin adına xələl
gətirilməsinin əleyhinəyik. Filmi
çəkməklə yetişən gənclərə
hansı peşənin sahibi və harada olmaqlarından, hansı situasiyaya
düşmələrindən asılı olmayaraq,
vicdanlı olmağı aşılayırıq. Bu mənim rejissor olaraq çəkdiyim ilk filmim idi. Ümid
edirəm ki, tamaşaçılar da bəyənər”.
Söhbətimiz zamanı aydın olur ki, filmdə rol alan aktyorlar
rejissordan heç bir qonorar tələb etməyib.
Çünki filmi ərsəyə
gətirmək üçün sponsor olmayıb. O, 2 il
müddətində öz maaşından
qənaət edərək vəsait toplayıb və çevrəsindəki
dostlarından bu layihədə iştirak etmələrini xahiş
edib. Filmdə rol alan xalq artistindən tutmuş, yeni simalara qədər hər kəs qonorarsız
çəkilib. Rejissor deyir
ki, dram janrına
müraciət etmək və bu filmi ərsəyə gətirməkdə məqsədi
böyük pullar qazanmaq olmayıb: "Qazanc
məqsədi güdsəydim, başqa janra üstünlük verərdim.
İnsanın mənəvi qazancı hər şeydən üstündür”.
Müsahibimiz bu filmi trilogiya formasında hazırlamaq niyyətindədir: "Filmin adının məhz belə olmasının xüsusi bir anlamı yoxdur. Ad qəbul edilsin və maraqlı olsun deyə məhz "Kişi ol” adlandırdıq. Bundan sonrakı filmlərə "Qadın ol” və "Adam ol” adlarını qoymaq niyyətindəyik. Orada tənqid etdiyimiz kişilər həqiqətən də kişi adına layiq deyillər. Bir kişi ki sevdiyini yarıda qoyur, qonşusunun bacısına, həyat yoldaşına sataşır, ona kişi demək olmaz. Kişi üçün bunlar qəbulolunmazdır”.
Sevgi ilə ərsəyə gələn komanda işi
Valeh Əhmdəov
tamaşaçıların seriala olan sevgisini filmlə
bağlı da gözlədiyini deyir: "Bizim seriallarda ailə, tərbiyə kimi mövzular yer alır. Getdiyimiz
bölgədən, məkandan asılı olmayaraq,
serialı izləyən vətəndaşlar bizə təşəkkürünü
bildirir ki, ailəvi olaraq oturub, izləyə
biləcəkləri bir film
çəkirik. Onlar bizim
haqqımızda xoş sözlər səsləndirirlər.
Çox istərdim ki,
o insanlar bu filmə də o
reaksiyanı versinlər. Belə kinolara dəstək
versinlər ki, biz də
daha artığını çəkək.
Və mənə iki il
lazım olmasın ki, yenidən pul yığım, belə bir
film çəkim”.
Premyera sonrası təəssüratlarını
bizimlə bölüşən rejissor sonda Xəzər televiziyasının rəhbərliyinə təşəkkürünü
bildirdi: "Mənim ilk
çəkdiyim filmdə öz dəstəyini
əsirgəməyən Xəzər televiziyasına və onun rəhbərliyinə öz
minnətdarlığımı bildirirəm. Çətinlikdə olan bir filmə arxa durub böyük
bir media dəstəyi
verdilər. Bu da bizdə böyük bir ruh yüksəkliyi
oyatdı”.
Filmdə baş rola çəkilən Həmidə Ömərova Valeh Əhmədovun debütündə iştirak etməyi özünə borc bildiyini dedi: "Valeh mənə zəng edəndə, Türkiyədə istirahət edirdim. İstirahətimi yarımçıq qoyub, bu filmdə rol almaq üçün gəldim. Çünki bu komandaya və Valehə çox etibar edirəm. Uzun müddətdir ki, onlarla birlikdə çalışıram və bilirəm ki, onların imzası olan bütün layihələr bizə, vətənimizə faydalıdır. Mən Valehə və bütün komandamıza uğurlar arzu edirəm”.
Qeyd edək ki, "Kişi ol” filmi hazırda şəhərimizdəki bir çox kinoteatrlarda, o cümlədən Nizami Kino Mərkəzində nümayiş olunur.
Xəyalə Rəis
Kaspi 2019.- 29 yanvar.- S.15.