Yaqub Mahmudovun ustad dərsi
Yanvarın
29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bakı Dövlət
Universitetinin (BDU) tarix fakültəsinin tələbələrinə
ustad dərsi keçib.
AZƏRTAC xəbər verir
ki, akademik ustad dərsində “Azərbaycan tarix elmi: dünən, bu gün, sabah”
mövzusunda danışıb. Y.Mahmudov qeyd edib ki, Azərbaycan
xalqı imperiyalar yaradan,
qonşu xalqları idarə edən xalq olub: “Azərbaycanın
5 min illik dövlətçilik
tarixi var. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”.
Y.Mahmudov
Azərbaycan gəncliyinə səslənərək bildirib
ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur.
Tarixinə sahib çıxan xalq isə yenilməzdir.
Tarixçi alim vurğulayıb ki, bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir.
İnstitutun direktoru diqqətə çatdırıb ki, Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunub. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. “Real tarix və “böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir.
O bildirib ki,
sovet vaxtı “26 Bakı komissarı” abidəsi
toy-düyün yerinə çevrilmişdi.
Prezident İlham
Əliyev xalqımıza qarşı soyqırımı cinayəti
törədən Stepan Şaumyan
və digər cəlladların cəsədlərinin
qalıqlarını Bakının mərkəzindən şəhər
qəbiristanına köçürməklə şüurlarda inqilab etdi. Tarixçilərimiz ilk mənbələrə, o
cümlədən zəngin arxiv sənədlərinə
əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən
uzaq yeni tarixini yazırlar. İnstitut
ikicildlik “Azərbaycan Respublikasının
tarixi (1991-2016)” fundamental
araşdırmasını çap etdirib. Yaxınlarda üçcildlik
“Azərbaycan tarixi” və “Zəngəzur tarixi” nəşr ediləcək.
Sonda Y.Mahmudov tələbələrin suallarını cavablandırıb. Tələbələrə Tarix İnstitutunun nəşrləri təqdim olunub.
Qeyd edək ki,
ustad dərsləri AMEA ilə ali təhsil müəssisələri
arasında elmi əməkdaşlığın
genişləndirilməsi məqsədi daşıyır.
Kaspi 2019.- 30 yanvar.- S.9.