“Tamaşaçılarımızı
karikatura ilə bərabər, oxumağa da
alışdırırıq”
Fərid Hüseynli: "Karikatura cəmiyyəti
özünə güldürmək üçün
istifadə olunan ən gözəl
silahdır"Nədənsə hər dəfə karikatura deyiləndə, "Molla
Nəsrəddin” jurnalını xatırlayıram. Azərbaycan xalqının ictimai
və mədəni şüurunun
inkişafında mühüm rol oynamış bu
jurnalı Cəlil Məmmədquluzadənin dediyi
kimi, həyatın özü
yaratmışdı. Bu gün
də karikaturaçı rəssamlarımızı zəmanə,
mühitin özü yetişdirir. Onlar barmaqla sayılası qədər olsalar da, indi
nə o jurnallar
qalıb, nə də qəzetlərdə karikaturalar.
Bu günün
karikaturaçıları jurnal və qəzet
qoxusundan uzaqdır. Səbəbləri gənc
karikaturaçı Fərid Hüseynli ilə
müzakirələrdə aydınlaşdıracağıq.
"Kaspi"nin qonağı olan gənc karikaturaçıdan, ilk növbədə karantin
günlərini necə keçirdiyini soruşduq.
- Karantin günlərini təyinatına
uyğun keçirməyə
çalışıram. Məcbur olmadıqca çölə
çıxmıram. Sosial öhdəçiliyimi
yerinə yetirərək öz izləyicilərimə
də bu mövzuda
istiqamət verirəm. Karikaturalarımın altında mətnlərdə
bu yöndə
çağırışlar edirəm. Polislərimizə və
həkimlərimizə dəstək olmaq məqsədi
ilə izləyicilərimi evdə qalmağa,
məcbur olmadıqca çölə çıxmamağa
çağırıram. Bu mövzuda karikaturalarımı gündəmə
uyğun olduğu üçün deyil, belə
çətin gündə vətəndaşlarımızın
qayğısına qalan insanlar
üçün çəkməyə
çalışıram. Bizim üçün fəaliyyətini davam etdirməyə məcbur olan
həkimlərimiz, polislərimiz, market və
aptek işçilərimiz çətin
və təhlükəli
dönəmdən keçirlər. Karikaturlarımla onlara bir qədər dəstək
olmağa, bacarıq və imkanlarım
çərçivəsində bu mövzuda karikaturalar
çəkməyə çalışıram. Müəyyən
bir təbəqə başqa
vaxt giley edirdi ki, kaş,
bütün günü
evdə qalaydıq, yatıb-dincələ biləydik.
Hazırda əllərinə elə bir şans düşsə də, tərslikləri
tutub, çölə çıxmaq həvəsi
yaranıb.
- İndi sosial şəbəkədə sizin karikaturlarınız gündəmi zəbt edib.
- Deyəsən koronavirusdan
xeyir qazanan mənəm
(gülürük).
- Yaxın günlərdə qızım dünyaya gəlib, onunla
başımı qatıram. Boş
zamanlarımda karikatura çəkirəm
və mütaliə edirəm.
- Əvvəllər
qəzet və jurnallarımızı karikaturalar
bəzəyirdi. Bu gün
qəzetlərimizdən karikaturlar yoxa çıxıb. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Hər dövrün öz tələbi var. Bu günün tələbi
isə sosial şəbəkə və
saytlardır. Səhər yuxudan oyanıb,
köşkə gedib qəzet almaqdansa, elə yerindəcə telefonla istədiyin sayta daxil olub, informasiyanı ordan əldə etmək imkanı var. Bunun nəticəsində
də qəzet və jurnallara olan tələbat azalır. Nəticə
etibarilə karikaturaçılara tələbat da azalmağa
başlayır. Karikaturaçılara müraciət edənlər
onlara əməyinin müqabilində çox az qiymətlər
təklif edirlər. Bu iş
yetərincə zaman aldığı üçün o cüzi məbləğlə razılaşmaq
da mümkün olmur. Çox istərdim ki, bugünkü qəzetlərdə
karikatura bölümləri olsun.
- Karikatura
insanların özlərini özlərinə güldürməsi
üçün istifadə edilən sənət
olduğu üçün
bəlkə də bu gün
o qədər də reytinqli
deyil.
- Karikatura cəmiyyəti
özünə güldürmək üçün
istifadə olunan ən gözəl
silahdır. Düzdür, bir
o qədər də müraciət edilən
sahə olmasa da, indi də istifadə edilir.
Yeni nəslin nümayəndələrinə
karikatura maraqlı gəlir. Əvvəlki
nəsillər "Molla Nəsrəddin"in
köhnə külliyatına baxıblar və karikaturadan
xəbərdardırlar. Yeni nəsil isə
bundan xəbərsizdir. İndi
sosial şəbəkə vasitəsi ilə görürlər və bu onlara yeni
gəlir. İndiki dövrdə karikatura az müraciət olunan sahə olsa da, öz kütləsini tutandan sonra daimi izləyicilər qazanır.
- Sosial
şəbəkədə kifayət qədər izləyiciləriniz
var. Elə bunun özü marağın çox
olduğunun göstəricisi deyilmi?
- İnstagram səhifəmdə
hardasa həftəlik 1 milyona
yaxın insan aktivliyi görünür. Əslində, bu, yaxşı nəticədir. Sosial şəbəkələrin üstünlüyü odur
ki, daha böyük kütlə tərəfindən
izlənilirsən. Çatdırmaq istədiyin mesaj daha çox
insana çatmış olur.
Beləliklə, ucqar bölgələrdə
yaşayan insanlara qədər
gedib çıxmaq imkanına sahib olursan. Ancaq yenə də dərgi mənim diqqətimi
daha çox çəkir.
- İzləyiciləriniz
daha çox hansı
nəslin nümayəndələridir?
- Statistikaya baxanda
görürəm ki, sosial
şəbəkədə daha çox gənclər tərəfindən izlənilirəm.
Ancaq cəmiyyət içinə
çıxanda, yaşlı insanlar mənə
yaxınlaşır və çəkdiyim karikaturalar
haqqında fikirlər bildirirlər. Məncə,
karikaturalarımı onlar daha
aydın başa düşürlər.
Yaşlıların geridönüşü
daha real alınır.
- Bu
gün karikaturadan gəlir
əldə etmək mümkündürmü?
- Təbii ki, mümkündür. Müxtəlif xəbər
saytları, jurnallarla, bunlarla
paralel olaraq şirkətlərlə
əməkdaşlıq edirəm. Bəlkə də bu sahədə işləyən az olduğu üçün daha çox təklif alıram. Amma
məni qane edəcək səviyyədə
gəlir əldə edə bilirəm.
- Sizcə, niyə
indi karikaturaya maraq göstərənlərin sayı
azdır?
- Mən başlayanda, bu sahədə bir
neçə karikaturaçı vardı. Onların da işi az-çox
kütləyə çıxırdı. Mən isə
işlədikcə, əl işlərimi instagram
üzərindən paylaşmağa
başladım. Bu da məni
daha çox
tanıtdı. Təəssüf ki, bu gün karikatura
sənətini öyrənmək istəyənlər yoxdur. Mən özüm xarici mütəxəssislərin videolarına
baxaraq öyrənmişəm. Bunun təhsili olmadığı üçün bu sahə
boş qalıb.
- Bir
karikaturanı hazırlamaq üçün
nə qədər zaman sərf edirsiniz?
- Baxır karikaturaya. Elə
karikatura olur ki, ideya olaraq
tam mənə səmimi, yaxın gəldiyi
üçün onun
kölgələrini, işığını, içindəki
informasiyanı daha detallı işləyirəm.
Elə karikatura da olur ki, gündəmdə olduğu üçün
çəkirəm. Tez-bazar yola verdiklərim də olur.
Buna görə də zaman
dəyişkən olur. Bəzən 1 saata, bəzən də 1 günə çəkirəm.
- Personajları
gündəmə uyğun olaraq
seçirsiniz? Seçdiyiniz
personajlara görə sizdən inciyənlər
olubmu?
- Bu günə qədər
təsadüfi personalara üstünlük
vermişəm. Hadisəni şərh etmək üçün
onlara müraciət etmişəm. İndi isə çalışıram ki, cəmiyyətdə tez-tez
qarşılaşdığım milli personajlara üstünlük
verim. Misal üçün, ictimai nəqliyyatdan
istifadə etdikdə, gördüyüm
insanların simalarını karikaturalaşdırmağa
çalışıram.
- Niyə məhz
o insanların?
- Çünki onların
timsalında insanlar sanki
özlərini görmüş olurlar. Belə olduğu halda, müsbət reaksiyalar
verirlər.
- Hər hansı
jurnal və qəzetə bir
guşə yaratmaq üçün
müraciətləriniz olubmu?
- Jurnal təsis edən insanların karikaturaya marağı yoxdur. Bəzən görürsən, elə mənasız şeylərə maliyyə
ayırırlar ki, insan bir anlıq
düşünür ki,
bu sahəyə də maliyyə ayırıb, daha çox oxucu cəlb etmək olardı. Mən öz yaşantımı
dərgidən formalaşdırsaydım,
daha yaxşı karikaturaya zaman ayırardım. İndi daha
çox reklam xarakterli karikaturalar çəkirəm, bu da mənim yaradıcı
tərəfimi bir növ tənbəlləşdirir.
İdeya
gələndə, eyni
həvəslə çəkmək
olmur. Bir növ kölgədə
qalır.
- Karikatura animasiyaya çox yaxın bir sahədir. Animasiya ilə məşğul
olursunuzmu?
- Son 2 ildir ki, animasiya
üzərində işləyirəm.
Bu iş üçün
geniş maliyyə, zaman və möhtəşəm texnikalar lazım olsa da, bunların hamısını öz imkanlarım daxilində etməyə çalışıram.
Texnikamın gücü çatdığı
səviyyədə əlimdən
gələni etməyə
çalışıram. Animasiyaya, "Youtube" üzərindəki
fəaliyyətimi genişləndirmək
üçün başlamışdım,
amma bir müddətdən sonra dayandırmağa məcbur
oldum.
- Nə üçün dayandırdınız?
- Çünki bu çox zaman tələb edirdi və maddi olaraq
geridönüşü olmurdu.
İzləyici istədiyim qədər
deyildi. Bəlkə də çox
izlənilsəydi, həvəslənərdim.
Bir neçə dəfə televiziyalara müraciət
etsəm də, onlardan müsbət cavab almadım. Mənə maraqlıdır, nə üçün uşaqlarımız
xarici animasiya filmlərinə baxmalıdır?
Öz animasiya filmlərimiz var ikən niyə
məhz xaricilərə
müraciət etməliyik?
- Sizcə, bu laqeydlik animasiya
filmlərimizin sonunu gətirirmi?
- Əlbəttə. Bu,
insanlarımızın sənətə olan
biganəliyinin nəticəsidir. Efirlərimiz toy
verilişləri ilə doludur,
insanları maarifləndirmək əvəzinə toy verilişlərinə meyilləndirirlər.
Artıq tamaşaçıların beyni toylara və bu kimi verilişlərə formatlanıb. Maarifləndirici
verilişlər onlara maraqlı deyil və belə olduğu
halda, bu verilişlər
reytinqsiz qalır. Sonra
da deyirlər reytinq
vermədiyi üçün
bağladıq.
- Necə düşünürsünüz, bu gün sosial
şəbəkələr televiziyaları üstələyə
bilibmi?
Ayrı-ayrı
kontentlərdə bu fikrə gəlmək
olar ki, sosial şəbəkələr televiziyanı
üstələyib. Bu gün
"Youtube"un
özündə də hər gün efir, fərqli proqramlar izləmək
mümkündür. Deyərdim ki, hər birinin öz izləyicisi var.
- Bu
günün tamaşaçısı
görüntüyə üstünlük
verir. Nədənsə uzun
mətnləri oxumaq istəmirlər. Siz karikaturalarınızda buna
nə qədər önəm verirsiniz?
- Bu günün
tamaşaçısı informasiyanı rahatlıqla almağa çalışır. Diqqət
etmişəm ki, karikaturalarda
söz çox olanda, az like
gəlir və görürəm ki, ilkin reaksiya az olur. İlkin
reaksiya çox olduqda, o karikatura
daha çox insana çatmış olur.
6 ildir instagram üzərindən
müəyyən testlərlə yoxlayıram. Tam
sözsüz karikaturalar
daha çox izlənilir.
Misal üçün,
bir neçə gün
əvvəl koronavirusla zoğal
mürəbbəsini paylaşmışam. Dialoq
olaraq da "This is Azərbaycan"
yazmışdım. Bir gecədə o karikaturanı 2000-dən çox
insan bəyənmişdi. Artıq bir ildən çoxdur dostum Seymur Orucla
karikaturaları mətn formasında şərh edirik. Fikir verirəm ki, artıq mətnləri oxuyan
insanların sayı artıb.
Tamaşaçılarımızı karikatura
ilə bərabər, oxumağa da alışdırırıq. Çox adam yazır ki, oxumayan adamı oxutdurdunuz. Bunun özü yaxşı nəticədir. Karikaturadan çox mətnə
də rəy yazırlar.
- Sərt rəylər
yazan olurmu?
- Yetərincə olur. Əvvəllər daha aqressiv rəylər yazırdılar. Onlara bəzən cavab yazırdım, bəzən də bloka atırdım. İndi görürəm ki, hər cür insan mövcuddur və onlar heç zaman məmnun qalmayacaq, buna görə də artıq reaksiya vermirəm.
Xəyalə Rəis
Kaspi 2020.- 8 aprel.-S.12.