“Ağ göl” romanının sirri
Şərif Ağayarın "Ağ göl” romanında bədii-kommunikativ əlaqə
kütləvi və elitar səciyyə daşıyır. "Ağ
göl” nə qədər ciddi roman olsa da, yüngül
və əyləncəli
pasajlarla da diqqət çəkir.
Ancaq romanın kütləvi
və qlobal xarakter daşıyan hissələrini ciddi və sosial yüklü hadisələr
izləyir. Şərif Ağayar
ciddi, ağrılı bir hekayəni komik bir situasiya ilə
əvəz edə bilir. Bu komiklik
daha çox insanın radikal inanclar sayəsində düşə biləcəyi
tragikomik bir situasiyadır. Balans gözlənilir.
Şərif Ağayarın
"Ağ göl” romanı ədəbiyyat nəzəriyyəçisi İxab
Xassanın estetik görüşləri ilə uzlaşır.
"Ağ göl”
romanında qurğu ilə reallıq kəsişir. Xassan bütün
ədəbiyyat strukturalistlərindən
fərqlənir. Mətnin oyun
estetikasının bədii
dəyərlərə istinad
etməsini zəruri şərt sayır.
Pircahan adlı xəyali bir məkan, oranın sadəlövh sakinləri və yavaş-yavaş simasını
və saflığını
itirən qəsəbə
əhalisinin dini və dünyəvi duyğular arasında çabalaması... Əsərin mərkəzində bu paradokslar dayanır. Hazırlıqlı oxucu romanı
mütaliə etdikdən
sonra dərk edir ki, bütün
hadisələr qurğu
və oyundan ibarətdir. Ancaq romanın
bədii aura və təravəti klassik oxucunu da cəlb
edir. Klassik oxucu romanda bədii-estetik zövq tapa bilir.
Şərif bəy metatəhkiyədən
də istifadə edir. Ancaq bu metod ona xasdır. Çünki metatəhkiyədə yazıçı romanın
yazılma prosesini də əlavə edir. Hətta bəzən müəllif özü
də romana daxil olur. Şərif Ağayar
isə bu prosesi dolayı yolla həyata keçirir. Mətnin bədii
aurası həm diktə edir ki, bu hadisələr
gerçəkdir, həm
də yox. Təbii ki, yazıçının
müqtədir qələmi
də. Digər tərəfdən hadisələrin baş vermədiyi, Pircahan adlı bir qəsəbənin
olmadığı haqda
da qənaət yaranır. Bu düşüncə hər
yaşda və başda olan oxucunu rahat buraxmır.
Təkcə oxucunu?
Bu hissə isə romanın estetik açarıdır:
"Ağ gölə qurban gedən yaşda oğlu olan
qəsəbə sakinləri
qorxudan iydə ağacına baxmırdılar.
Bir gecə böyük iydəyə yaxın həyətlərin hansındasa
səs-küy qopdu.
Gələn qonşular çaşıb
qaldılar; arvad-uşaq
evin kişisini gecənin qaranlığında
böyük iydəyə
diqqətlə baxdığı
yerdə yaxalamışdı.
Yetkinlik yaşına yenicə çatmış
oğlu atasını
əməlli-başlı danlayırdı:
"Ata, düzünü de, mənim ölməyimi istəyirsən?”
Kişi
elə xəcalət çəkirdi, elə bil pis iş
üstündə tutulmuşdu.
Arvadı hövsələdən
çıxdı:
"Utanmırsan?! Adam doğma övladının
ölümünü istəyər?!
Ayıb olsun sənə!”
İydə ağacını da, Ağ gölü də, Camal atanı da müqəddəs
edən nədir? Heç nə?
İnanmaq və özünə
büt düzəltmək.
Bu kölgəsiz insanların taleyidir, alın yazılarıdır.
Pircahan əhlinin inancı sevgidən irəli gəlmir. Qorxudan qidalanır. Belə yarımçıq
inanc və əqidənin sonu isə... Yoxluqdur. Təhkiyəçinin yox olması
kimi. Qoxusuzluqdur (Ən azından
qoxusuzluğu hiss etmək
istəyən oxucu gərək ki, romanı oxuya). Cəsarətsizlikdir. Cəhalətdir. Pircahan və onun sakinləri qeybə çəkilir. Görəsən, belə bir yer
var idi? Varıydısa niyə yox oldular? Şərif Ağayarın metatəhkiyəsi
məxsusidir. İllüzziyaçıdır müəllif. Bu məqamda Bertolt Brexti xatırlamaq zəruri ehtiyaca çevrilir. Brext səhnəni hədsiz
dərəcədə real komponentlərlə
bəzəyirdi. Lakin qəfildən
səhnənin və hadisələrin, hətta
tamaşaçının belə
reallığını... darıxdırıcı
və süst eyniliyi pozurdu. Tamaşaçı reallıqla antireallıq
arasında çaş-baş
qalırdı. Şərif Ağayar
da bu metoda
süjet boyu sadiq qalır. Eynilə
"saf və düşüncəli” yazıçıların
etdiyi kimi.
Qoxu insanın
var olma səbəbidir. Qoxusuzluq həyatdan imtina
etməkdir. Niyə? Çünki qoxusuzluq yoxluğa
qapı açır.
Tabularla ömür çürüdənlər
cəsarətsizdir həm
də. Tabular bu insanları əsir edib. Məhz həmin tabular da cəhalətə rəvac
verir.
"Ağ
göl” romanını
oxumağı tövsiyə
edirəm. Çünki cəhalət və tabular
elm və sənətlə
dəf edilir. Bu roman müəllifin yaradıcılığında yeni mərhələdir.
Ənənəvi mövzularından imtina edir Şərif
Ağayar. Brextin sənət
dünyasına əl
edir. Və Brextdən dünyaya
üfunətli qoxusunun
deyil, sənətinin qaldığını xatırladır.
Ülvi Babasoy
Kaspi 2020.- 11 aprel.- S.14.