Avropada məşhur olan türk
sənətkarlığı
Muhsin Kadıoğlunun "Türk Rəssam” Jean
Liotardın əsərlərində türklər” kitabı
haqqında
Qərb modasına marağın artdığı, geyim tərzi və üslubunda Avropanı nümunə götürən çağdaş zamanımızda keçmişə boylanmaq, tarixin fərqli dönəmlərində dəbdə olan türk modasını izləmək milli mədəniyyətimizin və onun dünyaya təsirinin öyrənilməsi adına çox vacibdir. Bu sahədə bizə bələdçilik edən müəllif və mənbələri isə xüsusilə qiymətləndirməliyik.
XVI əsrdən başlayaraq
Avropada türk incəsənəti
və bütövlükdə mədəniyyətinin təsiri
müşahidə olunmaqda idi.
Avropa mədəniyyətindəki türk təsiri rəssamlıq, musiqi və memarlıqda görülərək
"Turquerie” və ya
"Türk heyranlığı” adlı
dəb axınını formalaşdırmışdır.
XIII əsrdə də dünya rəssamlıq sənətində türk həyatına böyük maraq var idi. İsveçrəli rəssam, rəsm əsərlərinin xüsusi bir növü olan pastel ustası Jan Etyen Liotardın (1702-1789) İstanbula səfərindən sonra yaradıcılığında xüsusi bir mərhələ başlamış, 1738-1742-ci illərdə İstanbulda yaşamış, təsadüfi deyil ki, rəssam dünyada pastelləri və türk mövzulu əsərləri ilə məşhur olmuş, türk geyimlərinin təsviri və öz şəxsi qismində istifadə də ona "Türk rəssam” ləqəbi verilməsinə səbəb olmuşdur. Bu baxımdan Muhsin Kadıoğlunun yeni nəşr olunmuş "Türk Ressam” Jean Liotard’in Eserlerinde Türkler” kitabı türk dünyası üçün maraqlı olan fikir və məlumatları əhatə etdiyi üçün əhəmiyyətlidir. Yazarın özü də qeyd edir ki, bu əsəri yazmaqda məqsədi türk millətinə xidmət etmiş önəmli bir sənətkarı çağdaş nəsillərə xatırlatmaqdır.
Muhsin Kadıoğlunun çeşidli
sahələri və janrları əhatə edən zəngin
yaradıcılığının ən mühüm
özəlliyi dünya tarixi
və mədəniyyətində türklərin rolunu araşdırmaq, türk
izlərini tədqiq etmək və türk
mövzusunu şərh etməkdir.
Yazarın "Türk modası” sənət
hərakatının ən önəmli rəssamlarından biri” kimi dəyərləndirdiyi
Jan Etyen Liotarda kitab həsr etməsi
də təsadüfi deyil. Məlumdur
ki, Jan Etyen
Liotardın əsərləri Türkiyədə, eləcə
də türk dünyasında geniş şəkildə öyrənilməmişdir,
bu baxımdan da milli mövzulara həssaslıqla
yanaşan, "Liotard
haqqında Türkiyədə bu günə
qədər bir kitabın
hazırlanmaması qəbul edilməzdir” deyən
M.Kadıoğlunun kulturoloji fəaliyyətində
bu əsərin də xüsusi
əhəmiyyətə malik
olacağını qeyd etmək
lazımdır.
Roma, Paris, Vyana
və Londonda çalışan,
"padşahların və gözəl qadınların rəssamı”
kimi tanınana Jan Etyen Liotardın məhz İstanbul
səfərinin onun
yaradıcılığına əsaslı şəkildə
təsir etməsi mühüm səbəblərlə
bağlı idi. Türk geyim
mədəniyyətinin qədim və zəngin ənənələri
Şərq dünyasının sözügedən sahədəki
öncülləri arasında yer
aldığı kimi Avropada,
bütünlüklə, Qərbdə türk
modasının geniş şəkildə
yayılmasına da gətirib
çıxarmışdır. İsveçrəli rəssam
da bütün
bunların birbaşa şahidi
olmuş və hətta öz
geyim tərzində, görkəmində də
türk üslubundan
istifadə etmişdir. M.Kadıoğlu
kitabın ön sözündə Jan Etyen Liotardın əsərlərini
araşdırmaq və onları oxuculara təqdim
etmək üçün dörd
mühüm cəhətə diqqət yetirdiyini yazır: "Jan
Etyen Liotardın mənə təsir edən
dörd mühüm
özəlliyi var. Birincisi,
Qərb dünyasında ona "Türk rəssam” deyilməsi, ikincisi
yaşadığı dönəmdə uzun
zaman Osmanlı fəsi taxması və türk tipində saqqal
saxlamasıdır. Yəni rəssam öz
şəxsində də türklərin həyat tərzini mənimsəmişdir.
Üçüncü önəmli özəlliyi
Avropadakı "Türk modası”
çılğınlığının yaşamasına təsir
göstərməsidir. Dördüncü,
ən vacib özəlliyi isə
Osmanlı türklərinin ölkəsindəki etnik və dini azlıqlar da daxil olmaqla
onların həyat və məişətini ən kiçik detallarına qədər real bir şəkildə rəsmlərdə
əks etdirməsidir”.
M.Kadıoğlu Jan Etyen Liotardın yaradıcılığının İstanbul illəri və "Türk rəssam” ləqəbi almasını ayrıca bölümlərdə şərh etmiş, bir sıra mühüm mənbələrə də istinad etmişdir. Yazar "Türk rəssam” ləqəbinin səbəbləri” bölümündə yazır: "Rəssam Jan Etyen Liotard İstanbuldan Moldavadakı Yaş şəhərinə getmişdir. Yaş şəhərində olduğu zaman 2 sentyabr 1743-cü ildə dəvət olunduğu üçün Vyanaya gəldi və burada "Türk rəssam” kimi adlandırıldı... Bundan başqa Florensiya qalereyası üçün öz portretini də türk qiyfaətində çəkdi”. M.Kadıoğlu Baetjer, Katharine və Marjorie Shelleynin "Pastel Portraits: Images of 18th-century Europe” (2011) əsərlərinə əsasən, onun "Türk rəssam” ləqəbi ilə tanınmasına səbəbin istifadə etdiyi türk geyimləri ilə yanaşı, türk tərzində saqqal saxlamasında da olduğunu yazmışdır. Mənbələr göstərir ki, Jan Etyen Liotard XIII əsrin 50-ci illərinin əvvəllərində də türk geyimlərini geyinməkdə davam edirdi. Təbii ki, bu cəhət rəssamın əsərlərinə də güclü şəkildə təsir etmişdir. M.Kadıoğlu yazır: "İstər İstanbulda olduğu zaman, istərsə də İstanbuldan getdikdən sonra çəkdiyi bir çox rəsmində türk qiyafətləri və kültürünə aid ünsürlər istifadə etmişdir. Avropaya döndükdən sonra, bəlkə də, ən çox türk qiyafətləri çəkərək pul qazanırdı”.
M.Kadıoğlu bir kulturoloq kimi Jan Etyen Liotardın əsərlərinin
əsas xüsusiyyətlərini də əhəmiyyətli
şəkildə müəyyənləşdirir. "Əsərlərində
önə çıxan özəlliklər”
bölümündə yazar bu barədə qeyd edir: "Liotardın portretlərində təməl
ünsürlər "ağıl” və "maraq”dır. Elmi yaymaq və düşüncəni azad etmək kimi xülasələndirilə
bilinəcək Maarifçilik hərəkatı
dönəmində rəsmlərində
araşdırmaçı, açıq fikirli
fiqurlar istifadə etmişdir.
İngilis aristokratlarının türk geyimlərinə olan
marağı onun fırçası sayəsində
sənədləşdirilmiş və tarixi
yerini almışdır. Onun
rəsmlərində qadınlar oxumaqda, rahat davranmaqda və
özünəməxsus duruş tərzi
verməkdədirlər”.
M.Kadıoğlu Jan Etyen Liotardın rəsmlərində türk mövzularını
qruplaşdıraraq uyğun bölümlərdə
təsvir və şərh etmişdir.
"Türk yaşam
tərzini işləyən əsərləri” hissəsində
"İzmirdəki fransız konsulu Qaspard de Peleranın portreti” adlı əsərində türk cəhətlərini önə çəkən
yazar qeyd edir: "Günümüzdə Luvr muzeyində yer alan bu əsər türk ölkəsindəki üst
səviyyəli xaricilərin belə öz
məkanlarında türk həyat tərzini
mənimsəmiş olduğunu göstərir”.
Kitabın "Türk qiyafətlərində
təsvir etdiyi qərbli qadınlar”
bölümündə ayrı-ayrı məşhur Qərb
qadınlarının türk modalı rəsmlərindən
bəhs olunur. "Qərb
dünyasında türk modası
1700-cü illərin əvvəllərindən 1800-cü illərin
əvvəllərinə qədər davam
etmişdir. Bu müddətdə
yüzlərlə məşhur qərbli qadın və kişi ekzotik Osmanlı
geyimlərində rəsmlərini çəkdirmişlər.
Qərbdə israrla "orientalist”
adlandırılan, lakin həqiqətdə
"Türk kostyumu” kimi bilinən qiyafətlərlə rəsm
çəkdirmək istəyənlərin müraciət etdiyi önəmli insanlardan
biri də Liotard idi. Türk kostyumları içində portretinin
hazırlanmasını istəyən o qədər
çox insana xidmət
göstərdi ki, sonunda
"Türk rəssam”) kimi
xatırlanmağa başlandı”.
M.Kadıoğlu türk modası ilə geyinən Qərb qadını rəsmlərindən İtalyanın məşhur Ufizzi qalereyasında sərgilənən "Türk qiyafətləri geymiş Maria Adelaide portreti” (1753), Varşavanın Lazienki sarayında təqdim olunan "Xanım Montaqu türk geyimiylə” (1756), Londonda Milli Portret Qalereyasında sərgilənən "Coventry Kontesi Maria” (1749) kimi əsərləri dəyərləndirir, onlardakı türk geyimi, incəsənəti, həyat və məişəti ilə bağlı önəmli məsələləri şərh edir. Rəsm əsərlərinin qəhrəmanlarını da araşdıran yazar maraqlı faktları diqqətə çatdırır. Yazar qeyd olunan rəsmlərdən birinin qəhrəmanı ingilis yazıçısı və İngiltərənin İstanbuldakı elçisi Edvard Vortley Montaqunun xanımı Meri Vortley Montaqunun "Türk səfirliyi məktubları” adlı əsəri ilə tanındığını, "İstanbul (Konstantinopolis)” şeirini yazması kimi önəmli məlumatları da verir. M.Kadıoğlu rəsmləri təhlil etməklə yanaşı, onların hansı muzeydə olması və ayrı-ayrı muzeylərdə adlandırma fərqlərini də göstərmişdir. "Coventry Kontesi Maria” əsərinin Amsterdamdakı Rijksmuseumda "Türk kostyumu içərisində sənətkarın xanımı Marie Farques portreti (Portret van Marie Fargues, echtgenote van de kunstenaar, in Turks kostuum)” kimi sərgilənməsi haqqındakı maraqlı məlumatı da kitabdan oxuyuruq. M.Kadıoğluya görə, Liotard bu əsərində türk qadınlarının qiyafətlərini sənədli əsər dəqiqliyilə təsvir etmişdir.
Kitabın "Türk qadınlarının rəsmləri” adlanan bölümündə isə M.Kadıoğlu "Hamamda bir xanım və quluqçusu”, "İstanbulda hamam girişində bir qadın”, "Türk geyimli qadın”, "Türk qiyafətləri geyinmiş dəf çalan qadın”, "İstanbulda bir divanda oturan qadın”, "Oriental türk kostyumu ilə bir divanda oturan gənc qız”, "Sultanə” (Sultane), "İstanbulda naxışlı bir eşarp geyinən gənc qadın”, "Tambur çalan gənc tatar və divanda siqaret çəkən kişi”, "İstanbulda yerə oturaraq dəzgahında naxış işləyən gənc qız”, "Yun əyirən gənc oriental qadın” adlı rəsmləri həm təqdim etmiş, həm də bu maraqlı sənət nümunələrini təhlil etmiş, araşdırmış, hansı muzeylərdə sərgilənmələrinə qədər məlumat vermişdir. Türk qadınlarının rəsmlərindən bəhs edərkən yazar Jan Etyen Liotardın sözügedən rəsmlərə məxsus bir sıra özəlliklərini də ön plana çəkmişdir: "İstanbulda olduğu müddətdə gündəlik həyatın içindən səhnələri təqdim edən Jan Etyen Liotardın bəzi rəsmlərindəki reallıq təəccübləndirəcək qədər yüksəkdir... Türk qadınlarının hamam həyatı Liotardın diqqət mərkəzində olmuşdur. Bu səbəbdəndir ki, hamam və türk qadınları ilə bağlı əsərləri digərlərindən daha çoxdur”. Bu baxımdan, qadın hamamlarına girişin kişilər üçün yasaq olduğu halda, rəssamın mövzunu detallarına kimi işləyən "Hamamda bir xanım və qulluqçusu” əsərini Liotardın möhtəşəm sənət nümunəsi kimi dəyərləndirir.
Rəsm əsərlərinin çəkilmə
texnologiyası, bilinən obrazlar
haqqındakı tarixi məlumatlar
M.Kadıoğlu tərəfindən incəliklə şərh
olunmuş və qiymətləndirilmişdir.
Kitabın maraqlı bölmələrindən biri də "Osmanlı imperatorluğunda yaşayan xristianların həyatından örnəklərlə bağlı rəsmləri”dir. Burada da yazar həm Qərb muzeylərində tanış olduğu əhəmiyyətli örnəklərin birbaşa özü tərəfindən fotaya alınmış nümunələrini təqdim edir, həm də türk dünyasını həmin əsərlərlə daha yaxından tanış edir. Liotardın 1738-1742-ci ildə İstanbul və ya Viyanada çəkdiyi güman edilən "Konstantinoploda Peralı fransız xanım əsərindən bəhs edən yazar XVIII əsrin ortalarında xristian qadınların türk ölkəsindəki yaşam tərzinə diqqət yönəldir: "Liotard İstanbulda keçirdiyi dörd il içində sadəcə müsəlmanların deyil, Qalata (indiki Qaraköy) və Perada (indiki Bəyoğlu) yaşayan xristian bölgələrindəki qadınları da müşahidə etmişdir. Liotardın bu əsərində Osmanlı türklərinin ölkəsindəki xristian qadınların da lüks və parlaq bir həyata sahib olduqları açıq şəkildə görülməkdədir... Rəsmdə bir qarşılama hərəkəti göstərən qadına baxarkən izləyicinin diqqəti sanki dondurulmuş xarakterə deyil, miniatür sənətçisi həssaslığı ilə hazırlanmış möhtəşəm geyimlərə və aksessuarlara fokuslanmaqdadır”. Rəssamın "Perada fransız qadını və arxasında kiçik bir qız”, "Konstantinopolda madmazel Beli portreti”, "Madam Marriotun portreti”, "İzmirli Marqaret Kukun portreti”, "Manqala oynayan iki yunan və ya fransız qadın” kimi məşhur əsərlərində də istər İstanbulda, istərsə də digər Osmanlı şəhərlərində yaşayan xristian qadınların zəngin və gündəlik həyatı, məişəti təsvir olunmuşdur ki, M.Kadıoğlu bunların hər birini ayrıca təsvir və şərh etmişdir.
Liotardın türk
mövzusundakı əsərlərində sadəcə
qadınların deyil, bir
sıra tanınan tarixi simaların da rəsm və portretlərinə təsadüf
edirik. Bu baxımdan kitabın "Türk
geyimləri ilə çəkdiyi digər qərblilər”
bölümündə 1737-1750-ci illər arasında İstanbulda Levant Şirkətinin
baş təmsilçisi Frensis
Levettin "İngilis
taciri Levett bəyin tatar kostyumu ilə portreti”, "Müsyö Levett və Helena türk kostyumları ilə”, bu
rəsmin sadəcə Levett hissəsi saxlanılmış "Oturan
bir türk” (A Turk Seated) əsərləri
təqdim olunmuşdur. İlk
iki rəsm Parsidə Luvr
muzeyində təqdim olunduğu halda, yazarın araşdırmaları nəticəsində
üçüncü rəsmin
Liotardın Londonda yerləşən Victoria&Albert muzeyində türk
mövzusundakı yeganə əsəri olduğu
göstərilir.
Osmanlı imperatorluğunun idarəçilərinə aid rəsmlər də kitabda önəmli yer tutmaqdadır. 1738-1743-cü illər arasında görəvdə olan Sədrəzəm Həkimoğlu Ali paşa, fransız əsilli Osmanlı paşası Müsyö Le Comte Bonneval, Mehmet ağa, Cücə İbrahim, "Qılıc tutan türk əsgəri”, "Oturan dörd türk musiqiçisi” kimi əsərlər M.Kadıoğlu qələmində dəyərləndirilmiş, onların sərgiləndiyi muzeylər barədə məlumat verilmiş, rəsmlər şərh olunmuş və onlarda təsvir olunmuş tarixi şəxsiyyətlər haqqında məlumat verilmişdir.
M.Kadıoğlu Amsterdam, Bern, Cenevrə, Paris, London kimi şəhərlərin məşhur muzeylərində Jan Etyen Liotardın rəsmlərinin, o cümlədən, türk mövzulu əsərlərinin sərgiləndiyini söyləyir ki, yazar buradakı əsərlərin bir çoxunu birbaşa seyr etmiş və yaxından dəyərləndirmək imkanına sahib olmuşdur.
M.Kadıoğlu Jan Etyen Liotardı yüksək dəyərləndirərək onun əsərləri sayəsində 1740-ci illərdəki türk həyatını təsəvvürə gətirməyin mümkünlüyünə diqqəti çəkir: "Liotardın əsərləri bir çox baxımdan türklərin tarixinə işıq tutmaqdadır”.
Bəsirə Əzizəli
Kaspi 2020.- 11 aprel.- S.12.