Vaqif Bəhmənli poeziyasında rənglərin naxışları  

Vaqif  Bəhmənlini çağdaş poeziyamızın aparıcı nümayəndələrindən biri kimi oxucular, ədəbiyyatsevərlər və tənqidçilər yaxşı tanıyırlar. Orijinal mövzular, fərqli poetik obrazlar, bədii ifadə vasitələrindən yararlanma bacarığı onun bədiyyatımıza özəl naxışlar vurmasına uğurlu imkanlar yaratmaqdadır. Vaqif nəyi mövzu olaraq çözmək istəyində bulunduqda gözümüz qarşısında maraqlı poetik mənzərə dayanır. Burada sözlərin, ifadələrin, deyimlərin düzümü assosiativ baxımdan tamamilə fərqlidir.

Masamın üstündə Vaqifin 2019-cu ildə nəşr etdirdiyi "Qansız savaş.” (Ən yeni şeir) kitabı var, vərəqləyirəm. Əvvəl sadəcə maraq üçün. Orada yer almış mövzuların qeyri-adi adlar sırası diqqətimi çəkir. Sonra kommentariyalı oxumağa başlayıram. Maraq və Heyrət! Şeirlərin özəl impulsasiyası, məsələn, "Bəhmənli himni”, "Can otağı”, "Qardaşıma mesaj”, "Asilik”, "Otuz yeddi yaşında adam”, "Havalı şeir”, "Səbzəli şeir”, "Şəhərli kəndçi”, "Məhəbbət fakültəsi”, "Sovqat krossord”, "Üzü Xəyyama” (silsilə şeirlər), "Multikultural şeir”, "Qeyri-müəyyən günah”, "Ömür testi”, "Gender bərabərliyi”, "Ay peyzaji”, "Bəndübənd-1” (silsilə), "Sevgi rədifləri”, "Yuxuda yuxu”, "Cismin maye halı”, "Üzəçıxdı”, "Sevgi imtahanı”, "Eşqin şəkilləri”, "Şübhəli şəxs qismində eşq”, "Hüceyrə”, "Dərsə gedən iki uşaq”, "Kül həkimi”, "Dilemma”, "Qansız savaş”, "Axirətdə bəxtiyarlıq”, "Meşədə axşam”, "Gülməli gəraylı”, "Eşq gəraylısı”, "Mən gəraylısı”, "Antiməhəbbət”, "Giley qoşması”, "Can gəraylısı”, "Ninbinlik qoşması”, "Bəndübənd - 2” (silsilə), "Evrika”, "Qonşu qafiyələri”, "Nicat nəğməsi”, "Təsəlli”, "Klassik qoşma”, "Boş bulud”, "Antik şeir”, "Rabitəsiz bəndlər”, "Əlifba sırası”, "Acı payız peyzajı”, "Nidalı qoşma”, "Haqq əfsanəsi”, "Adam ovu”, "Üç sirli bənd”, "Bəndübənd - 3” (silsilə), "Şəhriyar qafiyələri”, "Sözə dair qafiyələr”, "Bəndübənd - 4”  (silsilə), "Adaş”, "Qarabağ qıfılbəndi” (silsilə şeirlər), "Barelyef” və s.

Şeirlərin adlarını ona görə uzun-uzadı sadalamağı zəruri hesab etdik ki, bu nümunələrdən hər biri bir tərəfdən xalq yaradıcılığı, digər tərəfdən klassik şeir vəzninə, üçüncü tərəfdən isə postmodernist üsluba istiqamətlidir. "Qansız savaş” məcmuəsi, doğrudan da, məzmun-məna, kompozisiya-struktur, estetik effekt baxımından ən yeni şeirlərdir.

Müəllifin bu şeirləri özünün necə qruplaşdırdığını əldə rəhbər tutsaq, buradakı əsərlər "Beş qat”da, dörd "Bəndübənd” də yerləşdirilmişdir. Fəsillərin adları, struktur bölgü özəl və fərqlidir. Mövzular rəngarəng, çoxçalarlı, çoxqatlı və altmənaları özündə ehtiva etməklə zəngindir. Yəni Vaqif Bəhməlinin bu kitabdan iridən-xırdaya elə bir nümunə tapmaq mümkün deyil ki, o, oxucunu düşündürməsin:

Çoban – çoluqlar qışqırıb

hoylayır naxır – adamı.

Enir balta...

                      qan fışqırır,

Sümürür çuxur adamı!

 

Yonca dərd açır tək-tək;

Solur çiçək,

                     qoca fələk

quru yonca topası tək

yabaya taxır adamı!

 

Dost gözündə əyri oxsan,

Tək canınla yenə çoxsan...

Yad nə bilir varsan, yoxsan -

doğmalar yıxır adamı.

 

Bu bəndlər Vaqifin "Adam ovu” adlı  şeirindəndir. Lakonizm burada şairin fikir dünyasının kasadlığı ilə bağlı yox, hədəfə dəyən tutarlı, titrədici "baltanın enməsi, qanun fişqırması, çuxurun adamı sümürməsi” kimi ifadələrlə əlaqədardır. Siz çuxurun adamı sümürməsi” ifadəsi ilə haradasa rastlaşmısızmı?! Biz, təbii ki, bu tipli ifadələri şairin tapıntısı kimi dəyərləndiririk.

Yaxud kitabın "İkinci qat. Səhra gözəli” fəslindəki "Sevgi rədifləri” şeirindəki poetik sintaksisə nəzər salaq:

 

                 Gülüşünə tay hanı?  -

                 qəmzələrin süzgün ox,

                 qansız gözələ canım

                 qurban olsun, yoxsa yox?

 

                 Dərdin dəvəsi sinəm -

                 dartır həvəsi sənə...

                 Zınqırov səsi sənə

                 mehman olsun, yoxsa yox?

 

                 Zülm eylədin o ki var;

                 canda leysan yükü var -

                 göz yaşımdan səhralar

                 ümman olsun, yoxsa yox?

 

                 Bu qədər ağlarıqsa,

                 ağlayıb çağlarıqsa,

                 Dövran bizik...

                                  varıqsa,

                 dövran olsun, yoxsa yox?

 

                 Çıxarı nəfdən baha

                 bir söz qalmadı daha...

                 Vaqif səntək dərgaha

                 qurban olsun, yoxsa yox?

 

Görürsünüzmü, klassik poetik deyimlər yeni qiyafədə, yeni biçimdə gözümüz önündə necə bərq vurur?! Məlumdur ki, poetik sintaksis nitqin elə bir xüsusi şəkildə qurulmuş vasitələridir ki, onlar obrazlı ifadəliliyi gücləndirməyə hesablanmışdır. Vaqifin poetik fiqurlarında cümlələrdəki sözlərin qeyri-adi sırası, poetik frazalar poetik ifadə rəngləri verir. Yəni bu şeirlərdə poetik lüğət öz zənginliyi və oynaqlığı ilə fərqlənir.

 

Vaqif şeirlərində nitqin poetik təşkilinin elə xüsusi üsulunu tapır ki, o qeyri-tipik olmaqla gündəlik ünsiyyət üçün səciyyəvi olan dil elementinin təqdimatı formasından imtina edir. Fikrimizcə, Vaqif bunu da bilir ki, bədii nitq onun bütün element və nüanslarına diqqət tələb edir. Eyni zamanda bu da var ki, poeziyada hər bir nitq elementinin poetik nitq fiquruna çevrilməsi zəruridir. Çünki bədii nitqin obrazlılığı nəinki sözlərin seçimindən, həm də bu sözlərin cümlədə və digər sintaktik konstruksiyalarda neçə uzlaşması və onların hansı intonasiya ilə tələffüz olunmasından asılıdır.

Vaqifin "Bəlkə” şeiri müxtəsərliyinə baxmayaraq, olduqca düşündürücüdür:

Başım ağrıyır... Niyə?

Dişim ağrıyır ... Niyə?

Qolum, qanadım, dizim,

hər yanım ağrıyır... Niyə?

Hər şey cəhənməm, üstəlik

vicdanın ağrıyır... Niyə?

 

Göründüyü kimi, şair üçün başın, dişin, qolun, qanadın, dizin, hər yanın ağrıması onu, belə demək mümkünsə, ağrıtmır, amma vicdanının ağrıması çox narahat edir. Burada tanınmış romançı Ənvər Məmmədxanlının "həyatım ağrıyır” ifadəsi istər-istəməz təfəkkürümüzdə canlanır. Bu şeirdə də Vaqifin istifadə etdiyi sintaktik fiqurlar şairin nitqini fərdiləşdirməklə ona həm də özünəxas emosional rəng qatır. Müəllifin "niyə” sualını dəfələrlə təkrarlaması şeirin kompozisiyasının strofik quruluşu üçün böyük əhəmiyyət kəsb edir.

 

Vaqifin "Axşam” şeirinin isə başqa bir hüsnü var. Onun da içimizdə necə bir aura yaratmasını oxucularla bölüşməyimiz yaxşı olar. Cəmi iki bəndlik bu şeirin yaratdığı assosiasiyaya baxın:

Əridi, ömür bitdi

Fitili sap şam kimi

Gün kükürdlü kibritdi –

qaralır axşam kimi.

 

Sanalı anım qalıb –

babalı şama qalsın.

Yüz qıram canım qalıb,

o da axşama qalsın!..

 

Düzü, Vaqifin bu tipli şeirlərində biz haradasa A.S.Puşkin, A.Blok, S.Yesenin, A.Axmatova, R.Rojdestvenski kimi rus şairlərinin duyum tərzini, poetik fəlsəfəsini görürük. Vaqifin şeirləri sanki çiçəklər, güllər, körpələr kimi ləçəklənir. Şairin xeyirxahlığa, gözəlliyə, sözə aydın və müxtəsər münasibəti, obrazlarının orijinallığı sanki münbit məhsuldar torpağa düşüb boy verən toxuma bənzəyir. "Xatirələr” şeirində sözlərin düzümünə diqqət yetirək:

Xatirələr...

əyri çəliyinə

söykənə-söykənə

bir sevimli qız gəlib

baş-başa durur səninlə -

                üzü qırışmış,

                saçları qurumuş

                dişləri çürümüş,

                kədərli arvad şəklində...

                xatirələr...

 

Bu şeirdə Vaqifin poetik sərbəstliyi onun yaradıcı bacarığının, hiss və həyəcanının təcəssümüdür. Şairin fantaziyasına bürünmüş hisslərin özünəməxsus uçuşu təxəyyülün pərvaz etməsinə şərait yaradır. Bəs "Meşədə axşam” şeirində nə görürük?

Hicran odunu udsan,

dərə batar tüstümə.

Çaşıb adını tutsam

yarğan gülər üstümə ‒

pis yerdə axşamladım!

 

Əcinnə sürü-sürü;

Cin su verir qaşıqda,

Boş başımda tel hörür

hal qızlar sarmaşıqdan -

pis yerdə axşamladım.

 

Vaqif, məlum olduğu kimi, Füzulinin Bəhmənlisindədir. Yəni kəndistan yerinin ruhuyla, düşüncəsiylə, elin-obanın nağıl dünyasıyla bir yerdə olub, xalq təfəkküründən, onun mifik-əsatiri dünyasından, folklor aləmindən yaxşı xəbərdardır. Elə buna görə də onun üçün dərələrin tüstüyə batması, yarğanın üstünə gülməsi, əcinnələrin sürü-sürü gəzməsi, cinin qaşıqda su verməsi, hal qızların başında sarmaşıqdan tel hörməsi mifik-dini düşüncə məhsulu kimi ortadadır. Bəs şair "Gülməli gəraylı”da necə deyir:

Eyvan asdı özünü,

Qapı çırpdı dizinə,

Güzgü yumdu gözünü –

Divar üstümə gəldi.

 

Vaqif şeir misralarını neçə hörür-hörsün orada onun poetik dünyasını özünəxas koloritli bütövlüyü göz önündə canlanır. Çünki  onun şeirləri informasiya verməyə yox, oxucu təxəyyülündə assosiativ əlaqəli obrazlar canlandırmağa hesablanıb. Bəs "Evrika” şeirində Vaqif hansı mətləblərdən danışmağı lazım bilib:

Sürətin ölçüləri başqalaşıb dünəndən,

Doğmaların haqqından

                          üstündü yadın haqqı.

Sən məni sayıb, dostum,

                         maşınıma minəndən

Başqa adam olmuşam,

                         Allahın adı haqqı!

 

Vaqifin şeirləri mətləbin mətləbini açmağa hesablanan nümunələrdir. Nümunədə eyni kökdən olan təkrarlanan sözlərin kompozisiyanın tematik hərəkətində fəal rolu görünməkdədir. Burada "haqqı” ifadəsinin təkrarının obrazın tematik əlamətinin mühüm elementi kimi çıxış etməsi, eyni zamanda balaca bir həyat epizodunda şirin və yumorlu kolorit işığı diqqət çəkir.

"Nidalı qoşma” şeirində  oxuyuruq:

Tamah ov dalınca Günəşə gedər

ovçu namərəddisə, hər işə gedər...

Ürəyi partlayar atəşə qədər

ovun mindənbiri yaraqdan ölər.

 

Vaqifin bu tipli poetik misraları adət etdiklərimiz yox, qavrayışımızı titrədənlərdir, qeyri-adilərdir. Bu şairin dil stixiyasının zənginliyindən irəli gələn bir bədii hadisədir. Həm də bu, şairin sözlə oyun qurmasından irəli gələn bacarıqdır. Elə "Söz oyunu” şeirində olduğu kimi:

Sözü sözə qatıram,

min cürə yozum çıxır.

Sözü yolub atıram

böyründən sözüm çıxır.

 

Açılır bükdüklərim,

Yığılır tökdüklərim...

Bar verir əkdiklərim –

Dizimin duzu çıxır.

 

Vaqif bu şeirdə (əlbəttə, həm də digərlərində) eksperimentator kimi çıxış edir. Şairin bu tipli düzümlərinin estetik funksiyası ilk növbədə oxucuda emosional vəziyyət yaratmağa hesablanmaqla, onun poetik diskursdakı estetik imkanlarını göstərir.

Vaqif Bəhmənlinin "Qansız savaş”ında ikinci sıraya qoyulacaq nümunələr tapa bilmədik. Hər bir şeirin öz təkzibolunmaz sənət nümunəsi olmaq iddiası var. Burada şairin keçib gəldiyi həyat yoluna nəzər "Vaqifdən Vaqifə”, "Vaqif bayatıları”, "İki Vaqif”, ömür-gün yoldaşı Rəhilə xanıma həsr etdiyi "Rəhilənin qocalığı”, "Bağban Rəhilə” və s.; qızlarına, oğluna, nəvələrinə, atasına ("Otuz yeddi yaşında adam” – çox təsirli bir şeir) anasına, bacısına, qardaşına, Bəhmənliyə və s. kimi şeirlərində, "Qarabağ qıfılbəndi”, "Şəhriyar qafiyələri”, "Bəndübəndlər” və bir də Vaqif Səmədoğluna həsr olunmuş "Adaş” poemasında Vaqif Bəhmənli obrazın mahiyyətinin alt qatına enməyi bacarıb, oradan gövhər çıxarmağa müvəffəq olmuşdur. "Adaş” da Bəhmənli Vaqif elegiya janrında Vaqif Səmədoğlunun 75-illik yubiley təntənəsinin aurası altında böyük şairlə bağlı hiss və duyğularına qeyri-adi biçimdə pərvaz verib. Poemadakı təsvirlərdən bəzilərinin şahidi həm də bu sətirlərin müəllifi olmuşdur. Çünki 5 iyun 2014-cü ildə Milli Dram Teatrında keçirilən adı çəkilən yubiley təntənəsində biz də iştirak edirdik. Vaqif Səmədoğlunun ovqatı, halı, hiss və duyğuları olduqca üzgün idi və belə vəziyyət Vaqif Bəhmənli tərəfindən orijinallıqla və həqiqətə uyğun fərdi cizgilərlə təsvir olunmuşdur...

Vaqif Bəhmənli "Qansız savaş.” (Ən yeni şeir) kitabı ilə şəksiz ki, poeziyamıza yeni ruh, yeni nəfəs gətirib. Bu hələ azdır. Mən müasir Azərbaycan və türkdilli xalqların poeziyasını sistemli şəkildə, diqqətlə izləyirəm. Müşahidələrimə əsaslanıb tam yəqinliklə deyirəm ki, Vaqif Bəhmənlinin yeni kitabı, təkrarən deyirəm, nəinki oxucular tərəfindən həmişə sevilən istedadlı bir şairin fərdi uğurunu, eyni zamanda bütövlükdə anadilli şeirimizin  ən layiqli səviyyəsini ifadə etmək gücünə malik poeziya toplusudur.

Nizami  Tağısoy

Kaspi  2020.- 11 aprel.- S.10-11.