Həyatının mövzusunu yazıçıya hədiyyə
edən qadın
Mario Varqas
Lyosanın "Yaramaz qızın sərgüzəştləri”
romanı üzərinə qeydlər
"Pravda” qəzetinin
şərhçisi Natalya Koçetkova
Latın Amerikası ədəbiyyatının görkəmli
nümayəndəsi Mario Varqas
Lyosa ilə söhbəti zamanı ona belə bir sual ünvanlamışdı: "Yaramaz qızın sərgüzəştləri”
romanınızın rusiyalı oxucuları əsərin
müzakirələri zamanı belə qənaətə gəliblər
ki, buradakı məhəbbət süjeti, çox güman, sizin şəxsi
təcrübəniz əsasında qurulub.
Elədirmi?” Lyosa gülüb
belə cavab vermişdi:
"Yox, hamısı uydurmadır. Roman həmişə şəxsi
yaddaşından, həyatda rast gəldiyin
insanlarla təmasdan doğulur.
Hibrid kimi bir şeydir və sənin
başına gələn hadisələrdən,
yaddaşının özündən daha
önəmlisi materialı necə işləməkdir. Mən
bu kitaba yalnız
1960-cı il Fransası və 1970-ci illər
Almaniyası ilə bağlı xatirələrimi daxil etdim. Çünki
o ölkələrdə
yaşamışam. Amma personajlar
təxəyyülümün məhsuludur”.
Varqas Lyosa ötən əsrin 60-70-ci illərində "Latın Amerikası Bumu” deyilən ədəbi dalğanın yetişdirdiyi simalardandır. Latın Amerikası mədəniyyətində bu mərhələ qısaca "El Boom” adlanır. Karlos Fuentes, Oktavio Pas, Varqas Lyosa bu dəstəyə mənsub yazarlar idilər. Lyosa həmin dönəmdə Perunun demokratikləşməsi yolunda mübarizə aparan intellektual fikir öndərləri sırasında idi. Baxmayaraq ki, ədəbi fəaliyyətə 50-ci illərin əvvəllərində başlamışdı, onun yaradıcılığı 60-cı illərin əvvəllərindən yetkin platformaya qədəm qoydu. Əksər Latın Amerikası yazıçıları kimi onun da ədəbiyyata yolu jurnalistikadan keçmişdi. Qəzetlərə xəbərlər, reportajlar yazmaqla qələm məşqləri edərək özünü bədii mətnlər yazmağa hazırlamışdı. Lyosa ona dünya şöhrəti gətirən qalmaqallı "Şəhər və itlər” romanını da məhz həmin illərdə yazmışdı. Bu roman çap olunar-olunmaz onun kitablarını Limada nümayişkaranə şəkildə yandırdılar. Əsərdə Perunun hərbçi zümrəsi istehza hədəfi kimi seçilmişdi və bu da ciddi narazılığa səbəb olmuşdu. Onun yaradıcılığını magik realizmdən incə bir xətt ayırır. Lyosa daha çox taleyindən qaça bilməyən, bununla belə qədərə boyun əyməyən, mübarizə aparmaqdan usanmayan insanların çıxılmazlığını, daxili iztirablarını təsvir edir. Onun əsərlərində mövzusundan asılı olmayaraq yollar mütləq siyasətdən gəlib keçir. Yazıçı və vətəndaş mövqeyi. Lyosa bütün zamanlarda fəal ictimai mövqeyi, mühafizəkarlığa qarşı çıxışlarıyla seçilən yazıçı olub. Lyosanın ədəbi platforması haqda müəyyən təsəvvür yaratmaq üçün bu fikirləriylə tanış olmaq kifayət edir: "Gerçəklikdə baş verənlərdən tamamilə izolə olunmuş ədəbiyyat boz, səthi ədəbiyyatdır. Böyük ədəbiyyatlar həmişə cəmiyyətdə olanlar, onun əsas problemləri, insanların gözləntiləri barədə şəhadət verir.
Bu mənada, mənə elə gəlir, ədəbiyyat, ümumiyyətlə, incəsənət yalnız yazıçının təxəyyülünə qapılıb qalmadan, ətraf aləmlə sıx təmasda olmalıdır”.
Varqas Lyosanın ən
yaxşı əsərlərindən olan
"Yaramaz qızın sərgüzəştləri”
romanını bu günlərdə oxudum. Hadisələr ötən əsrin
60-cı illərində baş verir. Həmin illər Perunun ictimai-siyasi həyatında
gərgin bir dönəm idi,
hərbi əməliyyatlar bütün
ölkəni ayağa
qaldırmışdı. Az sonra Xuan Velasko
Alvaradonun hərbi xuntası höküməti
ələ keçirib ictimai
sistemi dəyişdirəcəkdi. Roman bu mühüm
dəyişikliklər ərəfəsində Peruda
baş verən qəribə bir eşq hekayətindən
bəhs edir.
Günlərin bir günü Peruya Çilili qızlar gəlir və perulu Rikardo bu yaramaz qızlardan birinə, Liliyə vurulur. Lili gəldiyi kimi də qəfil yoxa çıxır və bununla da Rikardonun rahatlığı pozulur. O, tərcüməçi kimi YUNESKO-nun imtahanından keçərək işə dəvət olunur və getdiyi bütün ölkələrdə Lilini axtarır. Az sonra məlum olur ki, Lili heç Çilidən deyilmiş, o, müxtəlif adlarla tez-tez yerini dəyişməyə məcbur olan fitnəkar bir qadın imiş. Lili bu dəfə Rikardonun qarşısına Parisdə onun da tanıdığı bir diplomatın xanımı kimi çıxır. Amma bu vəziyyət onların aşıb-daşan duyğularına mane olmur. Əslində, onların arasındakı münasibətlər məhz bu görüşdən sonra dərinləşməyə başlayır. Lili artıq keçmişdə qalıb, indi o, madam Arnu kimi tanınır və əri nüfuzlu bir diplomatdır. Onun keçmişi Rikardo üçün sirr kimi qalır, Lilinin həddini aşan ağlasığmaz şıltaqlıqlarının kökündə onun keçmişi dayanır – heç vaxt xatırlamaq istəmədiyi ağır, qaranlıq keçmişi. Rikardo tədricən onun avantürist xarakterinə bələd olur və paradoks da bundadır ki, o, Lilinin bu ramolunmaz xüsusiyyətlərinə baxmayaraq ona daha artıq dərəcədə bağlanır. Onun həyatının qaranlıq tərəflərini kəşf etməyə, iç dünyasına yol tapmağa çalışsa da Lilinin keçmişi sanki qara qutudur. O, heç vaxt sirr verməz. Lili cadugər kimi onu özünə bağlayır, bir-birini əvəz edən xəyanətlər belə Rikardonun ona olan sevgisini sarsıtmaqda aciz qalır. Rikardo onu kəşf etməkdən ötrü hətta şeytanla iş birliyinə də razıdır. Qəribəsi budur ki, Lyosa bu əcaib sevgi macərasını təsvir edərkən lirik-sentimental ovqat yaratmağa cəhd etmir, soyuqqanlı təhkiyə tərzini sonadək qoruyub saxlayır.
Lili tez-tez
ər dəyişir və hər dəfə də varlı ərlərinin
varidatını oğurlayıb müəmmalı şəkildə
yoxa çıxır. Rikardoya
sevgi əzabları yaşatmaqdan
həzz alan Lilinin ruhunda hansı fırtınalar qopur?
Onu bu xəyanətlərə
sövq edən nədir? Rikardodan
savayı yatağını paylaşdığı heç bir kişi onu sevmir,
o, həyatının ən böyük təsəllisini Rikardoda,
onun məşuqəsi, geyşası olmaqda tapır. Bir gün onun da
sevgisinin tükənəcəyindən qorxur. Rikardo Lilinin heç vaxt normal qadın
olmayacağını bilirdi, onu məhz azad xarakterinə
görə sevirdi. Lili
onu hətta intiharın bir
addımlığına qədər sürükləmişdi.
Lilini bütün xəyanətkar
qadınlardan fərqləndirən onun
aşırı dərəcədə azad
ruhudur. Lili Emma Bovari deyil, Anna Karenina deyil, xanım Renal deyil, Tereza Raken
də deyil. O, nə feministdir, nə anarxist. Onun təbiətində amazonkalıq
var, amma bu cəsurluq, fədakarlıq ictimai deyil, şəxsi rifah üçündür.
O, xoşbəxt olmaqdan
ötrü bütün
dəyərləri tapdalayıb
keçməyə qadirdir.
Bu cəsurluq müəyyən bir məqamda qüvvəsini itirir. O, tabe olmağa meyllidir, amma onun ruhunu
əsir etmək qeyri-mümkündür. Ətalət, bozluq, yeknəsəq həyat onun ölümüdür. Ağır həyat
şərtləri onun
təbiətində sadomazoxist
meylləri üzə
çıxarıb. Lili dünya
ədəbiyyatının ən
ziddiyyətli qadın
obrazlarındandır. O, yunan ilahələri kimi dəyişkən, amansız xarakterə malikdir. Belə bir qadın
tipi dünya nəsrində
nadir hallarda təsadüf
olunur.
Lili Rikardonu tez-tez atıb getməyinin səbəbini bu cür izah edir:
"Mən həmişə
səni varlılara görə atmışam,
onları isə bir az dərindən
tanıyanda isə hamısının əclaf
olduğunu görmüşəm”.
Varlılara onun ruhu deyil,
bədəni lazım
idi və nəhayət, amansız fiziki işgəncələrdən
sonra Lili şikəst qalır, yenə, sonuncu dəfə Rikardonun yanına qayıdır. Yaponiyaya qədər
gedib çıxan biçarə qadın manyak təbiətli biznesmen Fukudonun ağlasığmaz seksual
fantaziyalarının qurbanı
olur.
Lyosa hadisələrin
arxa fonunda Peruda baş verən ictimai-siyasi hadisələri də təsvir edir. Perunu caynağına alan
zorakılıq dalğası
Rikardonu daim narahat edir. O, vətənindəki proseslərdən
dayısı Ataulfo dayının vasitəsilə
xəbər tuta bilir. Boş vaxtlarında A.Çexovun
hekayələrini ispan
dilinə çevirir.
Dostlarından biri onu ispan naşir
Mario Muçniklə tanış edir, Rikardo onun nəşriyyatı
üçün ədəbi
tərcümələr etməyə
başlayır. Ədəbi tərcüməçilik
fəaliyyəti onun içində yazıçı
olmaq istəyini yaradır. Dilmanc dostu "tərcümə
yazıçılığa doğru ilk addımdır”
deyə onu bir az da
həvəsləndirir. Amma Rikardo hələ yazacağı əsərin
mövzusunu müəyyənləşdirə
bilmirdi.
Lilinin ölüm
anında Rikardoya dediyi sözlər oxucunu sarsıdır. Bu sözlər
Lilinin bütün dünyaya pıçıldadığı
vəsiyyəti idi:
"Sən yazıçı
olmaq istəyirdin, sadəcə olaraq buna cəsarət etmirdin. İndisə sən
yer üzündə tək-tənha qalandan sonra sınaya bilərsən – onda mənə görə də az
kədərlənəcəksən. Nə deyirsən? Sənə roman üçün yaxşı mövzu hədiyyə elədim?”
Varqas Lyosa həmin talesiz qızın hekayətini yazdı.
Kənan Hacı
Kaspi 2020.- 18-20 aprel.- S.16.