Yaradıcılıq yolunun əsas
mərhələsi
(Henrix Mannın "Sadiq təbəə”
romanı)
Prussiyanın Frank-Prussiya müharibəsində III
Napoleon Fransası üzərində qələbəsi nəticəsində
meydana gəlmiş Alman imperiyası ilə həmyaşıd
olan Henrix Mann bütün həyat yolu ərzində istər
Vilhelm monarxiyası və ya Veymar respublikası illərində,
ya da Hitlerin "üçüncü reyxi” zamanı əzm və
şövqlə öz vətəninin demokratik inkişafı
yolunda mübarizə aparmışdır.
Hər zaman siyasi məsələlərin həllinə
çalışmaq alman ədəbiyyatının nəhəng
və möhtəşəm söz ustalarından biri H.
Mannın yaradıcılığının xarakterik əlaməti
olmuşdur. Yazıçının zəngin yaradıcı
irsində publisistikanın geniş yer tutması isə
heç də təsadüfi deyildir.
Henrix Mann
satirik ustalığın zirvəsinə Veymar dövrünə
qədər qələmə aldığı iki romanı sayəsində
– yazıçının satirik istedadının mühüm
mərhələlərini əhatə edən "Umrat müəllim”
və "Sadiq təbəə” romanları ilə çata
bilir. "Umrat müəllim” romanı 1905-ci il
rus inqilabının təsiri altında bütün
Almaniyanı bürüyən geniş ictimai oyanış
şərtlərində yazılmışdır.
"İmperiya” trilogiyasının ilk romanı olan
"Sadiq təbəə” isə H.Mannın mühacirətə
qədər ərsəyə gətirdiyi ən mühüm
yaradıcılıq nümunəsidir. Trilogiyanın
məzmunu müəllif tərəfindən əvvəlcədən
düşünülməmiş, əsərin
ayrı-ayrı hissələri üzərində
çalışarkən davamlı olaraq
formalaşmışdır.
Balzakın
möhtəşəm "İnsan komediyası” və Emil
Zolyanın Fransanın ictimai-siyasi həyatını müxtəlif
aspektlərdə təsvir edən çoxcildli
"Ruqonların karyerası” romanlar seriyasına nəzərən
H.Mann öz qarşısında bu trilogiyada Vilhelm
imperiyasının hərtərəfli mənzərəsini təqdim
etmək məqsədi qoymuşdu. Trilogiyanın
birinci romanı "Sadiq təbəə” (1914)
yazıçının öz təbirincə desək,
burjuaziyanın təsvirinə, ikinci kitab "Yoxsullar” (1917)
proletariata, üçüncü – "Baş” (1925) adlanan
kitab isə ziyalı təbəqəyə həsr edilib.
Trilogiyanın ayrı-ayrı hissələri
eyni əhəmiyyətə malik olmasa da o,
yazıçının ədəbi irsində mühüm
yer tutur, bunun əsas səbəbi isə
yazıçının onda öz dövrünün əsas
ziddiyyətini – proletariatla burjuaziyanın sinfi mübarizəsini
ilk dəfə dərk etməyə
çalışmasıdır.
Trilogiyanın ən bitkin bölümü müəllifin
1912-ci ildən 1914-cü ilə qədər üzərində
çalışdığı "Sadiq təbəə”
adlandırdığı hissədir. Əsərin nəşrinə
qadağa qoyulmuş və ancaq 1913-cü ildə Almaniyada
çap edilmişdi. Birinci dünya
müharibəsinə gərgin hazırlıq getdiyi, Almaniyada
siyasi böhranın labüdlüyü və şovinizmin
yuxulu olduğu dövrdə Henrix Mann öz ifşaedici əsərini,
alman tənqidi realizminin ən yaxşı romanlarından
birini yaratmışdır.
Romanın əsas personajı Diderix Heslinq alman
burjuaziyasının milli cizgilərinin ümumiləşdirici-tipik
mücəssəməsidir. Bu sosial tipin mahiyyətinin
üzə çıxmasında əsas diqqəti cəmləyən
H.Mann onu ən müxtəlif ictimai əlaqələrdə
göstərir, bununla da romanın sosial çərçivələrini
kayzer imperiyasının geniş mənzərəsi həddinə
qədər genişləndirməyə müvəffəq olur.
Digər tərəfdən, dərindən
düşünsən Heslinq elə bizim zamanımız
üçün də aktual deyilmi?
Romandakı hadisələr formal olaraq XIX əsrin
90-cı illərinə (daha dəqiqi 1890-1897-ci illərə)
aiddir, amma əyani olaraq buradakı hadisələr
Almaniyanın birinci dünya müharibəsi ərəfəsindəki
təsviridi. Roman altı fəsildən ibarətdi. İlk iki hissə "tərbiyəvi roman” alman ənənəsində,
daha dəqiqi bu ənənənin parodiyası kimi qələmə
alınıb. H.Mann alman ailələrinin
meşşan həyat tərzində, məktəblərin, tələbə
çevrələrinin, hərbi xidmətin və nəhayət
Almaniyanın bütün ictimai atmosferində Heslinq kimi sosial
tiplərin necə formalaşdığını
ardıcıl olaraq göstərir. Kiçik fabrik sahibi
olan böyük Heslinq, balaca Didelə güc və hakimiyyət
qarşısında təzim etməyi öyrədir
Tipik sentimental meşşan olan anası isə oğlunun
xarakterində riyakarlığın,
yalançılığın, rəzilliyin inkişafına zəmin
yaradır. Elə məktəb də Heslinqi eyni istiqamətdə
tərbiyələndirir. Həmin
xristian-alman tərbiyəsini geniş şovinist ideyaların
müdrik olmayan kompleksini isə o, tələbə olduğu
illərdə var qüvvəsi ilə gücləndirdiyi
"Novotevtoniya” tələbə korporasiyasında əldə
edir. Bu atmosferdə Heslinqin kələyi və
ikiüzlülüyü tez bir zamanda ifşa edilərək
"təkmilləşir”.
Romanda Heslinqin həssaslıqla, yumşaq tonlarda qələmə
alınan əxlaqi simasının çirkinliyi Aqnes Heppellə
münasibətlərində xüsusilə dəqiq aşkar
olunur. O,
olduqca qorxaq olmasına baxmayaraq, özünü əsl cəngavər
döyüşkən qəhrəman kimi təqdim edir. H.Mann isə Diderixin bu lovğalığını
ustalıqla aşkara çıxararaq onu tez-tez bu cür
gülünc vəziyyətlərə salır.
Diderixin aktiv iştirak etdiyi ictimai-siyasi hərəkatların
atmosferində tez bir zamanda qəti utilitar (əməli – X.N.)
düşüncə meydana çıxır. O, tələbəlik
zamanlarında alkoqolla əhatələnmiş arzularında
özünü "bədii açıqcalar və ya tualet
kağızı fabrikinin” sahibi kimi təsəvvür edir,
Aqnes Heppel isə bəyan edir ki, kolbasa mağazasının
piştaxtası onun üçün estetik həzzin ən
yaxşı görüntüsüdü. Henrix
Mannın fikrincə fəhlə sinfi özü siyasi qüvvədən
məhrumdur, ancaq o, hər zaman müdafiəyə və mərhəmətə
layiqdi, bir sözlə sosial çöküntü obyektidi.
Bununla bərabər, alman
sosial-demokratlarının burjuaziyadan uzaqlaşması prosesini
hiss edən H.Mann Almaniyanın ilk tənqidi realistlərindən
biri olmuşdur. Romanda fəhlələr ümumi kütlə
kimi çıxış edir, onların ayrı-ayrı
nümayəndələri isə sadəcə epizodik obrazlar, az individuallaşdırılmış
fiqurlardır. Amma Heslinqin fabrikinin mexaniki,
trilogiyanın növbəti hissəsində mühüm rol
oynayan Napoleon Fişer istisnalıq təşkil edir. Heslinqlə mexanik arasındakı sinfi ziddiyyətin
olmasına baxmayaraq, mahiyyətcə onlar əlbirdirlər.
Öz sinfinin tipik xaini olan Fişer fəhlələrin
istismar edilməsinə kömək edir. Elə
bu səbəbdən də Heslinq onu reyxstaq seçkilərində
dəstəkləyir.
Yazıçının burjua demokratiyası ilə
vidalaşması asan deyildi. Bu prosesin çətinliyi
və ziddiyyətliliyi, "keçmişlə hesablaşma”
romanda öz əksini tapmışdır. Netsiqdə əsas
siyasi qüvvə Heslinqin ora geri qayıtması ilə
güclənən, şərəfli və şəhərdə
hər kəsin hörmət etdiyi, 1848-ci il
inqilabının veteranı qoca Bukun rəhbərlik etdiyi,
"xalqın partiyası” hesab edilən liberal burjuaziya
partiyasıdır. Yeri gəlmişkən Buk həmin
inqilaba görə ölüm cəzasına məhkum
edilmişdi.
"Sadiq təbəə”nin müəllifi
üçün yüksək dərəcədə tarixilik
hissi xasdır, bu da liberal burjuaziyanın deqredasiya prosesi romanda
iki nəslin – yaşlı Bukun və onun oğlu vəkil
Volfqanqın simasında özünü büruzə verir. O, siyasi fəaliyyətə
bağlılığının olmaması səbəbindən
hətta həyatda öz yerini də təyin edə bilmir.
Və əlbəttə ki, H.Mann əsl "alman
düşüncəli insanların” birliyi olan "kayzer
partiyası”nın təsvirində amansız satira
yaratmışdır. Məsələn, Heslinqlə eyni
sırada ən sadiq və ortodoksal (Hər hansı bir əqidəyə,
məsləkə, nəzəriyyəyə münasibətində
sabit və ardıcıl olan) monarxiyaçı olan prokuror
Yadasson dayanır. Milliyyətcə yəhudi olan bu adam ən kiçik mümkünat zamanı
öz almansayağı düşüncəsini və
antisemitizmini nümayiş etdirir. Əsərdə
geridə qalmış hərbçilərin – mayor Kuntsenin və
romandakı hadisələr zamanı gimnaziya müəllimi
olan keçmiş leytenant Künxenin və müharibə və
şovinizmi təbliğ edən pastor Tsillixin obrazları isə
karikatura manerasında qələmə alınıb.
Bu
düşərgədə kolorit fiqur hökumət dairələrinə
məxsus qoca yunker (keçmiş Prusiyada: zadəgan mülkədar
– X.N.) fon Vulkovdur. H.Mann bu
obrazın sosial tərkibini təsvir edərkən Vilhelm
Almaniyasında ictimai yerləşmənin xarakterik xüsusiyyətlərindən
birini – yunkerlərlə burjuaziyanın yaxın əlaqəsini
dəqiq qeyd edir. Vulkovun Heslinqi qonaq qəbul
etdiyi səhnədə bu əlaqənin əsas cizgiləri dəqiq
şəkildə aşkara çıxır. Amma bu, hər halda elə həmin vaxtda öz qəzəbindən
qorxuya düşən itaətkar qulun qiyamıdı. Bu adamlar bir-birinə öz çirkli kommersiya və
siyasi əlaqələrində lazımdırlar.
Atasının ölümündən sonra Diderix fabrikin
sahibinə çevrilir və Berlini tərk edərək
doğma şəhəri Netsiqdə sahibkarlıq fəaliyyətinə
başlayır. Bütün roman siyasi yönümlü
olsa da yazıçı ilk iki fəsildə qəhrəmanın
xarakterinin inkişafını göstərmək məqsədi
ilə onu məntiqi-estetik planda aşkara çıxarır.
Sonuncu fəsildə Diderixin xarakteri hansısa
prinsipial cəhətdən yeni məntiqi ştrixlərlə
tamamlanmadan oxucu qarşısında artıq fərqli və
sosial-siyasi aspektdə çıxış edir.
"Sadiq təbəə”nin
H.Mannın özü tərəfindən burjua haqqında
roman adlandırılmasına baxmayaraq, orada fəhlə sinfi
mövzusu geniş təqdim edilir. Son hadisə
yazıçının cəmiyyətin sinfi strukturunu dərk
edilməsi məqsədinə şahidlik edir, çünki
burjuaziya sosial əlaqələri xüsusilə də
proletariatla münasibətləri ilə birgə təsvir
edilir
Fəhlələrin iştirakı ilə baş verən
bütün süjet konfliktlərində müəllifin
simpatiyası onların tərəfindədi. İnqilabçı fəhlələrə
zooloji nifrət duyan Diderix həm də onlara qarşı daim
qorxu hiss edir. Henrix Mann ədalətli ictimai quruluşun
"ruhun aristokratiyası”nın gücü ilə
yaranacağını zənn edərək alman
proletariatının perspektiv rolunun Bebelin, Libknextin, Roza
Lüksemburqun ardınca getməli olduğunu başa
düşmürdü.
Romanın final səhnəsində H.Mannın əminliyi
simvolik cəhətdən Vilhelm imperiyasının iflasında
ifadə edilir.
Məmurlar, parad formaları geyinmiş
bütün rütbələrdən olan hərbçilər,
ierarxiyanın bütün nümayəndələri I Vilhelmin
abidəsinin açılışı mərasiminə
toplaşırlar. Bu dəbdəbəli mərasim
eyni zamanda həm də Heslinqin triumfu olmalı idi. Amma təsadüfən bütün bu güclü
al-əlvan kütlənin təlaşlı
qaçışına səbəb olan ildırım
çaxır. Lakin qəzəbli
ünsürün onu sadəcə olaraq yüngülcə yellətməsinə
baxmayaraq, Heslinqin triumfu baş tutur. O, öz
gücünü və hakimiyyətini itirmir. Bununla
da yazıçı sanki cəmiyyəti sadiq təbəənin
bu tipində gizlənən sosial təhlükədən xəbərdar
edir. Roman simvolik səhnə ilə – qoca
Bukun ölümü ilə yekunlaşır. Onun ölüm yatağının yanında qalib
Heslinq peyda olur – o, artıq Bukun bütün var-dövlətinin
sahibidir.
Vilhelm monarxiyasının əleyhinə şövqlə
mübarizə aparan Henrix Mann üçün pozitiv proqram
aydın deyil.
Onun qəzəbi bu ictimai quruluşa malik sosial
çaşqınlıqların deyil, təbiət
ünsürlərə yönəlib. Amma
Almaniyanın gələcəyinin konturlarının olduqca
qeyri-müəyyən olmasına baxmayaraq, yazıçı
ölkənin parlaq sabahına inanır. Romanın
sonunda var-dövlətini itirən, güclənən
irticaçıların səyləri nəticəsində cəmiyyətdəki
hər kəs tərəfindən rədd edilən qoca Buk
küçədə onun önündə hörmətlə
baş əyən gənc gimnaziyaçılarla
rastlaşır. Və görünür
ki, Bukla birlikdə elə H.Mann da bu insanlarda gələcəyə
ümidi görür.
"Sadiq təbəə”nin müəllifinin bədii
metodunu realistik satira kimi təyin etmək olar. Yazıçı
personajların portretində, onların maneraları və adətlərinin
təsvirində alman burjua-nasionalistinin, liberal-sosial-xainlərinin
sosial cizgilərini qabardıb böyüdərək
onların ümumiləşdirilmiş tipik maskalarını
yaradır.
Aleksandr
Sergeyeviç Dmitriyev
Rus dilindən tərcümə
edən: Xatirə Nurgül
Kaspi 2020.- 18-20 aprel.- S.15.