Jan Pol Sartın “Milçəklər”
dramında ekzistensializm ideyalarının
özünəməxsusluğunun bədii təcəssümü
J.P.Sartr Fransa ilə bərabər, həm də XX əsr dünya ədəbiyyatının əsas fiqurlarından biri olmuşdur. Onun ədəbiyyat və fəlsəfədən qaynaqlanan əsərləri təkcə elmi deyil, həm də ictimai maraq kəsb etmişdir. Sartr özündə yazıçı, filosof, ictimai xadim, maarifçi və teatr tərtibatçısı profillərini birləşdirən həm mürəkkəb, həm də özünəməxsus, unikal fenomendir. Dramaturgiya onun çoxistiqamətli irsinin əsas aspektlərindən biridir. 35 yaşında Sartr özündə teatral bacarıq kəşf edir. Bu, yazıçının 1940-cı ildə alman hərbi düşərgəsində əsir olduğu zaman baş vermişdir.
Yolu Avropa
və Amerika teatrlarından keçən dramaturqun debütünün
baş tutduğu zal tikanlı məftillərin əhatə etdiyi barakdan ibarət idi. Hərbi əsirlərin düşərgəsində
səhnələşdirilən pyesin mətni
də ancaq Sartrın yoldaşlarına məlum
idi. Sartr
teatrının tarixçəsi məhz bu
cür başlayır. Həmin tarixin ilk səhifəsi isə
əfsanəvi faciə "Milçəklər”lə (Les Mouches, 1943)
açılır. "Milçəklər” məzmununa görə Avropa faciələrinin – Esxil
və Sofoklun əcdadı olan
Orest haqqında əfsanənin təkmilləşmiş
formasıdı.
Baş qəhrəman ciddi həyat seçimi
etməli olduğu zaman
ekzistensial vəziyyətlərin işə
salınması üçün
Sartr antik şairlərə
məxsus dekorasiyalardan yararlanır. Beləliklə,
dramaturq "vəziyyət teatrı”
adını almış xüsusi janr müxtəlifliyi əldə edir. Seçimin ekzistensial prinsipi Sartr tərəfindən "Milçəklər”də
təcəssüm edilir. Bu pyes antik süjetin
özündə fərqli mənalar birləşdirdiyinin parlaq nümunəsidir. Əvvəla bu, daxili antifaşist
istiqamətdir, ikincisi dramaturq
tərəfindən personajların həyatından
götürülərək nümunələrlə illüstrasiya edilmiş dərin
fəlsəfi mənaya malikdir.
Pyesin süjetini qısa şəkildə xarakterizə edək. Hadisələrin baş verdiyi yer qismində Sartr Arqos şəhəri ilə onun ətrafını seçir. Yerli sakinlər artıq on beş ildir ki, çar Eqisflə, çariça Klitemnestranın onlara aşılamış olduğu vicdan əzabından əziyyət çəkirlər. Sadə kütlə elə çar ailəsi kimi sanki tövbə edir, qəlbən əzab çəkirlər, amma bununla belə acıqlı Tanrı Yupiter onlara hər tərəfdə uçuşan milçəklər yollayır, milçəklərdən isə xilas olmaq mümkün deyil. Milçəklər şəhərin sakinlərinin seçiminin xüsusilə vacib olduğu zaman "susaraq” etmədiklərinə görə Tanrı tərəfindən göndərilmiş cəzadır.
Şəhərin süst vəziyyətə
düşməsi həqiqi başçı Arqosun
– Aqamemnonun qətlindən sonra
başlayır. Onun arvadı Klitemnestra çara xəyanət edir,
Klitemnestranın sevgilisi Eqisf
isə Aqamemnonu öldürərək
taxtı ələ keçirir.
Çarın oğlu Orest
ölümə məhkum edilir, amma qatillər körpəyə mərhəmət
göstərərək onu sağ saxlayırlar. Aqamemnonun
qızı ilə Klitemnestra – Elektra isə şəhərdə yaşamaqda davam etsələr
də çar ailəsi üçün
ən qara işlər görürlər.
Həqiqi başçının
ölümündən uzun illər sonra şəhərə
Orestlə köləsi, gənc çarın tərbiyəsi
və təhsili ilə məşğul olan
Pedaqoq gəlir. Şəhərdə
milçəklərin murdarladığı şəhər
sakinlərindən başqa digər qəhrəmanlar
isə özünü səyyah kimi qələmə verən Yupiteri qarşılayır.
Məlum olur ki, Tanrı artıq uzun
müddətdir ki, səyahətçiləri
izləyir. Görüş zamanı isə
onlara şəhərin tarixindən bəhs
edir. Yupiter əvvəlcədən başa
düşür ki, Orest Aqamemnonun oğludur və şəhərə qisas almaq naminə gəlmişdir.
Özünü Fileb kimi təqdim edən gənc adamın xoşagəlməz
yalanını məsxərəyə qoyaraq
ona ölü şəhəri
tərk etməyi məsləhət görür. Əks halda
milçəklər onun da
məhv olmasına səbəb olacaqdır. Sonra
Orest ölülər şəhərində
həqiqi diri qalan
yeganə insanla – bacısı Elektra ilə rastlaşır. Orest
bacısının çətin həyatı, şəhərdəki
çıxılmaz vəziyyəti, hakimlərin mənəvi
ölümləri və Elektranın atasının qatilinə
və bütün xalqa
əzab verənlərə qarşı nifrəti barədə
öyrənir...
Sartr pyesdə qeyd edir ki, insanların tövbə etməsi anadan olduqda onlara verilən ilkin azadlıqlarının Yupiter tərəfindən məhdudlaşmasıdı.
Pyes Sartrın əsərin mətnində göstərdiyi daha bir rəvayətlə sona çatır. Orest milçəkləri sanki ovsunçu kimi özü ilə apararaq azad şəkildə şəhəri tərk edir. Pyesin ikiplanlı olması adi gözlə də aydın görünür. Şarl Düllen 1943-cü ildə "Milçəklər”i mühasirədə olan Parisdə nümayiş etdirdiyi zaman tamaşa publika tərəfindən hər şeydən əvvəl şifrələnmiş hekayə kimi qəbul edilmişdi. Arqosun dekorasiyaları Fransanın şəhər və qəsəbələri olmuşdu. Eqisflə Klitemnestra isə Hitler və Peten (Marşal Filip Peten – 1856-1951. Fransa hərb və dövlət xadimi. F.Peten Birinci dünya müharibəsi zamanı Fransa ordusunun komandanı olmuşdur) kimi qəbul edilmişdi.
Azadlıq carçısı olan
Orest "Müqavimət”in ilk könüllülərindən biri ilə, Elektra isə antihumanist rejimi devirmək
yanğısı olan fransızlarla assosiasiya edilirdi. Pyes ilk növbədə diz üstə çökdürülmüş,
amma yenə də sınmayan, itaətsiz olduğu kimi, həm də
tiranlara meydan oxumağa hazır olan
Fransanı təsvir edirdi. Kütlə
burada da
yanılmırdı. "Milçəklər” Lui Araqonun saxta
lirikası ilə eyni sırada dayanan "Müqavimət”in, P.Elüarın
"Azadlıq”ının, F.Moriakın "Qara
dəftər”inin və A.Kamyunun "Alman dosta məktubları”nın
teatral manifestinə çevrilmişdi.
Fransada 1940-cı illərdə
dolaşan qəhvəyi rəngli taun təkcə Sartr tərəfindən
deyil, həm də Kamyu,
S.de Bovuar tərəfindən
dərk edilmişdi. Sartrın pyesinin ölüm və mənəvi
tənəzzülü təcəssüm etdirən adı da ("Milçəklər”) məntiqlə
elə buradan qaynaqlanır. A.Kamyunun "Taun” əsəri
də fransızların həyatının mühasirədən
əvvəlki dövrünün təsvir
edildiyi eyni mövzuya aiddir. Beləliklə,
"Milçəklər” pyesi başqa kontekstdə desək, qəsbkarın
çəkmələri altındakı Fransanı təmsil edir. "Milçəklər”in ikiplanlı
olması da buradan
qaynaqlanır. Müvafiq olaraq
pyesin mənası da ikilidir.
Bu yerdə təbliğat
şüarı fəlsəfi məktəbin "insan ölümcül azaddır” postulatı ilə
üzləşir. Qəhrəmanlar həm də iki düşmənlə
qarşı-qarşıyadır:
mərhəmətsiz diktaturanın təmsilçisi,
cisimdən və qandan ibarət olan insan Eqisf
və azad iradə
anlayışına zidd olan ehkamlar
yaradan Tanrı Yupiter.
Yer və səma tiranını diktatorluq birləşdirir. Pyesdə
Fransanın süqutundan sonra
da əsərdə uyğun
hadisələri illüstrasiya edən obraz var. Yupiterlə əlaltısı
Eqisf xalqın "susqunluğunu”
kainat miqyasında dəhşətə
çevirirlər.
Ümumiyyətlə, Sartr özü ateist olsa da Tanrı mövzusu
onun dramaturgiyasında tez-tez
yer alır. "İblis
və Allah ” pyesini
xatırlayaq. Orda əsas qəhrəman
şöhrətli və qəddar sərkərdə Hyös gah özünü
faktiki İsa Məsih,
gah da əksinə Dəccal
adlandıraraq şəxsi azadlığını idarə edir. Sartr da
"Milçəklər”də Tanrı mövzusuna
toxunur. Pyesdə dramaturq
azad Orestlə Yupiterin
qarşıdurmasını təsvir edir.
Həm də "milçəklərinin hökmdarı Arqos” obrazını Sartr
elə yaradıb ki, onun
həm xristian, həm müsəlman, həm
yəhudi, ya da başqa dinin nümayəndəsi
ola bildiyini
düşünməyə əsas verir.
Onlardan hər biri möminlərə azadlığın hansısa ehkamdan kənara çıxmadığı müəyyən ana qədər azadlıq verərək fəaliyyətlərini məhdudlaşdırır. Orest dini əxlaqa qəsd edir. O, ehkamları rədd edərək Sartrın formulunu reallaşdırır: "mövcudluq mahiyyəti qabaqlayır” .
Pyesi ekzistensial terminologiyaya
çevirdikdə isə aydın olur ki, dramaturq sadə həqiqəti
oxucuya çatdırmağa
çalışır: mahiyyət mövcudluğu
qabaqlamır, o, bütün
insanlığın etdiyi hərəkətin,
ömrünün sonuncu
dəqiqəsinə kimi qəbul etdiyi qərarların nəticəsidir. Amma əgər insan
hansısa dini, mənəvi-əxlaqi normalarla yaşayırsa, onda
o, öz "layihəsi”ni
reallaşdıra bilər: o, məhdudlaşmışdır,
deməli, azad deyil.
Dərhal Hyösenin "İblis və Allah” pyesindəki replika yada düşür: "Qəddarlığın fantaziya üçün hər bir şəraiti var”. Yupiter başqa sözlər deyir: "əgər azadlıq bircə dəfə insan qəlbində parıldadısa, ondan sonra tanrılar gücsüz olur".
Həqiqətən də Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir. Buna danılmaz fakt olaraq Orestin törətdiyi hərəkəti, xüsusən də Eqisfin və öz anasının qətlini göstərə bilərik. Bu sıraya həm də Elektranın mənəvi ölümünü əlavə etmək olar. Hədsiz azadlıq əldə edən çar vicdan əzabı çəkmir. Mətndən növbəti misalı gətirək: "bütün bunların mənə nə dəxli var axı – mən azadam. Qoy kədər, qorxulu xatirələr var olsun. Azadam. Çünki özüm-özümlə razıyam”. Məsələ bundadır ki, Sartr üçün xeyirxahlıq və zalımlıq aksiomlarına inam bir-birinə uyğundur. Nəhayətdə azad insan özü üçün hansısa kodeksi seçir və bu anlayışları müvafiq olaraq təyin edir. Ancaq 1946-cı ildə yazıçının qələmindən "Ekzistensializm humanizmdir?” sözləri çıxır. Sartr azadlığı "qoruyub saxlamağın bəzi mexanizmlərini” yaradır, həmin mexanizmə görə fərdin qərarı xeyrin seçimi ilə uyğunlaşır. Təkcə bu cür azadlığa gedən yolun uzun olması və cavabdehliyin onunla əl-ələ getməsini əlavə etmək qalır.
Orest həqiqi
azadlığa pyesin sonunda çatır. Elə Orestin
pyesin qəhrəmanı
adını alması
da sonlara yaxın baş verir. Əvvəlcə o, sadə səyyah,
milçəklərin bürüdüyü
lənətli şəhərin
əsirlərindən biri
olmaq potensialına
sahib Fileb kimi təqdim edilir. T şəhəri tərk etmək işarəsi Fileb üçün dönüş
anı olur. Ardınca çar ailəsinin qətli və Yupiterlə söz döyüşü baş
verir.
Amma indi o, xəyanətlə öldürülmüş
çarın oğlu,
qandalsız azadlığın
daşıyıcısı və şəhərin xilaskarı Orestdir. Pedaqoqun
dərsləri nəhayət
ki, öz bəhrəsini verir və Sartrın pyesin əvvəlində yazdıqları qəhrəmanda
təcəssüm edir:
"siz gəncsiz, zənginsiz, gözəlsiz,
başçı kimi
təcrübəlisiz, inam
boyunduruğundan qurtulmusuz,
sizin nə ailəniz, nə vətəniniz, nə dininiz, nə də peşəniz var. Siz hər bir öhdəçiliyi
öz üzərinizə
götürməkdə sərbəstsiz.
Qısacası siz yüksək
pillədə qərar
tutmuş insansız”.
O ki qaldı məsuliyyətə,
Orest onu soyuq dərrakə ilə qəbul edir. Appolon ehramından çıxıb
qəzəbli kütlə
ilə üzbəüz
gəldikdə qəhrəman
onu heyrətləndirir.
Sakinlər Orestə ziyan
vura bilməzlər, çünki vicdan əzabı çəkməyən,
günah və qorxu tanımayan insanı cəzalandırmaq
mümkün deyil.
Arqossianslarla olan səhnədə
tanrılarla eyni mövqedə dayanaraq, bununla da onların
tiranlığını önə
çəkən qəhrəman
öz sonuncu şəxsiyyətini təqdim
edir. Pyesin sonunda Orest milçəkləri
şəhərdən aparır,
beləliklə də
təkcə dramaturqun
fəlsəfi tezislərinin
nümunəsinə xidmət
etməklə qalmır,
həm də fransızların "başını
qaldırması”na çağırış
etmiş olur. J.P.Sartrın
"Milçəklər” əsərinin
digər mənası
da budur.
Pyesdə baş verən hadisələrdən ortaya
çıxan fəlsəfi
yekun növbəti əsərin mövzusuna təməl yarada bilir. J.P.Sartr pyesdə fəlsəfi
ekzistensializm ruhunda reallaşan ikiplanlı faciəni oxucuya və tamaşaçıya
nümayiş etdirir.
Bir tərəfdən "Milçəklər”
üstüörtülü antifaşist manifestidir.
Qəhrəmanın hərəkətlərində və repliklarında insanları mübarizəyə
və müqavimətə
səsləyən təşviqat
yayan şüarlar
"qeydə alınır”.
Digər
tərəfdən isə
pyes Sartrın ekzistensial fəlsəfəsinin
parlaq və müfəssəl illüstrasiyasıdır.
"Milçəklər” həm də J.P.Sartrın hadisələri
fəlsəfi mənada
birləşdirən bədii
metodologiyasının xarakterik
nümunəsidir. Bura
"azadlıq”, "məsuliyyət”,
"ruhun ölümü”,
"layihə”, "divar”
və başqa anlayışları daxil etmək olar. Bu planda
Sartr təmsilçiləri
Monten, Paskal, Volter, Frans və
Kamyu olan, fransız ədəbiyyatının
xarakterik milli xüsusiyyətini təşkil
edən fəlsəfi
tərbiyənin parlaq
davamçısıdır. Pyesdən də göründüyü
kimi dramaturq bu ənənədə layiqli və görkəmli yer tutur.
İVAN
VYAÇESLAVOVİÇ MOROZOV
(MDPU-nun
roman filologiyası kafedrasının
aspirantı)
Rus dilindən tərcümə edən:
Xatirə Nurgül
Kaspi 2020.- 18-20 aprel.- S.14.