Yazılarımda heç vaxt
insan öldürmürəm
Şərif
Ağayar: "Ədəbiyyat öz nəğməsini oxumaq
sənətidir”
- "Ağ göl” romanında nəhayət ki, dolayı yolla da olsa, ənənəvi mövzunuzdan imtina etdiniz...
- İmtinadan çox, sizin
yazdığınız yazıda qeyd etdiyiniz kimi, bu, yeni bir mərhələ
idi. Mənim yazdıqlarımda avtobioqrafik elementlər həmişə
olub. Hətta belə deyək, məni yazmağa vadar edən
avtobioqrafiyadır. Yazmağa başlayanda ədəbiyyata daha
çox hisslərin ifadəsi kimi baxırdım. Sonralar
başa düşdüm ki, hər şey sənət yaratmaq
üçün bəhanədir. Yaşadıqların da,
yaşamadıqların da. Nə yapıb-nə edib ortaya mətn
qoymalısan. Yazıçıya verilən "Bu hadisə,
doğrudan da, olubmu?” çox naşı sualdır. Bəzən,
mən özüm də avtobioqrafik əsərlərdə nəyin
baş verib, nəyin baş vermədiyini dəqiq bilmirəm.
Həyatdan çox, yazdığıma inanıram və sərhədləri
qarışdırıram. Nəsrə çevirdiyim hadisələrin
yalnız təxəyyülümə adaptasiyası yadımda
qalır. Heç vaxt baş verməyən hadisələr əsasında
yazılmış əsərdə, yəni fikşndə, vəziyyət
dəyişir. "Ağ göl” bu mənada yeni romandır. Bəlkə,
buna görə özündən əvvəlki romanlara və
hekayələrə nisbətən daha az rezonans doğurdu. Mən
"Ağ göl” çap olunandan sonra sos-realizmin hələ
də necəsə ədəbiyyatımıza təsir göstərdiyini
açıq-aydın hiss etdim. Məncə, nəinki oxucumuz,
hətta yazıçımız və tənqidimiz də
fikşnə, türklərin dili ilə desək, qurmaca ədəbiyyatına
tam hazır deyil. Bir incə nüansa diqqət edək.
"Ağ göl” romanına ciddi reaksiya verən qələm
adamlarının üçü də ədəbiyyatşünas-alimdir:
Cavanşir Yusifli, Maral Yaqubova və siz... Bir də gənc
olmasına baxmayaraq kifayət qədər mütaliəsi və
bədii düşüncəsi olan Rəvan Cavid və bu sayaq
gənclər. Bu, məni sevindirdi, şübhəsiz. Sadə
oxucu isə məndən daha çox "Şəkil” tipli
real manerada yazılmış hekayələr istəyir. Bəzən
bunu açıq deyirlər də. Yox, "Şəkil” daha
yaxşı idi-filan. Məncə, "Şəkil” və
ümumən bu səpkidə yazılan yazıların
gözlənilməz uğuru ədəbiyyatdakı "Azərbaycan
zamanı”nın həqiqətidir. "Ağ göl” isə
bir az "Qərb zamanına” yaxınlaşan kitabdır.
Ən azı, özümü qabaqlayan kitabdır. Söhbət
əsərin hansı səviyyədə alınmasından
getmir. Bunu siz və oxucu müəyyən edirsiniz. Mən nəyə
cəhd etdiyimdən danışıram. Tomas Vulf deyirdi ki,
"Qulliverin səyahəti” qədər avtobioqrafik əsər
tanımıram. Bu fikrin inkişafı kimi deyim, Pol Osteri
oxuyanda onun yüksəkliklə, göy üzü ilə
bağlı qorxularını hiss etdim. Sonra "Yüksəklik
qorxusu” adlı ayrıca romanını da oxudum. Sən demə,
məktəbdə oxuyan vaxt harasa düşərgəyə
gediblərmiş, onun dostunu gözünün
qarşısında ildırım vurub
öldürübmüş. Pol Oster heç vaxt bu hadisədən
açıq bəhs etməyib. Yüksəkliklə
bağlı travma onun əsərlərinin ümumi
ruhundadır. Bu mənada "Ağ göl” də, əslində,
kifayət qədər avtobioqrafikdir. Mən onu yazanda Camal
adlı bir qohumumun oğlu Aprel döyüşlərində
şəhid olmuşdu. Mən o uşağın
doğulduğu daxmanı görmüşəm, hansı əziyyətlərlə
böyüdüyünü bilirəm. Ona görə, faciəvi
şəkildə həlak olması mənə çox
güclü təsir etmişdi. Əsərdəki Camal
atanın oğlunun Ağ gölə qurban getməsi və
meyitinin tapılmaması həmin əhvalın nəticəsi
idi. Yeri gəlmişkən, sizə bir sirr açım, mən
yazılarımda heç vaxt insan öldürmürəm.
İnsan ölümləri realda mənə təsir edəndə
yazıram. Bu, bir qayda deyil. Təbii olaraq belə
alınır. Mətndə adam öldürmək realda
öldürmək kimi çətin gəlir mənə.
Yazıçı mətnə inanırsa, bu məsələdə
çox ehtiyatlı davranır. Tolstoy yadınızdadır?
Demişdi, Anna Kareninanı mən öldürmədim. Düz
deyir. O, özünü qatarın altına atan qadın
haqqında xəbəri qəzetdən oxumuşdu və hadisədən
təsirlənib bu intihara gətirən səbəbləri
özü üçün qurub-qoşmuşdu. Avtobioqrafiyadan
kənar heç nə yoxdur. Düzdür, Kazuo İşiquro
deyir ki, avtobioqrafiyaya əsaslanıb yazmaq
yazıçının təxəyyül imkanlarını məhdudlaşdırır.
Bu fikir doğrudur, bir şərtlə, biz burdakı
"avtobioqrafiya” sözünü
"yazıçının başına gələnlər”
kimi anlamalıyıq. Sözün geniş mənasında
yazıçı heç vaxt avtobioqrafiyadan canını
qurtara bilmir. Hansı üslubda yazılmasından asılı
olmayaraq, əsər özü də yazıçının
avtobioqrafiyasına çevrilir. Bir növ gəldiyi yerə
qayıdır. Çevrəni qapadır.
- Elədir, ənənəvi əsərlərə həm oxucularda, həm də ədəbiyyatçılarda meyl var. Bu baxımdan "Ağ göl”dəki metatekstuallıq çoxları üçün aydın deyil. Yuxu kimidir, deyirlər. Rəhmətlik İkinci Mahmud həmişə əsəbiləşirdi ki, niyə hər kəs ənənəvi üslubda yazdığım "Tanımal Mustafa”nı tərifləyir. Mahmudun daha fərqli hekayələri də vardı. Tolstoyda isə yaddaş, Annanın yaddaşı hər şeyi üstələyir və intihar qaçılmaz olur.
- Gənc
bir dostumuzun romanını oxudum, obraz axırda intihar edirdi. Dedim, sən bu intihara aparan yolları göstərə
bilməmisən. Eləcə kiminsə
özünü öldürdüyünü bir hadisə kimi,
bir əhvalat kimi yazmısan. İşin
çətin tərəfi budur ki, bu gün biz Tolstoy kimi də
yazmamalıyıq. Ondan öyrənməli,
amma başqa şey yazmalıyıq. Çağdaş
əsərin ən vacib keyfiyyətlərindən biri və ən
vacibi onun çoxxətli və çoxqatlı
olmasıdır. Yəni A-dan Z-yə süjet və
birqatlı hadisələr nə qədər usta yazılsa da,
günün əsəri deyil.
- Bu
baxımdan son iki romanınızda peşəkarlıq, texniki
hazırlıq daha qabarıqdır.
- "Arzulardan sonrakı şəhər”
romanının redaktə prosesi uzun çəkdi. Bəzən gündə
bir-iki saat, bəzən on dörd-on beş
saat dayanmadan işlədiyim olurdu. Hər dəfə
yeni variant itməsin deyə bir e-maildən başqasına
göndərirdim. Bir gün "göndərilənlər”
qovluğunda səhifədəki 100 əməliyyatın az
qala hamısının bu roman olduğunu gördüm və ərinməyib
saydım. 300-dən artıq variant var idi.
Romanaqədərki hazırlıq isə bir
başqa zəhmət idi. Burda da
avtobioqrafiya köməyimə çatdı. Ağcabədidəki
təhsil illərim, oradakı insanlar, yaxınlıqda gedən
müharibə, çörək növbələri, şəhərdə
dolaşan əfqan döyüşçüləri,
qaçqınların yığışdığı
musiqi məktəbi, məktəbin həyətində
Üzeyir Hacıbəyovun tanınmaz hala düşən
büstü... bütün bunlar olmasa romanı yaza bilməzdim.
Üstəlik, ixtisasca tarixçi olmağım və qədim
Misir tarixini az-çox bilməyim... Ən başlıcası,
Bakının mənə hədiyyə etdiyi yeni roman bilgiləri,
dostlarla birlikdə yaratdığımız mini ədəbi
mühit, qızğın polemikalar və sairə...
- Elə peşəkarlıq da budur də.
Maraqlıdır, Şərif Ağayar
üçün yazı masası nəyi ifadə edir?
- Sizə
bir etiraf edim, "yazı masası” sözü məni həmişə
qorxudur. Nəsə çox böyük səslənir.
Yazı masasının arxasına oturmaq və yazmaq... Yazmağa başlayanda "masa” sözü yadıma
düşsə, bütün sehr pozular. Bu
elə orqanik baş verir ki, yazı prosesini unuduram. Həmin
anda kompüterdə nəsə bir problem çıxsa adam öldürəcək həddə əsəbiləşirəm.
Mənim kompüterlə ünsiyyətim piano
çalmağa bənzəyir. İçimi
xüsusi bir ahənglə barmaqlarımın ucundan klaviaturaya
boşaltmaq vərdişinə çox tez yiyələnmişəm
və yazmaq məndə zövqlü-əzablı vərdişə
çevrilib. Mən qaranquşam. Səhərlər aktiv oluram. Bəzən,
tezdən klaviatura arxasında oturmuşam, bir də
görmüşəm acından ölürəm. Saat:
axşamın 4-ü, 5-i... 12 saatdır əynimi-başımı
da düz-əməlli geyinməmiş oturub işləyirəm
(gülüş). Mən sözün divanəsiyəm.
Çox sevdiyim şeirləri söyləyəndə
bir ayrı, onu kompüterdə yazanda bir ayrı zövq
alıram. Sanki şeiri ifa edirəm.
- Nəsrdə də belədir?
- Əlbəttə. Gözəl bir cümlədəki
hansısa hərf səhvini düzəldəndə onun vizual
görünüşündən də zövq alıram. Sizə bir
fakt deyəcəm, mənə inanmayıb gülə də
bilərsiniz; e-maildə mənə yazılar gəlir,
onların vizual görünüşünə baxan kimi
yaxşı mətni hiss edirəm.
- Şərif
bəy, texniki hazırlıq niyə dedim, əvvəlki əsərlərinizdə
zərif bir sadəlik vardı...
- Qeyd
etdiyim kimi, mən ədəbiyyata dərdini adamlarla
bölüşmək vasitəsi kimi baxmışam və o
cür də yazmışam. Çalışmışam,
dərdimi istedadla bölüşüm,
danışdığımı təsirli və təbii ki,
mümkün qədər sadə, rahat dildə anladım.
Sadə yazmağı sevirəm. Sadəlik mətndə yeknəsəqlik yaratmasın
deyə, arada gəzişmək, sağa-sola, dərinə-dayaza
baş vurmaq vacib işə çevrilir. İstəsəm
o dərinlərdə, yaxud o ucalarda daha çox qala da bilərəm,
lakin bu, qorxuludur. Roman və ya hekayə
yazmağı oxumağa bənzətsək, zəngulə və
gül vurmaq, boğaz eləmək vacibdir. Zil pərdələrdə zəngulə vurmaq
çətindir. Buna çalışanda
müğənni zora düşür və bu vəziyyət
dinləyiciyə sirayət edir. Səsi
idarə edə bilmək anlayışı var. Bizim bəzi
yeni yazarların ən ciddi yanlışı səsi çatmayan
pərdələrdən oxumağa
çalışmasıdır. Onlara elə
gəlir, bununla böyük yazıçı olacaqlar.
Dünyada heç kim balaca
yazıçı olmaq istəmir. Hamı istəyir
Folkner kimi, Nabokov kimi, Salman Rüşdi kimi dahiyanə əsərlər
yazsın. Amma necə? Hansı
güclə? Gərək səsin ora
çatsın axı. Sənətdə təsdiq
üçün ən birinci özün-özünə dərkənar
yazıb "əsli ilə düzdür” deyə təsdiq etməlisən.
Kimsən? Nə edə bilərsən?
Bu sualların dürüst cavabı yoxdursa, ədəbiyyat
sənin üçün hava atmaq, özünü göstərmək
meydanına çevriləcək və iflas qaçılmaz
olacaq. Ola bilər, kimsə məhz
özünü göstərmək üçün
yazsın, amma alınsın. Bu uğurun səbəbi
yazıçının özünü göstərmək
ehtirası deyil, içindəki potensialın bu yolla üzə
çıxmasıdır. Bütün hallarda
yazıçı özünün kim
olduğunu bilməlidir. Kafkadan, Coysdan danışmaqla, onlar
kimi yazmağa çalışmaqla adam
böyük yazıçı olmur. Böyük
yazıçı anlayışı yoxdur, əslində,
böyük adam anlayışı var. Adam
böyük olandan sonra istəsə də balaca yaza bilməz.
Böyüklüyü isə arzulamaqla deyil, gərək
o, özü də sənə tərəf bir qədəm
bassın. Sənə düşən
öz üzərində işləmək, oxumaq, öyrənmək
və zəhmətə qatlaşmaqdır. Əgər içində özünü ifadə
hissi şöhrət hissindən üstün deyilsə,
yazıçılığına şübhə var. Sadə
yazmaq həm də çətindir. Sadəlik bəsitlik
deyil, qarşındakı mətləbi daha çox ram edə
bilməkdir.
- "Gülüstan" romanı bərabərdir
sükut. Həm ədəbi mühitin sükutu, həm də
müəllifin.
- Bir az da özüm belə istədim.
- Niyə?
- Madam susmuşuq, gəlin axıracan susaq
(gülüş).
- "Gülüstan" romanında ayrı-ayrı səhnələr
var ki, gözəldir. Lakin hissələr bütövləşmir.
- Əslində, mənim yaradıcılığımda
dönüş "Gülüstan”la başladı. O kitab reallıqla
qurğunun sərhədində yazıldı. Görünür,
sizin təbirinizcə bütövləşməməsinin bir
səbəbi də budur. Lakin ən vacib səbəbi
mənim qəzəbli olmağım idi. Qarabağ
hadisələri yaşımın çox pis vaxtına
düşdü. Bu, Platonovun
"Qayıdış” hekayəsindəki uşağın
yaşıdır. Nə baş verənləri
anlamayacaq qədər balaca, nə də onlara təsir edəcək
qədər böyüksən. Mən
müharibə insanlarının palçıqlı, əzik
ayaqqabılarına baxıb ağlayan bir yeniyetmə idim.
Sonralar halına sözün birbaşa mənasında
ağladığım adamların həm də çox saxta
və mənasız olduğunu gördüm. İçimdəki humanist romantika reallıqla
toqquşub pis günə qaldı. Bu
travmanı ağır yaşadım və canıma
yığılan o qəzəbi "Gülüstan”la
boşaltdım. Beləliklə sonrakı
kitabların yazılması üçün "suyun yolunu təmizlədi”.
Elə məsələlər var ki, onu
yaşamalısan. Misal üçün,
sufilikdə səndən əvvəlki ustadların təcrübəsi
heç bir işə yaramır. Abdəst
almaqdan tutmuş mərifət mərtəbəsinə qədər
praktiki yol keçməlisən. Ruhlar mühəndisi min
il sonra da tikintini sıfırdan
başlayır, amma adi mühəndis heç vaxt Qız
qalasını təzədən tikmir. "Gülüstan”
mənə heç bir kitabın, universitetin öyrədə
bilmədiyi həqiqətləri öyrətdi.
Yazıçı qəzəbli oldusa, bədiilik ondan
qaçır, qələm istər-istəməz publisistikaya
yuvarlanır.
Bizim "Hirsli başda ağıl olmaz” ifadəsini
"Hirsli qələm bədii yazmaz” kimi dəyişsəm,
fikrimi tam ifadə etmiş olaram. Amma bu hirs
çıxmalı idi. Çıxdı
da. Romandakı ayrı-ayrı hissələrə qalanda,
"Şəkil”, "Arıların səssizliyi”, "Məsmə
üçün dua”, "Oğru tanrı” kimi hekayələr
"Gülüstan”dakı əhvalatlardan
çıxarışdır. Hələ on-on beş
hekayə də çıxarmaq olar ordan. O kitabda böyük ədəbiyyatın
mürgülədiyini bilirəm. Güclü nəfəslə
yazılmış ədəbiyyat... Bəlkə,
o mürgülü ədəbiyyatı oyatmaq
üçün o romana bir də qayıtdım. Bu dəfə hirslənmədən
(gülüş). Təbii, tale qismət etsə...
- Bax, mən
də bunu demək istəyirdim. O sərt, birbaşa
üslub... Kim bilir, bəlkə də, belə
olmalıdır. Derrida demişkən, bədiilik
nədir? Kim uydurub bu fikri? Kim deyə bilər ki, belə yox, belə
olmalıdır. "Gülüstan”ın
xəritəsi maraqlı idi.
- Mən
deyirəm (gülüş). Ən azı
"belə olmalı deyildi” deyə bilirik əminliklə.
Amma izah axıracan mümkün deyil.
Yaradıcılıq axıracan izah olunsaydı, istənilən
adam istənilən an oturub şedevr yarada
bilərdi və ədəbiyyat öz dəyərini itirərdi.
Kitablar da insanlar kimidir. Onların
necəliyi oxucuya açılandan sonra məlum olur. Təəssüf, bizdə lazımı səviyyədə
kitab mühiti olmadığı üçün çox
zaman əsərlərin sonrakı taleyi naməlum qalır.
- Şərif
bəy, mənimçün maraqlıdır, 100 il bundan əvvəlin ədəbi
priyomlarını tətbiq etməklə, yalnız tətbiq
etməklə yeni bir mətn yaratmaq olurmu? Yəni
köhnənin gözəlliyi təqlid edilir, yeninin gözəlliyi
yaradılmır. Keçid dövrü
üçün normal idi. Ancaq kino və digər vizual sənətlər
ilə, hər növ oyun estetikası ilə tanış
olan oxucunu heyrətləndirmək olmur axı.
- Mənə
görə, yazıçının öz həqiqəti
olur, mətnin öz həqiqəti. Sən
düşünürsən ki, bax, bu formadan istifadə edəcəm,
bu texnikanı tətbiq edəcəm. Yeni
forma, yeni texnika tapmaq elə də çətin deyil. Çətini onu mətnlə
reallaşdırmaqdır. Yəni, bəzən
mətn sən dartdığın yerə getmir. Apara bilmirsən onu. Mətni
zorlasan o, əlində öləcək, ruhsuz, enerjisiz,
heç bir təsiri olmayan söz yığınına
çevriləcək. Fikir versəniz, zəif
mətnləri qəlibə salmaq, formasını dəyişmək
çox asandır. Çünki, belə
deyək, mətnin müqaviməti yoxdur, əl vuran kimi təslim
olur. Güclü mətn sənə tabe
olmur. İdeal vəziyyət yeni
formanın mətnin öz içindən doğulsun. Yeni mətn yeni forma yaradırsa, artıq bu,
Tanrının sənə hədiyyəsidir. Mənə görə, mətn cümlə-cümlə,
abzas-abzas yeni estetik səciyyə ilə hörülmürsə,
o, yeni forma tapa və onun içinə otura bilməz. Başqa sözlə, mətnin bədii həlli və
estetik səciyyəsi yüksək səviyyədə deyilsə,
onu içinə otuzdurduğun yeni forma da bir işə
yaramayacaq. Karkası yeni, maraqlı o qədər romanlar
görmüşəm ki! Mövlanə demiş, içində
adam olmayan əlbisə! Həm adam yeni olsun, həm əlbisə, bu, o qədər
də asan iş deyil. Ona görə, köhnə
formalardan dönə-dönə istifadə olunur. Misal üçün, Orhan Pamuku götürək.
O, əslində, heç bir romanında tamamilə yeni forma kəşf
etməyib. Elə məhz yüz il bundan əvvəl Folknerin
yazdığı "Yabanı palmalar”dan paralel mətnləri
götürüb, "Qəzəb və hay küy”dən
obrazların monoloqşəkilli
danışığını götürüb, Nabokovdan,
Salman Rüşdidən yeni, postmodern ironiyanı əxz eləyib
və s. Nizami Gəncəvi "Min bir gecə”dən Şəhrizadın
nağıl danışmasını "Yeddi gözəl”də
tətbiq edib, Tolstoy "Səfillərə” baxıb "Hərb
və sülh”ü geniş yazmaq qərarına gəlib.
Salman Rüşdi "Tənəkə təbil”dən öyrənərək,
"Gecəyarısı uşaqları”nı yaradıb və
s. Misalları uzada da bilərik. Lakin qeyd etdiyim
nümunələr birbaşa kopiyalamaq deyil. Sovet vaxtı buna özününküləşdirmək
deyirdilər. Əlbəttə,
könül istərdi, tutaq ki, Viktor Pelevinin "Milad gecəsi”
hekayəsi kimi şeytanın da ağlına gəlməyən
forma tapasan. Yeri gəlmişkən, bir dəfə mən
o hekayənin quruluşu haqda Əkrəm Əylisliyə
danışdım, dedi, bax, əsl ədəbi tapıntı
buna deyirlər.
- Heminquey
"kasıb" söz ehtiyatı ilə böyükdür,
Fuentes zəngin söz
dağarcığı ilə möhtəşəmdir. Sizin nəsildən
kimlər belədir? Bu sualı bir təşbeh,
bənzətmə kimi düşünün, bilirik ki,
müqayisə etməyə gərək yoxdur.
- Mən
dil və söz ehtiyatı baxımından Səfər
Alışarlının yazılarını çox bəyənirəm.
Xalqda bir ifadə var: söz üçün məəttəl
deyil! Səfərin mətnlərini oxuyanda ətrafında hər
cür material tökülmüş bir usta canlanır
gözümün qabağında. Əlini hara
atır lazım olanı tapır, qoyur yerinə. Lakin, məncə,
Səfər müəllimdə, özünə də deyirəm
hərdən, çağdaş oxucunu bir az çətinə
salan, hardasa onu yora bilən bir təhkiyə, bir intonasiya var.
Bilmirəm, o təhkiyədən, o intonasiyadan çıxsa,
bəlkə, sevdiyim o keyfiyyətlər də itib gedəcək.
Hər halda Səfərin çox
oxunmasını, ciddi müzakirə edilməsini istəyərdim.
Mübariz Örənin dil, mətn və
sözlə rəftarı yaxşıdır. Aqşin Yeniseyin ədəbi cümlə manevrləri
bəzən adamı heyrətləndirəcək həddə
gözəl alınır. Məncə, hər
üçünün dili zəngindir. Ümumilikdə
isə düşünürəm ki, biz 21-ci əsr Azərbaycan
dilinin bədii intonasiyasını tam formalaşdıra bilməmişik.
Bir şeyə diqqət edin, özbəklər
danışanda adamın ürəyi tıncıxır.
Bizim intonasiyamız da istanbullulara belə gəlir.
Türklər mən deyən dili tapıblar.
Ona görə, o cür çağdaş filmlər,
seriallar çəkirlər, yaxşı romanlar yazırlar.
Səfər Alışarlıda ahəng mənə
ağır gədiyi halda, Murad Menteşdə çox
yüngül gəlir. "Bu qədər
də olmaz” deyirəm. Kimin haqlı
olduğunu isə bilmirəm. Düşünürəm
ki, Səfər Alışarlı mənimlə klassikanın,
mən isə Səfər Alışarlı ilə Murad Məntəşin
arasındayam. İrandan Mustafa Məstura
daha yaxınam mən. O da sadə dildə yazır və
operativliyi – dilinin, üslubunun operativliyi xoşuma gəlir. Yəhudilərdən, söhbət İsraildə
yaşayan yəhudilərdən gedir, Edqar Keret o cürdür.
Çox rahat yazır. Hər
cür oxucunu dalınca apara bilir. Fransızlardan Maksans Ferman.
Onun "Qar” romanı yəqin ki, dünyanın
ən qısa romanıdır. Hayku
üstündə qələmə alınıb və elə
hayku kimi balaca, duru və təbii bir romandır. Bizdə bunlara bənzər operativlik Mübariz Cəfərlidə
var. Qısa, yığcam, oxunaqlı və
düşündürən romanlar yazır. Deyəsən,
söz ehtiyatı-filan anlayışına müasir
baxış bir az fərlidir. Yəni biz indi hansısa yazıçını
Puşkin kimi nə qədər çox söz işlətməsi
ilə dəyərləndirmirik. İşlədə
bilsin. Sözə yeni can verə bilsin.
- Bayaq
dediyiniz Pelevindəki tapıntı ifadə və strukturun
izdivacı ilə ortaya çıxır. Səfər
Alışarlı böyük yazıçıdır.
Ancaq sizin nəsildən Aqşin Yeniseyin son
romanı ustalıqla yazılmışdı. Bu yaxınlarda Qismətlə "Tarix və Tale”dən
danışırdıq. Qismət dedi ki, bu romanda
Rüşdidən qeri qalmayan manevrlər, pasajlar var.
Doğurdan da, elədir.
- Mən Pelevinin uğurunun şərtləndirən
ardıcıllığı saya bilmərəm. Dil və
üslub əvvəl gəlir, yoxsa forma və ideya? Bəlkə, hamısı bir yerdə? Yəqin, hamısı bir yerdə. Bəli. Aqşin təkcə bu
romanında deyil, bütün yazılarında ustadır.
Onu bizim nəslin, eyni zamanda çağdaş ədəbiyyatımızın
qazancı hesab edirəm. Qisməti də
eləcə. Azərbaycanda
beş-üç imza var ki, fədakarcasına yeni ədəbiyyatı
və yeni ədəbiyyat mühitini yaradırlar.
-
"Arzulardan sonrakı şəhər"in Həsəni ilə
Nəcib Məhfuzun "Məhəlləmizin hekayətləri"nin təhkiyəçisinin (balaca Nəcibin)
üslub oxşarlığı var.
-
Oxumamışam. Özüm Həsəni
Selincerin Holden Kolfildinə oxşadıram. Amma Həsən daha çox Mövlud Mövluddur.
Bir az da Ayxan Ayvaz. Təbii, mən
də varam xeyli. Yeri gəlmişkən, Həsən
Ayxan kimi hər iki valideynini itirib, Mövlud kimi çox həssasdır.
Hətta özünü binadan atıb
öldürmək istəyir. Məhz binadan atmaq... Hardan ağlıma gəlib, bilmirəm.
- Mənim
dediyim üslub bənzərliydir. Holdendə
çılğınlıq, temperament olduqca yüksəkdir.
Həsən utancaq, həssasdır.
- Həsənlə Holdenin oxşar tərəfi ətrafa
ironik münasibəti, adamları karikatura kimi görməsi və
gözlənilmədən başqa birini aşırı həddə
sevməsidir.
Fərqləri isə ABŞ-la Azərbaycan qədərdir
(gülüş).
- İstedadlı yazıçıların tərcümə
ilə məşğul olması yaxşıdır. Sadəcə orijinaldan tərcümə
olmur, bunu da qəbul edirik, lakin baxırsan ki, Azərbaycan
dilinin potensialı, imkanları elementar səviyyədə
yoxdur, müəllifin üslubu da...
- Məncə,
dünyada zəif dil yoxdur, inkişaf eləməmiş, yaxud
inkişaf etməkdə olan dil var. Bizim dilimiz inkişaf eləməkdə
olan dildir. Ədəbiyyata diqqət bir az
çox olmalıdır ki, dilimiz gəlişsin, yüksək
səviyyəli əsərlərin tərcüməsində
adekvat olsun. Məncə, biz Azərbaycan
yazıçıları bizi dindirən əsrlə
lazımınca dil tapa, danışa bilmirik. Dindirir əsr bizi... amma Sabirin vaxtındakı kimi
tam sükut da deyil. Nələrsə
danışırıq, mızıldayırıq. Məncə, Azərbaycan dilini ən azı
Türkiyə türkcəsi kimi adekvat vəziyyətə
qaldırmaq üçün dilimizin də, yazarlarımızın
da potensialı var. Bunun üçün çatışmayan
lazımı mühitin yaradılmasıdır. Ədəbiyyatın və kitabın
çağdaş prinsiplərə uyğun təşkilatlanması
gərəkdir.
- "Ağ
göl"ə qayıdaq. Təhkiyəçi görünməzlik
fonunda hadisələrin mərkəzində dayanır. Romana
aydınlıq gətirə bilərsizmi?
- Camal ata Azərbaycanda, məncə, elə
dünyada da, ilk obrazdır ki, baş qəhrəman ola-ola və
lal olmaya-olmaya əsər boyu bir kəlmə də
danışmır. Əsəri oxuyanda görürsən ki, əslində,
buna heç ehtiyac da yoxdur. Kimin sayəsində? Oğlu Pirməmmədin.
Çünki o, artıq dünyasını dəyişib və
atasının içindən keçənləri hiss edir. Təhkiyəçi
də odur. Lakin oxucu bunu ən sonda bilir və sizin də
yazdığınız kimi, əsərdə oyun
qurulduğunu anlayır. "Ağ göl” bu
dünya ilə o dünyanın, reallıqla magiyanın,
yaxşılıqla yamanlığın, halallıqla
haramlığın, məişətlə mifin, suyla qurunun,
yerlə göyün sərhədində yazılıb və
bu əks qütblərin heç birini nə təsdiq edir, nə
inkar. Çünki bizim həyatımız bunların
qarışığından ibarətdir. Lövhi-məhfuz
kimi taleyimiz yazılan bir lövhə, bir mamırlı daş
varmı? Həm var, həm yoxdur. İnandığın qədər
var, inanmadığın qədər yox. Əsas
inancındakı və yaşayışındakı səmimiyyətdir.
- Bəs Camal ata?
- Camal ata sənətin, sənətkarlığın işarəsidir. O, bir az Hüqonun Qvazimodasına, bir az Hamsunun İshakına, bir az Züskindin Qruneyinə bənzəsə də, xeyli milli və xeyli orijinal obrazdır. Elmin, dinin və siyasətin – yəni hər cür ideologiyanın təqdim etdiyi gerçəklərə qarşı daxili azadlığını və xeyirxahlığını qoyur. Onun təəbirincə, əgər səmimiyyət və xeyirxahlıq yoxdursa, yalan hər yerdə hakimdirsə, demək, əslində, dünya yoxdur və apokalipsis başlayıb. Qədim əhvalatlar da, miflər də, inanclar da məhz içimizdəki o insanlığı qorumağa xidmət etməli, alver və manipulyasiya vasitəsinə çevrilməməlidir. Çevrilsə, dəvədən böyük fil misalı, bir gün daha güclü biri gələcək və səni öz yeminə çevirəcək. Təxminən belə... (gülüş). Amma əmin olun, bütün bunlar ikinci dərəcəli məsələdir. Əsas "romanın bədii aura və təravəti klassik oxucunu da cəlb” etməsi və "klassik oxucunun romanda bədii-estetik zövq tapa” bilməsidir.
- Nəhayətdə pafos, ritorika, lağlağı və bayağılıq... Koronavirus dövründə belə bu xüsusiyyətlər həm cəmiyyətdə, həm də ədəbi yazılarda davam edir.
- Qorxmaz Quliyev deyir, lağlağı indiki
şəraitdə insanların müqavimət hissinə
çevrilib. Razıyam bu fikirlə. Amma ümumilikdə
"KVN”in, "Bu şəhərdə”nin, son zamanlar isə
Cem Yılmaz stendaplarının cəmiyyətdə bir
qeyri-ciddilik yaratdığını hiss edirəm. Hamı zarafat
edir. Bacaran da, bacarmayan da. Nə
vacibdir axı? Və ən dəhşətlisi,
ciddi mövzuları da lağlağı səviyyəsinə
endirirlər. Mən bizim yumoristləri,
xüsusən Cem Yılmazı aşağılamaq istəmirəm.
Onlar layihələrini həyat keçirib,
pullarını qazanırlar. İstəmirsən,
baxma. Mən sadəcə bütün bu
"güldürmək azarı”nın cəmiyyətdəki
lüzumsuz əks-sədasından danışıram. İnsan həmişə şeir yaza, mahnı oxuya və
idman edə bilmədiyi kimi, həmişə
gülüb-güldürə də bilməz. Arada ciddi olmağa da ehtiyac yaranır. Pafos və ritorikaya gəlincə, hər
dövrün özünün konyunkturası var. 30-50-ci illərdə
pambıqdan yazmaq necə dəb idisə və biz bu gün o
şeirlərə baxıb necə gülürüksə,
zaman gələcək, bu gün kiminsə təsiri ilə
yazdığımız yalançı mətnlərə elə
güləcəklər. Əliağa
Vahidi imitasiya eləməklə, Frans Kafkanı imitasiya eləmək
arasında prinsipial fərq yoxdur. Hər
ikisində özün deyilsən və yazdığın
boş şeydir. Ədəbiyyat öz nəğməsini
oxumaq sənətidir. O nəğmə yoxdursa, ədəbiyyat
da yoxdur.
- Nəğmələrin
yeni gözəlliyini dinləmək ümidilə.
- Sağlıqla qalın!
Söhbətləşdi:
Ülvi Babasoy
Kaspi 2020.- 18-20 aprel.- S.12-13.