“Tamaşaçını ancaq ağlınla təəccübləndirə
bilərsən”
İlham Namiq Kamal: Bu çətin
dövrdə hər bir insanın özünü qoruması dövlətini, cəmiyyətini
qoruması deməkdir
Xalq artisti, Azərbaycan Akademik Musiqili
Teatrının aktyoru və rejissoru, Prezident təqaüdçüsü,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Musiqili
teatr aktyoru”
kafedrasının müdiri, professor İlham Namiq Kamal karantin
günlərində "Kaspi"-nin suallarını cavablandırdı. Bioloji müharibə ilə qarşı-qarşıya
olduğumuzu bildirən aktyor,
bu dönəmdən çıxmaq üçün qaydalara əməl
olunmasını zəruri hesab edir.
- Koronavirusla
necə mübarizə aparırsınız və özünüzü necə qoruyursunuz?
- Bilirsiniz ki, cəmiyyətdə daha çox "III Dünya müharibəsi” adlandırılan koronavirus xəstəliyinin qarşısını almaq üçün ilk günlərdən etibarən dövlətimiz zəruri tədbirləri həyata keçirir. Belə ki, tətbiq edilən qaydalar ölkə vətəndaşlarının sağlamlığının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq çevik və qətiyyətli addımlar atıldı və bu siyasət davam etdirilir. Təbii ki, xəstəliklə mübarizədə zamana ehtiyac var və bu zamanın nə qədər çəkəcəyini heç kəs bilmir. Vaksin tapılana kimi, biz həm özümüzü, həm də sevdiyimiz insanları, cəmiyyətimizi qorumalıyıq. Koronavirusla mübarizə istiqamətində Operativ Qərargahın qaydalarına riayət etməklə bu çətin dövrü adlaya bilərik. Hər bir insanın özünü qoruması dövlətini, cəmiyyətini qoruması deməkdir. Dövlətin tətbiq etdiyi qaydalar, karantin rejiminin şərtləri bizim sağlamlığımıza yönəlib. Biz dövlətimizin dəstəyi ilə ilk mərhələdən az itki və zərərlə çıxa bildik. Karantin rejiminin qaydalarının sərtləşdirilməsi bizim sağlamlığımızın qorunması üçündür. Operativ Qərargahın qaydalarına əməl etməmək məsuliyyətsizlikdir. Əslində, bu, çox sadə bir işdir. Maska taxmaq məgər elə çətin məsələdir? Əlləri yumaq məgər çətin işdir? Bu, zərurətdir. Vəziyyətin nə qədər gərgin olmasına baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına böyük diqqət və qayğı ilə yanaşır, köməyini əsirgəmir. Bizdən nə istəyirlər? Ancaq qaydalara riayət etmək, evdə oturmaq və özünü qorumaq. Əgər biz qaydalara ciddi əməl etsək, bu virusa qalib gələ biləcəyik.
- Bəs koronavirusa inanmayanlara sözünüz nədir?
- Əgər bütün dünya bu bəla ilə
mübarizə aparırsa və insan tələfatı
ilə üzləşirsə, buna necə
inanmamaq olar?
Hazırda bütün dünya
koronavirus pandemiyası ilə mübarizə
aparır. Başqa ölkələrdə
də müəyyən qaydalar var ki, insanlar
həmin qaydalara riayət edərək öz sağlamlıqlarını qorumağa çalışırlar. İnsan gərək öz
təfəkkürü ilə düşünsün.
Burda çətin heç
nə yoxdur. Tətbiq edilən
qaydalara riayət etmək elə də
çətin məsələ deyil. 10 milyonluq əhalisi olan Azərbaycanda
koronavirusdan dünyasını dəyişən
insanların statistikasına nəzər yetirdikdə, dünya ölkələri ilə müqayisədə
çox az itkilərimizin
olduğunu görürük.
Ancaq bu o demək deyil ki, belə bir
virus yoxdur. Məgər o itkilər, koronavirusdan
dünyasını dəyişən
insanlar boş yerə dünyadan köçdülər? Belə şeylə
zarafat etmək olmaz. Virusa inanmayan insan
nə özünü,
nə də ailəsini bu bəladan qoruya bilər. Bir müddət yoluxanların
sayı o qədər
artdı ki, hətta xəstəxanalarda
yer çatmırdı.
Dövlətimiz bölgələrdə
və paytaxtda yeni xəstəxanalar istifadəyə verdi.
Hətta
xəstəxanalarda çarpayıların
sayı məhdud olduğu üçün
evlərdə müalicə
olunanlar var idi. Buna inanmamağın
özü gülünc
məsələdir. Hər bir
insan bu qaydalara riayət etməlidir.
- Amma qadağalar da insanları yorur və bu
da psixoloji olaraq təsirsiz ötüşmür.
- Hər keçən gün Operativ Qərargah qaydalarda yumşalmalar edir. Misal üçün, bundan əvvəlki həftələrdə
SMS-lə icazə almaq sistemi vardı.
Hazırda həmin icazə
ləğv olunub.
İndi hər kəs çölə axın edəcək. Bu küçələrdə nə
var? İnsanların çoxu məzuniyyətdədir.
Psixoloji məsələyə gəldikdə
isə, mənim də bu barədə
müəyyən fikirlərim
var. Belə ki, istirahət günlərində
insanlar öz elinə-obasına getmək,
doğmalarını, ata-analarını
görmək istəyir.
Kim ki sağlamdır
və heç bir virus daşıyıcısı
deyil, onlara bölgələrə getməyə
icazə verilsə, heç də pis olmaz. Elə bölgələr var ki, orda doğrudan
da yoluxma azdır. Mən hazırda Şamaxıda
bağdayam və görürəm ki, burda yoluxma çox
azdır. Demək olar
ki, yoxdur. Şamaxı
İcra Hakimiyyəti də bu məsələlərə
nəzarət edir.
Burada kafelər, restoranlar çalışır və
insanlar məsafə saxlayırlar, maskadan istifadə edirlər, marketlərdə spirt yerləşdirilib və hər kəsdən maska tələb edilir. Yəni burda qaydalara
riayət olunur və insanlar da gəlib istirahət
etmək istəyir.
Qaydalara riayət etdikdən sonra məncə, heç bir qorxusu yoxdur. Azərbaycanın dilbər guşələri
çoxdur. Səfalı təbiəti, gözəl
havası olan ərazilərimiz kifayət
qədərdir. Orada sağlam
insanlar istirahət etsə, məncə, yoluxmaların sayı elə də çoxalmaz.
- İlham
müəllim, 5 aydır
teatrlarımız tamaşaçısız
qalıb. Teatrların yeni
mövsümdə açılmağı
gözlənilirmi? Bu istiqamətdə sizin düşüncələriniz necədir?
- Açığı, teatrın
nə zaman açılacağı və
hansı şərtlər
altında fəaliyyət
göstərəcəyi hələ
məlum deyil. Onu müəyyən qurumlar həll edəcək.
Bunu hamımız zamanla birlikdə görəcəyik.
Hazırda Şamaxıda bu
sahəyə həvəsi
olan insanlarla birlikdə çalışırıq.
Qaydalara əməl edərək, kiçik qruplarla müəyyən mətnləri
oxuyur, müəyyən
istiqamətlər veririk.
İstedadlı gənclərlə görüşürəm. Təbii ki, karantin rejimi
bitəndən sonra
biz yenə teatrımıza
geri dönüb, tamaşalarımızı nümayiş
etdirəcəyik. Onu diqqətinizə
çatdırım ki,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
"Musiqili Teatr aktyorları" kafedrasında
5 ay onlayn dərs keçdik. Tələbələr yüksək səviyyədə
imtahan verdilər.
- 5 ay evdə oturmaq aktyorlara həm fiziki, həm də mənəvi olaraq təsir göstərir. Bilirik ki, aktyor
bədəni idmançı
bədəni kimidir, fəaliyyətdən qaldıqda,
plastikası zəifləyir.
Belə olduğu halda, xüsusən də gənc aktyorlara hansı tövsiyələriniz var?
- Hər bir aktyor,
elə idmançı
da - evdən çölə çıxmaq
imkanı yoxdursa, evində də məşq edə bilər. Təkcə məşqlə də iş bitmir. Aktyorun mütaliəsi də olmalıdır. Əgər əllərinin
altında lazımı
kitablar yoxdursa, onlara lazım olan materialları internetdən də tapıb oxumaq imkanına sahibdirlər.
Aktyor savadlı və ağıllı olmalıdır.
Nə qədər ağıllı
olacaqsa, özünü
səhnədə bir
o qədər rahat və sərbəst idarə edəcək.
İstər-istəməz, oynadığı obrazları görəndə,
aktyorun geyimindən, qrimindən daha çox plastikasına və təfəkkürünə
qiymət verirlər.
Əgər sənət adamı
cilddən-cildə girə,
başqalaşa bilirsə,
bu, etdiyi mütaliə, eyni zamanda səhnədəki təcrübələrinin hesabına
başa gəlir.
Cildə
girmək təkcə
qrim etməklə kifayətlənmir. Gərək içindən
dəyişəsən. İçindən də dəyişmək
üçün gərək
təfəkkürün, savadın
yüksək səviyyədə
olsun. Tamaşaçını ancaq ağlınla
təəccübləndirə bilərsən. Səhnəyə çıxmaq üçün
insan içindən dəyişməlidir.
- Pandemiya
dönəmində tamaşaçılara onlayn
tamaşalar nümayiş
etdirdilər. Teatr canlı sənət növüdür. Onun onlayn nümayişi sizi qane etdimi?
- Əlbəttə ki, teatr canlı sənətdir və belə də davam edəcək. Buna heç kimin şübhəsi yoxdur. Ancaq elə bir zaman gəlir ki, onu başqa variantda təqdim etməyə məcbur qalırsan. Yəni heç kim səbəbsiz canlı sənəti onlaynla əvəz etməz. Kimsə gözləmirdi ki, dünyanı koronavirus adlı pandemiya zəbt edəcək və insanlar ondan qorunmaq üçün alternativ variantlara əl atacaqlar. Sadəcə olaraq, pandemiya bitənə qədər teatr müəyyən müddət fəaliyyətini başqa səpkidə davam etdirəcək. Çünki hazırda virusla mübarizə davam edir. Gündəlik olaraq virusa yoluxanlar da var. Düzdür, onların sayı getdikcə azalır, amma hələ mübarizəmiz bitməyib. Allah müalicə olunan vətəndaşlarımıza şəfa versin. Burdan həkimlərimizə təşəkkür etmək istəyirəm. Onlar pandemiyanın ilk günlərindən həddən çox əziyyət çəkdilər. Həkimlərimiz qəhrəmandırlar. Onlara etdikləri qəhrəmanlıqlarına görə təşəkkür etmək lazımdır. Biz deyirik səbrimiz yoxdur, ürəyimiz sıxılır, ancaq o həkimlər qalın geyimlərdə gecə-gündüz bizim qayğımıza qalırlar. Bəs o həkimlərin ailəsi, övladı, valideynləri yoxdur? Onları da düşünmək lazımdır. Bu, bioloji müharibədir. Biz hazırda bioloji müharibə şəratindəyik. Allahdan hər kəsə səbr arzulayıram. Bu günlər də keçəcək, yenə əvvəlki həyatımıza davam edəcəyik.
Xəyalə Rəis
Kaspi.-2020.-11 avqust.-S.6.