Muzeylərin onlayn fəaliyyəti  

ya tarixi eksponatlarla maraqlananlar üçün zaman, məkan anlayışının olmaması

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər fəaliyyətini dayandırmışdı. Lakin buna baxmayaraq, muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan maraqlı eksponatlar la tanış olmaq imkanı yaradılmışdı. Qapısı bağlı qalan muzeylərin onlayn fəaliyyətini araşdırdıq. Məlum oldu ki, tarixi eksponatlarla maraqlanan insanalar üçün zaman, məkan anlayışı yoxdur. Tarixlə elə onlayn şəkildə də maraqlanmaq olarmış.

Azərbaycan Milli Xalça Muzeyindən qəzetimizə verilən məlumata görə, pandemiya dönəmində muzey onlayn şəkildə fəaliyyətini davam etdirib. Bildirildi ki, Azərbaycan Milli Xalça Muzeyi 11 mart 2020-ci il tarixindən öz fəaliyyətini onlayn davam etdirməyə başlayıb: "Pandemiya dövründə muzeyimizin sosial şəbəkələrdəki rəsmi səhifələrində, ümumilikdə 573 post paylaşılıb. 105 eksponat haqqında maraqlı elmi məlumatları özündə əks etdirən mətn və ya video-çarx yerləşdirilib. Paylaşılan bütün məlumatlar izləyicilərə 3 dildə (Azərbaycan, rus, ingilis) təqdim edilib. Onlayn fəaliyyət dövründə izləyicilərə müxtəlif bölmələr üzrə informasiyalar verilib ki, onlara mühazirələr, nəşrlər, postlar, görüşlər, məqalələr, eksponatlar üzərində aparılan konservasiya işləri daxildir. Onu da qeyd edək ki, pandemiya dönəmində muzey daxilində bir çox layihələr həyata keçirildi ki, onlayn mühazirələr də buraya daxildir. Mühzirələrimiz "Parça, geyim, tikmə” kolleksiyasından XIX əsrə aid 3 nadir eksponat, "Milli geyimlər”, "31 mart – Azərbaycanlıların Soyqırımı Günü ”, "Pazırıq xalısı – rəmzlər dünyası" adlı kitab və "Bədii metaldüzgün mühafizə qaydaları” ilə bağlı keçirildi".

 Muzeylərin bağlı olduğu bu dönəmdə hər həftənin bazar ertəsi günləri muzeyin kolleksiyalarından olan eksponatlarla bağlı bir-birindən maraqlı və intellektual 5 sualdan ibarət viktorina keçirilib. Qalib izləyicilər mükafatlandırılıb. Hər həftənin çərşənbə axşamı "Sənətə həsr olunmuş ömür” rubrikası çərçivəsində ömrünü xalçaçılıq sənətinə həsr etmiş mütəxəssislər, xalçaçı-rəssamlar, toxucular və onların muzeyimizdə qorunan xalçaları haqqında izləyicilər məlumatlandırılıb. Muzeydən verilən məlumata görə, pandemiya dönəmində onlayn fəaliyyətə izləyicilərin diqqəti heçaz olmayıb: "Bu müddət ərzində muzeyin zənginləşməsində rolu olan xarici xalça mütəxəssisləri, kolleksiyaçılar və onlar vasitəsilə əldə edilən eksponatlar izləyiclərə təqdim edilib. Hər həftənin çərşənbə günü muzeyimizlə əməkdaşlıq edən, yeni eksponatların əldə edilməsində rolu olan xarici ekspert və kolleksiyaçılardan bəhs edilib. Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə maraqlı layihə gerçəkləşdirib. Belə ki, tanınmış televiziya aparıcıları muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. Qeyd edək ki, bu ekskursiya Azərbaycan muzey tarixində ilk dəfə surdo-tərcümə ilə müşayiət olunub. Xalça Muzeyi karantin rejimi elan edildikdən sonra Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Evimyeni yerim” layihəsinə də qoşulub. Muzeyin əməkdaşlarının onlayn rejimdə fəaliyyətini, bu istiqamətdə əldə edilən uğurları əks etdirən videorolik hazırlanıb. Əməkdaşlıq çərçivəsində İtaliya muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan xalçaları ilə bağlı elmi tədqiqat işinin aparılması, bu işin nəticəsi olaraq kitabların nəşri və birgə mübadilə sərgilərinin keçirilməsi məsələləri izləyicilərin diqqətinə çatdırılıb".

Koronavirus pandemiyası ilə əlaqədar ahənginin dəyişməsinə baxmayaraq, Azərbaycan Milli Xalça Muzeyi 2020-ci ilin birinci yarısını da uğurla başa vurub. Bu müddət ərzində muzey beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini yüksək səviyyədə davam etdirib. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi dünyanın nüfuzlu muzey təşkilatları ilə əməkdaşlıq haqqında sənədlər imzalayıb. Onların sırasında Mərakeş Milli Muzeylər Fondu, Dövlət Ermitajını qeyd etmək olar. Bununla yanaşı, Azərbaycan Milli Xalça MuzeyiRusiya Etnoqrafiya Muzeyinin "Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı birgə layihəsinə start verilib. Koronavirusla əlaqədar muzeylərdə bütün kütləvi tədbirlərin dayandırıldığı dövrdə isə Azərbaycan Milli Xalça Muzeyi "Zənginləşən xəzinəmiz” adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirib. İlk onlayn sərgini dünyanın müxtəlif ölkələrindən 5 min nəfərə qədər insan muzeyin "facebook” səhifəsindən izləyib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixindən muzey və sərgi zallarının fəaliyyətinin bərpa edilməsi haqqında qərarından sonra Azərbaycan Milli Xalça Muzeyi ICOM Azərbaycan Milli Komitəsi tərəfindən qabaqcıl dünya muzeylərinin praktikasına əsaslanaraq hazırlanan "Karantin dövründən sonra muzeydə sanitar-gigiyenik qaydaların həyata keçirilməsi haqqında tövsiyələr”ə riayət etməklə fəaliyyətə başlayıb. 25-28 may tarixlərində təşkil olunan "Açıq qapı” günlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə yüksək səviyyədə riayət etməklə, Azərbaycan Milli Xalça Muzeyini iki min nəfərə qədər insan ziyarət edib. Muzeyin, bu ilin karantin dövrünəqədərki ilk 3 ayı ərzində isə 12 min nəfərə qədər ziyarətçisi olub.

Milli Azərbaycan Tarix Muzeyipandemiya dönəmində onlayn şəkildə fəaliyyət göstərib. Belə ki, muzeydə işçilərin onlayn fəaliyyəti bu dönəmdə daha da aktivləşib. Muzeydə qorunan eskpionatların şəkilləri çəkilərək sosial şəbəkə hesablarında paylaşılıb və onlar haqqında məlumat verilib. Bundan başqa, muzeyin  əməkdaşının həmmüəllifliyi ilə nəşr olunan kitablarbu müddət ərzində muzeyin işçilərinin iştirak etdiyi elmi konfranslar, onlayn tədbirlər barədə məlumat verilib.  Muzey izləyiciləri qəbul edə bilməsə də, bu günlər ərzində əməkdaşlar işsiz dayanmayıb. Karantinlə əlaqədar olaraq insanların asudə vaxtını maraqlı və səmərəli keçirmək məqsədilə onlayn fəaliyyətini daha da gücləndirərək inkişaf etdirib. Muzeyin eksponatları haqqında məlumatlar izləyicilərə təqdim olunub. 

Xalq rəssamı Əzim Əzimzadənin Xatirə Muzeyində də  pandemiya dönəmindəki fəaliyyətlə tanış olduq. Muzeyin direktoru İradə Əzimzadə bildirdi ki, pandemiya dönəmində qapılar bağlı olsa da, onlayn fəaliyyətlə izləyiciləri muzeydəki eksponatlar haqqında məlumatlandırıblar: "Bu müddət ərzində muzeyin sosial şəbəkələrdəki səhifələrində onlayn  müsabiqə elan etdik. O müsabiqə qaliblərini Əzim Əzimzadə tərifnaməsi ilə mükafatlandırdıq.  Qalibləri muzeyə dəvət etdik, sosial izolyasiya qaydalarına əməl edərək onlara tərifnamələri təqdim etdik.  İşçilərimiz  muzeyə gəlir, rəsmlərin, eksponatların, əşyaların şəkillərini çəkib onlar haqlarında sosial şəbəkədə məlumat verirlər. Beləliklə, muzeyə gələ bilməyən izləyicilər sosial şəbəkə vasitəsi ilə həmin əşyalara baxmış olurlar. Onu da deyim ki, pandemiya dönəmində muzeyin eksponatları ilə maraqlanan və bizə yazanlar daha çoxdur".

 Karantin günlərini fürsət bilib muzeydə hər hansı dəyişiklik və təmizlik işlərinin aparıldığını soruşduqda isə müsahibimiz bildirdi ki, əşyaların yerinin dəyişdirilməsi onlardan asılı olan məsələ deyil: "Muzeyimiz açılanda onun tərtibatı Mədəniyyət Nazirliyindən verildi. Bizə bildirildi ki, heç bir əşyanın yeri dəyişdirilməsin. O zaman qədər isə biz muzeydə sərgilər keçirir, yəni Əzimzadənin şəkillərini çıxarıb kimin sərgisi olurdusa, onun rəsmlərini yerləşdirirdik. İndi o şəraitimiz yoxdur. Əvəllər bizim  səyyar sərgilərimiz olurdu, bundan başqa, mühazirələr edirdik. Artıq onların heç biri yoxdur. Hər şey onlayn  keçirilir. Biz nəinki eksponatları onlayn nümayiş etdirir, eyni zamanda  onlayn keçirilən konfranslarda iştirak edirik".

 İradə Əzimzadə bildirdi ki, bu il Əzim Əzimzadənin 140 illik yubileyi qeyd olunacaqdı. Bunu təntənəli şəkildə qeyd etməyi düşünsələr də, planları təxirə salmalı olublar: "Ancaq biz bunun keçirilməsini çox istəyirdik. Əzim Əzimzadənin ev muzeyi  Azərbaycanda  fəaliyyət göstərən ilk ev muzeyi, eyni zamanda  ilk rəssamlıq muzeyi olub.  Belə böyük şəxsiyyətin yubileyini qeyd edə bilmədiyimizə görə təəssüflənirik".

Hüseyn Cavidin ev-muzeyinin bütün kollektivi virusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edənlərdəndir. Ev-muzeyi bir sıra onlayn platformalarda, o cümlədən, "Twitter”də #HuseynCavidinOnlaynEvMuzeyi heştəqi ilə, "Facebookda isə https://www.facebook.com/huseyn.cavidinevmuzeyi  ünvanında ziyarətçilərlə onlayn ünsiyyət yaradıb. Eləcə də, Hüseyn Cavidin ev-muzeyinin rəsmi internet səhifəsində (www.huseyncavid.az) "Virtual muzey” bölməsində ekspozisiya zalları onlayn ziyarət edilib. Belə ki, Hüseyn Cavid yaradıcılığının sosial şəbəkələr üzərindən təbliği yüksək səviyyədə həyata keçirilib. Muzeyin rəsmi "Facebook” səhifəsində kiçik videoçarxlar, ədibə aid fotoşəkillər, eksponatların tarixçələri, Hüseyn Cavidin "Seçilmiş aforizmlər” kitabında yer alan əsərlərindən parçalar paylaşılıb. Həmçinin əməkdaşlar muzeyə ünvanlanan sualları cavablandırılıb. Muzeyin "YouTube” kanalında Azərbaycan, rusingilis dillərində onlayn ekskursiyalarmuzeyin tarixi haqında müxtəlif videolar paylaşılıb və maraqla izlənilib.

Koronavirus incəsənətimizə, mədəniyyətimizə yeni bir sistem gətirdi- onlayn rejim. Belə ki, tarixi yükü dəyərli olan eksponatları da onlayn izləmək kimi bir vərdiş formalaşdırdı.

Muzeylərin fəaliyyəti koronavirus təhlükəsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılsa da, izləyicilərin məlumatlandırılması davam edir. Yetər ki, içinizdə sənət sevgisi olsun.

 

Xəyalə Rəis

Kaspi  2020.- 15-17 avqust.- S.7.