Qarabağın inkişaf trayektoriyasında mühüm paya sahib olacaq rayon

  

Ekspertlərin fikrincə, Laçının təbii sərvətləri ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verə bilər

 

 "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özübir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik”.

Yəqin ki  Prezident İlham Əliyevin Laçınla bağlı bu açıqlaması hamımızın yaddaşına həkk olunub.  Hər qarışına qurban olduğumuz, adına musiqilər bəstələnən, həsrət çəkdiyimiz Laçın artıq bizimdir. Bəs görək Laçının iqtisadi potensialı nədir?

Qələbəyə və bölgənin yeni siyasi-iqtisadi reallıqlarına aparan yol

2020-ci ilin payızında Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən Müharibəsinə başladı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.  Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.   Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycanın ən qədim insan məskənlərindən biri

Müharibədən sonrakı dövr ölkəmizin yeni dövrü hesab olunurişğaldan azad olunmuş bölgələrin  yenidən qurulmasına başlanır. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib.  İşğaldan azad olunmuş rayonlar ölkə iqtisadiyyatına mühüm töhfə verə biləcək.  Laçın rayonu da Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon, Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur.  Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.  1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıqla məşğul idi.  İşğaldan sonra 58736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Rəsmi məlumatlara əsasən isə 2020-ci il yanvarın 1-də laçınlıların sayı 78.565 nəfər olub.

Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Laçın rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, böyük iqtisadi potensiala malikdir:  "İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu. Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın, eyni zamanda, turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək”.

"Həyat yenidən canlanacaq

Milli Məclisin deputatı Mahir Abbaszadənin sözlərinə görə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək: "Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid "Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Eyni zamanda, Laçında 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Laçın Dövlət Təbiət Yasaqlığı isə 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20000 hektar ərazidə yaradılıb. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək”.

 

 "Müalicəvi sanatoriya tipli turizm obyektləri inşa edilə bilər”

 İqtisadçı Vüsalə Əhmədovanınsözlərinə görə isə Laçının ərazisi yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir və işğaldan sonra bu obyektlərin dağıdılması ölkəmizə milyardlarla manat zərər vurub. İqtisadçı bildirib ki, təbii şəraitinə görə Laçın rayonu ərazisində, əsasən əkinçilik və arıçılıq üstünlük təşkil edib: "Ermənistanla həmsərhəd dağlıq ərazidə yerləşən rayon 1924-cü ildə təsis edilib. 1 şəhər, 1 qəsəbə və 125 kənd olmaqla rayonun bütövlükdə ərazisi 1.84 kv.km təşkil edir. İşğal edilməzdən əvvəl rayonda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 orta məktəb, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat tipli məktəb, 1 texniki peşə məktəbi, 1 rabitə evi fəaliyyət göstərirdi. Bu obyektlərin dağıdılması ilə ölkəmizə milyardlarla manat zərər vuruldu. Məlumdur ki, ərazi yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri - qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Rayonda dünyada nadir ağaclardan sayılan qırmızı dəmirağac meşələri, kobalt, uran, dəmir yataqları da var. İllərdir iqtisadiyyatdan kənar qalan rayonun təbii sərvətləri ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verə bilər”.

Ekspert rayonun kurort-rekreasiya potensialının da geniş olduğunu vurğulayıb: "Rayon ərazisində böyük müalicəvi əhəmiyyətə malik 120-dək müxtəlif tərkibli mineral su yataqları var. 20-dən çox müalicə əhəmiyyətli bulaq var ki, bunlardan İlıqsu, Tutqunçay və 4.300 m3/gün ehtiyatı olan Minkənd mineral suları diqqəti xüsusilə cəlb edir. Palıd meşələri, saf qaynaq suları, şəlalələr, dağlar, düzənlər, yaylaqlar rayonun ərazisindən hər növ turizm üçün istifadə etmək imkanı verir. Rayonda, xüsusilə, müalicəvi sanatoriya tipli turizm obyektləri inşa edilə bilər, o cümlədən, dağlıq ərazilərdə dağ-idman turizmi təşkil oluna bilər”.

Vüsalə Əhmədova işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun potensialının böyük olduğunu vurğulayıb: "Bilirik ki, bütün dünya hazırda qida təhlükəsi ilə üz-üzədir. Almaniyanın "Aclıqla Mübarizə Təşkilatı” (Welthungerhilfe) dünya miqyasında aclıq problemi ilə qarşı-qarşıya qalan insan sayının yaxın zamanlarda bir milyarda yüksələcəyini vurğulayır. Təşkilatın 2019-cu il hesabatında dünyada təqribən 820 milyon insanın aclıqla üz-üzə olduğu qeyd olunur. COVİD-19 epidemiyasının yayılması və ardınca qida məhsullarının qiymətlərində yüksəlmə aclıq problemini daha da dərinləşdirib. Hazırda torpağın ən dəyərli olduğu bir dövrdəyik. Dövlət Statistika Komitəsinin hesabatında bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi cəmi 1665,7 milyon hektar göstərilirdi. İndi isə torpaqlarımızın böyük əksəriyyətini işğaldan azad etdik. Hazırkı vəziyyətdə təcili atacağımız ilk addım həmin ərazilərdə sürətlə məskunlaşma aparmaqdır”.

Məlumat üçün bildirək ki, bu bölgədə inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib. Bu, bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaqdır.

6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun...

İqtisadi İslahatlar Mərkəzininməlumatına görə, Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yerli fermerlər üçün əlavə imkanlar yaradır.

Kənd təsərrüfatında əsas bitkiçilik məhsullarının dənli dənli paxlalıların (o cümlədən buğdanın) istehsalı 2450 ton olmaqla üstünlük təşkil edir. Digər kənd təsərrüfatı məhsullarından şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkilərini söyləmək mümkündür. Əhali, əsasən heyvandarlıqla məşğul olmuş iri-buynuzlu mal-qara, arı, qoyun keçilər saxlayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1990-cı ildə Laçın rayonunda təxminən 40 min iribuynuzlu mal-qara, 240 min qoyun-keçi olmuşdur. İşğaldan əvvəl hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı.

Laçın rayonunun ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyi ilə seçilib. Dünyada "Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması Laçın rayonun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Qarabağın yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq.

 

 

Aygün ƏZİZ

 

Kaspi 2020.- 12 dekabr.- S.10.