İgid, mərd, qorxmaz, ədalətli, cəsarətli Atiq

 

 

"Bizə cavab verirdi ki, "əsas Vətəndir””

 

Atiq İbrahimov... Vətən, torpaq uğrunda canından keçən daha bir igidimizdir. 30 yaşında ən uca məqama - şəhidlik zirvəsinə ucaldı...

 

Könüllü şəkildə ordu sıralarına qoşulub. Müharibənin ilk günündən döyüşərək, Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Atiq 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib və Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra Azərbaycana qayıdıb. Rus, türk, ingilis dillərini səlis bilib. Uşaqlıqda karate ilə məşğul olub. Region üzrə ikinci yerə çıxıb və qara kəmər sahibidir.

 

Hərbi xidmətini başa vurduqdan sonra "Azərişıq” ASC-nin "Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib. Evin tək oğul övladı olub.

 

"Salamat qalın, mən getdim”

 

Atiq ailəsinə bildirmədən döyüşə yollanıb. Atası Ariz İbrahimov igid oğlu ilə fəxr edir. Elə onu ayaqda saxlayan da bu uca hissdir: "Sentyabrın 21-də Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən mənə zəng edildi və oğlumu komissarlığa çağırdılar. Atiqdən soruşdum ki, nə məsələdir? Dedi, yəqin, qeydiyyat üçündür, gedərəm. O, orduya getdiyini evdən gizlədib, sadəcə, yolda zəng edərək, "salamat qalın, mən getdim” dedi. Sonra öyrəndik ki, 5 dost birlikdə könüllü olaraq orduya qatılmaq üçün ərizə yazıblar”.

 

Anası Gülüş xanım da oğlu ilə sağollaşa bilməyib. Amma son dəfə əbədiyyətə qovuşduqdan sonra öpüb, qucaqlayıb, isti nəfəsi ilə övladının soyuq bədənini isidib: "Oğlum gülürdü. Üzündəki nur sönməmişdi. O, şəhidlik zirvəsinə gülərək ucalıb. Vətənə sevə-sevə canını fəda elədi. Tovuz hadisələrindən sonra Atiq bütün günü müharibəni düşünürdü, elə hey "Vətən sağ olsun” deyirdi. Döyüşlər başlayan zaman arada bizə zəng edirdi. Həmişə deyirdi ki, ana, bizim üçün dua edin”.

 

Şəhidin atası bildirib ki, oğlu oktyabrın 15-də zəng edən zaman əhvalı yaxşı olub: "Telefonda həmişə gülürdü. Dedi ki, yanımıza Mingəçevirdən oğlan gəlib, onun nömrəsinə zəng edə bilərsiniz. Xeyli danışdıq. Həmin vaxt Ağdərə istiqamətində idi və bildirdi ki, ermənilər onlardan 800 metr kənardırlar. Dedim, qorxmursunuz? Oğlum güldü və dedi ki, ata, onların gündüz hücum etməyə kişilikləri çatmır. "Çox vətənpərvər oğul idi. Hələ uşaqlığından vətənini, bayrağını çox sevirdi. Altıncı sinifdə oxuyurdu, birlikdə futbol oyununun başlamasını gözləyirdik. Qoca nənəsi də divanda uzanmışdı. Oyun başlayanda himn səsləndi, bir də gördüm ki, başını dik tutub farağat dayandı. Əli ilə nənəsinə nəsə işarə elədi, başa düşmədik. Bitəndən sonra bizə irad tutdu ki, "himn çalınır, nənə uzanıb, sən də oturmusan. Axı himn çalınanda ayağa durmaq lazımdır”. Sonuncu zəngində gülə-gülə dedi ki, oktyabrın 18-də gələcəyəm və evdə çiməcəyəm. Oktyabrın 16-da oğlum şəhidlik məqamına ucaldı”.

 

"Ona təzə paltarlar aldım ki, oğlum gələcək”

 

Şəhid anasının sözlərinə görə, oğlunun sevgilisi var idi, noyabrda elçi getməyi planlamışdılar. Oğluna toy edə bilməyən Gülüş xala hər gün Atiqin məzarına xonça düzəldib aparır: "Həmişə deyirdim ki, oğlum, bu il sənin toyunu edək? Deyirdi, ermənilərdən torpaqlarımızı xilas edək, sən nə desən, onu edəcəyəm. Bir gün mənə zəng etdi və hesab nömrəsi verdi. Dedi ki, maaşımdan 100 manat hesab nömrəsinə köçür. Oğlum kasıb ailəyə hər ay kömək edirmiş. Elektrik enerjisi ödəyə bilməyən abonentlərinin bəzilərinin pulunu ödəyirmiş.  Bir də dedi ki, bu həftə gələcəyəm, paltarlarını yudum, ona təzə paltarlar aldım ki, oğlum gələcək. Oğlum gəldi, amma şəhid olaraq... Yoxluğuna dözə bilmirəm. Heç kimi incitməzdi, hamı onu çox istəyirdi. Onun dostu həyətimizdə Atiqin adına şəhid bulağı tikdirdi. Mən məhəlləyə düşəndə elə bilirəm ki, Atiq oradadır, bununla təsəlli tapıram”.

 

"Qabağa baxanda ana, ata, bacı fikirləşmə”

 

Ballıqayadan yola çıxan Atiqin döyüş yolu Suqovuşan, Talış, Cəbrayıl və Ağdərədən keçib. Ağdərə uğrunda döyüşlərdə də şəhidlik zirvəsinə yüksəlib. Atiqin xətrini təkcə yaxınları, doğmaları deyil, cəbhə yoldaşları da çox istəyiblər. O, ailədə necə oğul idisə, döyüşdə də elə idi: mərd, qorxmaz, cəsur: "Döyüşdə olanda imkan düşdükcə zəng edərdi, danışardıq. Deyirdik, oğul, istəyirik ki, həm vətən qayıtsın, həm də sən qayıdasan. Bizə cavab verirdi ki, "əsas Vətəndir”. Cəbhədəki silahdaşları onun haqqında çox yaxşı sözlər deyirdilər. Qazi yoldaşlarının sözlərinə görə, sutka ərzində cəmi 3 saat yatardı. Pulemyotçu idi, bir saat əvvəl çox sakit, təmkinli olan bu adam pulemyotu əlinə alanda qışqırığı hər yeri götürürdü. Səsindən qayalar silkələnirdi. Bir müddət onu bölük komandiri təyin etmişdilər. Yeni gələn əsgərlərə deyirdi ki, qabağa baxanda ana, ata, bacı fikirləşmə. Düşmənin kökünü kəsməliyik. Həyata bir dəfə gəlirik, nə yazılıbsa o da olacaq. Torpağı qaytarmasaq, elə-belə qayıda bilmərik. Biz vətəni seviriksə, torpağı qaytarandan sonra qayıda bilərik”.

 

"Ermənilərin kökünü kəsməyə gəlmişik”

 

Onun silahdaşlarından biri də qazi Samir Tacızadədir. O Samir ki, xəstəxanadan çıxan kimi birinci Atiqi ziyarət etdi: "Atiq bölük komandiri idi, orada doqquz nəfər idik. Səhər mənə dedi ki, sən çıx kəşfiyyat cığırına müşahidəyə. Mən çıxandan beş dəqiqə keçməmiş onları minomyotla vurdular. Orada səkkiz nəfər idilər. Həmin vaxt yaralandım. Gecə ermənilər hücum etmək istəyən zaman Atiq deyirdi ki, Samir, başlayaq? Qışqıraraq, pulemyotdan 300-400 gülləni ermənilərin üstünə yağdırırdı. Sonra deyirdi ki, saydın? Dedim, yox. Zarafatla deyirdi "Yekə kişisən, say da”. Sonra gülürdü, deyirdi ki, biz saymağa yox, ermənilərin kökünü kəsməyə gəlmişik”.

 

Atiqin müəlliminin həyat yoldaşı Aytən Məmmədova deyir ki, Atiq uşaqlıqdan "mən kişiyəm” deyirdi: " Bir gün yoldaşım evə gəldi. Dedi ki, bilirsiniz Atiq bu gün nə edib? Marağa tez soruşdum ki, yenə nə edib Atiq? Yoldaşım heç vaxt şagirdlərindən evdə danışmazdı. Amma Atiqdən tez-tez danışırdı. Dedi, dərsə girmişəm, uşaqlar dedi müəllim Atiq dəli olub. Dedim nə edib? Haradadır Atiq? Dedilər koridorun o baş bu başına "mən kişiyəm” deyib dövr edir. Çölə çıxdım gördüm ki, uşaqlar düz deyir. Atiq uşaq ağlı ilə məğrur şəkildə danışaraq deyir ki, mən kişiyəm. Məni gülmək tutdu. Başını sığalladım dedim ki, hə, kişisən, amma dərsə girmirsən. Atiqin xəbərini eşidəndə yoldaşım səhərə qədər ağı deyib ağladı. Tez-tez bu sözü təkrarladı: oğul, biz sənin sözünü zarafata saldıq. Sən əsl kişisənmiş...”

 

"Mənim qardaşım ən uca zirvədədir”

 

Atiqin bacısı Əfsanə qardaşının qəhrəmanlıqları ilə fəxr edir. Ona çay verdiyi günləri, qardaşı ilə dərdləşdiyi günləri qaytara bilmir. Amma onunla fəxr edir. Ondan geriyə qalanlara ovunur. Tək istədiyi ölüm kəliməsinin qardaşı ilə birlikdə anılmamasıdır. Çünki onun qardaşı ölməyib, əbədiyyətə qovuşub, şəhid olub: "Atiqi 6 dəfə yuxuda görmüşəm. Mən Atiqə kiminsə "ölüb” deməyini götürə bilmirəm. Bizə təsəlli üçün gələnlərdən biri belə bir cümlə işlətdi ki, "Atiq öləsi oğul deyildi”. O söz məni yaraladı, 10 saat dayanmadan ağladım. Gecə yuxuma girdi və mənə dedi ki, Əfsanə, mən ölməmişəm, əbədiyyətə qovuşmuşam. Mənim qardaşım ən uca zirvədədir”.

 

Ailəsi 30 illik övladlarının bir çox xüsusiyyətlərini şəhid olandan sonra tanıyıb. Oğullarının şəhadətindən sonra onun hələ də açıq olan telefonuna zənglər gəlir, ona olan borclarını qaytarmaq istəyirlər: "Uşaqlar zəng edirlər ki, Atiqin 20 manatını, ya 30 manatını gətiriblər. Məlum olur ki, "Azərişıq”da işlədiyi müddətdə kasıb adamların yerinə işıq pulunu köçürüb. Deyirdim ki, kim gətiribsə, verin, halva çalıb ehsan paylasınlar. İndi də zənglər gəlir, telefonu açıqdır, çox axtarırlar onu. Bir neçə gün əvvəl Şəhidlər Xiyabanında bir uşaq gəlib məni qucaqladı. Cəmi 19-20 yaşı olardı, baxdım ki, ayağı da axsayır, nəsə problemi var. Soruşdum ki, Atiqi tanıyırdın?! Dedi ki, bizim ailəni o saxlayırdı. Hər ay maaşından hesabıma 100-120 manat pul köçürürdü. Biz onun çörəyilə dolanmışıq...”.

 

Atiq İbrahimov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Unutmayın, əgər pərdəni açanda göydə günəşi görürsünüzsə, o gözəl günlərin bədəlini canı ilə, qanı ilə ödəyən şəhidlər var. Eynilə Atiq kimi...

 

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Aygün ƏZİZ

 

Kaspi  2020.- 19 dekabr.- S.8.