Sadə poeziyanın həqiqətləri
Poeziya düşüncə
və təfəkkür hadisəsidir. Mən
ümumiyyətlə ədəbiyyatı dil
faktoru hesab eləmirəm.
İspan yazıçısı Migel de Servantesin
yazdığı "La Mançlı
ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de
la Mancha) romanı azərbaycanlı
oxuculara rus dili vasitəsi ilə, yəni ikinci
dildən "keçərək gəlib çıxıb”.
Biz bu əsərdə
dilin yox,
düşüncənin, təfəkkürün gücünü görürük.
Ədəbiyyat dil hadisəsi olsaydı,
oxucularımız dünya ədəbiyyatının
şah əsərlərinin zövqündən
məhrum olardılar. Azərbaycan ədəbiyyatı
haqqında bunu demək mübahisə
yaradır. Bəlkə də, Azərbaycan ədəbiyyatı
düşüncənin, təfəkkürün yox, dilin hadisəsidir...
Qayıdaq poeziya haqqında düşüncələrə. Poeziya xüsusən indiki dövrdə, sadə və aydın olmalıdır, pafosdan uzaqda dayanmalıdır. Söz oynatmalar, nəsihətamiz ifadələr, təqlidlər təəssüf ki, bugünkü şeirin əsas materialını təşkil edir. Poeziyanın sadəliyini mən daha çox dünya ədəbiyyatı nümunələrində hiss edirəm, oxuyuram, zövq alıram. Hər dəfə, rast gələndə əsl poeziya haqqında düşüncələrimi oxucularla bölüşürəm, təbliğ edirəm. Mənim üçün əsl şeir odur ki, onu oxuyanda adi sözlər, sadə misralar olduğunu, görəsən, lakin adiliyin, sadəliyin sirri səni ovsunlasın, təsirindən çıxa bilməyəsən
Serb şairi Radomir Andriçin şeirləri əsl poeziyanı hiss etmək üçün sübut ola bilər. Sadəlik və fikirlərin aydın olması Andriç şeirlərinin mahiyyətini təşkil edir. İnanıram ki, onu şeirləri dünyanın hər yerində eyni təsirə malikdir, eyni hissləri ifadə edir. Bəşəriyyət üçün yazmaq da elə budur. Serb dilində yaranan bu şeirlər asanlıqla digər dillərdə də səslənir, özünə yeni ünvanlar qazanır. Radomir Andriç "Həqiqət” adlı şeirdə həqiqəti sadə və boyasız təsir edib:
Raskolnikovun əlindən
baltanı qoparıb alan qarı
bir zərbə ilə
öz başını paraladı.
Müəllif, Raskolnikovun qarını öldürməsinin səbəbini kiçik şeirdə bər-bəzəksiz, pafossuz ifadə edib. Eyni zamanda həqiqətin əsl üzünü açıb göstərib. Raskolnikovun qatil olması səbəbinin qarının özündə olduğunu və buna xidmət edən, Dostoyevskinin səhifələrə sığmayan bədii izahlarını yuxarıdakı misralara sığdıra bilib. Digər tərəfdən Dostoyevskidən fərli olaraq Andriç daha real düşünür, qarının başına gətirilən cinayətin birbaşa olaraq qarının öz cəzası olduğunu yazır. Göründüyü kimi bu sadə misralarda böyük həqiqətlər gizlənib. Burdan daha bir məsələ aydın olur ki, sadə yazmaq heç də asan deyil.
Radomir Andriç "Kölgə” şeirində yenə də bər-bəzəksiz peşəkarlıq göstərib.
Hərbi
yürüşdən
Troya istehkamına
Odissey deyil,
yalnız onun kölgəsi qayıtdı.
Epik qəhrəman
hələ də Scilla və Xaribdanın
ölümcül qayaları
arasında,
kəşf olunmamış
bədheybətləri
və parıltılı
gözəllikləri
tapmaq yanğısının
qovduğu
ilğım qayığındadır
–
əlbəttə, kor nəğməkarın xəyalında.
Şeirdə müəllifin açar sözləri gəlişigözəl
ifadələri və
təsvirləri yerindəcə
əvəz edir. Troya, Odissey, Epik qəhrəman,
kor nəğməkar
kimi "açarlar” oxucunu lazımı ünvana aparır. Qaranlıq qalmasın deyə bildirim ki, kor
nəğməkar yazarkən
şair, ulu əcdadı olan Homeri nəzərdə tutur.
Sadəlik poeziyanın birinci şərti olmasa da, indiki qloballaşan
və mürəkkəbləşən
dünyada əsas şərtlərindən sayılır. Görünən odur ki, indi
poeziyanı süni şəkildə mürəkkəbliyə
doğru sürükləyirlər,
onu lazımsız informasiyalarla, nəsihət
tipli ifadələrlə,
pafoslu bənzətmələrlə
yükləyirlər. Bu
da əsl poeziyadan uzaqlaşmaq, naməlum və qaranlıq istiqamətə
üz tutmaq deməkdir.
Səxavət Sahil
Kaspi 2020.- 1-3 fevral.- S.15.