Malkolm Qladvel: Məni yaradan kitablar
Liderlərin, uğur simvollarının
araşdırılmasına uzun illər əmək vermiş Malkolm Qladvel dünyanın ən çox satan
müəlliflərindəndir. Onun kitablarının çox
satılmasının sirri
isə öz fikrincə, əməkdir.
Bir-birindən məşhur altı
kitabın müəllifi
Qladvel bu əsrdə istedadın və biliyin əməksiz, araşdırmasız
rəqabətə davam
gətirə bilməyəcəyinə
inanır. Sosiologiya, psixologiya
və sosio-kommunikasiya
kimi sahələrdə
geniş araşdırma
və sorğulara müəlliflik etmiş Qladvel kitabların "yön vermə, yön dəyişmə” qabiliyyətinin olmadığı
fikrini qətiyyətlə
rədd edir. "Guardian” acgöz oxucu, yorulmaz araşdırmaçını "Məni yaradan kitablar” ədəbi rubrikasına qonaq edib.
Hazırda oxuduğum kitab
– Bad Şkulberqin "Oynayan
şəkillər: Hollivud
şahzadəsinin xatirələri”
("Moving Pictures: Memoirs of a Hollywood Prince”) əsəri.
Maddi vəziyyəti yaxşı
olan bir kinostudio sahibinin oğlunun yaradıcılıq
qabiliyyəti məni heyran edir. Hələ "Liman”
("The Waterfront”) romanını təsadüfən oxuyanda
tez axtarışa çıxdım ki, başqa bir romanı varsa, onu da oxuyum.
Bu əlimdəki kitabı acgözlüklə
oxuyuram. Ümumiyyətlə, cah-cəlalı, dəbdəbəsi
ilə milyonlarla insanın xəyalını
bəzəyən yerlərin
pərdəarxası hekayələri
məni son zamanlar çox həyəcanlandırır.
Şkulberqin də o pərdəarxası
studioda çox qeyri-adi həyatı keçib. Maraqlı hekayələr haqqında
nə yazanda, nə danışanda söhbəti yekunlaşdırmaq
olmur.
Həyatımı dəyişdirən kitab –
Aman Allahım, haradan başlayım? Bu siyahıya yüzdən çox sərlövhə
daxil edə bilərəm. Ən
yaxşı ilklərdən
birini fikirləşim...
Aqata Kristinin "Roger Akroydun qətli” ("The murder of Roger Ackroyd”)
romanının adını
çəkəcəyəm yəqin ki. Bu romanı oxuyanda haradasa 12 yaşım vardı, amma yəqin ki, 70 yaşıma da çatsam, romanın məni şok edən sonluğunun bəxş etdiyi duyğunu unutmayacağam. Bəlkə də, əsl təhkiyə ilə ilk tanışlığım
idi, bilmirəm... Sonralar da dəfələrlə eyni həzzi duyaraq oxumuşam bu romanı.
Müəllifi olmaq istədiyiniz kitab – Janet Malkolmun "Jurnalist və qatil” ("The jurnalist and
the murderer”) romanı. Yeni nəsil
yazarlar "boss-yazarlar”-dır. Qələmlərindən nə çıxıbsa,
onun sahibidirlər.
Bizim nəsil isə eləymiş kimi davranmağa çalışsa
da, hansısa bir duyğu bizi həmişə bir addım geridə dayanmağa sövq edir.
Üzərinizdə uzun müddət təsiri qalmış əsər – "Qaranlıq
tərəf” ("The blind side”) romanı. Paralel hekayələrlə bu dünyaya aid həyatların saf, mübaliğəsiz və
yersiz kədərə
dalmadan təsvir edildiyi gözəl bir nümunədir. Bu kitabı 2-3 və
daha artıq dəfə oxumağa dəyər.
Layiq olduğu
dəyəri görməyən
kitab – Son dövrlərin
nəşrləri arasından
seçim edəcəyəm. Məncə, Ceyerd Daymondun "Silahlar, qızıllar və polad” romanı. Tarix heç də
sadəcə tarixçilər
tərəfindən yazılmır.
Ya da nəyin haradan
çıxıb, hara
getdiyini bilmək üçün kəşfiyyatçı
olmağa ehtiyac yoxdur. Qüsursuz bir hekayə
sizə geoloji nüansları da unutdura bilər. Daymond mübahisəsiz, ziddiyyətsiz
tarixin və hadisələrin universitetlərdə
öyrənildiyindən çox
fərqli olduğunu göstərib. Amma bu kitab haqqında
çox az
danışıldı, çox
az oxundu, çox tez unuduldu
Düşüncə tərzimi dəyişən
kitab – bu sualdan qaçmayacam. Amma hər
kitab insanın düşüncə tərzinə
təsir göstərir,
dəyişdirir, formalaşdırır.
Az da
olsa, bir damla da olsa,
hər kitab düşüncəmizdə iz
qoyur. Sualın cavabına gəldikdə,
Devid Enriçin "Hörümçək toru”
("The spider network”) romanıdır.
Bir dəfə tətil üçün ev kirayələmişdim,
kimsə bu kitabı yataq otağında unutmuşdu.
Məni ağladan kitab – oxucunun ağlaması kitab haqqında fikrinizi dəyişməməlidir. Ağladan yaxşı
kitabdır?! Kitablar məni
ağlatmır. Mənə səs
lazımdır duyğulanmaq
üçün. Film izləyəndə ağladığım
çox olub.
Ən son güldüyünüz
hekayə - Gülüş
ustası Vudi Allenin "Lələklərsiz”
("Without feathers”) klassikası. 20 il əvvəl oxumuşam. Yadıma düşmüşkən gərək bir də oxuyam.
Oxumadığınız üçün utandığınız
kitab – Tolstoy irsinə
tamamilə yadam. Bütün əsərlərini
alıb, nəhəng
bir boş zaman arealı üçün saxlamışam.
Aram-aram oxuyub,
həzm etmək istəyirəm.
Hansı
kitabınızla xatırlanmaq
istərdiniz – Növbəti
kitabımla!
İngilis dilindən tərcümə edən:
Elcan Salmanqızı
Kaspi 2020.- 1-3 fevral.- S.13.