“Tanış-tapşırıq”
teatrı
Belə söhbətlər
hər zaman olsa da, teatrların əməkdaşları bu yollarla aktyor
işə götürmədiklərini bildirirlər
Elə peşələr var
ki, kənardan cazibəli və bir o qədər də asan görünürlər. Ancaq
onun dərinliyinə vardıqda, asan göründüyü
qədər çətin, məşəqqətli və
keşməkeşli olduğunu kəşf
edirik. Aktyorluq sənəti
də onlardan biridir.
Bizdən əvvəlki nəsil deyir ki, aktyorlar ali
təhsil ocaqlarını bitirdikdən sonra
dövlət sifarişi ilə bölgə
və paytaxt teatrlarına göndərilir
və işlə təmin olunurdular. İndi isə sistem fərqlidir.
Belə ki, adətən teatrlarda
çalışan baş rejissorlar
ali təhsil ocaqlarında dərs dedikləri
tələbələrini teatra cəlb
edirlər. Bununla yanaşı, bəzən
hətta kiminsə tapşırıqla və ya
qohumluq əlaqəsinə görə
işlə təmin olunduğunu da eşidirik. Məsələnin
əslini öyrənmək üçün
teatrlarla əlaqə saxladıq. Onlardan işçi qəbul
edərkən nəyi əsas tutduqlarını xəbər
aldıq.
Akademik Milli
Dram Teatrının mətbuat xidmətindən
verilən məlumata görə, ölkənin ən böyük teatrına işçi
qəbul olunarkən bütün normalar nəzərə alınır: "Təbii
ki, digər mədəniyyət müəssisələri
ilə müqayisədə bizim teatrda çalışmaq istəyənlərin
sayı çoxdur. Amma
biz kadr və truppa məsələlərinə həssas və
diqqətli yanaşırıq. Təbii ki son vaxtlar truppada yeniliklər olub, gənclər qəbul olunub. Sevindirici haldır
ki, teatrımızın
görkəmli sənətkarları
həmin gəncləri
teatrın gələcəyi
kimi çox gözəl qəbul edir və öz
təcrübələrini bölüşürlər”.
Akademik Musiqili Teatrın mətbuat xidmətindən aldığımız
məlumata görə
isə, artıq 5 ildir ki, teatra
yeni işçilər
qəbul etmək üçün müsabiqə
keçirilir. Vakansiya elan olunan ərəfədə teatrda
çalışmaq üçün
çoxsaylı müraciətlər
olur. Müraciət
edən aktyorların plastikasına, səhnə
məharətinə, xüsusən
də səs diapazonuna diqqət yetirilir: "Misal üçün, ötən
il 11-12 iyul tarixlərində teatrımızda
istedadlı gənclərin
üzə çıxarılması
və işə qəbulu ilə bağlı müsabiqənin
ilk seçim turu keçirildi. Teatr və kino sənətimizin görkəmli
nümayəndəsi, Xalq
artisti, Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədovanın
rəhbərliyi ilə
iki gün davam edən bu müsabiqədə 60-a
yaxın iddiaçı
öz vokal imkanlarını və artistlik məharətlərini
nümayiş etdirməyə
çalışdılar. Teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə
aparılan seçimin
yekununda Şəfiqə
Məmmədova nəticələri
elan edərək, bildirmişdi ki, əslində bu müsabiqənin məqsəd
və tələblərinə
uyğun olaraq, teatra istedadlı, gözəl vokal imkanları, xoşagələn
görkəmi və təbii ki, ilk növbədə səlis
danışıq qabiliyyəti
olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti
seçdikləri ixtisası
layiqincə dəyərləndirmirlər.
2 gün ardıcıl
davam edən bu turda 60-a yaxın
iştirakçı arasından
cəmi iki nəfər bu müsabiqənin tələblərinə
az da
olsa cavab vermişdilər. Belə ki, xor truppasına
Orxan Mirzəyev və Tural Məsimov,
eləcə də orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları)
və Bahadur Rzayevlə Turanə Novruzova (skripka ifaçıları) seçildilər”.
Abdulla Şaiq adına
Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri
Həmidə Rüstəmova
bildirir ki, Kukla Teatrı mütəmadi olaraq aktyor ştatını yenilməkdə maraqlıdır:
"Teatrımız yeni
texnikaları bilən,
yeni aktyor oyununa malik, səhnə manevrlərinə
bələd olan istedadlı, bacarıqlı
gəncləri öz tərkibində görmək
istəyir. Ancaq təbii ki,
bizdə əsas tələb aktyorun kukla idarəetməsini bacarmasıdır. Təəssüf
ki, yaradıcı gəncləri yetişdirən
ali təhsil
ocaqlarımızda kukla
teatrı aktyorluğu
fakültəsi yoxdur,
heç kurs kimi də tədris
olunmur. Bunu da onunla əsaslandırırlar ki,
hər aktyor Kukla Teatrının aktyoru olmaq arzusunda
deyil. Qonşu ölkələrin təhsil
sistemi ilə müqayisə aparanda görürük ki, onlar ali
təhsil ocaqlarında
aktyor yetişdirərkən
sənətin bütün
istiqamətlərini tədris
edirlər və ikinci kursdan etibarən aktyor seçimini edərək özünü realizə
etməyə çalışır.
Ancaq bizdə isə sistem bir qədər
fərqlidir. Teatr canlı
sənətdir və səhnəyə çıxmaq
üçün aktyordan
plastika, danışıq
qabiliyyəti, intellektual
səviyyə tələb
olunur. Komediya, musiqili teatr, dram və digər teatr janrlarında çalışan
aktyorlardan fərqli
olaraq Kukla Teatrının aktyoru olmaq çətin və mürəkkəbdir.
Çünki yalnız səsin
və kukla ilə ünsiyyətin ilə tamaşaçıya
nüfuz edə bilirsən”.
H.Rüstəmova hər aktyorun Kukla Teatrında çalışa bilməyəcəyini
qeyd etdi: "Kukla Teatrının aktyorundan tələb olunan keyfiyyətlər var ki, onu
digər aktyorlar qavrayıb, tamaşaçıya
ötürə bilmirlər.
Ötən il
aktyorluq ştatına
aktyorlar dəvət etdik. O aktyorlar hazırda teatrda fəaliyyət göstərirlər.
Demək olar ki, hər il yeni aktyorlar
cəlb etməyə çalışırıq. Müraciətlər həddindən artıq çoxdur. Ötən ildə 2 məzun
işlə təmin olundu. İndi onlar əsas
obrazları oynayırlar.
Bundan başqa, Günay Əhmədi aktyor ştatına dəvət
etmişdik. O, son dövrlər
serial və filmlərdə
mütəmadi olaraq gördüyümüz aktrisalardandır.
Hazırda məşq prosesində
olan "Paralel 2” tamaşasında qəhrəmanı
canlandıracaq. Onun
səhnə plastikası,
səsi, dinamikası imkan verdi
ki, kuklanı yaxşı mənimsəsin”.
H.Rüstəmovanın sözlərinə
görə, bu günə qədər hansısa aktyoru kiminsə qohumu olduğu üçün
ştata qəbul etməyiblər: "Aktyor
ştatına son dövrlər
cəlb olunanlar Adil, Yasin, Ramiz
və Günay Əhməddir. Onlar heç kimin
tapşırığı ilə gəlməyib.
Bizim teatrda belə şey yoxdur. Kassaya işləyən teatrlarda
tapşırıq olmur.
Uşaqlar elədir ki,
kuklasını sevməyən
aktyora baxmazlar, onu alqışlamazlar.
Səhnədə aktyor yaxşı
aktyor deyilsə, kimin tələbəsi olmasının dəxli yoxdur”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
YUĞ Dövlət Teatrının
ədəbi hissə müdiri, teatrşünas
Elçin Cəfərov
teatrlara yeni aktyorların qəbulunun bilavasitə teatrın yaradıcı strategiyası,
repertuar siyasəti ilə bağlı məsələ olduğunu
qeyd etdi: "Bildiyiniz kimi, sovet dövründən fərqli olaraq, bu gün təyinat
sistemi mövcud deyil. Prinsip etibarilə, bunun
məntiqli olduğunu
düşünürəm. Bazar iqtisadiyyatı şəraitində təyinat
sistemi işlək ola bilməz.
Bu gün Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin məzunları
və tələbələri
arasında istedadlı
gənclər az deyil. Onların əksəriyyəti
təhsilini başa vurduqdan sonra iş problemi ilə üzləşirlər.
Çünki teatrların ştat
vahidləri məhduddur
və bu məhdud imkanlarla teatrlar istəsələr
belə, hər il onlarla məzunu
işlə təmin edə bilməzlər”.
YUĞ kimi kiçik teatrlarda yeni aktyorların işə cəlb olunmasının problemli məsələ olduğunu deyən E.Cəfərov bunu kütləvi şəkildə
həyata keçirməyin
mümkünsüz olduğunu
deyir: "Aktyor truppası böyük olan teatrlar, bu mənada, daha çox imkanlara sahibdirlər. YUĞ Teatrının truppasının əksəriyyəti
Vaqif İbrahimoğlunun
tələbələrindən ibarətdir. Bu gün də teatrın truppası, əsasən, burada çalışan sənətkarların
tələbələrindən ibarət gənc kadrların hesabına genişlənir. Misal üçün,
sonuncu tamaşamızda
gənc istedadlı aktyor Ziya Ağa
çıxış etdi.
Teatrlara yeni aktyor kadrlarının
cəlb edilməsi bilavasitə baş rejissorun səlahiyyətində
və maraq dairəsində olan məsələdir. Teatr rəhbərlərinin və baş rejissorların öz tələbələrini teatra
cəlb etməsi anlaşılandır. Təbii ki,
hər bir rejissor öz tanıdığı, istedadına
inandığı aktyoru
işə cəlb etmək istəyər.
Digər aktyorların
işlə təmin edilməsi məsələsinin
həlli isə köklü islahatların
nəticəsində mümkün
ola bilər.
Düşünürəm ki, aktyor kadrlarının hazırlanması
işində tələb
və təklif nisbətini nəzərə
almaq lazımdır”.
Müsahibimiz ölkədə teatr
industriyası yaranarsa,
özəl teatrlar inkişaf edərsə, aktyorlar da təhsilini
bitirdikdən sonra asanlıqla iş tapa və öz
peşələri ilə
rahat şəkildə
məşğul ola biləcəklərini
qeyd etdi.
Xəyalə Rəis
Kaspi.-2020.-1-3 fevral.-S.8.