Ədəbiyyat adamı millət
vəkili olmaq istəyirsə...
"İndi tamam başqa münasibətlər
formalaşmalıdır"
Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə namizədlər arasında bir neçə ədəbiyyat adamı da var. Qeyd edək ki, indiyə qədər də parlament seçkilərində ədəbiyyat adamları namizədliklərini irəli sürüb və Milli Məclisdə təmsil olunublar.
Hazırda təbliğat
mərhələsi sona
yaxınlaşır. Ədəbiyyat adamları arasında isə
"Görən ədəbiyyat adamlarının seçilməsinin
ədəbiyyatımızın inkişafına hansı
faydası olacaq” sualı müzakirə olunur. Fikirlər də birmənalı deyil. Bəzi ədəbiyyat adamları "bu, ədəbiyyatımızın xeyrinə olar” deyirlərsə, bəziləri "seçilə biləcək
adamların hər hansı iş görə
biləcəyinə inanmıram” deyirlər.
Yazıçı-publisist Nəriman Əbdülrəhmanlıya görə, Milli Məclisə seçilməklə ədəbiyyatın inkişafına yardım göstərmək mümkün deyil: "Bu vaxtacan parlamentdə daha adlı-sanlı və nüfuzlu qələm adamları - Anar, Əkrəm Əylisli, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Elmira Axundova, Hüseynbala Mirələmov, Mizami Cəfərov, Aqil Abbas... əyləşiblər, amma bunun ədəbiyyata nəzərəçarpacaq təsiri olmayıb. Halbuki, bəziləri uzun müddət parlamentin mədəniyyət komissiyasını sədri və ya üzvü olublar. Hətta bu illər ərzində kitab nəşrinə xeyli mane olan ƏDV-nin (Əlavə Dəyər Vergisini) faizini aşağı salmaq, yaxud tamamilə ləğv etmək məsələsi kimi vacib bir problem həll olunmayıb ki, ədəbiyyat adamları öz vəsaitləri hesabına kitab çap etdirəndə onların canlarına dua oxusunlar. Yeni seçilə biləcək söz adamlarının da bu yönümdə müəyyən iş görəcəklərinə inanmıram. Uzaqbaşı bir beçə nəfərin müəyyən problemlərinin həllinə kömək edə bilərlər, vəssalam”.
Yazıçı İlqar Fəhminin fikrincə, ədəbiyyat adamlarının Milli Məclisdə təmsil olunmalarının həm mənəvi, həm texniki baxımdan əhəmiyyəti var: "Tarixən görmüşük ki, ədiblərimiz ictimai həyatda daha fəal iştirak ediblər. Az qala hökmdardan tutmuş sovet dövründə nazirlər sovetinin sədri və ya parlament sədrinə qədər ədəbiyyat adamları təmsil olunublar. Dövlətçilik tariximizdə söz adamlarının özünəməxsus yeri olub. Ölkənin ağır günlərində də meydanlarda, azadlıq hərəkatında həmişə söz adamlarımızı mübarizənin ön sıralarında görmüşük. Bu baxımdan, xalq da bunu görür və dəyərləndirir. Bu, sırf Azərbaycan xalqının söz əhlinə olan hörmətindən irəli gəlir. Yəni söz əhlinə inanmaq, etibar etmək xalqımıza xas adətdir. Əsrlər boyu xalqımızın söz əhlinə inamı olub, həmin inam bu gün də davam edir”. Yazıçı bildirdi ki, Milli Məclisin Mədəniyyət Komissiyası parlamentdə ədəbiyyat adamlarından ibarət olub. Yəni bu yükü onlar öz çiyinlərinə götürüblər: "Hesab edirəm ki, bu ənənənin bundan sonra da davam etməsi çox yaxşıdır. Çünki xalqımız sözü, söz əhlini sevir, ona inanır. Bu baxımdan tanınmış söz və qələm adamlarının parlamentdə təmsil olunması çox müsbət haldır”.
Şair Aqşin Yenisey hesab edir ki, bütün zamanlarda siyasətin içində ədəbiyyatla, ədəbiyyatın içində siyasətlə məşğul olan müəlliflər olub: "Milli Məclis üzvü Millət vəkili adlanır. Əgər bir yazıçı və ya şair həm də siyasət
meydanında millətin vəkili olmaq istəyirsə, nə gözəl!
Mədəniyyət
sahəsində xeyli boşluqlar
var; dünyada oxunmuruq, musiqimiz səslənir,
müəllif adı əvəzinə "anonim”
yazırlar, ölkədə beynəlxalq səviyyədə ədəbi-mədəni
müzakirələr keçirilmir. Bütün ölkə, mədəniyyəti toy müğənniləri səviyyəsində
izləyir və başa düşür.
Bu
halın yaranmasında yəqin ki, mədəniyyət,
ədəbiyyat, sənət sahəsində özünütənqidi
yaxına buraxmayan səlahiyyətli
orqanların "əməyi” böyükdür.
Əgər parlamentdə onlardan hesabat tələb eləyən bir vəkil olsa, belə
sükunətli vəziyyət olmaz. İnanaq ki, millət vəkili
olmaq istəyən sənət adamları
o yerə susub maaş almağa yox, danışıb hesab
sormağa gedirlər. Əgər bu, baş verməyəcəksə,
indidən təəssüflənək”. Yazarın fikrincə,
gənclərin – istər ədəbiyyat adamı olsun, istər digər sahənin təmsilçiləri
– siyasət meydanına atılması xoş
mənzərədir: "Sosial şəbəkədən
izlədiyim qədəri ilə xalq özünün müstəqillik illərində
doğub-böyütdüyü
övladları ilə daha yaxından
maraqlanır, nəinki sovet dövründən
qalma yaşlılarla. Bu,
həm də ictimai-siyasi bir
mesajdır. Xalq gənclərin yolunu gözləyir bütün
sahələrdə. Ona görə də,
savadı, biliyi, istedadı olan gənclərə qapıları açmaq lazımdır. Üstəgəl, onlar özləri də bu
qapıları döyməyə başlayıblarsa. Hər bir gəncin ictimai aktivliyini dəstəkləyirəm”.
Yazıçı Orxan Fikrətoğlunun
fikrincə, bu seçkilərin təbliğat
kompaniyası bir qədər poetik olub. Xüsusilə,
namizədlərin çılğınlığı, mövcud vəziyyətə adekvat
reaksiya verməmələri, ümumiyyətlə,
reallığı anlamamaları öndədir: "Əslində,
ədəbiyyat adamı, inanmıram ki,
siyasətə qatıla və özünü
Milli Məclisdə deputat
şəklində istifadə etməyə çalışa.
Digər tərəfdən onların sabah
Milli Məclisdə Azərbaycan ədəbiyyatına
xidmət edəcəklərinə inanmıram. Azərbaycan ədəbiyyatına
bu reallıqda istedadlıları göndərməyə
yalnız Allah kömək edə bilər.
Çünki bunun təşkilatlanması,
zövq amilinin geri qayıtması məsələsi var. Yəni bu cür müşküllər, nüanslar
çoxdur”. Yazıçı hesab edir ki,
Milli Məclis qanunvericilik
orqanıdır və orada daha
çox hüquqşünaslar,
iqtisadçılar təmsil olunmalıdır: "Azərbaycanın
bütün sahələri intibaha təşnədir. Bütün
sahələrdə yeniliklər olmalıdır. Bunu bilən, qanunları yazacaq
insanlar orada
olmalıdır. Parlamentin Mədəniyyət
komissiyasında həmişə ədəbiyyatçılar
təmsil olunub. Ancaq
onların ədəbiyyata hansı xeyri olub? Bu gün
yazıçı böyük problem içindədir. Yazıçı
iqtisadiyyatını öz ədəbiyyatı
ilə qura bilmir. Bu gün
yazıçı nəşriyyatla problem
yaşayır, oxucuya çıxmaq problemi var. Ümumiyyətlə,
Yazıçılar İttifaqında təşkilatlanmanın
özü də artıq arxaizmdir.
İndi tamam başqa münasibətlər
formalaşmalıdır. Bunu da həmin Milli Məclis qanunlarla tənzimləməlidir”.
Yazar Səxavət Sahil hesab edir ki, yazıçıların parlamentdə təmsil olunması ədəbiyyatımızın inkişafına kömək edə bilər. Ədəbiyyatımızın bugünkü problemlərini o tribunadan səsləndirmək işin xeyrinə olar: "Bu gün bizim ədəbiyyatın və ədəbiyyat adamlarının çoxsaylı problemləri var. Bunları ali kürsüdən səsləndirmək, onların həllinə nail olmaq üçün yazarların və şairlərin millət vəkili olması çox vacibdir. Belə olduğu halda deputat yazarlar həm problemləri səsləndirər, həm də onların həllinə nail olarlar”. Yazarın fikrincə, gənclərin deputat olmaq istəyi olduqca yaxşı haldır. Onlar ictimai-siyasi həyatda fəal olmağa çalışırlar, xalqı təmsil etmək istəyirlər. Bu baxımdan düşünürəm ki, təqdir olunmalıdır, çünki gənclər daha çox enerjilidir, həvəslidir. Problemlərə yanaşmaqda alternativ yollar düşünə, kreativ addımlar ata bilirlər. Gənc ədəbiyyat adamlarının parlamentdə təmsil olunması həm ədəbiyyatımızın, həm də cəmiyyətimizin inkişafına müsbət təsir göstərə bilər”.
Təranə Məhərrəmova
Kaspi 2020.- 1-3 fevral.- S.10.