Azərbaycan kitabının hamisi və dostu
O, bu şöhrətin zirvəsinə necə
yüksəlib
Azərbaycanda kifayət qədər tanınan, ilk poliqrafçı alimimiz Şəddad Cəfərovun səksən yaşı tamam olur. Onu dəyərli bir mütəxəssis və öz peşəsinin vurğunu olan bir insan kimi səciyyələndirən bir neçə kitab yazılıb, onlarla məqalələr qələmə alınıb. Ona şeirlər, poemalar həsr edilib. «Kredo» qəzeti,«Söz» jurnalı və digər mətbuat orqanları Şəddad müəllim haqqında xüsusi buraxılışlar təqdim ediblər. Yazı-publisist Fatma Həsənqızının «Acılı-şirinli günlər», «Söz» jurnalının redaktoru Sevda Əlibəylinin «İlk poliqrafçı alim», yazıçı Ağəddin Mansurzadənin «Atalar üçdən deyib», jurnalist İsaq Əmənullayevin «Şəddad Cəfərovun bioqrafiyası” (Azərbaycan, ingilis, rus, türk dillərində) kitabları, həmçinin Azərbaycanın tanınmış ziyalılarının onun haqqında məqalə və çıxışları (Ziyad Səmədzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Yusif Kərimov, Aqşin Babayev, Əlibala Hacızadə, Hadi Rəcəbli, Məzahir Süleymanzadə, Əli Rza Xələfli, Allahverdi Eminov, Əlövsət Baxışov, Zeydulla Ağayev və b.) bir daha sübut edir ki, Şəddad Cəfərov səksən yaşına qədər şərəfli bir ömür yolu keçib. Təkcə bu deyil, keçmiş SSRİ məkanında, xüsusilə Moskvada və Ulyanovsk şəhərlərində onu çox yaxşı tanıyırdılar. Görəsən, bu şöhrətin zirvəsinə o, necə yüksəlib?
Azərbaycanda öz işinin fanatiki olan mütəxəssislər, peşə sahibləri az deyil. Bu fanatikləri səciyyələndirən birinci xüsusiyyət onların canındakı yaşamaq-yaratmaq yanğısıdır.
Yaşamağı hamı bacarar, amma bu
yaşamağı yaratmağa, hamıdan seçilib öz peşəsinin
Məcnunu olmağa səfərbər etmək
çoxlarına müyəssər olmur.
Şəddad Cəfərov Azərbaycan mətbuatının,
ölkəmizdə fəaliyyət göstərən nəşriyyatların
tarixində iz buraxan bir mütəxəssisdir, mətbuat və
nəşriyyatlarla əlaqəsi olan əksər
yazıçıların dostudur.
İnsanın keçdiyi ömür yolu, öncə onun tərcümeyi-halında əks olunur. Əgər bu tərcümeyi-hal yalnız quru rəqəmlərdən və göstəricilərdən ibarət deyilsə…Onun tərcümeyi-halı mənalıdır, amma burada sevinc, iztirab, uğurlar və həm də çətinliklərlə bir sıradadır. Əslən Lənkəranın Gərmətük kəndindəndir. Babası Hüseyn kişini 1927-ci ildə Sibirə sürgün ediblər. Atası Muğdad kişi ailəsi ilə birgə Bakıya köçüb, Bülbülə qəsəbəsində məskən salıb və 1940-cı ildə Şəddəd dünyaya gəlib. Çətin illər idi. Müharibə təzəcə başa çatmışdı. Yeddi illik təhsildən sonra Şəddad ailəsinə köməyi dəysin deyə, keçmiş «26-lar» mətbəəsində işə girir. Halbuki, onun ən böyük arzusu təyyarəçi olmaqdı. Ovaxtkı mətbəələrdə ən qorxulu sex, sinkoqrafiya sexi idi. Burada işləmək zəhərlə «qidalanmaq», o zəhəri ciyərlərinə çəkmək deməkdi. Amma Şəddad bu mübarizədə özünü qoruya bilir. Sexdə klişe hazırlamaq, şəkli sink üzərinə həkk etmək işini tezliklə mənimsəyir. Beləliklə, onun tərcümeyi-halında sonrakı bütün fəaliyyətinin başlanğıcı qoyulur. Fəhlə-gənclər axşam məktəbini bitirir, sonra üç illik əsgərlik. Sonra… APİ-də qiyabi təhsil…
Artıq ona məlum idi ki, həyatı, əmək fəaliyyəti mətbəə ilə bağlıdır və bundan sonra Şəddad Cəfərovun tərcümeyi-hal səhifələri getdikcə dolur, zənginləşir. O, həm öz işinin ustası, həm də bir yaradıcı-qurucu mütəxəssis kimi diqqəti cəlb edir.
İşlədiyi mətbəədə sinkoqşrafçılıqdan baş mühəndisliyə qədər yüksəlir. Sorağı Moskvaya qədər gedib çatır. Moskvada Poliqrafiya İnstitutunun axşam şöbəsində təhsil alır, oradakı müəllimlərin sevimlisinə çevrilir.
Öncə qeyd etdim ki, Şəddad Cəfərov
yaradıcı-qurucu insandır. 1972-ci ildə Bakıda istifadəyə
verilən «Yeni kitab» mətbəəsi
çox qüsurlu tikilmişdi. Neçə direktor
dəyişilsə də, heç bir faydası yox idi. Ona görə də,
Şəddad Cəfərovu o mətbəəyə
direktor göndərirlər. Şəddad
Cəfərovun o yararsız mətbəəni
bir neçə ay ərzində
normal, nümunəvi bir
mətbəəyə çevirir,
gündə 15 saat işləyir. Və bu zaman onun
tərcümeyi-halında uğurlu bir hadisə baş verir. SSRİ mətbəələri
arasında keçirilən yarışa qoşulur
və Moskvada münsiflər heyətinin qərarı
ilə bu mətbəə birinci
yeri tutur. SSRİ Mətbuat
Komitəsinin sədri Stukalin şəxsən
Bakıya gələrək Keçici
Qırmızı Bayrağı Şəddad Cəfərova təqdim
edir.
Şəddad Cəfərov Azərbaycanda ilk poliqrafçı alimdir.
Onun aspirantura dövrü də Moskva ilə bağlı idi. Görünür,
öz peşəsində
usta olmaq, işlədiyi mətbəələrdə
bu peşənin bütün sirlərinə
bələd olmaq az idi, daxilən onu qane etmirdi. Onun fikrincə,
hər bir peşənin-sənətin alimi
olmaq, o peşəni elmi səviyyədə də tədqiq və təbliğ etmək lazımdır.
1975-ci ilin 30 may günü
Moskva Poliqrafiya İnstitutunun elmi şurasında 35 yaşlı
azərbaycanlı Şəddad
Cəfərov tanınmış
poliqrafiya alimi Elya Nikolskayanın elmi rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə
edir. O müzakirədə
iştirak edən Ağəddin Mansurzadə
(Allah rəhmət eləsin!)
sonralar Ş.Cəfərova
həsr elədiyi «Atalar üçdən deyib» kitabında yazacaq ki, Şəddad
Cəfərov tanınmış
rus alimlərinin qarşısında bülbül
kimi ötürdü,
onların dissertasiya ilə bağlı
bütün suallarına
çox məntiqli cavablar verirdi. Elmi rəhbəri Elya Nikolskaya isə deyirdi ki, mən Şəddaddan
zərrə qədər
narazı deyiləm,
o, çox hazırcavab,
elmi işinin mahiyyətini düzgün
anlayan bir alimdir
Şəddad Cəfərovun keçmiş
SSRİ-də bir poliqrafçı kimi şöhrəti o dərəcəyə
çatır ki, Moskvadan
onu «Ulyanovskaya pravda» nəşriyyatına direktor
göndərirlər. Təbii ki, o zaman SSRİ hələ
dağılmamışdı, hələ millətlər
arasında nifaq və münaqişə
ocaqları şölələnmirdi. Şəddad Cəfərov
burada da öz işgüzarlığı ilə diqqəti
cəlb edir. O, Vilayət İcraiyyə
Komitəsinin poliqrafiya və kitab ticarəti idarəsi üzrə
kollegiyasına üzvü seçilir,
qısa müddətdə böyük nüfuz qazanır, ictimai
işlərdə fəal iştirak edir. Sevda Əlibəyli
yazır ki, nəşriyyat sanki Azərbaycanın Ulyanovskda
mədəni mərkəzi idi. Şəddad
Cəfərov Ulyanovskda Azərbaycan və
azərbaycanlılar haqqında fikir
formalaşdırırdı. Xalq şairi Sabir Rüstəmxanlı
yazır: «Ulyanovskaya pravda”
nəşriyyatına rəhbərlik edəndə, şəxsən
gördüm ki, Şəddad
Cəfərov necə böyük nüfuz sahibidir. Nəşriyyat
saat mexanizmi kimi işləyirdi. Diqqətimi çəkən
cəhətlərdən biri də bu idi ki,
o, azərbaycanlı gəncləri öz ətrafına yığıb,
onları öyrədirdi. Onun vətəndaşlıq
təəssübü ilə fəxr etdim».
Xalq şairi Zəlimxan Yaqub isə belə yazıb: «Şəddad Cəfərovun
fəaliyyəti təkcə Azərbaycanla bağlı deyil, keçmiş SSRİ-nin böyük bir vilayətində - Ulyanovskda
Azərbaycanı ləyaqətlə təmsil edib,
üzümüzü ağardıb,
başıucalığı gətirib bizə. Harda işləməsindən asılı
olmayaraq Azərbaycan mədəniyyətinə,
Azərbaycan kitabına xidmət edib. Azərbaycanın
qələm adamına, Azərbaycan ziyalısına xidmət edib. Telefon zənglərilə nə qədər qələm
adamını "siqnal nüsxə” dediyimiz kitabımızın qaranquş
nüsxələri ilə sevindirib. Şəddad
müəllim poliqrafiyanın çətin yollarında ömür qoyub, saç ağardıb, nə qədər kitabda - istər bədii, istər dövlətçiliyimizi
təbliğ edən kitablarda imzası,
zəhməti, alın təri, əl qabarı, yuxusuz gecələri var. Onun özünün də
işi, yaradıcılıq təcrübəsi
kitablarla təbliğ olunmalı, gənc
naşirlər tərəfindən öyrənilib təbliğ
olunmalıdır. Çünki Azərbaycan
mədəniyyətinin, Azərbaycan kitabının buna ehtiyacı var».
O, əsl vətənpərvər kimi Azərbaycanın başı üstünü qara buludlar alanda Bakıya qayıdır. Rusiya onu əldən vermək istəməsə də, Bakıya can atırdı. 1990-cı ilin yayında Vətənə dönür. Bir neçə il xırda vəzifələrdə çalışsa da, nəhayət, dərk edirlər ki, Şəddad Cəfərov «Azərbaycan» nəşriyyatına direktor göndərilməlidir. Və Şəddad Cəfərov məlum səbəblər üzündən nəşriyyatda baş verən gerilikləri aradan qaldırır. Nəşri müəyyən səbəblərdən ləngiyən qəzetlərə də yardım edir. Şəddad Cəfərov dünyanın bir çox ölkələrində olub. Poliqrafçıların beynəlxalq müşavirələrində, yaxud Azərbaycan nəşriyyatları ilə xarici ölkə nəşriyyatlarının əlaqələrini yaratmaq üçün gedib İrana, Türkiyəyə, Polşaya, Almaniyaya və onların mütəxəssislərini də Bakıya qonaq çağırıb.
O təlatümlü illərdə Şəddad Cəfərov «Naxçıvan yaşayır və döyüşür» kitabını çap etdirir. Sevda Əlibəyli kitabında yazır: «Nəşr bomba kimi partladı. Komissiyalar bir-birinin ardınca gəlməyə başladılar. Əlbəttə, Şəddad Cəfərov bəhanə idi. Hədəfdə Heydər Əliyev idi. Həmin kitabın çapına məsul olanlar Şəddad Cəfərovu Naxçıvana dəvət etdilər. İstədilər, təqdimatda o da iştirak etsin, hansı əzab-əziyyətli yollardan keçdiyini şəxsən Heydər Əliyevə danışsın. O isə etiraz etdi: «Mən yalnız
vətəndaşlıq borcumu,
bir də Heydər Əliyev şəxsiyyətinə
olan sonsuz hörmət
və məhəbbətimi bildirmişəm». Əvəzində
Heydər Əliyev Naxçıvandan ona zəng
elətdirib təşəkkür və minnətdarlığını
bildirdi».
İndi Şəddad Cəfərov ömrünün müdriklik çağlarını yaşayır. Gözəl ailəsi ilə birgə. Əlbəttə, mən bu yazıda Azərbaycanın birinci poliqrafçı alimi, nəşriyyat işinin kamil bilicisi, Azərbaycan kitabının hamisi və dostu Şəddad Cəfərovun fəaliyyətindən, keçdiyi ömür yolundakı çox səhifələrin üstündən keçdim. Amma bir həqiqət var ki, bu FANATİK-İNSANIN ömrü Azərbaycan mədəniyyətində iz buraxıb.
VAQİF
YUSİFLİ, filologiya elmləri doktoru
Kaspi 2020.- 4 fevral.- S.15.