Utopik realizm
İnsan həyatı həm bir ömrə
sığan günlər, aylar, illərdir, həm də illərə,
aylara, hətta günlərə sığa bilən bir
ömürdür. Zaman etibarilə kiçik olanın
böyük olana sığması təbii və məntiqidir.
Ancaq böyüyün kiçiklərə sığması
zaman məfhumunu xeyli dərəcədə dəyişir. Onu
nisbiləşdirir, məna və mahiyyət etibarilə
başqa bir boyuta daşıyır. Necə deyərlər, əsrə
bərabər günlər, saatlar, hətta dəqiqələr
mövcuddur. Aytmatovu bilmirəm, ancaq mən bu ifadəni bədii
obraz və yaxud da metafora olaraq işlətmirəm. Mənim
üçün zaman dəqiq hesablanmış bir məfhumdur.
Bəs nəyi hesablayır və yaxud da nəyə
hesablanır bu zaman? Bu sualın bir neçə cavabı vardır. Ancaq bu gün
bu yazıda bizi məşğul edən şey zamanın
faydalılıq əmsalı ilə münasibətidir.
Yəni, əgər bir gündə baş verən hadisələr
başqa şərtlər altında bir il ərzində
baş verirsə, deməli, həmin bir gün nisbi zaman
etibarilə bir ilə bərabərdir. Sürət
zamandan asılı olduğu qədər zaman da sürətdən
asılıdır. Hərəkətin
zamanı təyin etmə anlayışı
çağdaş fizikanın ən aktual problemlərindən
biridir. Lakin fiziklərin
hesabladıqları və nəticədə düstur, teorem və
ya aksioma şəklində ortaya qoymaq istədikləri
şeyi biz hər gün canlı həyatda müşahidə
edə bilərik. Zaman niyə gedir? Nə üçün dayanmır və bu
dövri-daimdən məqsəd nədir? Bəlkə
zamanın keçidi bizə bir şeylər anlatmaq istəyir?
Hər fərdin və hər feiliyyətin öz şəxsi
zamanı ola bilərmi? Mən
nədənsə, buna çox inanmaq istəyirəm. Çünki, yuxarıda adını çəkdiyim
faydalılıq, yəni verimlilik əmsalını ortadan
qaldırmış olsaq, zaman məfhumunun bir anlamı
qalmayacaq.
Zaman, bir mənada su kimi bir şeydir. Onun
axışında mütləq bir səbəb və nəticə
mövcuddur. Zamandan istifadə etmək, sudan
istifadə etməyə çox bənzəyir. Su vadiləri olduğu kimi, zaman vadiləri də
vardır. Bu vadilər yamyaşıl, bərəkətli,
verimli ola bilər, əgər biz bu
axışın faydalarını bilsək və daha
doğrusu, onu faydalı edə bilsək. Zaman bəzən
məkan və reallıq deyilən dayaz və yerüstü
şərtlərin basqısı altında olur. Bu basqılar çoxlarının zamanının
boşuna axıb getməsinə səbəb olur. Bir gündə başa gələ bilən şeylər
nəinki bir ildə, heç bir ömür boyu başa gəlmir.
Material və maddi tələbatın qeyri-təbii üzü
olan şişirdilmiş arzu və istəklər
insan həyatının
məna və mahiyyət əmsalını sıfıra
endirir. Halbuki, insan elə xəlq olunmuşdur ki, ona verilən
zamanın ən az hissəsi material tələbata
xərclənə bilərdi. Ancaq nə
yazıq ki, bu iddia ciddi bir şəkildə utopiyadan başqa
bir şey deyil. İnsanın maddi tələbatı
onun bütöv bir ömrünü zəbt edərək, ona
fani və çürük bir həyat bəxş edir. Çünki, maddi dünya real deyil,
aldanışdır, fiaskodur. Siz dünyada
arzusu, istəyi bitən, nəfsinə "dur" deyə bilən
bir tək insan gördünüzmü? Yaxşı
bəs, arzuları, istəkləri bütünlüklə
yerinə gələn, nəfsini tamamilə təmin edə bilən
bir insan gördünüzmü? Qətiyyən! Mümkün deyil belə bir şey. Ancaq əqli və mənəvi tələbatın
aqibəti buna bənzəmir. Bəli, o da
bitmir, onun da dairəsi yarımçıq qalır. Lakin o peşmançılıq gətirmir, insan həyatının
fani və çürük olmadığını göstərir.
Parçaların zövqü başqadır,
tamın zövqü başqa. Maddiyyat parçacıqların
qələbəsidir. Ancaq tamın məğlubiyyətidir.
Material təfəkkürlə keçinən
insan həyatının ayrı-ayrı anlarından zövq
alır. Bütöv həyatı isə,
mənasız və məzmunsuz olur. O parçacıqlar
ayrı-ayrılıqda gözəl və maraqlı
görünə bilər. Ancaq onları birləşdirdikdə,
çox eybəcər bir mənzərə çıxır
ortaya. "Gözəl və
maraqlı" deyə təbir etdiyimiz o hissəciklərin
özü də əslində bir sonrakı boşluğa və
qaranlığa açılan qapıdır.
Heç kim gecə oturduğu ləzzətli süfrəni
sabah xoş duyğularla xatırlaya bilməz. Bu,
ən azından tibbi cəhətdən mümkün deyil.
Ancaq, gecə boyu yanan şamın əriyib üzərinə
töküldüyü vərəqləri və yaxud da
açıq qalmış piano qapağının üzərində
duran dağınıq və yorğun notları sabah açıldığında görən
insan ikrah hissi deyil, ləzzət və məmnuniyyət hissi
yaşayır. Həzrət Əlinin məşhur kəlamını
bir daha xatırlamamaq mümkün deyil: "Ləzzət gedər,
günahı qalar, əziyyət gedər, ləzzəti
qalar".
Maraqlı
və acınacaqlıdır ki, insanlar həmin bu birinci, yəni
"günahı qalan" ləzzətə, bəşəriyyətin
ən böyük nailiyyətini, incəsənəti alət
ediblər əsrlər boyu! Elə bu gün də
və gələcəkdə də belə görünür
ki, incəsənət mütləq əksəriyyətin
istirahət və əyləncəsini müşayiət edəcək.
Bu isə onun vəznini xeyli dərəcədə
aşağı salmaqla, get-gedə onun nüvəsini əritməyə
başlayır. İncəsənətin
nüvəsi isə dayaz insan əyləncəsinin tələbatından
deyil, tam tərsinə, zəhmətin və inanılmaz əzabların
həyat üzərindəki qələbəsindən
yoğurulmuşdur. Bəzən incəsənət
nümunələri elə ağır, elə dərin olur ki,
onu yüngül və dayaz istəklərin xidmətçisinə
çevirmək heç cür mümkün olmur. Və inanın ki, bu ağırlıqdan, bu dərinlikdən
yararlanmaq bir fürsətdir. Utopiyanı sevmirəm, ancaq
tələsmək lazımdır! Pafosu heç
sevmədiyim üçün, başqalarından ötrü
deyil, şəxsən özümüzdən ötrü tələsmək
lazımdır deyirəm. Çünki,
materiallığa və əyləncəyə gedən zaman əleyhimizə
işləyir. Bir qəza və ya
hansısa bədbəxt hadisə nəticəsində bir
anlıq toxtayıb görəcəyik ki, artıq çox
gecdir. Buna rəğmən, mən
zamanın hər kəsə ayrıca nisbiyyət bəxş
etdiyinə inandığım üçün heç nəyin
gec olmadığına da inanıram. Nəticıdə
çürüməyə və iylənməyə məhkum
olan zəhərli istəklərin əlindən bir gün yaxa
qurtarıb, qısa bir zaman ərzində mənəviyyat fədailərinin
dolçası altında yuyunub, pak olmaq mümkündür.
Çünki, sırf paklanmağa və gözəlləşməyə
hesablanmış din belə qarşşlıqlı
insan-Tanrı mənfəətləri üzərində
qurulan bir əmtəə mübadiləsidir. Ancaq, Dante bunun əvəzində məndən
heç nə istəmir. Şeyxlər hələ
də nəzir istəyir, amma Şəms Təbrizi hələ
də bizim ondan bir şeylər istəməmizi istəyir.
Özümüzdən başlayaq və heç yana getməyək. Elə
özümüzdə də bitirək. Mən
öyrətməyin deyil, öyrənmənin ən
böyük müəllimlik olduğuna inananlardanam. İşıq elə bir şeydir ki, onu əldə
gəzdirməzlər. Qaranlıqdan
qurtulmaq istəyən hər kəs ona tərəf gələr.
Əks təqdirdə, Sokrat kimi, günün günorta
çağı əlində lampa insan axtar ki, tapasan...
Naməlum müddəti olan bir ömrü məlum
etmək üçün onu müddətlərə bölmək
lazımdır. Hər gün onun bitişini
deyil, başladığını gözləmək
lazımdır. İnsan ölümə doğru deyil, həyata
doğru gedir. Əlindəki məlumdan faydalanmayıb, naməluma
doğru irəliləmək nə qədər böyük
hüsrandır! Evdə uşaqlarımızdan deyil,
özümüzdən yola çıxaq. Ağır bir mədəniyyət
səviyyəsinə qaldırmağa çalışaq bu
yüngül mənəviyyatımızı. "Bizsiz də
keçər bu Dünya" deməyək. Bizsiz keçməyəcək
bu Dünya! Nə tərki-dünyalığa gedək, nə
dərki-dünyalığa. Tərki-nəfs edib, dərki-ruha
varaq! Ancaq sən demə, ruhani mistikanın da öz pafosu
varmış. Heyf! O şey ki, ölür, onun yerində pafos
qalır. Pafosun yeri isə, həyat deyil, teatrdır. Əfsuslar olsun ki, insanlar
real həyatda teatrdakından daha gözəl oynayır. Bəli, məhz oynayır. Hər
kəs məhz ona biçilən rolu oynayır - özü də
başqalarının quruluşunda. Teatr
insanıara gerçək həyatda oynamamağı öyrətmək
istədi. İnsanlar həyatın
özünü teatra çevirdilər. İnanın
ki, Dünyanın ən böyük aktyorlarının ən
sıradan bir vətəndaşdan öyrənəcəyi
çox şey var. Aktyorun rolu qrim otağında
başlayıb, orda da bitir. Ancaq insanlar o
otağa bir dəfə girir. Heç kim
bir ömür boyu üzündəki qrimi təmizləyib,
öz gerçək üzünü görmək istəmir!
"Ağır mədəniyyət" ifadəsini
işlətdim. Bəli, mənim qənaətlərimə
görə, mədəniyyətin çəkisi yüngül
olmamalıdır. Vaqnerin operalarını
həzm etmək beş-on nəfər salonda yatan
yalançı kibarların işi deyil. "Tristian və
İzolda"nın az qala yarım
saatlıq uvertürasından başlamaq lazımdır. Bunun üçün isə, La Skalaya bilet almağa
gərək yoxdur artıq. O xərclənəcək
evrolar özü ilə mənəvi təkamülün
enerjisini də alıb aparacaq. Çünki, La
Skala da aşağı-yuxarı mədəni bir biznes
yuvasıdır. Evdə oturub, qabağında az şəkərli
tünd çay,.. sadəcə
səbirlə və elmi təfəkkürlə dinləmək
lazımdır "Tristian və İzolda"nı. Mərhum
Vaqnerin çəkdiyi zillətin, əzabın, sonu gəlməyən
zəhmətin on mində birini həmin 3 saat ərzində biz
çəkə bilsək, inanın mənə, Dünyada
bizdən xoşbəxt insan ola bilməz! Xoşbəxtlik nədir ki?! Həm
asan, həm çətin başa gələn, həm uzun, həm
qısa zaman tələb edən bu nəsnədən kimin nə
anladığıdır mühüm olan. Bəzən
uzun bir ömür yaşayıb, xoşbəxt ola
bilməzsən (ki, ən azı 400 min illik təcrübə
bunu göstərir), ancaq bir anlıq əqli-mənəvi
tapıntı səni bir ömür boyu xoşbəxt edə
bilər! Bütün bədbəxtlərə səslənirəm:
"Lütfən, başqalarını xoşbəxt etməyə
çalışmayın! Alınmayacaq! Çünki,
onun yolunu siz özünüz bilmirsiniz, başqalarına necə
göstərəcəksiniz?!
Akademik və proqramlı incəsənətə meyl etmək,
onun daxilinə girmək, onun elmi izahını öyrənmək
lazımdır. Vəzndə yüngül olan qiymətdə
ağır ola bilməz. Ucuz
əyləncələrlə özümüzü təhqir
etməyək. Lap elə İohan Sebastian
Baxdan başlayaq. Musiqi çox möhkəm
bir təməldir. Dünya insanı
Dünya mədəniyyətinə varid olmalıdır. Zira, Dünya bir bütövdür. Dünyəvi mədəniyyətin qütbü, milləti,
irqi, dini olmur. Ancaq insanların, təəssüf
ki, böyük əksəriyyətinin həvəslə meyl
etdiyi mədəniyyət tamın deyil, onun ölən və
öldürən parçacıqlarının
yansımasıdır. "Mədəniyyət
dediyin, tək dişi qalmış canavar" misrasını
yazarkən, Mehmet Akif Ərsoyun qəsd etdiyi şey Qərbin
Mostartı deyildi, onun işğalçı məişətinin
ictimailəşmiş sui-qəsd metodları idi. Kim nə
anlarsa anlasın, ancaq, Mehmet Akifin məhz bu misrasından yola
çıxan milyonlarla "yobaz" kütləsi
"yabancı" adı altında o boyda Türkiyəni
bütün Dünya mədəniyyətindən təcrid etmək
istəyir. Nə yazıq ki, adına
"seçki" dedikləri siyasi üstünlük nəticəsində
buna xeyli dərəcədə nail olublar. Maraqlıdır ki,
Qərbin, pornoqrafik səhifələri müsəlman
uşaqlarına açıq edən texnologiyası
"yabancı" olmur, ancaq Sartrın fəlsəfəsi,
Hötenin poeziyası, Qustav Malerin simfoniyaları
"yabancı" elan edilir! Bu nə biçim
məntiqdir?!
İndi gəlin düşünək və özümüzlə mücadilə edək. Biz olmayan "biz"ə qalib gələk. "Mən"i atıb, yerinə başqa bir "mən" qoyaq. "Mən dəyişsəm, mənimkilər də dəyişəcək, biz dəyişsək, bizimkilər də dəyişəcək" tipində şüarlar təklif edirəm, evində sakitcə oturub memuar yazanlara. Bəli, ağır və çətin mədəniyyət formatı yaratmaq və tətbiq etmək lazımdır cəmiyyətdə. Nə dil bu qədər sadə, nə musiqi bu qədər asan qavranılan, nə də elm bu qədər əlçatan olmamalıdır. Sadəlik o qədər də müsbət keyfiyyət deyil. Çoxsəsli, çoxfunksiyalı, proqramlı və qəliz bir mədəni mexanika gərəkdir bizə. Ahəng qanunu dildə gözəldir, amma təfəkkürdə yox! Təkhecalı və ikihecalı sözlərdən ibarət bir leksikon ünsiyyəti asanlaşdırır, ancaq dərrakəni çətinləşdirir. Əyləncə şuuru tənbəlləşdirir. Hər sabah təxminən yarım saatlıq klassik musiqi dinləmək artıq zərurətdir. Özü də dinləmək yox, onun üzərində işləmək, onun çətin açılan qapılarını itələyib açmaq və nəticədə gün başlamadan yorulmaq lazımdır. Belə bir yorğunluq insan psixikasına dolu bir məmnuniyyət bəxş edir. Halbuki,... bəlkə mən bu fikirləri yuxuda qələmə alsaydım, elə röyada ikən özüm-özümə gülərdim. "Real" dedikləri, ləzzəti nəcasətlə, rəyasəti ölümlə bitən bu həyatın yerinə, "xəyal" dedikləri başqa bir Dünya təklif etdim! Ancaq, mənim kimi hər kəs yaxşı bilir ki, əslində bunların hansı xəyaldır, hansı real! Bəli, mən də bilirəm ki, öz üzərimdə uğurla sınaqdan keçirdiyim mədəni-fəlsəfi təlim başqaları üçün gülməli, bəlkə də qorxunc bir utopiyadır. Ancaq mən realam! Utopiya deyiləm. Və mənim bəhrələndiklərim röyada gördüklərim deyil, gerçək həyatda yaşayan insanlıq fəzasının ən parlaq ulduzlarıdır. O zaman bu cəhdin adını qoyaq "utopik realizm!"
Fəxrəddin
Salim
Kaspi 2020.- 4 fevral.- S.10.