Məktəbli formasını kim tiksin?
Mütəxəssislərin
fikrincə, formaların tikilməsində monopoliya
olmazsa, yaranan rəqabət
qiyməti aşağı salacaq və əhalinin
alıcılıq qabiliyyətinə təsir göstərəcək
Gələn tədris ilindən dövlət
ümumtəhsil müəssisələrində vahid məktəbli forması ilə
bağlı yeni dizayna
keçid məsələsi artıq
ictimaiyyətin diqqət mərkəzindədir. Hər il övladları üçün
məktəbli formasının qayğısına qalan valideynləri, təbii ki,
yeni formanın keyfiyyəti, qiymətləri
və s. düşündürür.
Ayrı-ayrı vaxtlarda Təhsil Nazirliyinin vahid məktəbli
formaları ilə bağlı müxtəlif
açıqlamaları da olub.
Məsələn, keçən ilin avqust ayında Təhsil Nazirliyində məsələ
ilə bağlı İşçi Qrupu yaradılıb və nazirlikdə müvafiq şöbələrin əməkdaşları
həmin qrupa cəlb olunub.
Nazirliyin açıqlamalarında "Təhsil
Nazirliyinin İşçi
Qrupu ilə Bakı Tikiş
Evinin nümayəndələri
arasında bu məsələ geniş şəkildə müzakirə olunacaq, daha sonra ictimai rəy öyrəniləcək.
Tam qərara gəlindikdən sonra həmin vahid məktəbli
forması 2020-2021-ci tədris ilindən bütün
ümumtəhsil müəssisələrində tətbiq olunacaq”- deyə qeyd edilib. Ancaq keçən ilin iyul ayında Təhsil Nazirliyinin
fəaliyyətində şəffaflığın daha da
artırılması, təhsil sahəsində ictimaiyyətlə
qarşılıqlı fəaliyyətin gücləndirilməsini
təmin etmək məqsədi ilə yaradılan İctimai Şura vahid məktəbli formasının tətbiqi
ilə bağlı məsələləri də
müzakirə etmək səlahiyyəti qazanıb. Belə ki, İctimai
Şura təhsil sahəsində müxtəlif
məsələlərin müzakirəsi üçün
məsləhətləşmələr təşkil etmək,
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər
vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara
malik olan məşvərətçi
qurumdur.
Ancaq ötən həftə
"Sputnik” Azərbaycan Multimedia
Mətbuat Mərkəzində məktəbli formaları ilə
bağlı aparılan ictimai müzakirədə
səslənən ittihamlar Təhsil Nazirliyi ilə bərabər İctimai
Şuranın da ünvanından yan keçmədi. Belə ki, Bakı Tekstil Fabrikinin direktoru Səkinə
Babayeva bildirdi ki, sahibkar kimi
çoxnövlü məktəbli
formalarının tikilişi ilə
bağlı böyük təcrübəyə
malik olduğundan, həmin
işçi qrupunda təmsil
olunmaq üçün
dəfələrlə cəhd edib, ancaq İşçi Qrupu ilə əlaqə yarada,
öz təkliflərini təqdim edə
bilməyib: "İşçi qrupun ictimai müzakirəyə
çıxardığı məktəbli formaları, bizim illərdir ki, tətbiq
etdiyimiz, Şirvan və
digər bölgələrdəki məktəblilərə tikdiyimiz formalardır. Əlimizdə bunu təsdiq edən sübutlar
var. Buna baxmayaraq, hansısa maraqlar
üzərindən bizim tətbiq etdiyimiz formaların plagiatının BTE tərəfindən
yeni bir məktəbli
forması modeli kimi təqdim
edilməsinə göz yumulub”.
S.Babayeva bildirib ki, ən böyük
narahatçılığı isə məktəbli
formalarının hazırlanmasının bir
tikiş müəssisəsinə həvalə
olunmasıdır: "Təhsil Nazirliyinin
yeni müasir məktəbli
formalarının hazırlanması barədə qərarı
alqışlanandır. Amma çox təəssüf ki,
bəzi maraqlı şəxslər məktəbli
formasının tikilişini yenidən bir tikiş müəssisəsinin
monopoliyasına vermək istəyirlər. Biz
hesablamışıq ki, respublika
üzrə məktəbliləri forma ilə
təmin etmək üçün ən
azı 9 tikiş müəssisəsi bu işlə məşğul
olmalıdır. Maraqlıdır, belə olan
halda yalnız bir
müəssisə bu işin
öhdəsindən, keyfiyyəti təmin etmək şərtilə
necə gələ biləcək?”
Bu yaxınlarda "2019-cu ilin yekunları və 2020-ci ilin hədəfləri”nə həsr edilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov da məktəbli formalarının hazırlanması məsələsinə toxunaraq "Məktəbli formalarının hazırlanmasında müəyyən standartlar var ki, biz buna nəzarət etməyə çalışırıq. Standartlara uyğun, keyfiyyətli məktəbli forması şagirdlərimiz üçün əlçatan olmalıdır” - deyə qeyd etdi.
Ekspertlər də hesab edir ki, məktəbli
formalarının hazırlanması ilə bağlı məsələdə
ictimai nəzarət təmin
olunmalıdır. Belə ki, bu işi bir
tikiş müəssisəsinə həvalə
etmək yolverilməzdir. Yəni məktəbli formaları
yenidən bir müəssisə tərəfindən
hazırlanacaqsa, burada sözsüz
ki, istehlakçı hüququ
pozulacaq. Belə ki,
digər şirkətlər də uyğun
məktəbli formaları tikməyə cəhd göstərirlər.
Şirkətlərin elan olunmuş
standartlara uyğun
formaları tikmək üçün səlahiyyətləri
olmalıdır. Bu, bazarda
keyfiyyətin yüksəlməsi, qiymətin aşağı
düşməsinə səbəb ola bilər.
Təhsil Nazirliyi
yanında İctimai Şuranın sədr
müavini Nadir İsrafilov təmsil etdiyi
qurumun ünvanına səslənən ittihamlara cavab olaraq "Məsələ İşçi
Qrupla müzakirə olunanda
hələ İctimai Şura
yaradılmamışdı. Yalnız İctimai
Şura yaradılandan sonra
onun bu məsələni
müzakirə etmək və təklifləri nazirin diqqətinə çatdırmaq səlahiyyəti
var. Səkinə Babayeva
məsələləri qarışdırır” dedi. N.İsrafilovun
sözlərinə görə, həftənin cümə günü İctimai
Şuranın 11 üzvünün
iştirakı ilə vahid məktəbli
formasının hazırlanması məsələsinin
nüansları müzakirə ediləcək: «Müzakirə
zamanı konkret təklifləri nazirin nəzərinə
çatdıracağıq. Hesab edirəm
ki, iki həftə
müddətinə bu məsələ həll
olunacaq. Yalnız müzakirələrdən
sonra və vahid eskiz forması hazır olandan
sonra məktəbli formalarının
hansı müəssisələr tərəfindən tikiləcəyi
də məlum olacaq». Bakı Tekstil Fabrikinin rəhbərinin
ittihamlarına gəlincə, N.İsrafilov
burada hansısa
anlaşılmazlıqların olduğunu bildirir. Onun fikrincə,
ölkədəki bir milyon
yarım şagirdi məktəbli
forması ilə yalnız bir fabrik təmin edə bilməz: «Bizə daxil olan zənglərdə
də "bu işi bir müəssisə çatdıra bilərmi?”
narahatlıqları var. Heç
şübhəsiz, bu, bir
müəssisənin görə biləcəyi iş deyil. Hesab edirəm ki, vahid formanın eskizi təsdiq
olunandan sonra məktəbli
formalarının tikilişi ilə 2 və
ya 3 müəssisə məşğul ola bilər. Əsas odur ki, vahid eskiz
forması qəbul olunsun. Hər tikiş fabrikinin bir forma eskizi
ilə çıxış etməsi düzgün
olmaz. Çünki burada söhbət vahid məktəbli
formasından gedir”. N.İsrafilov bildirir ki, vahid
məktəbli formasının hazırlanması ilə
bağlı məsələ son qəbul olunan «Ümumtəhsil məktəbi
haqqında» qanunda, o
cümlədən «Ümumtəhsil məktəbinin nümunəvi
nizamnaməsi»ndə və Nazirlər Kabinetinin
qərarında da öz
əksini tapıb: "Əvvəl mövcud
olan məktəbli formaları keyfiyyətsiz,
Çindən gətirilən materiallar əsasında
hazırlanırdı. Bu da
sosial bərabərsizlik yaradıb. Təhsil
Nazirliyi də rəsmən bəyan etdi ki, bu
tədris ilində bu cür
variantlar həyata keçməyəcək.
Bu tədris ili üçün hazırlanacaq və istifadəyə
veriləcək formaların satış məntəqələri
müəyyənləşdiriləcək. Yalnız bundan sonra o
formanın keyfiyyəti haqqında nəsə demək olar».
İqtisadçı ekspert Ramin Rəhimov hesab edir ki, iş mərkəzləşdirilmiş və ya tender elan etməklə bölüşdürülüb həyata keçirilməlidir: "Xırda müəssisələr pərakəndə şəkildə layihəni öz üzərilərinə götürməyə can atırlar. Onlar üçün əsas məqsəd keyfiyyət deyil, kəmiyyət və daha çox gəlir qazanmaqdır. Yəni mahiyyət etibarı ilə tikişi həyata keçirsinlər və satışdan gəlir əldə etsinlər”. Ekspertin fikrincə, məktəbli forması məsələsi milyondan çox şagirdi əhatə etdiyi üçün bir müəssisənin öhdəsindən gələcəyi iş deyil: "Bununla bağlı ya kompleks olaraq tikiş fabriki olmalı, ya iş mərkəzləşdirilmiş qaydada həyata keçirilməli, ya da müəssisələr arasında bölünməlidir. Tikişin təşkili ilə bağlı tender elan olunmalı, prosesə müxtəlif müəssisələr cəlb olunmalıdır. Regional olaraq da bölüşdürülə bilər. Məsələn, Bakı və paytaxtın inzibati rayonları üzrə hansı müəssisə tenderdə qalib gələ bilərsə, işi o həyata keçirə bilər”. İqtisadçının fikrincə, monopoliya olmazsa, rəqabət, eyni zamanda qiyməti aşağı salacaq və əhalinin alıcılıq qabiliyyətinə təsir göstərəcək: "Yoxsul təbəqə üçün bu, əlverişlidir. Eyni zamanda, keyfiyyət kriteriyası önə çıxacaq. Yəni aşağı qiymətə və yüksək keyfiyyətə malik məhsullar daha tez satılacaq. Ona görə, azad seçim əsasında bölüşdürülmə həyata keçirilməlidir”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sual isə cavabsız qaldı.
Təranə Məhərrəmova
Kaspi 2020.- 4 fevral.- S.9.