Kaspi” yaşamalıdır  

Cahangir Məmmədli: "Qəzetin maliyyə dəstəyi almasını arzulayıram!»

"Kaspi” və "Kaspiy” qəzetləri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərə ayırdığı maliyyə yardımından kənarda qalıb. Fondun bu qərarı qəzetin bağlanması və orada çalışan onlarla işçinin işsiz qalması deməkdir. Əsası 1881-ci ildə qoyulan, 1999-cu ildən yenidən bərpa olunaraq fəaliyyət göstərən, səhifələrində tarixi ənənələri yaşadan, müasir inkişafımızı layiqincə işıqlandıran, cəmiyyətin həyatına güzgü tutan bir mətbu orqanın nəşrinin dayandırılması ziyalılar, media nümayəndələri tərəfindən narazılıqla qarşılanır. 

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli"Kaspi”ni klassik "Kaspinin yeni formatı kimi dəyərləndirir: «Kaspi» qəzeti Azərbaycan klassik jurnalistikasının ən mübariz, ən maarifçi, ən demokratik orqanı kimi 1881-ci ildən 1919-cu ilə qədər davam etmiş bir qəzetdir. Biz mətbuat tariximizdə bununla fəxr edirik. Bu mətbuat orqanının 1999-cu ildə yenidən dirçəltmək, onun müasir formatını ortaya qoymaq prosesi başladı. Və biz klassik «Kaspi»nin yeni formatını gördük. Bu, Azərbaycan jurnalistikasının müasir dövrü üçün ciddi bir hədiyyə idi. Təkcə ona görə yox ki, ortaya bir qəzet çıxırdı, həm də ona görə ki, klassik jurnalistikamızın ən bariz nümunəsini ortaya qoyduklassik «Kaspi» qəzetinin yenidən yaşamasına nail oldu”. C.Məmmədlinin fikrincə, müasir dövrdə «Kaspi» qəzeti bütövlükdə Azərbaycanda maarifçilik ənənəsini yüksək səviyyəyə qaldıran bir qəzetdir: "Bu qəzetin səhifələrində yer alan "Ədəbiyyat”, "Gənclik”, "Teatr” əlavələri kifayətdir ki, «Kaspi» qəzeti özünün klassik formatını bu gün necə yüksək səviyyədə davam etdirir” - deyə bilək. Belə bir qəzeti maliyyə problemi ilə üz-üzə qoymaqla heç kəs bəraət qazana bilməz. Mənə elə gəlir ki, Prezidentimiz «Kaspi» kimi qəzetlərin KİV DF-nin maliyyə imkanından kənarda qalması məsələsi ilə bağlı tədbir görəcək. Hesab edirəm ki, Fond bu məsələni nəzərə almalıdır. Mən də bir oxucu, jurnalistika aləmində bir müəllim,  yazıb-pozan bir adam kimi «Kaspi» qəzetinin maliyyə dəstəyi almasını arzulayıram!»

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hesab edir ki, maliyyə yardımının ayrılmaması üzündən «Kaspi» qəzetinin nəşrinin dayanması düzgün deyil: "Kaspinin bağlanması doğru olmaz. Mən istəyirəm ki, bu qəzet daim nəşr olunsun”.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyevin "Kaspi” haqqında fikirləri müsbətdir: "Xüsusən «Kaspi»nin şənbə nömrələrini qeyd edərdim. Ziyalılar, elm adamları, xüsusən söz adamları bu nömrəni həmişə alıb mütaliə edirlər. Mən də bu qəzeti daim oxuyuram. Bu qəzetə maliyyə dəstəyi vermək və söz adamları üçün qapısını daha geniş açmaq yaxşı olardı”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli "Kaspi» sıradan bir qəzet deyildeyir: "Bu qəzetdə çalışanların hamısının ailəsi var, onlar dolanmalıdır. Qəzet oxunan, maraqlı qəzetlərdən biridir. Ona görə qəzetə maliyyə yardımı ilə bağlı yaranan problemi həll etmək lazımdır”.   

Əməkdar jurnalist Flora Xəlilzadə hesab edir ki, istər köhnə, istərsə də onun ənənələrini ləyaqətlə davam etdirən yeni "Kaspi” qəzetinin mətbuat tariximizdə şərəfli yeri var: "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun onu maliyyə dəstəyindən azad etməsi yolverilməzdir. Həm Azərbaycanca, həm də rus dilində nəşr olunan bu qəzetlərdə 100-ə yaxın insan çalışır. Atılan addım həmin insanların işsiz qalması deməkdir. Yəqin ki, cənab Prezident məsələyə öz müdrik münasibətini bildirəcək. Biz qələm sahibləri də bu qəzetlə müntəzəm əməkdaşlıq edir və yazımıza görə də qonorar alırıq. Halbuki başqa qəzetlərdə bu yoxdur. Dövlətçiliyimizin keşiyində dayanan "Kaspi” qəzeti yaşamalıdır!”

«Kaspi» qəzeti üç əsrin qəzetidir” deyən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Qərənfil Dünyaminqızı hesab edir ki, bu qəzeti yaşatmaq çox yaxşı olardı. Belə ki, «Kaspi»nin səs-sədası 19-cu əsrdən gəlir: "Biz bu qəzeti yaşatmaqla həm də böyük türk dünyasında tanınan Əli bəy Hüseynzadənin ruhunu şad edirik. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində hələ türk dünyasını, dövlətçiliyimizi qorumaq üçün onlar necə böyük amallarla yaşayırdılar.yaxud Əhməd bəy Ağaoğlu hələ tələbə ikən FransaPeterburq mətbuatında çap olunurdu. Biz bu görkəmli şəxsiyyətlərin adını "Kaspinin səhifələrində yaşatdıq. «Kaspi» qəzeti dünənimizlə bu günümüz və sabahımız arasında bir növ körpü rolunu oynadı. Dövlətçiliyimizi, müstəqilliyimizi yaşatmaq, böyük türk dünyasını qorumaq, müstəqil Azərbaycançılıq ideologiyasını yaşatmaq üçün klassiklərimizdən Üzeyir bəy, Əhməd bəy Ağaoğlu, Həsən bəy Zərdabi, Ceyhun bəy, Şəfiqə xanım Əfəndizadədən bəhrələnərək onların ideyalarını günümüzə gətirdik. Bu baxımdan «Kaspi» qəzeti klassiklərimizi yaşatmaq, onların ideyalarını təbliğ etməkdə körpü rolunu oynadı. Xalq Cümhuriyyətini quran oğullarımızın böyük əksəriyyəti Kaspiçilər idi. Onların vaxtilə müstəqil dövlət qurmaq, onu yaşatmaq ideyalarına «Kaspi» öz səhifələrində yer ayırdı”. Q.Dünyaminqızının sözlərinə görə, qəzet həm də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin təcrübi mətbu orqanıdır: "Jurnalistika nəzəriyyəsi və təcrübəsindən dərs deyən müəllim oradakı yazıları janr baxımından tədris edir. Mən mətbuat tarixi tədqiqatçısı kimi mətbuat tarixi ilə bağlı yazıları şərh edirəm. Qəzet tarixi bir ənənəni yaşadır. Ona görə çox yaxşı olar ki, belə bir qəzeti yaşatmaq, klassiklərin ruhuna uyğun təbliğ etmək üçün addım atılsın. İnanıram ki, belə də olacaq!”

"Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədovaya görə "Kaspitarixi bir qəzetdir: "Bu qəzet maarifçi missiyasını yerinə yetirib. Qəzetin reytinqi, ədəbiyyatımıza və mədəniyyətimizə olan xidməti çox böyükdür. Ağlıma gətirə bilmirəm ki, bu qəzet bağlansın. Mən özümü "Kaspi” qəzetinin yanında görürəm və dəstək göstərirəm!”

 

Təranə Məhərrəmova

Kaspi  2020.- 5 fevral.- S.5.