“7-ci sinfə qədər
danışmamışam”
Xalq rəssamı
Xanlar Əhmədov: "Məqsədim sənət
arxasınca getmək yox, pul qazanmaq olsaydı, indi milyoner idim”
5-6 yaşında danışığında kəkələmə yaranır. Problem o qədər ağır olur ki, bundan çox utanır və artıq danışmamağa qərar verir. 7-ci sinfə qədər danışmır, məktəbdə bütün imtahanlarını yazılı formada verir. Ancaq bir gün qərar verir ki, bu problemi həll etməlidir və məşq edərək bir neçə ay içərisində buna nail olur.
Söhbət rəssam-heykəltəraş,
xalq rəssamı Xanlar Əhmədovdan gedir.
"Keçmişdəki mən” rubrikamızın
qonağı olan X.Əhmədovla bu dəfə onun
uşaqlıq, gənclik illərinə nəzər saldıq.
Qeyd
edək ki, X.Əhmədov 1946-cı ildə Bakı şəhərində
anadan olub.
"Uşaqlıq illərindən
danışaq” dediyimdə ilk olaraq məhz danışa bilmədiyi
dönəmləri xatırladı: "5-6 yaşım
olardı, atamı şərləyib tutdular, 3 il iş verdilər.
3 ildən sonra onun qayıdacağını gözləyirdik.
Elə oldu ki, 6-7 ayın tamamında onu buraxdılar. Evə
girdiyi an o qədər sevindim ki, danışığımda
kəkələmə yarandı. Belə bir hal var ki, uşaq
çox sevinəndə, yaxud çox üzüləndə
onda kəkələmə problemi yarana bilir. Mən də
böyük sevinc qarşısında bu problemə
düçar oldum. Əslində, danışa bilirdim, amma
çox ağır kəkələmə olduğu
üçün utanırdım, ona görə,
özümü söndürmüşdüm və
danışmırdım. Bu səbəbdən 7-ci sinfə qədər
danışmamışam. Orta məktəbdə bütün
imtahanlarımı - coğrafiya, tarixdən belə - yazılı verirdim”.
7-ci sinifdə oxuyanda isə kəkələmə problemini özü həll edir: "7-ci sinifdə oxuyanda, sənədlərimi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə vermək qərarına gəldim. Ancaq danışa bilməməyim məni narahat edirdi, utanırdım. Öz-özümə deyirdim ki, məktəbdə hamı bilir ki, danışmıram, indi də texnikumdakılar bunu görəcək. Bu da mənə ağır gəlirdi. Öz üzərimdə eksperiment etməyə başladım. Gördüm ki, dərindən nəfəs alıb danışanda, kəkələmə olmur. Hamıdan xəbərsiz, tək bir yerə çəkilib davamlı olaraq bu cür danışmağı məşq etdim. 3 aya artıq rahat danışdım. Bu üsulla sonra bir neçə kəkələməsi olan uşağın problemini həll etmişəm”.
"Acından
ölüm, amma rəssam olum”
Uşaqlıqdan
rəsmə marağı olduğu üçün bu sahəyə
yönəlmək qərarı verir: "Dayılarım
başqa sahələrdə çalışsalar da, gözəl
rəsm çəkmək qabiliyyətləri var idi. Rəsmə marağım olduğu üçün
hər dəfə bizə gələndə deyirdilər ki, gəlin
rəsm yarışı keçirək. Həmişə
də qalib məni elan edirdilər. Belə-belə
rəsm çəkirdim. 5-6-cı sinifdə
oxuyanda gördüm ki, sinif yoldaşım Eldar Məmmədovla
(əməkdar mədəniyyət işçisi, Aztv-nin
baş operatoru) Sadıq Hüseynov (əməkdar rəssam) dərsdən
sonra tələsik harasa gedirlər. Sonra
özləri dedilər ki, rəsm dərnəyinə gedirik,
istəsən, sən də gəl. Mən
də onlara qoşulub getdim. Düzü,
atam rəssamlığa yönəlməyimi istəmirdi.
Onun elektronika ustası olan bir dostu var idi. Deyirdi ki, get onun çamadanını daşı,
yanında işlə, öyrən. Dedim ki, acından
ölüm, amma rəssam olum”.
Rəssamlıq
dərnəyində heykəltəraşlıqla tanış olur və bu iş onu öz təsiri
altına salır: "Deməli, rəsm dərnəyinə rəssamlığı
öyrənmək niyyəti ilə getmişdim. Rəsm müəllimimiz Nadir Axundov arada fasilə
verirdi, deyirdi ki, çıxın dəhlizdə gəzin, o
biri siniflərdəki dərslərə baxın,
qayıdın. Beynimizin
açılması üçün bunu edirdi. Fasilə vaxtı açıq qapısı olan bir
otağa yaxınlaşdım, gördüm ki, həmyaşıdlarım
hamısı heykəl düzəldir. Vaxt
mənim üçün dayandı, bilmədim nə qədər
orda dayanmışam. Bir də gördüm ki, sinifdən
yaşlı bir qadın mənə "Gəl-gəl” dedi. Elə o gəl, bu gəl, mən heykəltəraşlığa
bağlandım. Nadir müəllimə dedim ki, həvəsim
heykəltəraşlığadır və sonra o sinfə
keçdim”.
Sonra isə
Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbində heykəltəraşlıq üzrə
oxuyur: "Bizdən aşağı və yuxarı kurslardan
bir-iki nəfər rəssam ancaq yetişirdi, bizdən isə
90 faizi indi üzdədir. Xalq rəssamı, Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı,
Rəssamlar İttifaqının katibi Ağaəli
İbrahimov, 10-a qədər əməkdar rəssam məhz
bizim kursda oxuyanlar idi”.
Qabiliyyət
imtahanında birinci oldum, amma...
İnstitut
dönəmində ailəsinə yük olmamaq
üçün texnikumda oxuduğu müddətdə pul
qazanmağa başlayır: "Texnikumda oxuyanda yay tətillərində
rəngsaz işləyirdim. Təmir-tikinti idarəsinə
yazılırdım, gedib evləri, balkonları,
qapıları rəngləyirdik. Bundan pul
qazanırdım ki, gələn dərs ilində özümə
nə isə alım. Valideynlərimi xərcə
salmayım. İlk qazancım o idi. Texnikumu bitirmək üzrə idim, o ərəfədə
qrafik əsərlər çəkməyə başladım.
O əsərlərimi görüb "Molodyoj Azerbaydjana” qəzetindən
dəvət etdilər ki, gəl sənə vəsiqə verək,
təzə rubrika açaq, onu işlə. "Rəssam
şəhəri gəzir” adlı rubrika açıldı.
O vaxtı Bakıda metro tikintisi yeni başlamışdı. Birinci metroya getdim. Tikinti ərazisinə
gedib orda qrafik əsərlər çəkirdim. Həmin əsərlər rubrika ilə
yayımlanırdı. Ordan xeyli pul
qazandım. Pul yığırdım ki,
institut oxuyanda evə əziyyət verməyim”.
Ancaq ilk ali təhsil almaq cəhdi uğursuzluqla nəticələnir:
"Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini
bitirən 7-8 tələbə birləşib Surikov adına
Moskva Dövlət Akademik Rəssamlıq İnstitutuna sənəd
vermək üçün Moskvaya getdik. Sənəd
verəndə, əsərlərimizi də təqdim edirdik.
Əsərlərimi görəndə dedilər
ki, siz hazır rəssamsınız, niyə institut oxumaq istəyirsiniz?
O mənada dedilər ki, instituta qəbulda yer sayı məhdud
idi, başqa tələbələr orda öyrənə bilərlər.
Nəysə, sənədləri qəbul etdilər,
imtahan verməli olduq. Hərəmiz bir sahə
üzrə imtahan verirdik. Mən heykəltəraşlıq
üzrə qabiliyyət imtahanında birinci oldum, institutda
hamı məni təbrik edirdi, evlə əlaqə saxlayıb
qəbul olduğumu demişdim. İkinci mərhələdə
isə, rus dilində ifadə yazmalıydıq. Mənimlə gedən yoldaşlardan İsmayıl Məmmədov
rus sektorunu qurtarmışdı, mən Azərbaycan dilində
oxumuşdum. İsmayıl dedi ki, mən onsuz da
keçmirəm, qiymətim aşağıdır, sən
birinci yerdəsən, gəl sənin adından mən
yazım, mənim adımdan da sən. Yazdıq,
o 4 aldı, mən 3. Yenə birinciliyimi
saxlayırdım. Növbəti mərhələdə
isə SSRİ tarixindən imtahan verdik. Biletə
Sovet İttifaqı Kommunist Partiyasının 6-cı
qurultayı düşdü. Cavablandıra
bilmədim, "2” yazdılar.
5 nəfəri
elə adamlar tapşırmışdı ki...
Sənədlərimizi
götürməyə gedəndə, institutun işlər
müdiri olan qadın dedi ki, sən sənədlərini
götürmə. Əsəbi idim, dedim sənədlərimi
verin, bir də gəlməyəcəm. Bakıya
qayıtdım, ancaq elə həmin il
qışda Moskvaya sərgiyə gedəndə dedim ki, orda
bizimlə imtahan vermiş yoldaşlara da baş çəkim.
İnstitutda işlər müdiri qadınla
qarşılaşdıq, tanıdı. Dedi ki, sənə
dedim axı sənədlərini götürmə. Bildirdi ki, həmin vaxt qəbul yeri 5 olub, sona isə
6 nəfər qalıbmış. Dedi ki, o 5 nəfəri
elə adamlar tapşırmışdı ki, onları
qoyub səni keçirə bilməzdilər. Hətta dedi ki,
tarixi əzbər də desəydin, sənə 2
yazılacaqdı. Ancaq universitetdə
bilirmişlər ki, onlardan yarımçıq qoyanlar olacaq,
ona görə təklif ediblər ki, sənədlərimi
götürməyim. Həqiqətən də
2 nəfər qısa müddətdə təhsilini
yarımçıq qoyub, ona görə də məni axtarıblar,
sənədlərimi götürdüyüm üçün
əlaqə saxlaya bilməyiblər. Dedilər ki, gələn
il gəl, ola bilər ki, səni
imtahansız qəbul etdik. Ancaq sonra ürəyimdə
problem yarandı deyə, həkimlər dedilər ki, Rusiya tərəfə
getmək olmaz. Məcburən Daşkənd
Teatral-Bədii İnstitutunda təhsil aldım. Daha sonra Moskva Rəssamlıq Akademiyasında
aspirantura təhsili aldım. Həmin
müddətdə də Rusiyada çalışdım”.
Tələbəlik
dövründə nəinki ailəsinə yük olmur, eyni
zamanda evdəkilərə pul cəhətdən yardım
edir:"Həmişə deyirəm ki, tələbəlik illərim
yaxşı keçib, pambıq yığmaq olmasaydı. 5 il oxudum, 4 il bizi pambıq yığmağa
göndərdilər. Ancaq ordan pul
qazanırdım. O vaxt mis üzərində döymə
işlər dəbdə idi, mən o işi görüb pul
qazanırdım. Sifarişlər də olurdu, tələbə
yoldaşlarımla birləşib işləyirdik. Deyirlər ki, Daşkənd çörəkli şəhərdir.
Tələbə üçün yaxşı
idi. Bir şiş kababı bir manata
alırdıq. Valideynlərim mənim
üçün aylıq təqaüd kimi 30 manat göndərirdilər.
Günə 1 manat müəyyən etmişdilər.
Mən özüm deyirdim ki, artıq göndərməyin,
çünki qardaşlarım balaca idilər, dedim onlara xərcləsinlər.
Tətildə evə pulla dönürdüm,
qardaşlarıma pul verirdim”.
İnstitutu
bitirəndə, rektor ona Özbəkistanda qalmağı təklif
edir, ancaq razı olmur: "Dedi ki, aktiv tələbəsən,
qal səni Nəvahi şəhərinə baş rəssam
göndərək. 3 otaqlı ev, xidməti
maşın, emalatxana təklif etdilər. Dedim ki, Bakıya
qayıdıram. Bakıda ev, maşın,
emalatxanam olduğunu soruşdu. Heç biri
olmadığını bildirdim. Dedi ki, bəs hara gedirsən?
Dedim ki, ora və qayıtdım”.
Tanışlığımız 8-ci sinifdən
olub
Deyir ki, pul arxasınca getsəydi, indi sənətdə bu yerlərə gəlməzdi: "Məqsədim sənət arxasınca getmək yox, pul qazanmaq olsaydı, indi milyoner idim. Amma heç vaxt pul dalınca qaçmamışam. Pul özü gəlib məni tapıb. Pul arxasınca gedən, sonra əli boşda qalan istedadlı adamları çox görmüşəm”.
23 yaşında ailə qurub. "Evləndiyiniz
xanımı özünüz seçdiniz, yoxsa valideynlər?”
deyə sualımıza belə cavab verdi: "Təbii ki
özüm. Gül kimi bulvarımız var, orda
görüşdük, danışdıq,
razılaşdıq. Tanışlığımız 8-ci sinifdən
olub. O vaxtdan tanıyıb bir-birimizi sevirdik. 23 yaşımda
da evləndik. Bu il evlənməyimizin 50 ili tamam olur”.
İki övladlar olur, ancaq birini gənc
yaşlarda itirirlər: "İki övladımız oldu.
Biri heykəltəraş idi. Özünə qəsd etdi. Evli
idi, bir yadigarı qalıb. 3 nəvəm var. Böyük nəvəm
qızdır, 2-ci kursda oxuyur. Ortancıl nəvəm
oğlandır, 8-ci sinifdə oxuyur. Hərdən ona deyirəm
ki, nənənlə mən 8-ci sinifdən tanış idik, tərpən
(Gülür). Oğlumun yadigarı isə 4-də oxuyur.
Gözəl skiripka çalır”.
Müəllim kimi fəaliyyətə isə 60
yaşından sonra başlayır. Bu gün tələbələrindən
çox şey öyrəndiyini deyir: "Müəllimliklə
bağlı çox yerdən təklif gəlirdi, amma
getmirdim. Deyirdim ki, hələ öyrənirəm. 60-dan sonra Mədəniyyət
və İncəsənət Universitetinin keçmiş
rektoru Timuçin Əfəndiyev dəvət etdi, dedim ki, indi
müəllimlik edə bilərəm. 12-13 ildir müəllim
işləyirəm. Gənclərlə işləmək
çox yaxşıdır, bəzən onlar bilmədən elə
bir şey edirlər ki, onu götürürəm. Məsələn,
universitetdə heykəltəraşlıq ixtisası yoxdur, rəsm
və rəngkarlıqdan dərs keçirəm. Rəssamlıqda
elə rənglər var ki, onları yan-yana vurmaq olmaz, bu, qəti
qadağandır. Bəzən gənclər elə vururlar ki, o
rənglər bir-biriylə yaxşı qonşuluq edirlər.
Mən artıq ondan öyrəndim. O, mənim qədər
bilsəydi, o rəngləri yan-yana qoymazdı, amma bilməməzlikdən
etdi, uyumlu oldu və mən öyrəndim”.
Özümü 30 yaşda hiss edirəm
X.Əhmədov hazırda emalatxanasında yaşayır. Deyir ki, bu, onun üçün uğurlu variantdır: "Şəhərdə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı yerlərdə evim olub. Sonra ürəyimdə problem yarananda evləri satıb emalatxanada yaşadım. Emalatxanada yaşamaq çox yaxşıdır. Baltikyani ölkələrdə dostlarımda bu təcrübəni görmüşdüm. Düzdür, emalatxanam Bakıda ən yaxşılardan, böyüklərdən biridir. Eyni zamanda ölkə başçısı mənə ev verdi, hələ ki orda təmir gedir. İşləmək cəhətdən mənim üçün ən rahatı emalatxanada yaşamaqdır. Səhər tezdən də durub işləyə bilirəm, gecə yatmağa gedənə qədər də”.
Deyir ki, tərəddüd və sərbəst
zaman onun işi üçün önəmlidir:
"Emalatxanada hazırda 200-ə yaxın iş var. Ona
baxmayaraq, bir neçə aydan bir emalatxanada
saf-çürük edirəm. İşlərin bir qismini
sındırıb atıram. Bəzən bunu görənlər
deyirlər ki, onu sındırdığına ver biz evə
qoyaq. Deyirəm ki, bu, mənim adımdır, o işin mənim
adımla qalmasını istəmirəm. Bəzən iş
görürəm, bir az keçəndən sonra deyirəm ki,
gərək filan cür edərdim. Tərəddüd önəmlidir,
yoxdursa, orda yaxşı işdən söhbət gedə bilməz.
Bir də zaman sərbəst olanda daha
yaxşıdır. Heykəl mənə "dayan, bəsdir,
hazıram” deməlidir ki, ondan əl çəkim. Hazırda
Hacı Zeynalabdin Tağıyevin heykəlini işləyirəm.
Mart ayında təhvil verilməlidir. Amma fikirləşirəm
ki, əlavə 5 ay da verilsəydi, daha yaxşı olardı.
İndi mən sırf o işə fokuslanmışam, vaxt cəhətdən
təbii ki çatdıracam. Bizim iş sərbəstliyi
sevir”.
73 yaşı olsa da, "özümü 30
yaşda hiss edirəm” deyir: "Mən çox cavanam, elə
bilirəm ki, 30 yaşı keçmirəm. Hamısı
ürəyə bağlıdır. Özü də bunu
(ürəyini göstərir) 14 ildir qoydurmuşam.
Yaşı 14-dür. Bu ürək dünyada nə
görüb? Ən qorxulu şey qocalmaqdır. Ruhun, ürəyin
qocalmasını deyirəm. Elə gənclər
tanıyıram ki, həvəssizdilər, enerjiləri yoxdur”.
Aygün
Asimqızı
Kaspi 2020.- 7 fevral.- S.12.