Erməniləri diz çökdürən Roma fatehi

Ona özündən çox, atası güvənib

Bu günlərdə ölkə idman ictimaiyyəti üçün ən önəmli hadisələrdən biri Romada keçirilən güləş üzrə Avropa çempionatıdır. Olimpiadaya lisenziya xarakteri daşımasa da, "ağır artilleriya"mızın uğursuz Qazaxıstan mundialından sonra qitə sınağından necə çıxacağı maraq doğururdu. Meydan ilk olaraq yunan-Roma güləşçilərinin ixtiyarına verildi. Nəticə təəccübləndirdi desək, yanılmarıq. 2 qızıl, 4 bürünc medalla Rusiyanın ardından ikinci yer! Keyfiyyət etibarilə medalların tən yarısının olimpiya çəkilərinin payına düşməsi xüsusi qeyd olunmalıdır. Ayrıca, "klassiklər"imiz uzun illər idi analoji yarışın olimpiya çəkisi üzrə mübarizəsində baş mükafat qazanmırdı. Belə ki, sonuncu belə uğura düz səkkiz il əvvəl Elçin Əliyev imza atmışdı. Odur ki, debüt AÇ-sini maksimum nəticə ilə əlamətdar edən gənc qəhrəmanımızı yaxından tanımağın əsl vaxtıdır.

Fərid Mansurov...

Sənan Əmrah oğlu Süleymanov 16 dekabr 1996-cı ildə Borçalı mahalının Qızılkilsə kəndində, sadə, zəhmətkeş ailədə dünyaya göz açıb. Orta məktəbə doğma kəndində başlayan Roma qəhrəmanı, ikinci sinifdən Bakının Binə qəsəbəsində yerləşən 218 saylı məktəbə gedərək, həmin təhsil ocağını bitirib. Güləşlə 9 yaşından, yaxın qohumu olan olimpiya ikiqat dünya çempionu Fərid Mansurovun uğurlarından ruhlanaraq məşğul olmağa başlayıb. Yaşadığı qəsəbədə Azər Hüseynovun yanında klassik güləşin ilkin sirlərinə yiyələnən Sənan, bu günədək məşqçisinə sadiqdir. Bu arada, kiçik Süleymanov ilk addımlarında tək olmayıb. Belə ki, 4 yaş böyük qardaşı Seymur da bir müddət onunla eyni zalda məşq keçib.

Sənan, karyerasının yeniyetməlik dövrünü Avropa dünya üçüncülüyü, AGF kuboku Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan ənənəvi turnirin qızıl medalı ilə yaddaqalan edibsə, gənclərdə qitə birinciliyinin respublika birinciliyinin "bürünc"ünü, AGF kubokunun isə baş mükafatını boynundan asıb. Böyüklərdə iki dəfə respublika üçüncüsü, bir dəfə ölkə çempionatının gümüş mükafatçısı olan Süleymanov, Ukrayna Qran Pri-sinin qalibi, bu ilin yanvarında Fransada keçirilən analoji yarışın finalçısıdır. Bunlarla yanaşı, o, ötən ilin noyabrında 23 yaşadək güləşçilərin dünya çempionatında finaladək irəliləyib. Lakin sadalanan uğurların heç biri klassik güləşin vətənini fəth etdiyi 77 kiloqram çəki dərəcəsi ilə bağlı deyil.

Son anda dəyişən qərar, ikiqat debüt... - Bir qələbənin tarixçəsi

Bəli, ilk dəfə qatıldığı böyüklər arasında qitə çempionatında o, həm yeni çəkidə debüt edirdi. Əvvəlcədən dünya Avropa çempionu Həsən Əliyevin iştirakı gözlənilsə , təcrübəli pəhləvanın zədələnməsi səbəbindən, Aleksandr Tarakanovun başçılıq etdiyi məşqçilər heyəti yığmanın digər üzvləri arasında məcburi seçim qarşısında qalmışdı. 77 kiloqramda müəyyən təcrübəyə sahib güləşçilər olmasına baxmayaraq, bütün ehtimalları götür-qoy edən rusiyalı çalışdırıcı, yüksəlişdə olan gənci optimal variant hesab edir. Yox, bu, heç onunla bağlı konkret medal gözləntilərinin olmasını söyləməyə əsas vermir. Doğrudur, olimpiya ilinə təsadüf edən AÇ-lər adətən bir sıra əsas favoritlərin iştirakı olmadan baş tutur. Lisenziya qazanmış idmançılara istirahət verilirsə, missiyanı yerinə yetirməyənlər qarşıdakı təsnifat yarışlarını əsas hesab edib, özlərini mümkün zədədən qoruyurlar. Romada keçirilən AÇ- eyni halı müşahidə edirik. Məsələn, Süleymanovun çəkisində son dünya çempionu, macarıstanlı Tamaş Lorinçz, ikiqat olimpiya çempionu, rusiyalı Roman Vlasov kimi "klassiklər" yarışı buraxırdı. Lakin bu da faktdır ki, sərbəst güləşdən fərqli, yunan-Romanın qitə üzrə bir xeyli iddialı təmsilçisi var. İstənilən halda, Sənanın qələbəsini kiçiltmək olmaz. Nəzərə almaq lazımdır ki, 77 kq klassik güləşin ən rəqabətli çəkilərindən biri, hətta birincisidir. Üstəlik, yarış günü qəhrəmanımızın şəxsi çəkisi cəmi 75 kiloqram olub. Bu arada, özü etiraf edir ki, Apennin yarımadasının paytaxtında nəinki qızıl, heç bürünc medala da ümid etməyib. Fərq etməz, bu ya digər yarışda ilk yarımfinal mərhələnin daha çətin olduğunu düşünən Süleymanov, üstəlik, üzərində ikiqat məsuliyyət hiss etdiyini deyir: "Kimlə güləşməyindən asılı olmayaraq, ilk mərhələ həmişə ağır keçir. Püşk elə gətirdi ki, siftəni erməni əsilli bolqarla etməli idim. Bəlkə , bu, yaxşı oldu. İkiqat məsuliyyətlə güləşdim. Yarımfinalda isə yolum birbaşa Ermənistan təmsilçisi ilə kəsişdi. Bu, artıq üçqat məsuliyyət idi. Uduzsam, həm finaldan olurdum, həm medal qazanmağım şübhə altına düşürdü. Çətin oldu, amma bacardım. Finalda özümü rahat hiss edirdim. Üzərimdə elə bir gərginlik yox idi".

Qeyd edək ki, sonda üçüncü yeri tutaraq, himnimizi dinləməyə məcbur olan Karapet Çalyan son illərdə Ermənistan yığmasının əsas heyət üzvlərindən biri sayılır. Üstəlik, olimpiadaya lisenziyanı da təmin edib. Odur ki, Sənanın bu qələbəsini digərlərindən fərqləndirməsi tam təbiidir.

Lisenziya demişkən, 19-22 mart aralığında Macarıstanda Avropa Olimpiya Təsnifat Turniri baş tutacaq. Yalnız finalçıların 16 xoşbəxt sırasına düşəcəyi Budapeşt turnirində Süleymanovun mübarizə aparması kifayət qədər real səslənir.

Qızılkilsənin sevinci

Sənanın sürpriz çempionluğu ailəsi, yaxınları ilə yanaşı, doğma Qızılkilsə elində böyük sevinc, şadyanalıqla qarşılanıb. Bu barədə həmkarımız, tanınmış idman jurnalisti Kənan Həsənov məlumat verib: "Qızılkilsə kəndi idmançıları ilə məşhurdur. Olimpiya çempionu Fərid Mansurovu, futbolçu Samir Musayevi hamı tanıyır. Sənan da idmanda ilk böyük addımlarını atır. Anası ilə bir sinifdə oxumuşam, atası yaxın qohumumdur. Yəni onun hansı mühitdə böyüdüyünü yaxşı bilirəm. Çox tərbiyəli çalışqan biridir. Düşünürəm ki, Avropa çempionluğu böyük zəfərlərin təməli olar. Hər bir qızılkilsəlinin arzusu bu kənddən Fərid Mansurovdan sonra ikinci olimpiya çempionunun çıxmasıdır. Sənanda bu potensial var".

"Çox optimist adamam"

Sənandan fərqli olaraq, atası maksimum nəticəyə köklənibmiş: "Mən çox optimist adamam. Yadımdadır ki, futbol üzrə İtaliya Azərbaycan yığmaları qarşılaşanda "bizimkilər udacaq" deyə, mərcə girmişdim. Düzdür, reallıqdan uzaq olmaq yaxşı hal deyil, amma, necə deyərlər, əsas nəticədir. Sənan məni yanıltmadı".

Parter - yaralı yer

"Klassiklər"in ümumi nəticəsi ümidləri artıqlaması ilə doğrultsa da, bəzi boşluqlar diqqətdən qaçmadı. Bu mənada xüsusilə parter vəziyyətindəki dözüm və "dişsizliy"i qabartmaq lazımdır. Əksər komanda yoldaşı kimi, Sənan da bu baxımdan "axsayır". Xalları əsasən ayaqüstü mübarizədə qazanır. İlk dəqiqələrdən hücum üslubunda güləşib, görüşün axarına nəzarəti ələ keçirmək başlıca taktikasıdır.

"Futbola gəl" deyiblər, o isə...

23 yaşlı Avropa çempionumuz ötən il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasını bitirib. Əvvəl "Təhsil"in sıralarında idisə, bir ilə yaxındır ki, "Neftçi" klubunu təmsil edir. Hobbilərindən danışarkən, "yaxşı futbol oynayıram" deyir. Atasının dediyinə görə, bir ara ona hətta futboldan dəvət gəlib. Sadəcə, bir əldə iki qarpız tutmaq istəməyən Sənan, bundan vaz keçib. Futbol mövzusunun davamı olaraq qeyd edək ki, o, "Qarabağ" "Barselona" azarkeşidir.

Portret

Sərbəst güləş qədər olmasa da, yunan-Romada Avropa çempionluqlarımızın sayı az deyil. Lakin heç bir qitə "qızıl"ı bizləri Sənanınkı qədər təəccübləndirməmişdi. Lisenziya xarakterli mundialı "sıfır"la tamamlayan "klassiklər"imiz adına bu, əsl ümid işığıdır. İnanmaq istəyirik ki, Roma, sürpriz çempion üçün zirvə yox, başlanğıc olacaq.

 

Sahib

Kaspi  2020.- 14 fevral.- S.14.