“Xocalı soyqırımı hamımızın faciəsidir”  

Azərbaycan Türkiyə Vizyon Teatrı Xocalı hadisələrinə həsr olunmuş tamaşa hazırlayıb

28 il bundan öncə fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi vəhşiliklər dünya tarixində ən dəhşətli soyqırımı hadisələrindən biri kimi yaddaşlara həkk olundu. Bu hadisədən 28 il keçsə də, hər il bu günü unutmurunutdurmuruq. Bu illər ərzində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində müəyyən işlər görülüb və hələ də görülməkdədir.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Türkiyə Vizyon Teatrı öz ənənəsinə sadiq qalaraq, İstanbulda bu günü yada salan tamaşa ilə çıxış etdi. Xocalı faciəsi zamanı yaşanmış hadisələr nümayiş olundu. İstanbulda müstəqil teatr şəklində fəaliyyət göstərən teatrın rəhbəri və tamaşanın baş rol ifaçısı Kəmalə Nəbibəyli bildirir ki, tamaşada Xocalı dəhşətini yaşamış Dürdanə Ağayevanın obrazını yaradır. Məşq prosesi 2 aydan çox gedən tamaşaya Bakıdan qonaqlar da dəvət olunmuşdu.

Ssenari müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran Dadaşzadə olan "Cəhənnəmdə 8 gün” tamaşası müharibə və terrorun qurbanı olmuş insanların yaşantılarını əks etdirir. Tamaşada Xocalıda hücuma məruz qalan insanlara qarşı münasibət və insanlıq duyğusu ön plana çəkilib. Kəmalə xanım deyir ki, 1992-ci ildə Xocalıda yaşanan hadisələri anmaq insanlıq borcudur. Çünki insan haqları bu qədər pozularsa, nəticədə soyqırımları geniş meydanı əhatə edəcək: "Bu layihədə Xocalı soyqırımında bir gənc qızın – Dürdanə Ağayevanın yaşadığı hadisələr əsasında ssenari yazıldı. Rejissorumuz Kamran bəy ssenariyə uyğun tamaşaçıların diqqətini cəlb edə biləcək bir tamaşa hazırladı. Tamaşada sadə insanların həyatlarına, psixologiyasına vurulmuş zərbələri, sarsıntıları göstərməyə çalışdıq. "Cəhənnəmdə 8 gün” vasitəsilə olanları olduğu kimi göstəririk. Tamaşa kimisə hədəfə almaq deyil, sadəcə məlumat xarakterlidir. Layihənin önəmli tərəflərindən biri də Azərbaycan və Türkiyə aktyorlarının birlikdə tamaşa hazırlamalarıdır”.

Xocalı faciəsi ərəfəsində yeni layihələrlə türk auditoriyası qarşısına çıxan Kəmalə xanım deyir ki, millətini, xalqını sevən insan heç bir maddi təmənnası olmadan vətən yolunda hər şeyə hazır olmalıdır: "Xocalı, Vətən mövzusu mənim üçün aktualdır. Mən bu mövzuda çox həssasam. Ona görə hər zaman Xocalı mövzusuna toxunmuşam, toxunacam da”.

Aktyorlar isə bizimlə söhbətlərində bildirdilər ki, "bir millət, iki dövlət” prinsipi gündəlik həyatımızda da bu isbat olunmalıdır. Sözügedən tamaşa isə bunun ən bariz nümunəsidir. Və onun vasitəsilə müharibəyə, qətliama "yoxdeyilir.

"Cəhənnəmdə 8 gün” tamaşasının administratoru Ayhan Ünlü söylədi ki, bu tamaşa onların yaradıcılığında xüsusi önəm kəsb edir: "İstərdik ki, qarşınıza bir komediya ilə çıxaq və tamaşaçıları əyləndirək. Ancaq bir həqiqət var ki, biz onu unutmamalıyıq. Çünki keçmişini dananın gələcəyi olmaz, deyirlər. Bu dəfə teatrımızın pərdəsini Xocalı faciəsini özündə ehtiva edən tamaşa ilə açırıq. Ümid oyunu aktyorları Azərbaycan Türkiyə Vizyon Teatrı olaraq biz bu qətliamı qınayır və savaşa "yoxdeyirik”.

Teatrın aktyoru Musa Çakır bildirir ki, amalımız belə bir tamaşa ilə Türkiyə və Türkiyədə yaşayan xarici vətəndaşlara Xocalı faciəsində yaşananları xatırlatmaq və qardaş Azərbaycanın acısını təqdim etməkdir: "Sözügedən tamaşada rol almaqdan qürur duyuram. Bu tamaşada qanlı terrorçu olan Monte obrazını canlandırıram. 1992-ci ildə qardaşlarımıza qarşı törədilən qətliamda bu qanlı terrorçunun rolunu oynamaq, əlbəttə ki, bir o qədər də xoş deyil. Lakin mənə görə, bir aktyor hər cür obrazın öhdəsindən haqqı ilə gəlməyi bacarmalıdır. Xocalı qətliamında qardaşlarımızın uşaqlarını, qadınlarını, yaşlıları amansızcasına qətl etmiş Monte adlı terrorçunun obrazı ilə düşmənin necə qəddar olduğunu göstərməyə çalışıram. Bu tamaşa vasitəsilə dünyaya səslənmək və hər kəsə terrorun gətirdiyi bəlaları göstərmək istəyirik. Qardaşlarımızın dərdini unutmadığımızı göstərməklə yanaşı, Xocalı faciəsini törədənləri lənətləyir, Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik”.

Teatrın aktrisası Şelale Coşkuntuna deyir ki, Xocalı faciəsi dünyanın üz qarasıdır: "Əslində, müharibə insanlığın dünya üzərindəki vicdan tərəzisidir. Uşaq, qadın, yaşlı demədən 613 nəfər Azərbaycan vətəndaşının ölümünə səbəb olan o dəhşətli hadisənin üzərindən 28 il keçir. Günahsız insanlara qarşı edilən bu qətliam vicdanı olan hər kəsdə dərin izlər buraxıb. Mən "Cəhənnəmdə 8 gün” tamaşasında Narxanım obrazını canlandırıram. Narxanım bütün bu hadisələrə şahid olan, hətta onu yaşayan bir qadındır. Əlbəttə ki, bu xarakteri oynamaq çox çətindir. Çünki bu yaşanmışları bir aktrisa olaraq ruhuna qəbul etmək, onu mənimsəmək, özününkü kimi təqdim, o qətliamı hiss etmək çox çətindir. O günləri, insanlığın ayıbını bu gün zehinlərdə təkrar canlandırmaq üçün burdayam”.

Aktyor Sait Vardar Xocalıda yaşanan hadisələrin bir qismini teatrın səhnəsində nümayiş etdirəcəklərini və bu tamaşa vasitəsi ilə cəmiyyətə mesajlarının olduğunu vurğuladı: "Xocalı qətliamı Türkiyədə mətbuatda yer almışdı. Bu teatrdakı tamaşa ilə bağlı araşdırdıqda, daha böyük bilgiyə sahib oldum. Bu tamaşada erməni nəzarətçisini canlandırıram. Nəzarətçi türklərlə iç-içə böyüdüyü üçün barış və köməksevər bir xarakterdir. Bu kiçik dünyada və qısa yaşamımızda savaş olmadan, barış içində yaşamağı arzulayırıq”.

Tamaşada Karo adlı vəhşi terrorçunu canlandıran aktyor Bülənt Altayerməni qatillərinin Xocalıda törətdikləri vəhşi qətliamı səhnədə göstərməyə çalışdıqlarını bildirdi: "Mənim üçün çətin də olsa, bu rolu səhnədə yamsılamağa çalışıram. Xocalıda qətl olunan bacı-qardaşlarımızın ruhu şad olsun”.

Son olaraq isə Kəmalə xanımdan sözügedən tamaşanın təşkilatçı tərəfini xəbər aldıq. Türkiyədə yaşayan azərbaycanlı adamlarının bu işdə dəstəyini soruşduq. Aldığımız cavab bizi məyus etdi: "Azərbaycanlı adamlarına müraciət olundu. Lakin Xocalı ilə bağlı tamaşanı hazırlamaq üçün heç kim bizə dəstək olmadı. Başqa tamaşalar üçün heç kimdən nə sponsor, nə dəstək istəmişik. Ancaq bunu anım günü kimi ortaya gətirib çıxarmağımız üçün bizə dəstək lazım idi. Ancaq heç bir azərbaycanlı adamı bizə cavab vermədi. Halbuki, Xocalı soyqırımı hamımızın faciəsidir”.

 

Xəyalə Rəis

Kaspi  2020.- 25 fevral.- S.12.