Naxçıvanın Avropaya çıxışı təmin olunacaq  

Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı razılığın əldə olunması siyasiiqtisadi sahədə atılan daha bir uğurlu addımdır

Paytaxt Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş keçirilib. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulanıb. Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Bunun ardınca dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. Dövlət başçısı İlham Əliyev ötən ilin ölkələrimiz arasında əlaqələr üçün çox uğurlu olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat sferasında çox böyük nailiyyətlər əldə edilib. O, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri xüsusilə vurğulayıb. Deyib ki, Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, "Starneft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atıldığına diqqət çəkib. Deyib ki, indi başlıca hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəsini 2019-cu ildə müəyyənləşdirilən 15 milyard dollara çatdırmaqdır.

Ticarət dövriyyəmiz 33 faiz artıb

Şuranın iclası başa çatdıqdan sonra Prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Tərəflər ümumilikdə 14 sənəd imzalayıb ki, onlardan biri də "Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumudur. Sənədlərin imzalanması mərasiminin ardınca mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin ilbəil artmasına diqqət çəkib. Qeyd edib ki, təkcə keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb: "İmzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub”.

İstehsal olunan məhsulların xarici bazarlara çıxarılması

Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətindən söhbət açan Prezident İlham Əliyev bu layihəni uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolunun davamı kimi xarakterizə edib: "Bu yolun gələcək fəaliyyəti haqqında danışıldı və Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair önəmli sənəd imzalandı. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır”.

Naxçıvana İrandan və Türkiyədən dəstək

Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan və Türkiyə arasındakı dəmir yolu xəttinin çəkilməsinə dair razılığa gəlinməsini siyasi sahədə atılan uğurlu addım kimi dəyərləndirib. Bildirib ki, bu layihənin icrası Naxçıvanın inkişafı baxımından çox önəmlidir: "Digər bir önəmli addım Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək”.

Böyük iqtisadi səmərə

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, "Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mühüm siyasi, iqtisadi və sosial əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu layihənin icrası Naxçıvanı blokada şəraitindən çıxaracaq, muxtar respublikanın iqtisadi vəziyyətini daha da yaxşılaşdıracaq: "Ermənistanın işğalçı siyasəti səbəbi ilə Naxçıvan Muxtar Respublikası uzun illərdir blokada şəraitindədir. Yəni, Azərbaycanla birbaşa quru əlaqəsi yoxdur. Azərbaycanın öz ayrılmaz tərkib hissəsi ilə yalnız hava nəqliyyatı yolu ilə əlaqə yaradıb. Sonradan İranla əldə edilmiş razılığa görə, bu ölkə ərazisindən keçməklə Naxçıvandan paytaxt Bakıya avtobusların hərəkətinə başlanılıb. Türkiyədən Naxçıvana yeni dəmir yolu xəttinin çəkilməsi Naxçıvanı blokada qayğısından bir qədər də azad edəcək. Digər tərəfdən, bu layihənin çox böyük iqtisadi səmərəsi var. Dəmir yolu vasitəsilə həm sərnişinlər qarşılıqlı hərəkətdə olacaqlar, həm də bu layihə vasitəsilə yükdaşımalar həyata keçiriləcək. Bu da öz növbəsində Azərbaycana, o cümlədən Naxçıvana yeni iqtisadi dividentlər gətirəcək”.

Dövlət büdcəsindən asılılığın azaldılması

Millət vəkili bildirib ki, yeni dəmir yolu xətti istifadəyə verildikdən sonra Naxçıvanın iqtisadi inkişafı təmin ediləcək, muxtar respublikada sosial-iqtisadi intibahın yeni mərhələsi başlanılacaq: "Bu layihə Naxçıvanın iqtisadi gücünün, potensialının ümumilikdə ölkə iqtisadiyyatına yönəldilməsinə də səbəb olacaq. Bu layihənin icrası sayəsində İran və Türkiyə ilə iqtisadi əlaqələri olan Naxçıvanın Avropaya çıxışı təmin olunacaq. Eyni zamanda bu layihə Naxçıvanın dünyaya, okeana çıxışı deməkdir. Dəmir yolu xəttinin istismara verilməsi ilə zəngin təbii ehtiyatlara, iqtisadi potensiala malik Naxçıvanın imkanları daha da genişlənəcək, ixrac qabiliyyəti artacaq. Beləliklə, yeni iqtisadi dividentlər, gəlirlər əldə edən muxtar respublika gələcəkdə dövlət büdcəsindən asılılığını da bir qədər azaldacaq, özü-özünü maliyyələşdirəcək”.

Enerji təhlükəsizliyinin təminatı, iqtisadiyyatın inkişafı

İqtisadçı millət vəkili Azər Badamov da hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirakı ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir: "Dünyada Azərbaycanla Türkiyə qədər bir-birilərinə yaxın iki ölkə yoxdur. İclas çərçivəsində imzalanmış 14 sənəd ölkələr arası ticari-iqtisadi, hərbi, mədəni və humanitar sahələr üzrə əməkdaşlıqda yeni üfüqlər açır. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və torpaqlarımızın işğaldan azad olunması prosesinin reallaşmasına töhfə verir. Beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan bir-birini dəstəkləyir və bu da dünyada sözümüzün gücünü artırır. Ölkələrimiz arasında formalaşmış sarsılmaz dostluq münasibətləri prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri üzərində daha da möhkəmlənir. Bu da ümumi düşmənlərimizə qarşı mübarizliyimizi artırır. Əldə edilmiş razılaşmaya uyğun olaraq, Türkiyənin Naxçıvanın enerji təhlükəsizliyinin təminatında və iqtisadiyyatının inkişafında da rolu artacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun 160 kilometr uzadılaraq Naxçıvana qədər çatdırılması, bununla da Naxçıvanın dəmir yolu vasitəsilə Azərbaycanla birləşdirilməsi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə Naxçıvana yeni qaz xəttinin tikintisinin planlaşdırılması olduqca mühüm siyasi-iqtisadi hadisədir. Naxçıvanda istehsal olunan qeyri-neft məhsullarının Türkiyə bazarlarına ixrac edilməsi muxtar respublikanın sosial-iqtisadi həyatının inkişafını daha da sürətləndirəcəkdir”.

Naxçıvan iqtisadiyyatı Türkiyə ilə daha çox bağlıdır

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, bölgədə yaranan ağır durum fonunda Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfəri hər iki tərəf üçün faydalı olub. Tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini xatırladan siyasi şərhçi deyib rəsmi Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq: "Ərdoğan Bakıda bir daha təkrarladı ki, Türkiyədən Naxçıvana həm dəmiryol, həm də 160 kilometrlik qaz xətti çəkiləcək. Bu layihələrin reallaşması Naxçıvan üçün olduqca vacibdir. Doğrudur, hazırda öldürücü virusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin Naxçıvanla sərhədi bağlanıb. Ancaq bu müvəqqəti xarakter daşıyır. Bu gün Naxçıvanın iqtisadiyyatı Türkiyə ilə daha çox bağlıdır. Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq”.

 

Rufik İSMAYILOV

Kaspi  2020.- 27 fevral.- S.4.