Səhnəmiz xarakterik aktyorunu itirdi

O, komik rollar oynasa da, həyatda çox ciddi insan idi

"Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib. Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi...” Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının paylaşdığı bu xəbər televiziya ekranlarından, teatr tamaşalarından tanıdığımız aktyorun yaradıcılığını bir daha gözümüz önündə canlandırdı, ölümünə təəssüf hissi doğurdu. "Hər bir insan həyatında öz ömrünü yaşayır. Amma aktyor müxtəlif insanların taleyini, əsəblərini, hisslərini, duyğularını yaşayır. Bu da istər-istəməz, o insanların səhhətində öz izini qoyur, problemlər yaradır. Bu mənada aktyor sənəti çox çətin sənətdir. Tofiq Hüseynov da yəqin ki, necə bir sənəti seçdiyini bilirdi”. Aktyorun ölümü ilə bağlı sənət dostlarının səsləndirdiyi bu fikirlər isə ümumən aktyorluğu özünə peşə seçənlərin, necə çətin bir sənət yolunun yolçusu olduqlarını xatırladır. Bu çətin maraqlı yolu Tofiq Hüseynov da keçib. O, 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsini bitirib. Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışıb, müxtəlif obrazlar oynayıb. Rza bəy ("O olmasın, bu olsun”, Ü.Hacıbəyov), Əzrayıl ("Bu meydan, bu şeytan”, F.Aşurov), Mərd Mazarov ("Adamın adamı”, Anar), Hacı Namazalı ("Danabaş kəndinin məktəbiC.Məmmədquluzadə),Tülkü ("CücələrimT.Mütəlibbov ), Cəbi ("Hacı Qəmbər”,N.Vəzirov ), Şah Kreon (J.Anuy "Medeya”), Vəzir Zəban (O.Altunbay "Tomris”) obrazları teatrsevərlərin böyük maraqla izlədiyi rollar olub.

T.Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Komiyonçu "Kəllə”(N.Hikmət), Knyaz Orbeliani "Brüsseldən məktublar”( H.Həsənov), Oqtay "Rəqabət”(B.Vahabzadə), Hacı Kərim "Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan ("Eloğlu”,A.Şaiq), Qala rəisi ("Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Bekar Ağabala "Dirilən adam”( Mir Cəlal), Katib "Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı), Ağamusa Fərəcov "Dəlilər ağıllılar” (İ.Əfəndiyev), Əcəl "Alın yazısı”( T.Minnullin) digər obrazları tamaşaçılar maraqla qarşılayıb.

Adama elə gəlirdi ki...

Tofiq Hüseynovun ölümü sənət yoldaşlarını xeyli kədərləndirib. O, sənət yoldaşlarının yaddaşında istedadlı, xarakterik aktyor olmaqla bərabər, səmimi insan kimi qalacaq. Xalq artisti Rafiq Əzimov deyir ki, Tofiq Hüseynov Milli Dram Teatra gəldiyi ildən bəri xırda, epizodik rollarda oynasa belə öz sözünü demiş aktyor olub: "Xarakterik obrazları indi gözümün qabağındadır. O, uzun illərdir ki, xəstə idi. Bir müddət xəstəxanada yatdı. Teatrda işlədiyi dövrdə bir-birindən fərqli, xarakterik rolları ilə fərqlənirdi. Xəstə olduğu vaxtda belə o, nikbin, gümrah görünürdü. Onun nikbin görünüşü adamı sevindirirdi. Adama elə gəlirdi ki, bu adam heç uzun müddət xəstəxanada yatmayıb, xəstəliklə əlbəyaxa olmayıb. "Bir işdir , düşmüşük, Allahın köməyi ilə yaxşı olar”- deyəndə, onun nikbinliyinə heyran olurdum. Tofiq Hüseynovun vəfat etməsi ilə bağlı xəbəri internetdə görəndə inanmadım. Onun vəfatı məni çox kədərləndirdi. Mən ümid edirdim ki, onunla bir tamaşada yenə oynayacağıq. Təəssüf ki, istedadlı aktyorlarımızı itiririk. Ondan əvvəl Rafael Dadaşov vəfat etdi. Bu cür aktyorlarımızın ölümü ilə teatrımız itirir. R.Əzimov həmkarını peşəkar aktyorluq keyfiyyətləri ilə yanaşı, səmimi insani keyfiyyətlərə malik insan kimi xatırlayır: "Onun hamıya qarşı səmimi ürəyi vardı. Söhbəti yalnız yaradıcılıq işləri, yeni tamaşalarda oynamaqla bağlı olurdu. Mən kədərlənirəm ki, aramızdan belə aktyorlar gedir. İstedadlı aktyor nadir hallarda yetişir. Təəssüf ki, biz Tofiq Hüseynov kimi istedadlı aktyoru daha aramızda görməyəcəyik”. R.Əzimov yeni teatr mövsümünü səbirsizliklə gözlədiyini desə , həmkarının yoxluğuna təəssüflənir: "Növbəti səhnəmizin pərdələrinin açılacağı günü səbirsizliklə gözləyirik. Teatrı, kinonu televiziya tamaşalarımızı da gözləyirik, amma Tofiqsiz...”

Sevdiyin adamların itkisi ağrılıdır

"Aktyorlar o peşə sahiblərindəndirlər ki, onlar bu peşəni seçdikləri gün özlərini, artıq həyatın və yaşayışın bir çox nemətlərindən məhrum etməyə imza atmış olurlar. Bu sənət çox çətindir”- deyən Xalq artisti Nurəddin Mehdixanlı mərhum həmkarını belə xatırlayır: "O, uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. Bu teatrda, həmçinin Azərbaycan Televiziyasında hazırlanan tamaşalarda həmişə tamaşaçılar tərəfindən arzuolunan aktyorlardan olub. Tofiq Hüseynov uzun illər də  Akademik Milli Dram Teatrında çalışdı. Pandemiya  başlamamışdan əvvəl bizim son görüşümüz oldu. Tofiq istedadlı aktyor idi. Özünəməxsus ifa tərzi, aktyor oyunu vardı. Maraqlı xarakter idi. Səhnədə komik rolları oynayan aktyor, həyatda çox ciddi insan idi. Mənim üçün maraqlı olan onun çox mütaliəli, özünün dünyagörüşünün olması idi. Onunla oturub rus teatrından, dünya teatr proseslərindən  danışmaq olurdu. Bizim həmişə çox normal, isti münasibətimiz olub. Dostlarına qarşı çox diqqətli idi. İstedadlı, istifadə olunası potensialı olan aktyorları itirmək çox ağrılıdır. Tofiq Hüseynovun hələ oynayacağı rollar vardı”. N.Mehdixanlı deyir ki, ümumiyyətlə, tanıdığın, sevdiyin adamların itkisi çox ağrılıdır: "Həmkarımız olduğuna, bir yerdə çalışdığımıza və onu daha yaxından tanıdığıma görə Tofiqin itkisi daha təsirlidir.  Elə hesab edirəm ki, biz, insanlara sağlığında dəyər verməyi bacarmalıyıq. Ancaq insanlara, bəzən sağlığında diqqət göstərmirik. Tofiq Hüseynov dövlət tərəfindən də təltiflərini almışdı. Amma ömür ömürdür. Hər bir insan yaşamaq istəyir. Tofiq Hüseynovda da  yaşamaq eşqi vardı”. N.Mehdixanlı deyir ki, Tofiq Hüseynov xəstəxanada yatdığı günlərdə teatrın rəhbərliyi ilk gündən həmişə onunla maraqlanıb. Həmkarları həmişə onun yanında olublar, dəstək göstəriblər: "Amma həyatda hər şey Yaradana bağlıdır. Biz yalnız onu edə bilərik ki, itirdiyimiz insanları unutmayaq, onları xatırlayaq, sağ qalanlarımıza diqqətlə yanaşaq. Əslində itirdiklərimizə verəcəyimiz ən böyük dəyər o olmalıdır ki, sağ qalanları qoruya, onların yanında ola bilərik. Hamımız çalışmalıyıq ki, cəmiyyətimizdə bir-birimizin yanında olaq”. N.Mehdixanlı həmkarının ölümünü teatrımızın itkisi adlandırır: "Bu, Azərbaycan teatrının, mədəniyyətinin itkisidir. Amma həyat davam edir...”  

Alqışlarla son mənzilə

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Tofiq  Hüseynovla 1977-ci ildə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru işləyərkən tanış olub. "Poladəridənlər” adlı ilk tamaşamda baş mühəndis obrazını oynayırdı. Bu, mənim onunla ilk işim idi. Tofiqin oyunu məni özünə cəlb elədi. Çox xarakterik aktyor idi. Ondan sonra Sumqayıt teatrında hansı tamaşanı hazırlayırdımsa Tofiq Hüseynov öz rolunu tapırdı. Onun üçün həmişə rol vardı. Sonra Tofiq Hüseynov Gənc Tamaşaçılar Teatrında çalışdı. Akademik Milli Dram Teatra isə Həsənağa  Turabovun dəvəti ilə gəldi. Burda da tamaşaçıların sevimlisinə çevrildi”. Rejissor Tofiq Hüseynovun satirik üslubunun olduğunu xatırlayır: "Çox vaxt o, qəhrəmanlarına güləndə, adam kədərlənirdi ki, normal insan bu vəziyyətə necə düşə bilər? Onun tragikomik xüsusiyyətlərini Tofiq böyük ustalıqla açırdı”. M.Fərzəlibəyovun Tofiq Hüseynovla son işi "Nazirin xanımıəsərində olub: "Obrazı çox gözəl oynayırdı. O, 15-16 dəqiqə səhnədə olurdu. Cəmi bir epizodda idi. Amma  tamaşaçı onu alqışlarla yola salırdı. Təəssüf ki, artıq biz Tofiq Hüseynovu alqışlarla son mənzilə yola saldıq...”

Tofiq Hüseynov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında, anasının atasının yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Təranə Məhərrəmova

Kaspi  2020.- 7 iyul.- S.7.