“Dərd odur ki, qeyri-peşəkarlara
uduzduq”
Məzahir Həşimov:
"İncəsənət Universitetinin gücü kadr
yetişdirməyə çatmır"
O, həyatının ən
gözəl illərini bada verməyənlərdəndir.
Özünü müxtəlif sahələrdə
sınayıb və "Əgər bir işdə
çalışacamsa, bu işin peşəkarı
olmalıyam" deyərək, seçdiyi ixtisası peşəkarlardan
mənimsəməyə çalışıb.
Müsahibim Məzahir Həşimovyeniyetmə
yaşlarında KVN-də çalışıb, bir müddət
sonra özünü aparıcı kimi sınayıb, aktyor
kimi filmlərdə rol alıb, daha sonra Sergey Gerasimov adına
Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda (VGİK)
təhsilini davam etdirib. Bu gün isə dövlət
sifarişi ilə film çəkir.
- Məzahir bəy,
nə üçün bizim tanınmış aktyor və
rejissorlarımızın yolu, adətən, KVN-dən
keçir?
- Təhsil aldığım orta məkətbədə KVN komandası var idi. Zavod və fabriklərdə isə həvəskar, "xalq teatrları” deyilən dərnəklər fəaliyyət göstərirdi. Br çox xalq artistlərimiz məhz belə teatrlarda ilk addımlarını atıb. Çox təəsüf ki, 90-cı illərdə bu teatrlar ləğv olundu. Ancaq mənim incəsənətə bağlılığım tək KVN-lə deyil. Bu, genlə gələn bir bağlılıqdır. Atam musiqiçidir. Zamanında teatr direktoru olub. Uzun zaman 30 universitet komandası arasında KVN çempionatlarını təşkil etmişəm. Ssenari yazılması, musiqi tərtibatı, aktyorlarla iş və sair kimi fəaliyyət qeyri-professional, lakin yaradıcılığa doğru ilk addımım idi.
-
Aparıcısı olduğunuz "Mix şou" ilə nə
əldə etdiniz? Ümumiyyətlə,
televiziya layihəsində aparıcı kimi
çıxış etməyin avantajları nələr idi?
- Öncə onu qeyd edim ki, məni kinoya
"Mix şou" gətirib.
Belə ki, KVN-də çalışarkən ssenaristlər
və aktyorlarla tanış olmuşdum. Onlarla əlaqə
qurdum və belə bir layihə etdim. Açığı, bu
şounun ilk variantını efir üçün
düşünməmişdim. Sözügedən layihə Azərbaycanda
bir ilk idi və uğurlu layihələrdən oldu. Daha sonra "Milli production”
MMC yaratdım və
bunun televiziya layihəsini etdik. Beləliklə,
mən efirdə aktyor kimi də rol alırdım. Bir gün İctimai
Televiziyadan əlaqə saxladılar və məni filmə
çəkmək istədiklərini bildirdilər.
Düzü, əvvəlcə inanmadım, amma dedim ki, gələrəm.
Əslində, getmək fikrim yox idi.
Axşam yenə zəng gəldi və dedilər ki, sabah mütləq gəlin. İnanmasam
da, getdim, gördüm ki, doğrudan da Cavid Təvəkkül
məni gözləyir. Beləcə, həm Cavid Təvəkküllə
tanış oldum, həm də "Fosfor
adam" filminə çəkildim. Həmin
filmdə Habil-Qabil qardaşlarından birini oynadım.
- VGİK-lə ilk
tanışlığınız nə zaman yarandı və
orada təhsil almaq imkanını necə əldə etdiniz?
- Bir yanlış fikrə
aydınlıq gətirim. Məni nazirlik
oxumağa göndərməyib. Çoxları
elə düşünür ki, mən xüsusi proqramla oraya təhsil
almağa getmişəm. Özüm imtahan verib həmin ali təhsil ocağına qəbul olduqdan sonra
Mədəniyyət Nazirliyi mənə dəstək olub. O ki
qaldı necə tanışlığıma, aktyorluq etsəm
də, aktyor olmağı düşünmürdüm. Rejissorluğu özümə daha yaxın bilirdim və
qərara gəldim ki, görkəmli dramaturqumuz Rüstəm
İbrahimbəyovun o zamankı məktəbinə daxi olum.
"Dom sovet”ə gəldikdə, dedilər ki,
bu işlə Cəmil Quliyev məşğul olur. Beləcə, Cəmil müəllimlə
tanış oldum. Ondan da kino
sənətinin "ilk açarını" aldım.
VGİK barədə
məlumatıda elə Cəmil Quliyevdən aldım. Moskvaya yollandım və düz 1 ay Rusiya vətəndaşları
ilə bərabər VGİK-ə imtahan verdim. Sonda ustadım
Sergey Solovyovla müsahibə oldu.
- Onunla ilk
tanışlığınız da elə orda yarandı?
- Demək
olar ki... O, məni ilk dəfə
görəndə dedi ki, aktyor olmaq istəyirsən? Mən ona
aktyor deyil, rejissor olmaq istədiyimi deyəndə "çox
heyf" dedi. Solovyovun hər sualına cavab fikirləşmişdim,
lakin bir sualdan başqa: "Sizə film çəkməyə
imkan versəm, hansı filmi çəkərsiniz?" Yəni bu o demək idi ki, ssenari
danışmalıyam. Həmin dəqiqə
ilk ağlıma gələn ssenarini ona danışdım.
Yəni orada fikirləşdim və o da bunu bəyəndi.
Beləliklə, mən VGİK tələbəsi
oldum.
- Bu ali təhsil ocağı sizə nə qazandırdı?
-
Böyük hərflərlə deyə bilərəm ki,
çox şey, hətta hər şey... Bilmədiklərimi…
Hesab edirəm ki,
kinonun sirlərini ancaq VGİK sistemi düzgün
öyrədə bilir. Belə olmasaydı, yəni
dünyanın ən qabaqcıl kino məkanı sayılan
Amerikadan bura təhsil almağa tələbələr gəlməzdi.
Nəinki Amerika, dünyanın hər yanından bura tələbələr
axışır. Onu da qeyd edim ki, burada 5 illik bakalavr təhsili almaq hər kəsə
nəsib olmur. Mən o xoşbəxtlər
sırasındayam.
- Bizdə
belə bir anlayış var ki, əgər xaricdə təhsil
alıbsa, mütləq kamildir, savadlıdır, həmyaşıdlarından
bir addım öndədir.
- Təhsil
almaq ən önəmli amillərdəndir. Fərqi
yoxdur, bu təhsili harada alırsan. Necə
ki, yazmağı öyrənəndə öncə əlifbanı
öyrənirik, kino da elədir. Kino dilini
bilmək üçün kino əlifbasını bilmək
vacibdir. İkincisi isə insanın
özündə olmayandan sonra hara gedirsən-get, dəyişən
bir şey olmayacaq. Mən VGİK-yə qəbul olub, kino
dilinə yiyələndikdən, biliyimi artırdıqdan sonra
belə bir fikrə gəldim ki, praktika hər zaman mütləqdir. Xaricdə
təhsil almaq yüksək göstərici olmasa da, yerli yeganə
kino məktəbi sayılan Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetindən fərqli olaraq,
orda tək kinematoqrafiyaya deyil, həm də psixologiyaya
üstünlük verilir. VGİK-də əsas
proqramlardan biri də psixologiyadır. Dünyada
o qədər yararsız məktəblər var ki, diplom
satırlar. Ancaq VGİK belə məktəblərdən
deyil. Burada pulla heç nə edə bilməzsən, dərsə
gəlmədinsə, qovulacaqsan, tapşırıqları yerinə
yetirmədinsə,
yenə qovulursan. İmtahanlardan kəsildin,
qovulursan. 15- 20 arası
rejissor qəbul olur hər il, sonda onlardan 5-i diplom alsa, böyük şeydir.
Fərq etmir, sən Rusiya vətəndaşısan
və yaxud əcnəbi. Qoyulan qanun
hamı üçündür. Sağam rəqabət
gedir. Hər çəkdiyin film
böyük kinozalda bütün universitet tələbələri
və müəllimlər qarşısında nümayiş
olunur. Bizim emalatxanada 22 rejissor vardı,
onlardan 8 nəfəri diplom aldı. Universitetə
qəbul olanda rektorla görüş oldu. O dedi ki, biz sizə
burda heç nə öyrətmirik. Mən sizə
hər şəraiti yaratmışam. Yataqxana
vermişəm, aktrisa vermişəm, operator, rəssam, bəstəkar
vermişəm, gedin birləşin, nə istəyirsiz edin,
ortaya film qoyun. Bunu eşidəndə adama qəribə gəlirdi. Daha sonra
anlayırsan ki, necə də düzgün fikirdir. Bizə
istiqamət verilir və bizdə olanı ortaya
qoymalıyıq. Yəni bu, birbaşa insandan
asılıdır. Xaricdə təhsilin
üstün cəhətlərindən biri də odur ki,
rejissor qapalı olmur. Tənqidə
açıq olur. Biz hər dəfə kurs,
diplom işi və ya tamaşalar olanda bunu açıq
müzakirə edirik. Bu, rejissoru tənqidə
hazırlayır. Bu gün bizim
rejissorların 90 % bunu anlamır, tənqidi qəbul etmir.
Yəni deməyim odur ki, kinematoqraf kənara
çıxmalı, dünya ilə tanış
olmalıdır. İncəsənət universiteti
özü bu təşəbbüsü yaratmalıdır.
Tələbələrini heç olmasa, hər il
bir illik də olsa, xarici kino məktəblərinə göndərməlidir.
Müəllimləri
göndərməlidir ki, xarici kino məktəblərindəki
proqramı mənimsəsinlər.
- Geri döndükdən sonra kino
sektorunda qarşılaşdığınız mənzərəyə
qane ola bildiniz?
- Geri
döndükdən sonra elə itib-batdım ki, indi-indi
özümə gəlirəm. Dərd odur ki,
qeyri-peşəkarlara uduzduq. Artıq 5 il
ötüb geri dönməyimdən. Bu vaxt ərzində
qeybətdən başqa inkişaf görmədim.
Düzdür, 2015-ci ildə geri döndükdən sonra bir
müddət ANS telekanalında fəaliyyət göstərdim,
animasiya filmi çəkilməsində yardımçı
oldum, ssenarist kimi nazirliyin sifarişi ilə fəaliyyətim
oldu, bir çox layihələrdə iştirak etdim, dünya
gənclər festivalına qatıldım, Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə ərsəyə
gələn "Cırtdan" meqa-şounun rejissoru oldum. Ancaq bütün bunlar, təbii ki, kinorejissor
üçün yetərli deyil. Film
çəkmək istəyi hər bir layihədən, təbii
ki, üstündür. 4 illik fasilədən
sonra "Sizə məktub var" filminin çəkilişlərinə
başladım. Siz təsəvvür edin, 5 il oxu, dolu baqajla geri dön və filmsiz qal. Səbəb
isə bitməyən intriqalar, büdcə davası… Bilirsiniz, 4 ildən bir film çəkmək, kinodan
uzaq qalmaq rejissorda, sözün əsl mənasında
acgözlük yaradır. Uzun fasilədən
sonra film çəkəndə hər şeyi qoymaq istəyirsən
ortaya. Ona görə də, rejissor daim
çəkiliş meydançasında olmalıdır ki,
bilsin nə pisdir, nə yaxşıdır. Açıq deyim ki, fəaliyyətimi çox
güman ki, ölkədən kənarda davam etdirəcəyəm.
Həm ona görə ki, burada intriqalar bitmir,
üstəlik, şərait, atmosfer, komanda da yoxdur. Kinoda əsas komandadır. Komandanı nəyəsə
bənzətməli olsam, mənim üçün o,
qadınla kişinin soyuq qış günü isti yataqda
yatması kimi olmalıdır. Onlardan biri su içməyə
çıxanda boş qalan yerdən gələn soyuq o dəqiqə
özünü büruzə verir... Bax,
bu boşluqlar kinomuzu axsadır.
- Rejissoru olduğunuz "Sizə məktub
var" filminin hədəfləri nədir və sizə elə
gəlmir ki, bu film də bir dəfə nümayiş olunub rəfdə
qalacaq?
- Film
çəkmək söz demək kimi bir şeydir, sözün
varsa, onu demək mütləqdir, yoxdursa, danışmağa dəyməz.
Və əgər söz yerində deyilirsə,
dəyərli olur. İnanıram ki,
tamaşaçılar bu filmi qəbul edəcək. Mən film çəkərkən
festival düşünmürəm və hansısa festival
mövzusunu hədəf tutmuram. Bu, sənət,
yaradıcılıq prosesidir. "Sizə məktub
var" filminin ssenarisi
uzun zaman beynimdə idi. Filmin
mövzusu Qarabağ müharibəsi fonunda iki gəncin
bir-birinə olan təmiz, saf, günahsız məhəbbət
hekayəsidir. Nəhayət ki, bu mövzunu nazirliyə bəyəndirə
bildim. Biz gənc rejissorlar necə çətinlikllə
ssenarini bəyəndrib film çəkiriksə, çəkilişdən
sonrakı prosesləri də özümüz etməli oluruq. Bu filmin rəfdə qalmasına imkan
vermərəm.
- Sizcə, niyə bizim filmlərdə
səs rejissoru, peşəkar operator qıtlığı var?
- Filmdə pis görüntü olanda gözü yummaq olar. Lakin səs dalğadır, bunun qarşısını almaq mümkün deyil. Səs kinoda ən vacib bir məsələdir. Ancaq nədənsə, bizdə bunu anlamırlar. Operatorlar və eləcə də, səs rejissorları professional rejissorlarla, demək olar ki, işləmirlər. Sənət, məktəb sayılan kinolara baxmırlar, operatorlar fotolar çəkmirlər, inkişaf etmək istəmirlər. Digər tərəfdən də onları qınamıram, kinostudiyada keyfiyyətli səs avadanlıqları, kamera yoxdur. Təbii ki, belə olan halda nəticə pis olacaq. İncəsənət Universitetinin gücü kadr yetişdirməyə çatmır. Nə universitetdə, nə də kinostudiyada baza yoxdur. Olanlar da professional kino avadanlığı deyil. Belə olan halda, səsin yerində, keyfiyyətli formada yazılması mümkün ola bilməz. Uzun-uzadı yararsız konsepsiya axtarışında olmaqdansa, baza yaradıb gənclərə imkan verilməli, avadanlıqlar alınmalı, mütəxəssislər cəlb edilməlidir. Kinostudiyada ancaq quru divarlar var, vəssalam.
Xəyalə Rəis
Kaspi 2020.- 9 iyul.- S.15.