İntiqam
Soltan: "Kabinet teatr direktoru üçün deyil"
Onlayn
tamaşalar... şeir demə mərhələsi... zoom
proqramı ilə məşq prosesi... karantin günlərində
teatrlarımızdan ən çox eşitdiyimiz sözlər
oldu. Məhz bu dönəmdə
teatrlarımızdan - insanları evdə qaldığı
müddətdə darıxmamağa səsləməli olan
canlı sənət növündən gözləntilərimiz
böyük idi. Bu dəfə
cansızlığı, pafosu, bayağılığı ilə
diqqəti özünə çəkməyi bacardı desək,
yəqin ki, yanılmarıq. Mövzu ilə
bağlı Bakı Uşaq və Gənclər
Teatrının direktoru, Əməkdar artist İntiqam
Soltanlı söhbət etdik.
- Bu gün mətbuatda teatrların
onlayn tamaşaları ilə bağlı tənqidi fikirlər
çox səslənir. Bu sizi narahat etmirmi?
- Mözu
ilə əlaqədar nə qədər özümüzə
bəraət qazandırsaq da, mətbuat onsuz da haqlı olaraq,
bizi tənqid edəcək və edir də. Olmazmı
özümüz öz işimizə bir az
tənqidi yanaşaq? Həm də belə olduqda mətbuatı
qabaqlamış, eyni zamanda mətbutda dərc olunan, narazı
qaldığımız məlumatların sayını
azaltmış olarıq! Teatrın "canlı sənət
növü" olması haqqında mühazirələri
çox eşitmisiniz... O haqda bir kəlmə də
danışmayacam.
- Yəni,
teatr karantin günlərinə hazırlıqsız
yaxalanıb.
- Lap elə
günü bu gün deyək ki, teatr onlayn fəaliyyətə
keçir... Necə ki, bu hadisə baş verdi...
Axı, teatr heç vaxt buna hazır olmayıb.
Əvvəla,
teatrlarda videomontaj və internetlə peşəkar şəkildə
məşğul olan mütəxəssislər nəzərdə
tutulmayıb... Yəni, bu ştatlar teatrlarda
yoxdur. İkincisi də, hansı aktyor
öz evində çəkiliş üçün texniki
avadanlıq quraşdırıb gözləyirdi ki,
"pandemiya gəlsin və mən onlayn fəaliyyətdə
öz yaradıcılığımı davam etdirim".
"Müdir
deyib, mütləq etməliyəm?!" prinsipi nə vaxtacan
öz qüvvəsini saxlamalıdır, axı...
- Bu
gün teatr direktorları nəinki yaradıcı insanların
işi ilə maraqlanır, çoxu heç səhnə
üzü görmürlər.
- Teatr
yaradıcı təşkilatdır. Direktorun diktəsi ilə
yaradıcılıq fəaliyyəti baltanın suda üzməsi
qədər tərs mütənasibdir... Teatr
direktoru kabinetdə otura bilməz. Ola bilər
kabinet direktorlar üçündür, ancaq teatr direktoru
üçün deyil. Əgər teatr
direktoru bütün günü kabinetdə otursa, təbii ki,
səhnənin də qibləsini unudacaq. Eyni
zamanda atyorların da məbəd dediyi teatrın qibləgahını
yaddan çıxaracaq. Teatr rəhbəri
teatr adamlarının içində dörd divardan ibarət
kiçik bir xanədanda oturmalıdır.
- Yaxşı, bəs, onda
teatrların mövcud durumda öz fəaliyyətlərini
yüksək səviyyədə davam etdirmələrini iddia
edənlərə nədir sözünüz?
-
Mövcud durumda, yəni, pandemiya dövründə biz, yəni,
teatrlar nə qədər məhsuldar işlədiyimizi iddia
etsək də, "karantin" və "teatr" bir-birinə
barışmaz müxalifətdə duran məsələlərdir.
Axı, bu şəraitdə teatrlardan
yaradıcılıq planı tələb edənlərdən
fərqli olaraq, biz səhnəni daha yaxşı
tanımalıyıq. Onun füsunkarlığını daha
yaxşı bilməliyik. Səhnədən
zalda oturan tamaşaçıya birbaşa nüfuz etməyin
necə mümkünlüyünü və nə demək
olduğunu bizlər gözümüzlə görürük.
Biz kabinet adamı deyilik, səhnə
adamıyıq. Və səhnə ilə
bağlı həqiqətləri demək qəbahət deyil.
Demirəm, əlimizi əlimizin üstünə
qoyub oturaq. Şükürlər olsun ki, heç
oturmuruq da...
- Yaxşı, bəs, pandemiya
dövründə Bakı Uşaq və Gənclər Teatrının
fəaliyyətini necə qiymətləndirərsiniz?
- Bakı Uşaq və Gənclər Teatrının bu ərəfədə,
yəni, pandemiya dövründə gördüyü işlərin
faktlarını sadalasam, inandırıcı olmaya bilər. Amma qısaca deyim; mövcud
durumda məcburi şəkildə evdən işləməyə
məcbur olan teatr, nə az nə çox,
100-ə qədər müxtəlif videomaterial (kiçik
nağıllar, kompozisiyalar, viktorina tipli videolar, hətta
müxtəlif ölkələrin aktyorları ilə birgə
və s.) hazırlayaraq, teatrın "Youtube" kanalına
yerləşdirib. Bundan əlavə də, hər
iki-üç gündən bir teatrın
tamaşalarını "Youtube"a
planlaşdırdığımız ardıcıllıqla
yerləşdirmişik. Və bu
tamaşaların da hər üçüncüsü gənclərə
yönəlmiş, əsasən, sağlam həyat tərzi, zərərli
vərdişlərlə mübarizə və sair tamaşalar
olub. Bu sadaladıqlarımı bilirsiniz,
çünki mətbuatda dəfələrlə gedib.
- Gəlin,
səmimi olaq.
- Səmimi
olsaq, bütün bunlar teatr adlanan qurum üçün daha
çox qonşudan qalma dala prinsipinə bənzər işlərdən
başqa bir şey ola bilməz... Müqayisədə daha aydın görünər.
Düşünün ki, futbol komandası onlayn rejimdə məşq
edir...
-Onlayn tamaşalarda izləyicilərin
sayının azlığından belə qənaətə gəlmək
olarmı ki, bizim tamaşaçılara teatr lazım deyil?
- Mən
bu fikirlə razı deyiləm. Teatr onlayn
çalışmaq üçün deyil, canlı sənətdir.
Əgər internet, onlayn canlı qüvvələrə,
canlı güclərə üstün gəlirsə, bu
artıq, ümumiyyətlə, canlıların zəifliyidir.
Sadəcə olaraq, Azərbaycanda teatr onlayn
çıxışlara hazır deyil. Teatrlarımız
onlayn rejimə hazır deyil. Bu onlayn məsələsi
ayrıca məktəbdir. Bir gün ərzində
onlayn rejimə keçmək mümkünsüzdür. Buna hazırlaşmaq, tədrisini almaq
lazımdır. İndiyə qədər
teatrı onlayn şəkildə nümayiş etdirmək
heç planda da olmayıb. Bunu
teatrların zəifliyi kimi qəbul etmirəm. Bu, sadəcə, o demək idi ki, teatrlarımız
belə sistemə, sabahkı onlayn aləmə hazır deyil.
Nəinki Azərbaycanda, dünyanın heç bir yerində
teatrlar onlayn dünya ilə müharibəyə hazır
deyildilər. Virtual aləmin öz peşəkarları
var, biz onlara bata bilmərik. Teatrın
onlayn versiyası üçün ayrıca bir qol
açılmalıdır, orada peşəkarlar işləməlidir.
- Bəs, bu gün onlayn şəkildə
tamaşaçı qarşısına necə
çıxırsınız?
-
Aktyorların çoxunun hələ krediti
bağlanmamış telefonu ilə əli əsə-əsə
"ala başına-kül başına"
"formatında" nələrisə çəkib, Azərbaycanda
hər kəsə məlum, dörd təkərinin biri olmayan
at arabası sürətilə çalışan mb-la
göndəririk müəyyən olunmuş işçinin
vhatshapına. Videonun olan keyfiyyəti də yolda itir, o da
qeyri-peşəkarcasına həmin materialı "montaj
edir"... Əslində, paslı mişarla
işləyən cərrah kimi didik-didik edir. Və biz təsəvvürünüzdə
rahat canlandıra biləcəyiniz keyfiyyətdə olan
materialla bizi öz təxəyyülündə
ideallaşdıran tamaşaçı qarşısına
çıxırı
- Sizcə, o çəkilən
videolar "Quş qoymaq" üçündür, yoxsa daha
çox like topamaq üçün?
-Videokonfranslarda
yuxarıların qarşısında necə
yazıldığını belə bilmədiyimiz
"like"lərlə öyünmək məqsədilə
tamaşaçı "like"ləri yığa bilmədiyimizi
görəndə isə məcbur "müxtəlif"
yollarla "like"lər əldə edirik. Bu
yerdə unuduruq ki, o müxtəlif yolları ən zəif
tanıyan teatr adamlarıdır. Yəni,
hamı bunu bizdən yaxşı bilir. Üzümüzə
vurmasalar da... Amma axı, bizim işimiz kimlərdənsə
daha çox tamaşaçının xoşuna gəlmək,
bir çox hallarda yuxarıdan baxdığımız səhnədən
zala tamaşaçıya nəsə verməkdir.
Özünüz deyin, tamaşaçı evdə oturduğu
müddətdə Hollivudun, Bollivudun, nə bilim daha hansı
"...vud"un" 3 D"-dən "7 D"-yə,
"HD"-dən "ultra HD"-yə qədər keyfiyyətli,
peşəkar çəkilişlərini qoyub mənim plan
vermək xətrinə "Kitayski", "donqili"
telefonlarla "selfiyə" "çəkdiklərimə"
baxarmı?!
Heç olmasa, bizim teatrın bu sarıdan bəxti
gətirib ki, əməkdaşlarımızın əksəriyyəti
gənclərdir və müasir həyatın nəbzinin dəqiqədə
neçə dəfə vurduğunu bilirlər. Belə ki, aktyorların çoxunun evində müxtəlif
personaj geyimləri və milli geyimləri var (Birincisi, ona
görə ki, teatrın hətta öz paltarlarını belə
saxlamağa yeri yoxdur, ikincisi də, gənc aktyorlar əlavə
qazanc üçün müxtəlif təşkilatlarla
işdən sonra əməkdaşlıq etdikləri
üçün şəxsi geyimlər tikdiriblər).
Olmayanlara da tamaşaçılarımızın xətrinə
"karantin qaydalarını pozub" paylamışıq.
Aidiyyatı təşkilatlar əl-ayağa düşməsin.
Çünki biz karantin qaydalarını pozanda hələ cərimələr
tətbiq olunmamışdı. Üstəlik
aktyorlarımızdan biri televiziyalardan birində montaj işində
çalışır... Ona görə də işlərimizi
az-çox qura bildik. Elə o hesaba dedim ki, 100-ə qədər
müxtəlif videomateriallar hazırlayıb teatrın Yutub
kanalına yerləşdirə bildik...
- Aktyorların
formada qalması üçün, sizcə, bu kifayət idimi?
- Bu elədiklərimiz nə sənət əsəri
sayıla bilər, nə də aktyorların
yaradıcılıq imkanlarının inkişafında irəli
addım ola bilər. Və mən düşünürəm
ki, aktyorların bacarıqları, istedadları üzərində
öz işimizi qurmaqla (direktor imicimizi qorumaq xətrinə)
onlardan sui-istifadə etmək, sadəcə, misilsiz cinayətdir...
Ona görə də nəsə düşünmək
lazım idi ki, sabah pərdələrin arxasından boylanıb
tamaşaçı ilə üzbəüz qalacaq aktyor
"formada" qalsın...
Düşündüm və qərarlaşdırdıq
ki, teatrımızın bütün aktyorlarının
iştirakı mütləq olmaq şərti ilə
"monotamaşalar festivalı" planlaşdıraq.
- Hər il
monotamaşalar festivalı təşkil edirsiniz. Ümumiyyətlə, məqsədi və məramı
nə idi bu festivalın?
- Əgər monotamaşa hazırlayırıqsa, niyə
festival etməyək – dedik. “Bizim teatr –
Monotamaşalar” – adlandırılan festivalın karantin müddəti
bitdikdən sonra keçirilməsi nəzərdə tutulur.
“Evdə qal, teatrsız qalma” – festivalın
devizidir. Festivalın keçirilməsində
məqsəd hər bir aktyora öz bacarıqlarını
nümayiş etdirməsi üçün meydan vermək, Azərbaycanda
festival ənənəsinin genişlənməsinə vasitəçi
olmaqdır. Hazırda Bakı Uşaq və
Gənclər Teatrında çalışan hər aktyor monotamaşalar
festivalı üçün öz tamaşasını
hazırlayır. Festivalda iştirak
üçün janr məhdudiyyəti qoyulmayıb və
aktyorlar dünya klassiklərindən tutmuş, müasir Azərbaycan
ədəbiyyatına qədər müxtəlif əsərlərə
müraciət ediblər. Festivala yalnız
birinci mərhələdən (daxili baxışdan) keçən
tamaşalar buraxılacaq. Və hər bir
aktyor bu gün öz monotamaşası üzərində
çalışır. Karantin bitər-bitməz
biz baza hissəsi hazır olacaq həmin monotamaşalara daxili
baxış edib, teatrın daxili imkanları hesabına həmin
tamaşaları texniki baxımdan ərsəyə gətirib
festivalın tarixini müəyyənləşdirək.
Bununla əlaqədar ölkə teatrlarına rəsmi
müraciət etmişik. Bir neçə teatr artıq bizə
qoşulmaq qərarı verib. Hətta
planımız belədir ki, festival bütün ölkə ərazisində
(teatr olan bölgələrdə) təyin olunmuş hər
gün bir rayon və ya şəhər teatrında olmaqla
keçirilsin.Tərəfimdən tərtib olunmuş bu layihədə
bütün detallar, fors-major halları daxil olmaqla nəzərə
alınıb.
Kaspi 2020.- 9 iyul.- S.10.