Maskasızlarla mübarizə: ictimai qınaq?  

Mütəxəssislər cərimənin çıxış yolu olmadığı qənaətindədirlər

Covid-19 daşıyıcısı maska taxmırsa və sağlam insanlarla təmasda olursa, virusun qarşı tərəfə keçmə ehtimalı 70 faizdir. Əgər virusa yoluxmuş şəxs maskadan istifadə edirsə, sağlam insan maska taxmayıbsa, bu ehtimal 5 faizə düşür. Hər ikisi istifadə etdiyində isə, bu rəqəm 1,5 faiz olur. Bu rəqəmlər maska taxmağın nə qədər vacib olduğunu göstərir. Ancaq maska taxmayanlar, taxmaq istəməyənlər çoxdur.

Ölkəmizdə də qanun qəbul olundu ki, ictimai nəqliyyatda, restoranlarda, mağazalarda və digər qapalı məkanlarda maska taxmayan vətəndaşlar 50 manat cərimə olunacaqlar. Ancaq gördüyümüz mənzərə fərqlidir. Qapalı məkanlarda, ictimai nəqliyyatda maskasız həddindən artıq insanla üz-üzə getməli oluruq ki, bu da sağlamlığımızı risk altında qoyur.

Belə fikir səsləndirilir ki, insanları məsuliyyətsiz edən həm də qanunların işləməməyidir. Yəni nəzarət, cərimələnmə yoxdur deyə, insanların çoxu maska taxmağa meyilli olmur. Maraqlıdır, cərimə çıxış yoludurmu? Yaxud problemin həlli üçün nələr edilməlidir?

İnsanlar yox, qurumlar, təşkilatlar cərimələnməlidir

Hüquqşünas Sahib Məmmədov deyir ki, insanları cərimələməklə problemi həll etmək olmaz: "Mübarizəni təşkil etmək çox çətindir. Bu qədər polis qüvvəsi yoxdur. Polisin başqa funksiyaları da var axı. Ona görə də nəzarət küçələrə yox, idarələrə, təşkilatlara, müəssisələrə, xidmət göstərən sahələrə olmalıdır. O yerlərdə qaydaya riayət edilmə öhdəliyi həmin müəssisənin, qurumun rəhbərlərinin üzərinə qoyulmalı, cərimə sanksiyaları da onlara tətbiq olunmalıdır. Bunu etmirlər, nəticə də bu cürdür. Hər avtobusa, metro qatarına bir polis qoymaq mümkün deyil. Ona görə də əməl edən yoxdur. Cərimənin obyekti dəyişməli, müəssisələrdə reydlər olunmalıdır. Hansı yerlərində qaydaları təmin etmirlərsə, cərimə edilməlidirlər. Reydlər banklarda olmalıdır. O banklar ki növbəni təşkil edə bilmirlər, öz əməkdaşları da, banka gələnlər də maska istifadə etmirlər, məsafəni qorumurlar, o zaman bank rəhbərliyi cərimə olunmalıdır. Əgər super market növbəni təşkil etməyibsə, onlar cərimə olunmalıdır. Bu olunmayana qədər, nə isə gözləmək çətindir. Bizim nə qədər polisimiz var ki, küçədə vətəndaşları izləsinlər?”

S.Məmmədovun sözlərinə görə, cərimənin məbləği artırılsa da, heç nə dəyişməyəcək: "Cəriməni artırmaq mənasızdır. Kimsə gedib hansısa mağaza sahibini cərimələyə bilmirsə, burda cəriməni artırmaq mənasızdır. Biri var qaydanı 1000 nəfərdən 5-i pozsun, onları cərimələmək olar. Burda isə kütləvidir, cərimələnmə də çətin məsələdir. Qeyd etdiyim obyektlər üzərində nəzarət olmalıdır. Əgər bir şəxs hansısa obyektə xidmət almaq üçün daxil olursa, onu qaydalara əməl etmədən buraxmasalar, ikinci dəfə artıq maska taxacaq. İş yerində işçi qaydalar altında işləsə, küçəyə çıxanda da onu edəcək. Mağazalar da həmçinin”.

İctimai qınaq

Millət vəkili Fazil Mustafa deyir ki, problemin həlli üçün ictimai qınaq olmalıdır, əks halda proses uzanacaq: "İctimai qınaq olmayan yerdə polisin də müəyyən qədər bu məsələlərin üzərinə getməsi çətinləşdi. Kütləvi şəkildə maska taxmayanda, hər bir şəxsi cərimələməklə məsələni həll etmək mümkün deyil. Ona görə də burda çətinlik çox böyükdür. Hesab edirəm ki, insanları təbliğat baxımından bu məsələyə cəlb etmək vacibdir. Əks halda böyük fəlakət olacaq, idarə edə bilməyəcəyik, proses uzanacaq. Hamının yanına polis qoymaq olmaz ki. Hər kəs yanında olana, yanından keçənə maska taxmağı izah etməlidir. Başa düşürəm ki, bu zaman qarşı tərəf ona etiraz edə bilər, bu zaman da dövlət həmin şəxsi qorumalıdır. İnsanlar çox vaxt maska taxmayanlara demək istəyirlər, amma qorxularından, yanındakının kobud reaksiyasından çəkinib fikir bildirmirlər. Bu da narahatlıq yaradır”.

Kütləvi olaraq insanları cərimələmək mümkün deyil

Psixoloq Orxan Oruc bildirdi ki, bütün cəmiyyətlərdə işləyən və işləməyən qaydalar olur. Yəni kağız üzərində hər şey idealdır, ancaq tətbiqinə gələndə, problem yaşanır: "Ona görə inkişaf etmiş cəmiyyətlər, dövlətlər çox vaxt yeni qaydanı tətbiq etməmişdən əvvəl cəmiyyətdən reaksiya alırlar, onun araşdırmasını aparırlar. Sözsüz ki, bu vəziyyətdə, pandemiya ərəfəsində belə bir araşdırma aparmaq bir qədər vaxt itkisi olardı. Ümumi olaraq müşahidələrdən onu deyə bilərik ki, maskadan istifadəyə əhalimiz bir o qədər də xoş baxmır, xüsusilə, yay aylarında bunun çətin olduğunu əksəriyyət ifadə edir. Maskanı taxanların bir hissəsi də formal taxır. Ya çənədə olur, ya ağzı örtür, bu zaman burun kanalı viruslara açıq qalır, ya da əldə gəzdirir. Maskadan istifadə etməyənlərə nəzarət edənləri də başa düşmək lazımdır. Kütləvi olaraq insanları cərimələmək mümkün deyil və həmin nəzarəti həyata keçirən polis əməkdaşları da eyni cəmiyyətin üzvləri olduğu üçün qayda pozanları anlayışla qəbul edir. Güc strukturları, mütəxəssislər, operativ qərargah, hətta ölkə başçısı tərəfindən tövsiyə olunursa, qaydalarla bağlı təlimat verilirsə, bu zaman artıq məsuliyyət insanların üzərinə düşür. Bu o demək deyil ki, bizim insanlar məsuliyyətsizdirlər. Sadəcə olaraq cəmiyyət içərisində olanda, bu məsuliyyət hissi kütləviləşir və öz payımıza düşən hissə görünməməyə başlayır. Bir növ davranışlarımız kütlənin məsuliyyətinə çevrilməyə başlayır. Birdən-birə cəmiyyətdən gözlədiyimiz məsuliyyəti də ala bilmərik. Bu da zamanla formalaşır. Bunun formalaşması üçün 3-5 aylıq zaman yox, illər lazımdır. Kütlə fərdlərdən ibarətdir və məsuliyyətli fərdlər yetişdirməklə biz buna nail ola bilərik. Məktəb, bağça, ailə, mühiti - hamısında buna diqqət edilməli, məsuliyyətin insan həyatında nə dərəcədə önəmli yer tutduğu aşılanmalıdır”.

İnamsızlıq

Psixoloqun sözlərinə görə, insanların məsuliyyətsizliyinin bir səbəbi də inamsızlıqdır: "Bu inamsızlıq genetik yaddaşımızdan gəlir, uzun illər öz dövlətimiz olmayıb, bizi idarə edən imperiyanın verdiyi qanunlara isə ata-babalarımız şübhəylə, müstəqilliyimizin əlimizdən alınmasını gücləndirən qaydalar kimi baxıblar və bəlkə də elə məhz milli ruhumuz qaydalara riayət etməmək üçün daxili motivasiyamıza çevrilib. Biz artıq müstəqil dövlətik, öz qayda-qanunlarımızı özümüz formalaşdırırıq, amma genetik vərdişlərimiz hələ dəyişməyib, çünki genetik vərdişlərin dəyişilməsi üçün 25-30 il qısa bir müddətdir. Elə ona görə də, hər hansı qayda qoyulubsa, mütləq onun arxasında bir məntiq axtarırıq ki, niyə qoyublar? Əksər hallarda gəlinən qənaət o olur ki, qərar məntiqsizdir. İnkişaf etmiş cəmiyyətlərdə dövlət qayda qoyursa, hansısa qanun qəbul edilirsə, ekspertlər, QHT-lər onun müzakirəsini həyata keçirirlər, amma insanlar kafedə, evdə yemək yeyəndə, çay-kofe içəndə, onu müzakirə etmirlər ki, belə qanun çıxıb, o absurddur, mənasızdır və s.”

O.Oruc deyir ki, qaydalara riayət olunması üçün cəzalandırma üsulu həmişə effektiv olmur, bu səbəbdən, cərimələnmə metodu uğurlu nəticə verməyə bilir: "Uşaq tərbiyəsində, pedaqogikada da mükafatlandırma və cəzalandırma üsulları var. Zaman-zaman bütün cəmiyyətlər o üsullardan keçiblər. Lazım olub mükafatlandırıblar, yeri gəlib cəzalandırıblar. Lakin müasir tərbiyə üsulu kimi cəzalandırma metodu yaxşı seçim hesab edilmir. Daimi olaraq davranışlara nəzarəti cəzalandırma üzərində qurmaqla effekt almaq mümkün deyil. Uşağın tərbiyəsində də belədir. Davamlı olaraq cəzalandırma üsulu ilə nəyisə ona qadağan etmək bir müddət sonra əks-effekt verə bilir”.

İctimai qınaqla dövlətin qoyduğu qaydalar üst-üstə düşürsə…

Psixoloq qeyd edir ki, maska taxmaq məsələsinə yanaşmada ictimai qınaq olarsa, bu, daha yaxşı effekt verə bilər: "Bir nəfər avtobusa daxil olur, görür ki, ondan başqa heç kim maska taxmayıb, ya da əlində saxlayıb. İstər-istəməz onun məsuliyyət hissi zəifləyir. İnsanın içində kütlənin davranışına uyğunlaşmaq instinkti var. Yaxud kimsə evdən çıxanda, maskanı unudub, avtobusa minəndə görsə ki, hamıda maska var, onda yox, bu zaman vicdan və məsuliyyət hissi ilə özünü qınayacaq. Bəzən polisin, dövlətin qoyduğu qanunlardansa, ictimai qaydalar daha effektiv işləyir, ciddi nəticələr verə bilir. "Ətraf baxır, camaat, qonşu nə deyər, haqqımda nə fikirləşərlər” və s. kimi ictimai qınaq modelini qanun-qaydaların icrasında da həyata keçirməliyik. Hər hansı qanun-qaydamızla ictimai baxış bucağımız nə qədər ki bir-birinə ziddir, effekt verməyəcək. Polislə kobud davranış, hansısa qaydaların pozulması, dövlət qurumuna yalan danışa bilmək və s. bənzər davranışları qəhrəmanlıq, böyük hünər kimi qəbul edən nümayəndələrimizlə cəmiyyətimiz üçün ideal işlək qanunlar hazırlamaq çox çətindir. Bəzən ictimai qınağın təsiri qayda-qanunlardan daha güclü ola bilər. Məktəbdən, ali təhsil müəssisələrindən başlayaraq, uşaqlarımızda sağlam və məntiqli ictimai qınağı formalaşdırmağı bacarmalıyıq. Hansı cəmiyyət bunu bacarıb, hansında ictimai qınaqla dövlətin qoyduğu qaydalar üst-üstə düşürsə, o zaman yaxşı nəticə əldə edilir. Amma unutmaq olmaz ki, ictimai qınaq şəxsi seçimlərə müdaxilə kimi qəbul olunmamalıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayevmaska taxmayanlara digər vətəndaşların qınaqla yanaşmasının, onlara iradlarını bildirməsinin vacibliyi ilə bağlı fikirlər səsləndirib.

 

Aygün Asimqızı

Kaspi  2020.- 24 iyun.- S.10.