Teatrlar var, “səsini çıxardan” yoxdur
Azərbaycanda teatr jurnal(lar)ının
olmaması bu sahənin sönükləşməsinə,
cəmiyyətdən ayrı düşməsinə səbəb
olur
Teatr prosesi,
tamaşalar, aktyorlar haqda məqalələrin yazılması çox vacibdir. Bu gün Azərbaycan
teatrının tarixi haqqında,
zamanında qələmə alınmış yazılar
hesabına məlumat alır, təhlil etmək üçün məhz onları tapıb,
araşdırmalı oluruq. Hazırda teatr haqqında materiallar çox az sayda
mətbuat orqanında dərc olunur. Bu, mövzunun bir başqa tərəfidir.
Təəssüf hissi
ilə qeyd edək ki,
hazırda teatr aləminə güzgü tutmağı bacaran
və bugünkü prosesləri
özündə əks etdirən ixtisaslaşmış jurnallar, nəşrlər ümumiyyətlə
yoxdur. Əslində bir
neçə dəfə buna cəhd olunsa da, maliyyə səbəbindən
yarıda qalıb. Tarixən də teatrın gəlirli
sahə olmadığı bəllidir. Teatrı sevənlər
fədai olmağı seçiblər və bu
yolda gecəli-gündüzlü
çalışıblar. Mədəniyyətin bu sahəsi cəmiyyət üçün
nə qədər vacibdirsə, onun
işıqlandırılması da o qədər önəmlidir. "Niyə bizim 146 yaşlı teatrımızın bir üzağardan dərgisi
yoxdur" sualı ilə ekspertlərə
üz tutduq. "Hətta
üzqaraldan dərgiyə də
razıyıq” - deyənlər də oldu...
Yazıçı, ssenarist,
dramaturq Əli Əmirli bizimlə söhbətində
indiki zamanda daha çox internet jurnalı hazırlamağı münasib gördüyünü,
amma onun aqibətinin uğurlu olacağına inanmadığını bildirdi: "Əlbəttə, vəziyyət o qədər də ümidsiz deyil.
Yazıçılar Birliyinin ədəbi
orqanları kimi, Mədəniyyət Nazirliyinin və ya Teatr Xadimləri İttifaqının nəzdində
də dövlət dəstəyi hesabına "Teatr və müasir dramaturgiya" adlı jurnal
nəşr etmək olar. Beş-altı nəfərdən
ibarət peşəkar, prinsipial, cəsarətli
komanda bu işin öhdəsindən gələ bilər.
Teatrlarla
bağlı olduğum otuz
ildə vaxtaşırı bu sualın meydana çıxmasının şahidi olmuşam, az-çox müzakirələr də
aparılır və nəhayət, bakılılar demiş, mətbəx evin
dalına düşür. İndiki
halda, mətbəx, əlbəttə,
maliyyədir. Amma hər şeyi də maliyyənin
ayağına yazmaq düzgün
olmazdı. Dərgini ilk növbədə
maraqlı, faydalı materiallarla təmin
etmək lazımdır, elə materiallar ki, ona tələbat olsun, oxunsun, teatr həyatımızı yaxşısı
və pisi ilə göstərməyi
bacarsın, düzü-düz, əyrini-əyri.
Heç olmasa, teatrla bağlı adamları
maraqlandırsın. İlkin coşqu, entuziazm hesabına bir, ya iki maraqlı nömrə
buraxarsan, bəs sonra?
Müəlliflərə qonorar verilmir, jurnalın daimi əməkdaşları
normal əməkhaqqı almır, teatr yazarları nəinki teatrsevərləri, heç teatr
yaradıcılarını tərpədəcək gücdə
yazılar yazmır... Bu yerdə bir vaxt belə bir təşəbbüsün olduğu
yadıma düşür. Teatrı
sevən imkanlı bir şəxs teatr jurnalı yaratmaq
ideyasını bəyənir, nəticədə, Əsəd Cahangirin baş redaktorluğu ilə "Teatral"
adlı jurnalın 1-ci sayı çıxır, yaxşı bir təqdimat mərasimi də düzənlənir
və... yenə də bakılılar demiş,
fəso! Sponsorluq eləyən kəs
görür ki, bu xına o xınadan deyil, aylıq jurnal
aylıq da maliyyə dəstəyi istəyir,
gəlir adlı nəsnənin isə heç
iyi də yoxdur. Elə
bircə madar nömrə ilə də jurnal ömrünü başa vurur".
Ədəbi tənqidçi Əsəd Cahangir baş redaktorluq etdiyi "Teatral" jurnalının fəaliyyətindən danışdı: "Hardasa 9 il bundan öncə "Teatral" jurnalının dərcinə başladıq. Mən jurnalın baş redaktoru idim. Jurnalın təsisçisi var idi. Jurnalın ilk sayı dərc olundu və bu dərgi olduqca yaxşı qarşılandı. Belə ki, jurnal aktyorlar və aktrisalar, teatr cameəsi tərəfindən böyük sevinclə qarşılandı. Jurnalımıza maddi dəstək göstərməsi üçün o zaman Mədəniyyət Nazirliyinə müraciət etdim. Jurnalın təsisçisi bildirmişdi ki, o ancaq bir nömrəyə yardım edəcək. Jurnalın xərci də ayda 1000 manat təşkil edirdi. Belə ki, dizaynerə, müəlliflərə və sair zəhmət haqqı verməli idim. Ancaq Mədəniyyət Nazirliyi mənim bu təklifimə ciddi yanaşmadı və heç bir dəstək göstərilmədi. Mən də bir sıra teatr kollektivlərinə müraciət etdim ki, jurnala abunə olsunlar, heç olmasa, abunə haqqı ilə bu jurnalı yaşatmaq mümkün olardı. Ancaq onlardan da heç bir səs çıxmadı. Abunə olmaq istəyən yeganə aktyor Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov oldu. Teatr rəhbərləri, aktrisalar səsimə səs vermədilər. Mən böyük təəssüf hissi ilə "Teatral" jurnalının nəşrini dayandırmalı oldum. Halbuki, o jurnalı böyük sevgi və həvəslə nəşr etdirmişdim. Hətta şəxsi büdcəmdən bəzi müəlliflərə qonorar vermişdim. Təəssüf ki, jurnalın davamlı dərc olunması mənim maddi imkanlarımı aşırdı".
Ə.Cahangir teatr dərgisini nəşr etdirməyə böyük ehtiyacın olduğunu
vurğuladı: "Bizdə kino, ədəbiyyat,
musiqi ilə bağlı müxtəlif jurnallar fəaliyyət göstərsə də,
teatrla bağlı xüsusi
nəşrlərimiz, jurnallarımız yoxdur.
Teatra dəstək məqsədilə
dövlət başçımız tərəfindən
"Azərbaycan teatrı 2008-2018-ci illərdə” Dövlət
Proqramı həyata keçirilmişdi ki, bu proqram
çərçivəsində teatr
binaları təmir edildi. Amma
məsələ təkcə teatrın binasını təmir
etməkdən ibarət deyil. Bu qədər maliyyənin fonunda,
bu gün bizim teatr dərgimiz yoxdur. Doğrudur ki, teatr sənəti gəlir
gətirməyən sahədir. İnsanlar
fədakarlıq hesabına bu işdə
çalışır və nələrsə etməyə səy
göstərirlər. Teatr jurnalının olması üçünsə, ya da dövlət tərəfindən
maliyyə dəstəyi olmalıdır, ya
da elə bir mesenat olmaldır ki, bu dərginin nəşrini öz
himayəsinə alsın. İnanıram ki,
Hacı Zeynalabdin Tağıyev sağ olsaydı, bu dərginin
maliyyəsini öz boynuna
götürərdi".
Xalq artisti,
rejissor Firudin Məhərrəmov
bizimlə söhbətində teatr
jurnalının Azərbaycan teatrı üçün
faydalı olacağını qeyd etdi: "Təbii ki, teatrdan bəhs edən
və bizim tamaşalarımızı
özündə ehtiva edən məqalələrin
jurnalda çap
olunması teatrın inkişafında müstəsna rol oynayardı. Sovet
dönəmində Moskvada çıxan teatr jurnallarının aylıq
buraxılışını həsrətlə gözləyirdik.
İndi də o
həvəs və o ruh
bizdə qalıb. İndi müasir
dövrdür. Amma insanlar hər nə qədər
informasiyanı internet vasitəsi ilə əldə
etsə də, o jurnalların, dərgilərin
yeri əvəzsizdir. XXI əsrdə, təbii
ki, Azərbaycan teatrı üçün
bir jurnalın olması vacib
məsələlərdəndir. Elə bir jurnal ki,
orada Azərbaycandakı bütün
teatrlar öz əksini
tapsın. Çox maraqlı olardı. Bu dərgilər teatrlarımız üçün güzgü
rolunu oynayardı. Əvvəllər biz pyes tapmayanda,
rus teatr
jurnallarından yararlanırdıq. İndi
bir jurnalımız da
yoxdur ki teatrla bağlı xəbərləri ordan oxuyaq".
Sənətşünas Ənvər Börüsoy təkcə Gürcüstanda
9 teatr jurnalının çap
olunduğunu bildirdi:
"Ölkənin 3-cü böyük
şəhəri olan Kutaisidə belə, teatrdan bəhs edən 2 jurnal
nəşr olunur. Bir jurnal postmodern dünya teatrı və teatr
dramaturgiyası, ikinci jurnal
isə ənənəvi gürcü
teatrı haqqındadır. Baxmayaraq ki Gürcüstanda əhali
ağır şəraitdə yaşayır, ancaq
mədəni həyatlarını zənginləşdirmək
üçün dərgilərə xüsusi önəm verirlər. Mən demirəm
ki, onlar yüksək
səviyyədə jurnallardır, amma hər
nə də olsa, təşəbbüs var. Bizdə isə teatr
jurnalının dərc olunması ilə bağlı bir neçə dəfə təşəbbüs
olsa da, elə orda da alıb. Vaxtilə mədəniyyət
naziri olan Əbülfəs
Qarayev sözdə bu
layihəyə dəstək versə də, əməldə dəstək
vermədi. Bu işlə əslində Teatr Xadimləri İttifaqı məşğul
olmalıdır. Ancaq onlar
da öyrəşiblər sovet
sistemi ilə teatrları idarə etsinlər.
Gözləyirlər ki, nə vaxt dövlət teatrlara
maliyyə ayıracaq, o zaman
da o maliyyə ilə
nəsə edəcəklər. Cənab prezident
ötən il bəzi teatrlara
dəstək üçün müəyyən
miqdarda maliyyə ayırdı. Sorğu keçirsək ki
bu pullar teatrlarda nələrə sərf olundu, inanın ki, ortaya ələ gələsi heç
nə çıxmayacaq. Sənədlərdə cavab veriləcək ki, guya teatra texniki
avadanlıqlar alınıb. Amma o texniki
avadanlıqların heç birinə 1 qəpik
də verilməyib. Elə gözləyirlər ki, dövlət nəsə etsin".
Ə.Börüsoy
teatrlarımızda direktor siyasəti aparıldığı
üçün Teatr Xadimləri İttifaqı ilə Mədəniyyət
Nazirliyinin birlikdə son 25 ildə bir dəfə də olsun Azərbaycan
teatrının problemlərinin həlli ilə bağlı bir
konfrans keçirmədiyini bildirdi: "Zakir Bağırov mədəniyyət
naziri olanda, teatrlarımızda 25 nəfərlik şura var
idi. Çox tanınmış sənətkarlar bu şuranın
üzvləri idi. Orada teatrların illik repertuar siyasəti
müzakirə edilirdi. Rəhmətlik Şəmsi Bədəlbəyli
Teatr Xadimləri İttifaqının sədri idi, özü
ilə bərabər tanınmış
teatrşünasları, teatr yazarlarını bölgə
teatrlarında tamaşalara baxmağa aparır, sonra həmin
tamaşaları müzakirəyə çıxarırdı.
Bölgə teatrlarında hazırlanan tamaşalar, beləcə,
paytaxtda mədəni hadisəyə çevrilirdi. Təkcə
Bakı ilə iş bitmir. Teatr haqqında yazırıqsa, bu,
paytaxt tamaşaları ilə bitməməlidir. Ona görə
də ölkədə paytaxt və bölgə teatrlarında
baş verən hadisələri özündə əks etdirən
jurnala ehtiyac var".
Xəyalə Rəis
Kaspi 2020.- 25 iyun.-S.14.