Hər nə istəsəniz...

 Haqqında söz-söhbətlərin bitib-tükənmədiyi, gerçək kimliyi hələ də şübhə altında olan Vilyam Şekspir bir çox faciələri ilə yanaşı, komediya janrında yazdığı pyesləri ilə də böyük mübahisələrə səbəb olmuşdur. Əslində, onun müxtəlif janrları işləməsi, hər bir əsərində fərqli ideyalardan çıxış etməsi, bir əsərində zadəganları mədh edərkən, başqa bir əsərində onları axmaq vəziyyətində göstərməsi, Stenfordda, Londonda oturub, İtaliya, Danimarka və müxtəlif ölkələrdə baş verən hadisələr əsasında pyeslər yazması, onun həqiqi kimliyi haqqında yaranan şübhələri daha da artırmışdır.

Bununla əlaqədar olaraq, bir qütb tədqiqatçılar onun əsərlərinin orijinal müəllifləri kimi Kristofer Marlo, Frensis Bekon, Qraf Retlend, Ben Conson, hətta Kraliça Yelizavetanın da adını çəkirlər. Bütün bunlardan əlavə, belə bir rəvayət də var ki, onun dövründə zadəgan nəslindən olan şəxslərin yazıçılıqla məşğul olması xoş qarşılanmırdı. Daha aydın desək, yazıçılıq həmin dövrünmühitin düşüncəsinə görə ədəbsiz məşğuliyyət hesab edilirdi. Çox güman ki, bu səbəbdən həmin şəxslər öz yazılarını Şekspirə bağışlayırdılar.   

Bəlkə də,bu, dramaturqun imzası ilə yazılan pyeslərin fərqli və ziddiyətli olması, müxtəlif yazıçılara aid olan əsərlərin Şekspir tərəfindən birləşdirilməsi və böyük bir külliyyat halında toplanması ilə əlaqədar idi. Başqa bir rəvayətə görə, dramaturqun tamaşaçıların intellekt səviyyəsini yoxlamaq üçün pyeslərində qəsdən qrammatik səhvlər etdiyi deyilir. Bu kimi amillər isə onu əsərlərinin tədqiqatçılar tərəfindən müxtəlif versiyalarla şərh edilməsinə, həmçinin çoxşaxəli ideyalarla rejissura sənətində aktual mövqeyini qorumasına yol açmışdır. Bu məqamda qeyd etmək lazımdır ki, Şekspir yaradıcılığı, xüsusilə rejissor sənətinin  konseptual əsasını təmin etməklə, realist-psixoloji üsluba nicat verən bir fenomen kimi, sənət aləmində sıçrayış olmuşdur.

Daha aydın desək, Şekspir imzası ilə yazılmış pyeslərdə mövcud olan boşluqlar, yəni dramaturq tərəfindən personajların mövqeyi və hadisələrin baş verməsi ilə bağlı geniş təfərrüatların verilməməsi, rejissorların fundamental analizlər aparmasına, fərqli yozumların yaranmasına, o cümlədən rejissura sənətinin evolyusiyasına təkan vermişdir.

Təsadüfi deyil ki, Piter Bruk, Robert Vilson, Jan Lük Qodar, Paolo  VittorioTavianni, Robert Lepaj, Tom Stoppard, Yuri Butsov, Leonid Heyfets, Qriqori Kozintsev, Anatoli Efros, Adrey Joldak, Eymuntas Nyakröşüs, Yuri Kara, Laurens Olivye, Franko Dzefirelli, Qriqori Doran, Akira Kurasava, Jerar Presqürvik kimi məşhur rejissorlar Şekspir yaradıcılığına biganə qala bilməmiş və dramaturqun pyesləri əsasında fərqli yozumlara söykənən səhnə və ekran əsərləri yaratmışlar.

Qısa izahlar vermək lazım gələrsə, "Hamlet” faciəsinin baş qəhrəmanının gah zənci, gah qadın, gah şizofren, gah da filosof kimi təqdim edildiyini bilirik. Onu da qeyd etmək olar ki, rejissorların əməyi və bədii ifadə vasitələri ilə, dramaturqun yeni yozumlardan törənmiş, tamaşaçıların diqqətini başqa səmtə yönəldən bir çox teatr tamaşaları yaradılıb. Bunlara misal olaraq, "Hamletpyesinin süjetindən "RozenkrantsGildenstern ölüdürlər”, "Maqbet”dən isə "İfritələr”, ya da "Ledi Maqbetkimi tamaşaların ərsəyə gəlməsini xatırlamaq kifayətdir.

Dahi dramaturqun daha bir əsəri  "On ikinci gecə, yaxud hər nə istəsəniz” komediyası ilə bağlı məqamlar isə mənə bu pyeslərin hazırlanması ilə bağlı yeni bir mülahizə irəli sürməyə əsas verdi.

On ikinci gecə komediyasının süjet xəttində belə bir situasiya var ki, Violanın kişi paltarı geyinərək Olivyanın qarşısına çıxdığı məqamlarda, Olivyada Violaya qarşı məhəbbət hissi yaranmağa başlayır

Əslində, əsəri analiz edərkən, Violanın çıxılmaz vəziyyətə düşməsini müşahidə edəndə, belə bir fərziyyə yaratmağa imkan tapdım. Əgər biz obrazın dilindən bunu eşidiriksə, əsərin sonrakı gedişatının necə olacağı ilə bağlı çıxılmaz vəziyyətə düşə bilən həm də dramaturqun özü ola bilməzmi?

Bəlkə də, Şekspirin dramaturji yaradıcılığı onun teatr estetikası ilə həmahəng olaraq, elə bu suallarla öz inkişafını tapırdı?

Ümumiyyətlə, bu fərziyyənin əsasını Şekspirin başqa əsərləri ilə də təsdiqləmək olar. Məsələn, "Hamlet” pyesində belə bir gedişat var ki, "Hamlet”atasının ruhuyla görüşdükdən sonra nə edəcəyini kəsdirə bilmir, ya da Klavdi Tanrıya dua edərkən Hamlet onu öldürməkdən son anda imtina edir. Dediyim kimi, bu növ fikir ayrılıqları eynilə "On ikinci gecə” komediyasında, Olivyanın simasında da baş verirdi.   

Məhz bu nümunələr əsasında deyə bilərəm ki, Şekspirin dramaturji yaradıcılıq konsepsiyasına daxil olan elementlərdən biriteatr səhnəsində aktyorların bilavasitə oyunu zamanı həmin səhnələrin dramaturq tərəfindən yazıya köçürülməsi idi. Yəni dramaturq bu yolla həm də müxtəlif nəzəriyyəçilərin, zadəganların, həmçinin aktyorların fikirləri əsasında əsərlərin gedişatına daha məntiqli formada yön verirdisə, burada heç bir qəribəlik, ya da xoşagəlməz hər hansı bir nüans ola bilməzdi. Bir vaxtlar dramaturqun səhnə rolları köçürməsi, aktyorların vaxtında çıxışının təmin edilməsi, suflyorluq kimi işlərlə məşğul olması da bilinir. Lakin "On ikinci gecə və yaxud hər nə istəsəniz” pyesi ilə bağlı, belə demək mümkünsə, dramaturqun sosial cəhətdən özü üçün daha perspektivli bir addım atmasını görmək mümkündür.

Mənim fikrimcə, məhz teatr səhnəsində tamaşalar üzərində qeyd aparan Şekspir, əsərin süjet xətti ilə homoseksualların cəmiyyətdə nisbi çəkisini aşkarlamağa çalışırdı. Çünki teatr sənəti sosial sifariş əsasında meydana çıxmış bir sənətdirsə, o cümlədən bu sənəti Şekspir kimi sənətçi teatr səhnəsində, müəyyən etdiyi tamaşaçıların fikrinə əsasən yazırdısa, Violanın müxtəlif fikirlərə qərq olmasını da elə bu cür yozmaq mümkündür. Yəni "On ikinci gecə” əsərinin, mənim zənnimcə, "Hər nə istəsəniz” adı ilə işarələnməsi elə dramaturqun əsas sosioloji analizinə əsaslanırdı. Bəlkə də, dramaturq, Hamletin qisasını, Maqbetin ölümünü, Olivyanın isə heteroseksual, yoxsa homoseksual münasibət yaşaması kimi situasiyalarla qarşılaşdığı zamanlarda öz mövqeyini təmin etmək üçün tamaşaçıların səs çoxluğuna önəm verirdi? Niyə də yox?! Axı onun əsərlərinin çoxşaxəli yozum imkanları hər kəsə bəllidir!  Hər nə istəsəniz ifadəsini isə, çox güman ki, Şekspir belə təyin edərdi: "İstəsəniz bu məqamda Olivya ilə Violanı evləndirə də bilərəm, necə deyərlər, hər nə istəsəniz...”

Bu fikirlərimlə razılaşmayan oxuculara Şekspirin sonetlərində mövcud olan ithafların və məna çalarlarının qısa şərhlərinə müraciət etməyi tövsiyə edə bilərəm

Onun məşhur  tədqiqatçılarından biri olan Qriqori Doran, Şekspirə mənsub olan yüz əlli dörd sonetdən yüz iyirmi altısının kişilərə həsr olunmasına, Viktoria dövründə isə həmin sonetlərin dəyişdirilməsinə xüsusi olaraq diqqət çəkmişdir. Şekspirin evliiki uşağı olmasını nəzərə alan bir qrup tədqiqatçılar isə son olaraq, onun biseksual olduğu barəsində həmfikir olmuşlar. Bütün bu faktları göz önünə gətirdikdə tamaşaçıların və cəmiyyətin plüralizmini nəzərə alan dramaturqun öz pyeslərində dəyişikliklər edə biləcəyi ehtimalı da istisna edilə bilməz. Adından da göründüyü kimi, "On ikinci gecə, yaxud hər nə istəsəniz” pyesində bu dəyişiklər üçün mövcud olan imkanların daha açıq olması bu ehtimalı daha da gücləndirir və heç də məntiqdən kənar görünmür. Teatr sənətində spesifik konsepsiyasını yaradan Şekspirin, ictimai-ideoloji tələbata uyğun şəkildə öz əsərlərini truppanın köməkliyi ilə dəyişdirməsi, əslində, onun üçün əlverişli idi. Əgər həqiqətən, əsərlərində mövcud olan süjet xətləri bu prinsiplə yazılırdısa, böyük ehtimalla Şekspiri dahi dramaturq edən səbəblərin ən effektiv variantı da elə bu idi. Çox güman ki, dramaturq, haqqında danışdığımız həmin texnikanı, belə demək mümkünsə, teatr aləminin əsrlər boyu tətbiq etdiyi böyük bir üsulu öz yaradıcılığında individual olaraq həyata keçirirdi. İndinin özündə belə, yəni müasir rejissuranın bədii-estetik konsepsiyasına nəzər saldıqda rejissorların və dramaturqların sanki bu texnikanı yekdilliklə mənimsədiklərinin şahidi oluruq.    

Bu mülahizələrdən sonra isə pyeslərdə mövcud olan boşluqların əsassız olmadığını anlamaq heç də çətin deyildir! Belə aydın olur ki, mövzunun əvvəlində qeyd etdiyim kimi, rejissorlar tərəfindən edilən dəyişikliklər, maraq dairəsi, çeşidli süjetlər yaratmaq imkanı  təkcə "On ikinci gecə və yaxud hər nə istəsəniz” komediyası ilə bağlı ola bilməzdi. Axı rejissorları "Hər nə istəsəniz” devizi ilə qarşılayan həmin o boşluqlar, yəni o geniş təsəvvürlər toplusu, Şekspirin ən ali ideyasıdır! Bir çox rejissorlar, hətta sadə oxucular belə onun əsərlərində mövcud olan boşluqları duyursanki o boşluqlar çoxqatlı fantaziyaların demiurqu kimi bir növ dilə gələrək oxucularla, ən əsası isə rejissorla danışa bilmək qüdrətinə malik olur!

O əsrarəngiz və bir o qədər də cəlbedici boşluqlar, çox güman ki, müxtəlif ideyalar axtaran rejissorlara üz tutur və ideloji cəhətdən onlara elə beləcə səslənir, necə deyərlər: " Hər nə istəsəniz...”

 

Cavanşir Qasımov

Tələbə-teatrşünas

Kaspi  2020.- 25 iyun.-S.12.