Bəs uşaqlara
kim baxsın?
Təhsil müəssisələrinin
bağlanması işləyən valideynlər üçün çətinlik yaradıb
Məlum olduğu
kimi, ilk tədris günü martın 10-da olmaqla,
martın 3-dən 9-dək bütün təhsil
müəssisələrində təlim-tərbiyə prosesi müvəqqəti
dayandırılıb. Əsas məqsəd bu
müddət ərzində təhsil müəssisələrində
tibbi profilaktik sanitar-epidemioloji tədbirlərin həyata
keçirilməsidir. Bəs uşaqlar
müvəqqəti tətildədirsə, bu
günlərdə onlara kim
nəzarət edəcək? Valideynləri işdə olan uşaqlar kimlərin
himayəsində qalır və bu müddət
ərzində onlar hansı işlərlə
məşğul olur? Bu
sualla müxtəlif vəzifələrdə
çalışan analara müraciət etdik. Onlar məktəblərin
bağlanmasına sevinsələr də, uşaqlarına ciddi şəkildə nəzarət edə
bilmədiklərini söylədilər.
"Unibank”ın İctimaiyyətlə əlaqələr
və media şöbəsinin müdiri Sülhiyyə Şirinova
virus təhlükəsiylə
bağlı dərslərin dayandırılması qərarına
sevinən valideynlərdəndir: "Hər nə qədər
rəsmi statistika sakitləşdirici olsa da, virusla
bağlı əhali arasında yayılan məlumatlar bir valideyn kimi
məni də ciddi narahat
edirdi. İşdə olanda
da fikrim
uşaqların yanında qalırdı ki,
birdən ətrafdan virusa yoluxarlar.
Hər axşam
qızdırmalarının olub-olmamasını yoxlayır,
sağlamlıqlarına nəzarəti
artırmışdım. İndi rahatam ki, evdədirlər,
ətrafdan yoluxma təhlükəsi yoxdur. Mənim övladlarım yaşca nisbətən böyük
olduqlarından, evdə qalmaları əlavə qayğı yaratmadı.
Yəni kiməsə həvalə etmək zərurəti
olmadı. Tətil işləyən valideynlərə şamil olunmadığı üçün,
uşaqların istirahəti ilə bağlı xüsusi proqram qura bilmirəm. Amma
evdə olsaydım da, yəqin ki, onları kütləvi istirahət yerlərinə
aparmayacaqdım. Çünki bilirsiniz, virus məsələsi
ilə bağlı indi bu
yerlər daha təhlükəlidir. Ona görə qızlarımla
razılaşmışıq ki, evdə
qaldıqları günlərdən daha
faydalı istifadə üçün məktəb
günlərindəkindən daha çox yatsınlar, dərs və əlavə
kitablar oxusunlar, filmlər
izləsinlər. Yəni istirahətin daha
təhlükəsiz formasını seçdik.
Bəlkə uşaqlar üçün
bir qədər darıxdırıcı olacaq, amma indiki
vəziyyətdə bundan daha
məqbul variant yoxdur.
Ən əsası, sağlam olsunlar, dərsləri də, gəzməyi də
bir neçə həftə sonraya saxlamaq mümkündür”.
Aparıcı Vüsalə Səid deyir ki, ölkəmizdə koronavirusdan qorunmaq üçün məktəblərin müvəqqəti bağlanması qərarı ən doğru və zamanında atılmış bir addım olub: "Oğlum Səidlə ancaq telefon vasitəsilə əlaqə saxlayıb, onu gün ərzində nəzarətdə saxlamağa çalışıram. İndi o, elə bir yaşdadır ki, özəl münasibətə ehtiyacı yoxdur. Səidin 14 yaşı var, səkkizinci sinifdə oxuyur. Hamı kimi biz də çalışırıq ki, evdə sanitar-gigiyenik qaydalara əməl edək. Çünki uşaqların dəriləri çox həssasdır. Toplu insanların olduğu yerlərdən uzaq gəzməyə və təmiz hava qəbul etməyə çalışırıq. İşdən sonra Səidin dərsləri ilə məşğul oluruq. Dərslər bağlıdırsa, bu o demək deyil ki, o, tədrisdən yayınmalıdır. Mənim nəzarətim və əlavə müəllimlərlə də Səid təhsilini davam etdirir”.
Aktrisa Dilarə Əliyeva iki qız anasıdır. Bildirir
ki, virusla bağlı
təşviş bir ana
olaraq onu da narahat edir:
"Qızlarım evdədir, dayə baxır. Biz də
işimizdə-gücümüzdə. Məsələ belədir
ki, işgüzar
xanımlara virus da mane ola bilmir.
İş elə bir şeydir ki, onu səndən başqa heç kim görməyəcək
və biz onu görmək
məcburiyyətindəyik. Biz işimizi-gücümüzü atıb evdə
oturanda, iş də
bizimlə oturur. Bizə yardım edən
insanların sayəsində uşaqlarımız nəzarətdədir.
Biz də
onların sayəsində işimizi görürük”.
Jurnalist, Abdulla Şaiq
adına Kukla Teatrının ədəbi dram hissə müdiri, 3 uşaq anası Həmidə Rüstəmova virus təhlükəsi ilə əlaqədar
ümumtəhsil müəssisələrində təhsilin
dayandırılmasını, uşaqların
sağlamlığının qeydinə qalınmasını
müsbət hal kimi
dəyərləndirdi: "Amma belə bir qərar verildikdə, işləyən
valideynlər də nəzərə alınmalıdır. Təəssüf
ki, bu qərarda onlar nəzərə alınmayıb. Bizim uşaqları teatra,
insanların daha çox
toplaşdığı açıq məkanlara aparmaq imkanlarımız yoxdur.
Çünki tədrisin
dayandırılmasının səbəbi odur
ki, uşaqlar virus təhlükəsi ilə üz-üzə
qalmasınlar. Bu nöqteyi-nəzərdən,
çalışıram onları evdə saxlayım. Hərçənd,
mən bir neçə gündür
müşahidə edirəm ki, valideynlər,
nənələr, babalar uşaqların əlindən
tutub parklara, qohumlara, rayonlara üz tuturlar. Bununla hər kəs öz
doğru bildiyi işi görür. Mənə
elə gəlir ki, doğru
deyil və mən övladlarımı məhdud
məkanda saxlamağa
çalışdım. Ona görə də
qızlarımı nənəsigilə aparmışam.
Onların bütün əyləncəsi
nənəsigildə oturub cizgi
filminə baxmaqdır. Çünki mən
işlədiyimə görə onları gəzməyə apara bilmirəm. Mətbuatda işləyən
adamların iş saatı yoxdur.
Hətta işdən sonra bəzən
hansısa tədbirə, tamaşaya, premyeraya gedirik. Digər tərəfdən,
mən Kukla Teatrında da
çalışıram”.
"Dəcəl balam” ailə
uşaq inkişaf mərkəzinin
rəhbəri Dilşad Musa
valideynlər üçün uyğun şəraitin yaradılmasının
zəruri hesab edir:
"Koronavirusla bağlı mart ayının 10-a qədər məktəblərin
bağlanması gözəl təşəbbüs idi. Bu da
işləyən analar üçün
problem yaradıb. Analar
çıxılmaz vəziyyətdə qalıb. Adətən
bu işdə birinci nənələr
köməkçi rolunu oynayırlar. Valideynin köməyinə məhz nənələr
çatır. Ancaq bəzi valideynlərin
anaları rayonda yaşadığı üçün işdən icazə almaq məcburiyyətində qalırlar. Bizim mərkəzdə bu aralar toplu şəkildə
tədbir keçirmirik. Bu
ərəfədə uşaqları bir araya yığa bilmərik, çünki
qanuna ziddir. Biz özümüz
valideynlərə yardım məqsədi ilə hər
hansı tədbir keçirərdik, onlar
uşaqlarını bizə əmanət edərdilər. Ancaq elə bir həssas
dönəmdir ki, bu
müddət ərzində valideynlər də
uşaqlarını kimsəyə əmanət etmirlər. Hər
iki valideyn işləyirsə,
növbə ilə işdən icazə alıb uşağa nəzarət edə bilərlər.
Valideynlər indi
çalışırlar ki,
uşaqlarını çölə çıxarmasınlar.
Bu elə gözəl vaxtdır ki, valideynlərlə uşaqlar
daha sıx vaxt
keçirə bilərlər”.
Pediatr Günay
Rəsulova "Facebook” səhifəsində
qeyd edib ki, evdə uşaqların başını
qatmağın ən gözəl üsulu
onlara kitab
oxumaqdır: "Karonavirus yox,
bağçadan, məktəbdən evdə
qalan uşaqlar bir-birini qırıb bitirəcək. Bizimkilər
artıq bıçaq götürür.
İşdə olanda dayənin zənglərini
görməzdən gəlməyə başlamışam. Gələn
həftədən 7/24 işdəyəm. Saatlarla
televizor, telefon, planşet qarşısında zamanını
keçirən uşaqlar daha
gərgin, daha aqressiv,
daha da
dağıdıcı qüvvəyə dönür.
Başı qarışsa da, enerjisini xərcləməyən uşaqlarda bu enerji sinir sisteminə, yuxuya, sağlıq durumuna,
psixoloji statusuna təsir
etməyə başlayır. Qısası, bu
durum tətil günlərinin sonunda sizi psixiatrlıq edə
bilər. Qoymayın çox otursunlar. Gündə maksimum
1-2 saat seçilmiş
filmlər olar. Uşaqların
başını maraqlı əyləncələrlə qatmaq, hərəsinə
ayrı-ayrılıqda, mümkün qədər
fərqli məşğuliyyət növləri vermək
köməyinizə gələ bilər. Oyuncaq
almanıza gərək yoxdur.
Uşaqların ev daxilində çox sadə üsullarla
oyun qurub
başını qata bilirik”.
APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı təhsil müəssisələrinin bağlanmasına sevindiyini bildirdi: "Çünki ən əsası, uşaqları qorumaq lazımdır. Onsuz da bağlanmasaydı belə, bir çox valideyn qorxduğu üçün uşaqlarını bağçaya və məktəbə göndərmirdi. Mən işlədiyim üçün qızım nənə-babasının yanındadır. Nənəsi və babası qızımla öyrədici oyunlar oynayır, müxtəlif kitablara baxırlar. Uşağın zamanını səmərəli keçirmək üçün əllərindən gələni edirlər. Təbii, bu qərardan əziyyət çəkənlər də oldu, uşağını harasa qoymağa imkanı olmayan valideynlər az deyil, amma düşünürəm ki, onlar üçün də ən vacibi uşaqlarının sağlamlığıdır. Novruz bayramı ərəfəsində qızımı müxtəlif şənliklərə aparmaq istəyirdim, amma indi qızımın təhlükəsizliyi üçün bu fikrimdən daşınmışam. Ümid edirəm ki, tezliklə koronavirus təhlükəsi tamamilə yox olar, bundan sonra yenə də uşaqlarımızı rahatlıqla kütləvi yerlərə, gəzməyə, şənliklərə apara bilərik, amma indiki vəziyyətdə bunu düzgün hesab etmirəm”.
Xəyalə Rəis
Kaspi 2020.- 5 mart.- S.14.