Sənət adamları
yaradıcılığı evə keçirib
"Boş oturmur,
öz üzərimdə işləyir, məşqlər
edirəm”
Son günlər dünyanı ağuşuna alan koronavirus insanları təşvişə salmaqda davam edir. Hər ötən gün bu virusdan ölənlərin sayı çoxalır. Azərbaycanda da kütləvi tədbirlər ləğv edilir, insanların bir araya toplaşdığı layihələr təxirə salınır. Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı açıqlamada deyilir ki, adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan, qarşıdakı həftələrdə toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.
Bəs görəsən ölkədəki belə vəziyyətdə sənət adamları virus təhlükəsindən necə qorunurlar? Digər tərəfdən, hazırda evdə qalmağa məcbur olan sənət adamlarının əsas gəlir mənbəyi olan toylar qadağan olunub. Bir aydan sonra isə orucluq və məhərrəmlik gəlir. Belə olan halda, sənət adamları həyat və fəaliyyətlərini necə planlaşdırırlar?
Xalq Artisti
Tünzalə Ağayeva hər zaman gigiyenik qaydalara əməl etdiyini
bildirdi: "Mən profilaktikaya
əməl edən insanam. Tək epidemiyaya görə deyil,
təbiətimdən asılı olaraq, həmişə
gigiyenik qaydalara əməl
edirəm. Vitamin "C” bol
olan qidalara üstünlük verirəm. Çox
sadə profilaktik üsullarla
qorunuram. Limon, zəncəfil
qarışığından istifadə edirəm.
Sağlamlığıma diqqət edirəm. Əsas odur ki, ruhdan
düşmürəm. Bacardığım qədər çantamda spirt gəzdirirəm.
Əslində bu üsuldan
istifadə etmək mənim üçün
yenilik deyil. Bu qaydaları indi tətbiq
etmirəm. Çalışıram ki,
kütləvi yerlərdə az olum. Bir də dövlətimiz
bizim qayğımıza qalır, bunun üçün
kütləvi tədbirlər müvəqqəti olaraq dayandırılıb. Tədbirlər yoxdursa, evdə də boş
oturmuram, yaradıcılıq işləri
ilə məşğulam. Həyat tərzim bu
günlərdə dəyişsə də, bu,
bizi ruhdan salmır.
Kütləvi tədbirlərin dayandırılması çox vacib idi. Panikaya düşməkdənsə,
özünüzü qorumağı məsləhət
görərdim. Qorunmaq hamımızın
borcudur”.
Xalq artisti
tədbirlərin, el şənliklərinin
olmadığı dönəmlərdə belə öz üzərində
çalışdığını bildirir:
"Evimdə sakit otursam
da, yenə də öz
işlərimlə məşğulam. Tutalım ki, bir əsər üzərində
işləyirəm, onu studiyada
yazdırmalıyam. Evimdə özüm üçün hazırlaşıram, boş dayanmıram. Yaxud da dostlarımla görüşüb
məşqimizi edirik. Həm özümüzü qoruyur,
həm də evimdə öz işlərimi
axsatmıram. Qorxmaq lazım deyil. Fəaliyyəti davam
etdirmək, mübariz olmaq
lazımdır. Bu, ömürlük
olan bir şey deyil ki, müvəqqətidir. Ona
görə də deyilənə əməl etməliyik”.
Xalq Artisti
Mələkxanım Əyyubova deyir ki, heç bir virus təhlükəsi
onun yaradıcılıq planlarına mane ola bilməz: "Bütün dünya
hazırda koronavirusun təsiri
altındadır. İnsanlar panika içərisindədir. Özümü
və ailəmi nəinki bu virusdan, hər zaman mikroblardan qorumağa
çalışmışam. Belə ki,
gündəlik həyat rejimimdə təmizliyə riayət
edirəm. Bu təhlükənin
olmadığı günlərdə belə, yanımda spirt gəzdirmişəm, özümü
mikroblardan qorumuşam.
Mənə görə, təmizlik qorxudan
formalaşmamalıdır. Bu, insanın
içindən gəlməlidir. Təkcə özümə
qarşı belə deyiləm. Bəzən görürəm ki, insanlar əllərində
olan zibili küçəyə
atırlar. Mən belə şeyləri anlamıram. Tez-tez dua edirəm ki, bu bəla
başımızın üzərindən çəkilsin.
Balamın xeyir işi
var idi, toyu təxirə düşdü.
Nə olursa, xeyirliyə olur.
Bir ay gec
olsun, ancaq
insanlarımız sağlam olsun. Bu, dünyəvi problemdir. Allah-təala elə bir
möcüzə yaratsın ki, bu virus ölsün,
çətin günlər başımızın üzərindən
getsin. Durğunluq
yaşanır, insanların əli-qolu boşalıb. İdmana, xeyrə-şərə, toylara gedirdik. Ancaq bu virus
hər kəsi çəkilib gözləməyə məcbur
edir. İnsan dinamik yaşamalıdır. Bütün
bunlar insanın psixologiyasına təsir edir. Hamı eyni deyil. Birinə təsir etmirsə, digərinin
psixologiyasına təsir edir. Sosial şəbəkədən də bilirəm
ki, insanlar
mağazaları boşaldırlar. Onları da
qınamalı deyil”.
Xalq artisti yaşanan durğunluqda təmkinli davranacaq: "Yaradıcılıqla məşğul olmaq üçün mən durğunluğu, ya məhərrəmlik ayını gözləmirəm. Məhərrəmlik olmayanda da mahnı yazdırıram. Bütün günü toylarda deyiləm. Mənim həyat tərzim tamamilə fərqlidir. Dövlət tədbirlərinə gedirəm, öz missiyamı yerinə yetirmək üçün məhərrəmliyi gözləmirəm. Mən çalışacağam ki, bu fasilədə imkan tapıb övladımın xeyir işini edim. Hər kəsin bir həyat tərzi var, mənim xanəndə kimi həyat tərzim ayrıdır”.
Xalq artisti
Gülyaz Məmmədovadeyir ki, dövlət tərəfindən həyəcan
təbili çalınırsa, bu, məsələnin
ciddiyyətindən xəbər verir:
"Bizə verilən bildirişlərə əməl etmək
qalır. Hazırda evdəyik, növbəti aylarda
orucluq və məhərrəmlik gəlsə
də, bizim tək işimiz
toylardan ibarət deyil.
Fasilə vaxtı mənim ən böyük
istirahətim işləməkdir. Evdə oturanda,
ürəyim sıxılır. Əgər bir
əsər üzərində işləyirəmsə, studiyada yazdırmalıyam. Boş
dayanmıram, evdə məşq edirəm. Müəlliməm,
teatrda çalışıram.
İşlərimə davam edəcəyəm.
Məhərrəmliyin, orucluğun buna dəxli yoxdur. Yeni mahnılar üzərində
çalışıram. Tapşırıq var
ki, heç nə
edilməsin, insanlar ancaq
özlərini qorusunlar. Biz
də o tapşırığa əməl
edirik. Mübariz olmaq, fəaliyyəti davam
etdirmək lazımdır. Bu, müvəqqəti
çətinlikdir. Deyilənlərə əməl etmək
lazımdır. Qanun hər kəs üçün eynidir.
Deyirlər ki, belə bir
virus var, deməli, boşuna deyil.
Yaşlıların immuniteti zəifdir, onlar daha tez
yoluxa bilər. İndi
yaşlıları daha çox
qorumalıyıq. Həssas dönəmdir. Belə bir məqamda atamı xatırlayıram.
Artıq axşam saat doqquzdan sonra tədbirlər
yoxdur. Dəvət aldığımız
tədbirlər 5-də başlayır, 9-a qədər davam edir. Biz
bəzən bu xəstəliyi davaya çeviririk.
Vaxtında sağlamlığımızın
qayğısına qalaq. Həyata bir dəfə gəlirik. Dövlət də bizi xəbərdar edir ki, ehtiyatlı ol, özünü qoru. Allah təhlükənin pisindən qorusun”.
Xalq artisti
Gülyanaq Məmmədova Novruz
şənliyi ilə bağlı televiziyaların çəkilişlərinə
qatıldıqlarını və dünənə qədər
tədbirlərdə iştirak etdiklərini
qeyd edir: "Biz tədbirlərə getsək də, uşaqlar evdədirlər, onları gəzintiyə
aparmıram. Ancaq onlar
da darıxırlar. Nə vaxta
qədər evdə oturacaqlar - onu da bilmirəm. Mən bu virusun
varlığına inanmaq istəmirəm.
Hələ bilmirəm ki, məhərrəmlik
və orucluq vaxtı hansı işlərlə
məşğul olacağam. Plan qurmağı sevmirəm, yaşayarıq
görərik. Sağlıq olsun. Adamı
işsizlik yorur. Beyin tənbəlləşir, işsiz
qaldıqda yorulur, aktivliyini
itirir. Biz evdə uşağa nə öyrədək? Uşaq dərsə getməlidir ki, cəmiyyətə qoşulsun,
yeni nələrsə öyrənsin.
Çaşqın bir vəziyyət
yaranıb. Təki, bu virus
dünyanı tərk etsin. Hər kəs öz işinin-gücünün
başına dönsün. İnsanı
işləmək, çalışmaq, zəhmət deyil, boşluq yorur. Adam çox
narahat olur. İstəyirsən
ki, uşaqları rayona
aparasan, düşünürsən ki, virus varsa,
orda da var.
Sosial şəbəkələrdə
yayılan məlumatların bəzilərinə
inanırıq, bəzilərinə inanmırıq. Dövlət
televiziyasından nə xəbərdarlıq olunursa,
onu da edirik.
Tez-tez panikaya
düşmək istəmirik. Ancaq od olmayan yerdən də tüstü çıxmır. Tez-tez spirtlənib ağzımıza maska vurmuruq. Sadəcə,
evdən çölə çıxmırıq”.
Əməkdar artist Təyyar
Bayramov elnən gələn dərdin toy-bayram olduğunu deyir: "Tədbirlərə, kütləvi məclislərə
gedəndə, bacardığım qədər qoruyucu maskalardan istifadə
edir, üzərimdə spirt
gəzdirirəm. Ayın 15-də bir toyum var idi,
orda çıxış etdim
və artıq toylar ləğv olundu. Çalışıram ki,
kütləvi yerlərdən ailəm də, özüm
də uzaq olum. Bütün dünya koronavirusla mübarizə aparır. Belə panika olmaz”.
Əməkdar artist
qarşıdan gələn aylarda pedaqoji fəaliyyətlə məşğul
olacağını, yeni
mahnılarının üzərində
çalışacağını bildirir.
İfaçı Səbinə Ərəbli deyir ki, virusla ənənəvi şəkildə mübarizə aparırlar: "Deylənlərə əməl etməyə, evdə övladlarımla zaman keçirməyə çalışıram. Təcili işim olduqda, maska taxıb gedirəm. Hər nə qədər sosial şəbəkələrdə panika yaransa da, koronovirusa o qədər də çox inanmıram. Çalışıram ki, tam ciddiyə almayım. Hesab edirəm ki, nə qədər çox inansam, xəstəliyə tez yoluxaram. Bu fasilədə övladlarımla zaman keçirəcəyəm. Mənə işi əvvəlcədən planlaşdırmaq düşmür. Hələ ki gələcək ayları planlaşdırmamışam”.
Xəyalə Rəis
Kaspi 2020.- 17 mart.- S.12.