Vaxt gələcək, səhnə bizim üçün darıxacaq”  

Rafael Dadaşov səhnəni gözüyolda qoyub getdi...

74 yaşı vardı. Martın 16-da Azərbaycan Teatrı növbəti sənətkarını, xalq artisti Rafael Dadaşovu itirdi. Ağır xəstəlikdən əziyyət çəkirdi. Mərkəzi Neftçilər Xəstəxanasında ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə bir müddət müalicə alsa da, təəssüf ki, qalib gələ bilmədi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Teatrın unudulmaz aktyoru

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışırdı. Teatrın səhnəsində "Ümid”də Zaur, "Bəşərin komediyası, yaxud Don Juanda Don Juan, "Hamlet”də Klavdi, "Heç nədən hay küy”də Klavdio, "Fitnə”də Bəhram, "Cehizsiz qız”da VojevatovParatov, "Əliqulu evlənirdə Rövşən, "İstintaqda Müstəntiq, "Xurşidbanu Natəvan”da Knyaz Xasay, "Büllur saraydada Qədim, "Unuda bilmirəm”də Cəmil, "Mirzə Şəfi”də Mirzə Fətəli, "İblis”də Vasif, "Şəhərin yay günləri”ndə Qiyas, "Nakam qız”da Murad, "Qılınc və qələm”də Fəxrəddin, "Nişanlı qız”da Camal, "Şeyx Xiyabani”də Həsən Soltan,  "Sevgililərin cəhənnəmdə vüsalı”nda Mayis, "Dəlilər və ağıllılar”da Ədhəm Tağıyev, "Sokratı anma gecəsi”ndə Mindövlət və Aydar, "Fedrada Tesey, "Afət”də Özdəmir, "Ölülər”də Şeyx Nəsrullah və s. maraqlı obrazlar yaradıb.

Bundan başqa, o, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış bir çox tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi”ndə Rüstəm, K.Holdoninin "Mehmanxana sahibəsi”ndə Sinyor Kavaler, Aslan Qəhrəmanovun "Səni axtarıram” və "Bağışla”da Vasif müəllim, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə”sində Həmid, Hüseyn Cavidin "Topal Teymurunda Orxan, Üzeyir Hacıbəyovun "Ordan-burdan”ında Həmid, İlyas Əfəndiyevin "Mənim günahım”da Sahib, İslam Səfərlinin "Göz həkimi”ndə Rauf, A.Rafın "İblis qadın”ında Şefs. obrazları daha yaddaqalan olub.

Azərbaycanın Alen Delonu

Mərhum sənətkara "Azərbaycan kinoteatr sənətini necə fəth etmisiniz?” deyə sual verdikdə, cavab verirdi ki, teatrda nəyəsə nail olmaq tək aktyorun bacara biləcəyi bir deyil: "Mən bunu özümetiraf edirəm. Teatra qəddi-qamətimlə, zahiri görünüşümlə gəldim. "Azdrama"ya gözəl, peşəkar aktyor kimi gəlməmişəm. İndi başlasam ki belə aktyor idim, elə aktyor idim, düz çıxmaz. Çünki haqq-ədalət adamıyam. Sadəcə, görünüşüm çox baxımlı idi. Allah-təala belə yaradıb. Nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm, amma cavanlıqda mənə Alen Delon deyirdilər. Həmin vaxt teatrın baş rejissoru olan Tofiq Kazımov məni "Don Juan" əsərinə dəvət elədi. Mən indi Don Juanın atasını oynayıramsa, teatra gəlişimdə Don Juanın özünü oynamışam. Əgər görkəmlə bağlı söhbətləri sonrakı illərə də aid edirlərsə, bu, gözügötürməzlikdən irəli gəlir. Teatr elə sahədir ki, kollektiv işdir. Tək nəsə əldə etmək çox çətindir. Zirvəyə çatmağımın 50%-i tamaşaçıların, 50%-i isə mənim payıma düşür. Bu sahədə tanınmaq, uzun müddət külüng vurmaq, müəyyən yer tutmaq olar. Amma populyar olub sevilmək və zirvəyə çatmaq hamıya nəsib olmur. Bu, nadir aktyorlara qismət olur. Allah-təalanın köməyi ilə bu, mənə də nəsib oldu”.

Uzun müddət bu sənətdə çalışsa da, "Xalq artisti” fəxri adına 60 yaşında layiq görülmüşdü. Bu da onu məyus edirdi: "Təsəvvür edin ki, mən 60 yaşımda "Xalq artisti” adını aldım. Halbuki, məndən sonra bu sənətə gələnlər "Xalq artistiolmuşdular. Mən bunu açıq etiraf edirəm, uzun müddət məni sıxışdırdılar, adımı siyahıya salmadılar. Mərhum sənətkarlarımızdan biri deyib ki, əgər incəsənəti medal şəklində təsəvvür etsək, onun üst tərəfi istedadlar, arxa tərəfi isə həyasızlar. İstedadlıya kömək etmək lazımdır, həyasızlar onsuz da özlərinə yol tapacaq. Həmin o həyasızlar, əli heç bir yerə çatmayanlar, fürsət düşdükcə sənin yolunu kəsirlər. Həm özümə, həm də Məlik Dadaşovun oğlu olduğuma görə, mənim də payıma bu tikanlar düşüb. Axı, Dadaşovların hamısı sənətkar ailəsidir”.

Sonuncu dəfə onu ana teatrın səhnəsində Qoqolun "Müfəttiş” əsərində gördük. Aktyorun bundan başqa oynadığı tamaşalar repertuardan çıxarılmışdı. "Nə üçün səhnədə yoxsunuz” sualına cavabında səhnə üçün burnunun ucunun göynədiyini deyirdi: "Mən də özümü səhnədə görmək istəyirəm. Səhnə üçün darıxıram. Səhnə bizim ikinci evimizdir. Vaxt gələcək, səhnə bizim üçün darıxacaq. Niyə zamanı qabaqlayırsınız? Niyə vaxtı qabağa çəkirsiniz? İmkan verin, səhnəyə çıxaq. Aktyora rol vermək lazımdır. Bu gününə yaraşan rol vermək lazımdır”.

 

O, dövrünün ən yaraşıqlı, cazibədar aktyorlarından idi. Qadınlar onun ətrafında həmişə pərvanə kimi fırlanırdılar. Aradan nə qədər illər keçsə də, uşaqdan-böyüyə hamı onu tamaşalardakı xarizmatik rolları ilə xatırlayır və ona məhz bu cür yanaşırdılar. Son illər çox kökəlmişdi. Ona bununla bağlı sual verənə "nə olsun e, Cüneyt Arkın da kilo alıb, o məndən də çox kökəlib və qocalıb. Təbii, deyəcəklər ki, formada qalmaq insanın öz əlindədir” - deyə cavab verirdi. Hər dəfə də bəhanəsi vardı. "Necə olmalıyam axı, ürək əməliyyatı keçirdim, siqareti atdım, oturaq həyat tərzi yaşadım, hər yerə maşınla getdim, idmana laqeyd oldumbütün bunlar kökəlməyimə səbəb oldu”.

Son vida...

Dünən torpağa tapşırılan xalq artisti ilə izdihamlı vida mərasimi keçirilmədi. Koronavirusla bağlı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qərarı əsas götürüldü. Bu səbəbdən, kiçik mərasim Azərbaycan teatrı və filminin ulduzunun Səbail rayonundakı evində təşkil olundu. Yasda tanınmış kino-teatr xadimləri, aktyoraktrisalar, rəsmi şəxslər iştirak etdi. Rafael Dadaşov II Fəxri xiyabanda torpağa tapşırıldı.

Mərhumun oğlu Emil Dadaşov jurnalistlərə açıqlamasında məyus görünürdü: "Valideynlərinizin qədrini bilin, atam tək bizə yox, bütün Azərbaycan xalqına məxsus idi. Daim qohumların, qonşuların köməyinə gedib. Allah rəhmət eləsin”.

Dəfn mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edirdilər. Nazir Əbülfəs Qarayev mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, gələcəkdə Xalq artistinin xatirəsinə gecə təşkil ediləcək: "Rafael Dadaşovla həmişə xoş münasibətimiz olub. Sağlamlığı ilə bağlı əziyyət çəkirdi. O, Azərbaycan teatr tarixində böyük bir səhifə yazıb. Onun ailə kökü, tərbiyəsi var idi, teatr mühitində böyümüşdü. Azərbaycanın bir neçə rayon teatrında çalışıb, amma əsas fəaliyyəti "Azdrama” ilə bağlı idi. Mənim yadımdadır, 60-70-ci illərdə Don Juan rolunu oynayırdı, onu böyük maraqla izləyirdim. "Hamlet"də isə Kral obrazını çox gözəl canlandırmışdı. Çoxşaxəli bir insan idi. Ən əsası, yaxşı adam və gözəl dost idi. Bu, Allahın hökmü idi. Təəssüf ki, indiki vəziyyətdə hansısa mərasim keçirmək mümkün deyil. Teatrlar açılandan sonra Rafael Dadaşova həsr olunmuş gecə təşkil edəcəyik. O, böyük ziyalı, gözəl insan, yaxşı dost idi. Çoxşaxəli mədəniyyət sahələrində çalışıb, Allah rəhmət eləsin”.

Mərhumun qızı Səidə Dadaşova atasının ölümü ilə barışmadığını bildirib. Deyib ki, atası dünyasını dəyişən zaman hər kəsdən halalıq istəyib: "Onu necə qaytarım?! Baxışıyla danışan adam idi. Arxam, dayağım idi. Körpə uşaq kimi başını çiynimə qoyardı. Allah heç bir evi böyüksüz qoymasın. Atalar ölmür, mən atamın qızıyam”.

Xalq artisti Brilliant Dadaşova mətbuata əmisi oğlu Rafael Dadaşov haqda danışıb. O bildirib ki, hər gün R.Dadaşovun iynələri vurulurdu: "Gözlənilməz oldu. Hər gün ona iynə vurulur, sistemlər köçürülürdü. Yenə də iynəsi vurulurmuş. Qəfildən gəlini Afaqı çağırıb. Sistemi çıxaran kimi gözlərini yumub".

Billiant xanım Rafael Dadaşovla vida mərasiminin keçirilməməsindən də söz açıb. "Onunla xalq, sevənləri vidalaşmaq istəyirdi. Amma bu vida mərasimini keçirə bilmədik. Müəyyən səbəblərdən evdən götürməyə məcbur olduq” - deyə, müğənni söyləyib.

 

Xəyalə Rəis

Kaspi  2020.- 18 mart.- S.12.