“Teatr məbəd kimi”
“Teatro.az” sənət portalı Pakistan dramaturqu Şahid Nadimin Beynəlxalq Teatr Günü ilə bağlı teatr ictimaiyyətinə ünvanlandığı müraciəti təqdim edir.
Dünya Teatr Günü, hər il martın
27-də dünya səviyyəsində qeyd edilir. Bu əlamətdar
gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1961-ci
ildə Vyanada keçirilən IX konqresində qəbul
edilmiş qərara əsasən təsis olunub.
Hər il Dünya Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə müraciət məktubu göndərən fransalı yazıçı Jan Kokto olub. Sonrakı illərdə Auqusto Boal, Cudi Denç, Piter Bruk, Anatoli Vasilyev kimi teatr xadimləri yazıb. Bu il isə yazıçı və aktivist Şahid Nadim Beynəlxalq Teatr İnstitutu tərəfindən 2020-ci il Dünya Teatr Günü üçün yazılacaq müraciətin müəllifi seçilib.
Pakistanın tanınmış
dramaturqu və Ayoka Teatrının rəhbəri Şahid Nadim
1947-ci ildə Kəşmirin Sopor şəhərində anadan
olub. 1948-ci ildə Hindistan və Pakistan arasında başlayan
müharibədən sonra ailəsi yeni yaradılan Pakistana
köçmək məcburiyyətində qalıb. İlk
pyesini tələbəlik illərində yazsa da, bir dramaturq kimi formalaşması
Londonda siyasi mühacirətdə olduğu zaman baş verib.
Sonralar həyat yoldaşı Madeeha Gauhar tərəfindən
qurulan Pakistanın dissident teatr qrupu Ayokada
çıxış edib. Şahid Nadim Pəncabda və Urduda
50-dən çox orijinal pyes yazmış və Brextin bir
neçə pyesini səhnələşdirib.
Pyesləri ingilis dilinə tərcümə
edilib və Oxford University Press, Nick Hern Publishers və bir
neçə nəşriyyat tərəfindən antologiyada nəşr
etdirilib. O, 2009-cu ildə
Pakistan Prezidentinin "Pride of Performance" medalı ilə təltif
edilib. Şahid Nadim teatr və televiziyada bir
çox layihələrə rəhbərlik edib, Hindistanda və
Pakistanda Sülh Festivalı təşkil edib.
Şahid Nadimin pyesləri dini ekstremizm, qadınlara
qarşı zorakılıq, azlıqlara qarşı
ayrıseçkilik, ifadə azadlığı, iqlim, sülh
və təsəvvüf kimi mövzulara toxunduğuna görə
yaxşı qarşılanır. Bir sıra pyesləri
Cənubi Asiyanın bölüşdürülməsi və
bölgənin mədəni irsinə dair məsələlərə
toxunur. Əyləncəli və intellektual
bir tamaşa təqdim etmək üçün müasir,
ictimai və siyasi mövzuları ənənəvi formalar və
folklor irsi ilə ustalıqla birləşdirir. Musiqi onun teatr yaradıcılığının
ayrılmaz hissəsidir. Ayoka İncəsənət
İnstitutu və Lahor İncəsənət və Mədəniyyət
İnstitutunda yazı sənətindən dərs deyir.
2020-ci il üçün Dünya Teatr Günü ilə
bağlı müraciət
2020-ci il üçün Dünya Teatr Günü
müraciətini yazmaq mənim üçün böyük
şərəfdir. Eyni zamanda, Pakistanın
özü və Pakistan teatrı indiki dövrün ən
nüfuzlu və tanınmış təşkilatı olan Beynəlxalq
Teatr İnstitutu (İTİ) tərəfindən qəbul edilməsi
həyəcanverici hissdir. Bu şərəf həmçinin
iki il öncə vəfat edən həyat
yoldaşım, teatr xadimi və Ayoka Teatrının qurucusu
Madeeha Gauharın (Mədihə Gövhər) da
haqqıdır. Ayoka komandası, sözün əsa
mənasında, “Küçə”dən “Teatr”a kimi uzun və
çətin bir yol keçib. Amma mən əminəm
ki, bir çox teatr kollektivlərinin taleyi məhz belə olub.
Teatr fəaliyyəti heç vaxt asan və hamar
yolla getmir. Həmişə mübarizə
aparmaq lazım gəlir.
Mən bir neçə hərbi diktaturanı, dini
ekstremistlərin dəhşətli hücumlarını və
minlərlə illik tarix və irsimizi
bölüşdüyümüz qonşu Hindistanla
üç müharibəni görən müsəlman ölkəsindənəm. Bu gün biz hələ
də qardaş qonşumuzla müharibənin, hətta nüvə
müharibəsinin qorxusunu yaşayırıq, çünki hər
iki ölkənin nüvə silahı var.
Bəzən zarafatca deyirik ki, “pis zəmanə teatr
üçün fürsətdir”. Daha bizim
qarşılaşılacaq heç bir çətinliyimiz,
açıqlanacaq ziddiyət və pozulacaq vəziyyətimiz
qalmayıb. Ayoka Teatr qrupumla mən 36 ildir bir ipin
üstündə gəzirik və bu ip çox tarım
çəkilib: əyləncə və təhsil,
keçmişlə gələcək, azad yaradıcı ruh
ilə avtoritar təzyiqlər, sosial mövzularla məşğul
olan və kommersiyateatrı, kütləvi maraqlara cavab vermək
və avanqard istiqamət arasında olan müvazinəti
qorumuşuq. Bundan sonra rahat demək olar ki, teatrla məşğul
olan adam gərək sehrbaz, ovsunçu
olsun.
Pakistanda Sekulyar və Dini sənət arasında bariz
görünən ayrılıq mövcuddur. Sekulyarlar
üçün dini məsəslələrlə
bağlı heç bir sualı yoxdur, Müqəddəslər
üçün isə açıq müzakirə və ya
yeni fikirlər mümkün deyil. Əslində,
mühafizəkar hakimiyyət quruluşu mədəniyyət və
incəsənəti öz “müqəddəs oyunlar”ından kənarda
saxlayır. Ona görə də sənətçilər
üçün səhnəyə çıxmaq maneəli
qaçış yarışına dönür. Əvvəlcə, yaxşı müsəlman və
vətəndaş kimi etimad qazanmalı və rəqs, musiqi və
teatra İslamda “icazə verildiyini” sübut etməyə
çalışmalıdırlar. Rəqs,
teatr və musiqi ünsürlərinin gündəlik həyatlarında
kifayət qədər yer almasına baxmayaraq, çox sayda
müsəlman teatr sənətini qəbul etməkdən
çəkinir. Biz də Sekulyar və Din
tərəfdarlarını eyni səhnədə birləşdirmək
potensialına malik submədəniyyət mərhələsində
büdrədik.
Ayoka Teatrı 1980-ci illərdə Pakistanda hərbi rejim
zamanı sosial və siyasi teatr vasitəsilə diktaturaya
qarşı mübarizə aparan bir qrup gənc sənətçilər
tərəfindən quruldu. Duyğularının, qəzəblərinin,
əzablarının 300 il əvvəl
yaşamış bir sufi ozanı tərəfindən heyrətamiz
şəkildə ifadə olunduğunu aşkar etdilər. Bu
böyük sufi şairi Bulleh Şah idi. Ayoka, onun poeziyası vasitəsilə siyasi mesajlar
verməyə qadir olduğunu, korrupsiyalaşmış siyasi
rejimə və dini quruluşa meydan oxuya biləcəyini kəşf
etdi.
Hakimiyyət bizə qadağa qoya və ya bizim fəaliyyətimizi
dayandıra bilərdi, amma Bulleh Şah kimi tanınmış
şairə qarşı bunu edə bilməzdi. Biz onun həyatında
poeziyasındakı kimi dramatik və radikal məqamlar
aşkarladıq, çünki həyatı boyu fətva və
sürgünlərə tuş gəlmişdi. Sonra mən Bulleh Şahın həyatı və
mübarizəsindən bəhs edən “Bulha” pyesini yazdım.
Bulha, Cənubi Asiya xalqları tərəfindən məhəbbətlə
xatırlanan, poeziya və praktikası ilə padşahların
avtoritarlığına və ruhani demaqoqlara cəsarətlə
etiraz edən Pəncab sufi şairlərinin
ənənələrindən təsirlənmişdi. Onlar sadə dil ilə xalqın istəklərindən
yazırdılar. Musiqi və rəqsdə
dinin istismarçı elementlərini gözardı edərək
İnsan və Tanrı arasında birbaşa əlaqə
qurmağın yollarını kəşf etmişdilər.
Cinsi və sinfi bölgüyə qarşı
çıxaraq, planetimizə Allahın təzahürü kimi
baxırdılar. Lahor İncəsənət
Şurası əsərimin pyesə yox, tərcümeyi-hala bənzədiyi
üçün onu rədd etdi. Lakin
tamaşanı başqa bir məkanda – Göte İnstitutunda
nümayiş etdirdikdə tamaşaçılar şairin həyat
və poeziyasındakı simvolikliyi gördülər,
başa düşdülər və bəyəndilər.
Tamaşaçılar hadisələri öz
zamanı və həyatı ilə eyniləşdirdi, paralellər
apardı.
2001-ci ilin həmin günü teatrın yeni bir
növü doğuldu. Qəvvali musiqisi, Sufi Dhamal rəqsi,
ruhlandırıcı şeir qiraəti və meditativ Zikr
tamaşanın bir parçası oldu. Pəncab
konfransında iştirak etmək üçün şəhərə
gələn və pyesi görmək üçün içəri
girən bir qrup Sikh (dini toplum) icması tamaşanın sonunda
səhnəyə çıxaraq aktyorları qucaqlayıb
öpdü və ağladı. 1947-ci ildə
Hindistandan ayrılmadan sonra onlar ilk dəfə idi ki, müsəlman
pəncablılarla eyni səhnəni
bölüşürdülər. Bulleh
Şah onlar üçün müsəlman pəncablılar qədər
dəyərli idi.
Bu unudulmaz premyera Bulleh Şahı hind Odisseyinə
çevirdi.
Pəncabın Hindistana aid hissəsindən bir tur kimi
başlayan, “Bulha” Hindistanı uzununa, eninə gəzdi, iki
ölkə arasındakı ən ağır, gərgin məqamlarda,
tamaşaçıların bir kəlmə bilmədikləri
yerlərdə belə səsləndirildi. Siyasi
dialoq və diplomatiya qapıları bir-bir
bağlandığı zaman teatr binalarının
qapıları və hind xalqının qəlbləri
geniş açılmışdı. 2004-cü ildə
Pəncabın Hindistan hissəsində qastrol səfərində
olan Ayokanın minlərlə seyrçinin izlədiyi
tamaşadan sonra yaşlı bir adam sufi
rolunu oynayan aktyorun yanına yaxınlaşdı. Yaşlı kişinin yanında gənc oğlan da
var idi. Yaşlı qoca “Mənim nəvəm xəstədir,
xahiş edirəm ona yardım edin” - dedi. Aktyor bundan təəccüblənərək
cavabında “Mən Bulleh Şah deyiləm, sadəcə, onu
canlandıran aktyoram” dedi. Kişi isə bunu eşidərək
ağladı və “Xahiş edirəm, nəvəmə
kömək edin, bilirəm ki, sağaldacaqsınız” dedi.
Aktyora məsləhət gördük ki, qocanın arzusunu
yerinə yetirsin və o, da qocaya xeyir-dua verdi.
Qoca bundan təsirləndi və aktyora “Oğul, sən aktyor
deyilsən, sən onun reinkarnasiyasısan, onun avatarısan” dedi.
Elə bu an bizdə aktyorun obrazın
reinkarnasiyası olmasına söykənən yeni bir teatr,
aktyor oyunu ideyası yarandı.
“Bulha” ilə 18 illik səfərimizdə seyrçilərin
reaksiyasından tamaşanın sadəcə əyləncəli
və intellektual yox, həmçinin ruhu canlandıran bir təcrübə
olduğunu anladıq. Əslində, Bulleh Şah rolunu canlandıran aktyor bu təcrübədən
o qədər təsirlənmişdi ki, özü də sufi şairi oldu və o vaxtdan bəri iki
şeir toplusu nəşr etdirdi. Tamaşada iştirak edən
aktyorlar tamaşa zamanı şairin ruhunun onların arasında
olduğunu hiss etdilər və səhnənin daha ilahi mərhələyə
qalxdığını gördülər. Hindistanlı bir
alim tamaşa haqqında yazısına belə bir
başlıq qoymuşdu: “Teatr məbədə çevrilərkən”.
Mən
dünyəvi insanam və təsəvvüfə olan
marağım sadəcə Pəncab Sufi şairlərinin sənət
və ifaçılıq aspektindəndir, lakin
tamaşaçılarımın arasında ekstremist olmayan, səmimi
dini inancı olanlar da var. Bütün dünya mədəniyyətində
Bulleh Şahın hekayələri kimi mədəni irsi öyrənərkən
biz, teatr sənətçiləri və bu irsdən bixəbər,
amma həvəsi olan tamaşaçılar arasında
körpü yarada bilərik. Bir yerdə biz
teatrın mənəvi sərhədlərini kəşf edə,
keçmişlə indiki zaman arasında, bütün ictimai təbəqələrin
– inanclı və inancsızlar, aktyorlar, yaşlı adamlar və
onların nəvələri arasında körpülər qura
bilərik.
Bulleh
Şahın hekayəsini bölüşməyimin və bir
növ, sufi teatrını
araşdırmağımın səbəbi odur ki, biz
çox vaxt nümayiş zamanı öz teatr fəlsəfəmizə,
ideyamıza qapılır və kütlənin böyük bir
hissəsini nəzərə almırıq. Bu günün problemləri
ilə məşğul olduğumuz zaman, teatrın bizə verəcəyi
mənəvi təcrübənin faydalarından məhrum
oluruq.Nifrətin, zorakılığın getdikcə
artdığı günümüzdə millətlər millətlərə
qarşı döyüşür, möminlər digər
möminlərlə mübarizə aparır və icmalar
bir-birinə nifrət bəsləyirlər... və bu zaman
uşaqlar ya yetərli qidalanmama səbəbilə, ya da
anaların doğuş zamanı vaxtında tibbi yardım
almaması səbəbindən ölürlər. Planetimiz daha dərin bir iqlim fəlakətinə
sürüklənir və artıq qiyamət atlarının
dırnaq səslərini eşitmək olur. Laqeydlik, apatiya,
bədbinlik, acgözlük və ən əsası
yaşadığımız dünyaya,
yaşadığımız planetə edilən hörmətsizliklə
mübarizə aparmalıyıq.Teatrın uçurumda olan
insanı ayağa qaldırmaq üçün onu səfərbər
etmək və hərəkətə keçirmək kimi
şərəfli bir missiyası var. O, səhnəni, teatr məkanını
müqəddəs bir mərhələyə qaldıra bilər.
Cənubi Asiyada aktyorlar səhnəyə
çıxmazdan öncə hörmət əlaməti olaraq,
yerə toxunurlar, bu, mənəviyyat və mədəniyyətin
bir-birinə qarışdığı qədim ənənədir. Sənətçi
və tamaşaçı, keçmiş və gələcək
arasındakı simbiotik əlaqəni yenidən
qazanmağın zamanı gəlib. Teatrla məşğul
olmaq yenidən müqəddəs əmələ çevrilə
bilər və aktyorlar, həqiqətən də,
canlandırdığı obrazın avatarına çevrilmək
imkanı əldə edə bilərlər. Teatr məbədə, məbəd isə teatr məkanına
çevrilə bilmə potensialına malikdir.
Tərcümə:
Emin Əliyev
Kaspi $g 2020.- 19 mart.- S.12.