Ürəklərə girməyincə
ölmərəm
(Ağa
Laçınlının 80 yaşına)
Vaqif Yusifli
Tale elə gətirib ki, bu adamla otuz illik salam-əleykimiz, hətta mən deyərdim yumşaqca bir dostluğumuz və səmimiyyətimiz yaranıb. 1981-ci ildə “Yazıçı” nəşriyyatından “Sevgimizlə sevindirək” və 1985-ci ildə “Gənclik” nəşriyyatından “Meşə nəğməsi” şeir kitablarını rəy üçün mənə verdilər. Təbii ki, bir şair kimi onun yaradıcılığına yaxşı bələd idim və hər iki kitaba müsbət rəy yazdım. Bu rəy yazmaq işi sovet dövrü nəşriyyatlarının əsas prinsiplərindən birinə çevrilmişdi. Heç şübhəsiz, müsbət rəylər əksərən nəzərə alınır və kitab şöbədə redaktə olunub dərhal istehsalata göndərilirdi. Əlbəttə, rəyçi ilə müəllif arasında təsadüfi halda ünsiyyət yaranırdı. Bu təsadüflərdən biri də mənim Ağa Laçınlı ilə görüşlərim oldu.
Günlərin bir günü “Azərnəşr”in
binası qarşısında rastlaşdıq və Ağa məni
küçənin o tərəfindəki ərzaq
mağazasına gətirdi. Etirazıma heç əhəmiyyət
vermədi. Ərzaq mağazasından üç ədəd
“Nərgiz” çaxırı götürdü, səliqə
ilə bükdürdü və mənə uzatdı.
Doğrusu, bu hərəkətinin mənasını başa
düşmədim. Bu, “rüşvət” idimi, paydımı,
anlamadım. Ağa müəllim bircə söz dedi: “Mənim
sağlığıma içərsən”. “Nərgiz”
çaxırı, doğrudan, yaxşı, içməli idi
və evdə hər gün axşam yeməyində bir stəkan
nuş edirdim.
Ağa Laçınlı ilə münasibətimiz
beləcə başlandı. Onun bir neçə məqaləsinin
“Azərbaycan” jurnalında çap olunmasına kömək
etdim. Ağa Laçınlı – mənim üçün kənddən
gələn, şəhərə heç cür
uyğunlaşmayan bir insan təsiri
bağışlayırdı. Antik dövr ədəbiyyatından
Bakı Dövlət Universitetində mühazirələr
oxuyurdu. Mənə o zaman bu çox qəribə gəlirdi.
Ağanın ölümündən sonra
çap olunan “Əsərləri” onun müxtəlif illərdə
işıq üzü görən kitablarından seçmə
nümunələri əhatə edirdi. Kitabın tərtibçisi
Fəxri Uğurludur – Ağa Laçınlının
oğlu. Müasir ədəbiyyatın aparıcı nümayəndələrindən
biri. Tərtibata söz yoxdu. Burada həm oğul məhəbbəti,
həm də Ağa Laçınlı
yaradıcılığına bələd olan bir ədəbiyyat
adamının seçmək-düzümləmək səriştəsi
hiss olunur. Kitabın redaktoru isə, öz etirafına görə,
onu təmənnasız çap edib oxuculara çatdıran
filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas,
o illərdə “Sabah” və “Elm” nəşriyyatlarının
direktoru Şirindil Alışanlıdır.
Mən Ağa Laçınlını Hüseyn Arif, Qasım Qasımzadə, Məmməd Araz, Hüseyn Kürdoğlu, Musa Yaqub, Məmməd Aslanla bir sırada – ən gözəl təbiət şairlərindən biri kimi sevirəm. Ağa Laçınlı təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan şair idi. Təbiət şairi o adama deyirlər ki, gülün, çiçəyin, dağın, dərənin, çayın, gölün, otun, yarpağın, ağacın içində böyüsün və təbiətin gözəlliklərini ruhuna köçürsün, sonra da bunları poeziyaya çevirsin. İndi də Ağanın o illərdə yazdığı və heç zaman bədii təravətini itirməyən, gözəl təbiət rəsmlərini xatırladan şeirlərini heyranlıqla oxuyuram.
Bura gül bərəsi, gül dərəsidi,
Sarmaşıq
qolboyun, ot calaq-calaq.
İncə
gözəlliyin insaf dərsidi
Əlik dırnağıyla yazılan bulaq.
Bulud
al-qırmızı, qürub alışqan,
Bənd olub qalmışam, axşam
çağıdı.
Çiçəkli
qayadan sallanan şırran
Torpağa dikilən göy qurşağıdı.
Ağa, bəlkə də, yeganə şair idi ki, öz
şeirlərində doğulduğu ərazinin dil xüsusiyyətlərini,
danışıqda işlənən və çox zaman
qırağa çıxmayan şivə sözlərini
şeirə gətirirdi. Bəzən elə sözləri də
işlədirdi ki, onlar hələm-hələm şeirə gəlirdilər.
Buna görə onu tənqid edənlər də
vardı. Doğrudur, bəzi sözlər ədəbi
dilə hələ sirayət etməmişdi, onları
başa düşmək, mənasını anlamaq çətin
idi. Bir dəfə bunu Ağaya mən də
söylədim. Dedi ki, o sözləri işlətməkdə
heç bir məqsədim yoxdu. Mən şeir
yazıram və o sözlər özümdən asılı
olmayaraq şeirə gəlir. İkincisi də,
qağa, elə istəyirəm o sözləri tez-tez işlədim
və ədəbi dilimizdə də yaşasın. Amma
indi Ağanın şeirlərindəki o az
işlənən sözləri, ya heç işlənməyən
sözləri diqqətlə nəzərdən keçirəndə
görürəm ki, şeirin gözəlliyinə heç
bir xələl gəlməyib. “Nənəmin gileyi” şeirində
nənə deyir:
Neynədiniz? Nə qatdınız saf südə?
Tez çürüdü çiyəsi də,
özü də.
Yoxa çıxdı qaymağın gül qoxusu.
Yoxa
çıxdı pərinc aşı,
çil yarma.
Yoxa çıxdı dadlı pendir, axtarma.
Düyələri
görüm Allah kəsməsin,
Qatılmadı kələkəsi, kəsməsi.
Vaxtsız
gəldi içiyara damarı,
Danışıram ürəyimə damanı.
Mən şəhərdə şəhərliləşə
bilməyən çox adamları tanıyıram. Məsələn,
ustad xanəndəmiz, gözəl muğam ustası Yaqub Məmmədov
çox ölkələri gəzmişdi, amma hər dəfə
onu görəndə elə bilirdim, kəndin bir
parçasıdı şəhərdə yeriyir və şəhərə
sığmır. Ağa
Laçınlını görəndə də elə hisslər
keçirmişəm. Amma Ağa bu “şəhərdə
yeriyən kəndin bir parçası” BDU-da antik ədəbiyyatdan
mühazirələr oxuyurdu.
Ağa Laçınlı Azərbaycan şeirinin
kökünə, heca bulağına, qoşma çeşməsinə
bağlı şair idi. Bəzən bu tipli şairlər
inadkarlıqla şeirdə ancaq bir yolu, bir istiqaməti, bir
axarı müdafiə edir, hətta əruza və sərbəstə
müharibə elan edirlər. Amma Ağa
belə ayrı-seçkiliyin əleyhinə idi.
1988-ci ildə Ağa Laçınlının “İlahi,
sən məni o kəndə yetir” şeiri çap olundu. Və bu şeir elə bir
vaxtda yazılmışdı ki, onda Ağanın anadan
olduğu Oğuldərə kəndi də, Laçın
rayonu da, hətta Azərbaycanın bircə qarış
torpağı da düşmən tapdağında deyildi. Amma bu şeir sanki gizli bir qorxunun, gözəgörünməz
bir vahimənin məhsulu idi. Təbii ki,
söhbət Ağa Laçınlının doğulduğu,
dünyaya göz açdığı kənddən gedirdi.
Bu kənd artıq görkəmini dəyişmişdi.
Oğullar kəndi tərk etməkdə davam
edirdilər. Qocaların, yaşlı
insanların ümidinə qalan kənd səssizliyə, tənhalığa
qərq olurdu. Kəndin özündə də
təbiətin öz əliylə yaratdığı, illərdən
bəri bu kəndin mayasına çökən qaydalar,
inanclar yox olmağa başlayırdı.
İlahi,
sən məni o kəndə yetir, –
O kəndin
diləyi dildə göyərən.
O kəndin
yığvalı oğuldan yetim,
O kəndin
qızları qarğış əyirən.
Qocası
bürünüb his çuxasına,
Qarısı ah çəkib qapıda bitir.
İlahi,
bağışla el duasına,
İlahi sən məni o kəndə yetir.
İlahi,
coş gələ mən bağrıdaşa,
Sarınam
bir axşam yağış kəndirə;
Yaylaq
yalvarsına, bulaq barışa,
Düşəm dan yerindən dədə kəndinə.
Bu şeirin ən azı iki məziyyətini qeyd edə
bilərəm.
Birincisi odur ki, şairin elə ilk misralardan nə
demək istədiyi müqəddiməsiz-filansız məlumdur.
“İlahi, sən məni o kəndə yetir” – Kənd
oğul yolu gözləyir. Elə bir
oğul ki, onu dərk edə, onun faciəsini anlaya. Məsələ burasındadır ki, kəndin
yalqızlığı, tənhalığı ilə
oğul yalqızlığı və tənhalığı
bir-birini tamamlayır, biri digəri üçün göz
dağına çevrilir. Belə
çıxır ki, kənd öz oğlunu heç cür
qaytara bilmir, oğul da özünü o kəndə yetirə
bilmir. Şeirin ikinci ən böyük məziyyəti
orasındadır ki, xalq təfəkkürü bütün
kökü-köməci, folklor çalarlarıyla şeirə
hopub. Vaxtilə, XIX əsrdə rusların
Koltsov, XX əsrdə Azərbaycan türklərinin Hacı Kərim
Sanılı kimi “kəndli” şairləri olub. Bu ifadəni dırnaqlı da, dırnaqsız da
işlədəndə o müəlliflərin kənd məişətinə
dərindən bələd olduğu ön plana çəkilib.
Mən tərəddüdsüz olaraq XX əsr
Azərbaycan şairi Ağa Laçınlını ən
birinci kəndli şairi sayıram. Birincisi,
ona görə ki, Ağanın əlli illik
yaradıcılığı başdan-ayağa kəndin, kənd
təbiətinin və kəndçi obrazlarının
(özü öndə olmaqla) təsvirinə həsr olunub və
bunu qətiyyən danmaq olmaz. Ağanın
əksər şeirlərinin hamısının içində
bir kənd yaşayır. İkincisi, ona görə ki, o
şeirlərin özünəməxsus təbii koloriti, rəng
çalarları, səs çalarları var. Hətta o
şeirləri oxuyandan sonra adama elə gəlir ki, Ağa
Laçınlı qədər dialekt və şivə
sözlərini şeirlərində uğurlu şəkildə
işlədən ikinci bir şair gözə dəymir. Üçüncüsü, ona görə ki,
Ağa Laçınlıda məna çaları, fikir, məzmun
yönətimi heç vaxt zahiri cəhətlərə qurban
getməyib. Ağa Obraz yaratmağa
çalışan və çox zaman da buna müvəffəq
olan bir şair idi. Əgər onun şeirinin adı
“Sakitlik”dirsə, deməli, o şeirdə sakitliyin
obrazını görə bilərsiniz, yaxud, şeirin adı
“Yatmış dəyirman”dırsa, sizi tam əmin edə bilərəm
ki, o şeirdə dəyirman obrazı ilə üzləşə
bilərsiniz. Buyurun, baxın:
A
yatmış dəyirman, yaslı dəyirman,
Qəmin ürəyimdə qaynayıb-daşar.
Dəhnənin
dibində yaralı yarğan,
Arxının qəbrində daşlar danışar.
Payını
gözlərdik illər uzunu,
Sevincə uyardıq dərd içə-içə.
Xamıra
qatanda boş qovuzunu
Gözə təpilərdi küllü kömbəçə.
Yalanmış
gopçunun andı-amanı,
Niyə çox yarlığı heç elədilər?
Dabana
qalxası bir dəyirmanı
Dağıdıb tökdülər, puç elədilər.
Yenə
ufuldadı yanıqlı həsəd,
Hanı bu qapının qəflə-qatırı?
Hanı
at karvanı, atalı külfət,
Öküz
bərəkəti, dəvə qatarı?
Əlbəttə, mən istəməzdim Ağa
Laçınlını “kəndli şairi” kimi məhdud bir
dairədə təqdim edim. Əslində, bu təqdimat
qətiyyən məhdud dairə sayıla bilməz.
Çünki “kəndli şairi” heç də o demək
deyil ki, yalnız kənddən, onun dəyirmanından, otundan,
biçənəyindən, dəhnəsindən və s.
yazır və ya şeirlərində bol-bol kənd koloritini əks
etdirən sözlərə üz tutur. Kənddən yazan bir
şairin şeirlərində böyük
dünyamızın problemləri də əks oluna bilər,
“kəndli şairi” təbiət-cəmiyyət münasibətlərindən
də söz aça bilər, “kəndli şairi” şəhərdən
də yaza bilər və s. Ağa Laçınlı da belə
bir məhdudluqdan uzaq şair idi. O, bir tərəfdən,
“Şəlalə”, “Təbiətdən öyrənirəm”,
“Balta”, “Meşə”, “Qış”, “Payız lövhəsi”,
“Torpağın gücü”, “Çovğun
sınağı”, “Qorabişirən ay”, “Çillə
bürküsü”, “Çaylaq daşı”, “İlahi, sən
məni o kəndə yetir” və s. onlarla kənd və təbiət
mənzərələrini özünəməxsus poetik
boyalarla canlandırırsa, digər tərəfdən,
dünya və həyatın müxtəlif problemləri ilə
bağlı onlarla şeirlər çap etdirir. Təbii ki,
belə düşünülməsin: Ağa
Laçınlı kənd və təbiət şeirlərində
bir ayrı cür yazır, bu mövzulardan uzaqlaşanda tamam
başqa cür. Yox, nədən
yazırsa-yazsın, Ağa Laçınlı bir üslubun,
bir poetik axarın şairi idi.
Mən
yenə qayıdıram Ağanın “İlahi, sən məni
o kəndə yetir” şeirinə:
İlahi,
əlimə girəvə düşə,
Ayrılıq külünü yollara səpəm.
Söykəyib
alnımı ana göyrüşə,
Görüşlü anları gözümə təpəm.
İlahi,
köməyim gör necə itir,
İlahi, sən məni o kəndə yetir.
Yetir
biçiləsi biçənəyinə,
Yetir Gün qovuran boz güneyinə.
Yetir
bulaqdakı axşam neyinə,
Yetir dan yelinə, çay küləyinə.
Yetir qış qarına, yaz çiçəyinə.
Yetir kom ulduzun göbələyinə.
Yetir can
havalı yan tütəyinə.
Yetir
yal-yamacın göy ipəyinə, –
Yaşıl
bələyinə, ağ bələyinə.
Ağa Laçınlı 1988-ci ildə
yazmışdı bu şeiri və deyə bilmərəm
yazdığı bu şeirin arxasınca kəndə
yüyürmüşdümü? Amma o zaman o kəndin
bircə çiçəyi də, bircə yarpağı da
öz yerində idi. Bir neçə il
keçdi. O kəndin gün qovuran boz güneyi, bulaqdakı
axşam neyi, can havalı yan tütəyi,
yal-yamaclarının göy ipəyi düşmən
ayağının tapdağına düşdü. Doxsanıncı illərin əvvəllərində,
dəqiq desəm, 1992-ci ildə Laçın işğal
olundu. Və Ağa
Laçınlının həsrəti bitib-tükənmədi.
Ondan sonra Ağa Laçınlı bir on beş-on altı il yaşadı. …Laçınlı təxəllüslü
bir şair Laçınsız yaşadı. Təkcə
xatirələrlə yaşadı.
Ağa Laçınlının ölümündən
isə illər keçir. Amma şairlərin
yalnız fiziki ölümü olur, söz onları
yaşadır.
Ölüm,
məni nə beləcə hərlərsən, –
Mən bir ömrü sürməyincə ölmərəm.
Öz
anama, öz Tanrıma borcum var,
Aldığımı verməyincə ölmərəm.
Könüllərdi
mənim evim-eşiyim,
Könül olsun axırıncı beşiyim.
Qorxuram
ki, qəbirdə də üşüyüm,
Ürəklərə girməyincə ölmərəm.
Kaspi 2020.- 2-4
may.-S.8.