Ədəbiyyat adamları
karantində
Və ya virusa ədəbi əsərlərlə cavab
verənlər olacaq?
Dünya şöhrətli şair
və dramaturq Uilyam Şekspir üçün bizim indi daha çox
fikir verməyə başladığımız sanitar
qaydalar həyat norması olub. 16-cı əsrin
sonu 17-ci əsrin əvvəllərində onun
bir neçə qardaşı və 11 yaşlı oğlu Hemnet vəbadan
tələf olub. Fikirlər var ki, dahi yazıçı
"Kral Lir” ,”Maqbet” kimi
əsərlərini Londonda
epidemiyanın tüğyan
etdiyi vaxtda, təcriddə olarkən yazıb. Bu fakt
tam təsdiq olunmasa da, böyük yazıçının bu
əsərlərinin əhəmiyyətli
hissələrini ekstremal
şəraitdə yazdığı
təsdiqlənib. Məsələn, 17-ci əsrdə London teatrları
epidemiya üzündən
60 dəfədən çox
qapanıb. Teatrda həm
də aktyor olan Şekspir işini itirib və o, həmin ərəfədə dunyaca
məşhur pyeslərini,
şeir və poemalarını yazıb.
1830-cu ilin payızında
Rusiyada epidemiya yayılanda Puşkin Nijni Novqorod yaxınlığında Böyük
Boldinodakı malikanəsində
virusa ədəbi əsərlərlə cavab
verib. Böyük şair 32 şeir,
pyes və poemalar yazıb. Həmin əsərlər rus ədəbiyyatına "Boldino
payızı” adı ilə daxil olur. "Yevgeni Onegin”
üzərindəki işlərini
də burada tamamlayır. O dövr
Puşkinin ədəbi
yaradıcılığında xüsusi fərqlənir.
"İtmiş zamanın
axtarışında” epopeyasının
müəllifi, fransız
yazışısı Marsel
Prust isə özünü Parisdəki
mənzilində könüllü
təcrid edərək
bir sıra əsərlərini yazıb. Prustun özünütəcridinə heç
nə mane ola
bilməyib və o, ömrünün axırınadək
bir neçə ilini belə keçirib.
Amerika yazıçısı
Cek Keruak "Yolda” romanını özünütəcriddə olarkən
yazıb. O, üç həftə Nyu-Yorkdakı
mənzilindən çıxmadan
yazı makinasında romanının əlyazmasını
yığıb. Səyahət romanı çox da böyük olmayan yarıqaranlıq otaqda yaranıb. Bir intervalla yazılan 60 metrlik makina rulonu 2001-ci ildə 2.43 milyon dollara auksionda satılıb.
Devid Selincer də 1960-cı illərdə
Korniş şəhərindəki
evində özünü
təcrid edib. Yalnız zəruri
hallarda küçəyə
çıxıb və
heç kimlə ünsiyyətdə olmayıb.
Yazıçı bunu rahat şəkildə ədəbiyyatla
məşğul olmaq
üçün edib.
Ədəbi aləmə Tomas Pinçon, Con Kutzee, Viktor Pelevin və b. yazıçılar da məlumdur ki, onlar təkcə təcrid şəraitində
yaratmayıblar, həmçinin
öz şəxsi həyatlarını toxunulmaz
saxlayıblar.
Ümumiyyətlə, ədəbiyyat, incəsənət və
elm adamlarının yaradıcılığında
müxtəlif dövrlərdə
epidemiya və ya özünütəcrid
səbəbindən yaranan
nümunələr kifayət
qədər çoxdur.
Hazırda koronavirus pandemiyası da insanları evə qapadıb. Geniş dünya
indi bir evə sığınıb.
Hərçənd keçmiş dövrlərdən
fərqli olaraq,
internet insanların əlini
dünyaya daha əlçatan edib. Təbii ki, müxtəlif sahələrin yaradıcı
insanları bu dövrdən özlərinə
uyğun şəkildə
yararlanmağa çalışırlar.
Bəs sosial təcridi indiki dövrdə ədəbiyyat
adamları üçün
yaradıcılıq baxımından
əhəmiyyətli hesab
etmək olarmı?
"Müzakirə”mizdə bu suala cavab
tapmağa çalışdıq.
Pandemiya
sıxıntılarına inad
Yazıçı-publilist Nəriman Əbdülrəhmanlı deyir
ki, ovqatının, yazmaq istəyinin pandemiyaya, yaxud hava şəraitinə çox az
dəxli var: "Mən öz içimin havası ilə yaşayan adamam. Şübhəsiz, pandemiya ilə
bağlı məhdudiyyətlər
sıxıntımı bir
qədər də artırdı. Canımı qurtarmaq üçün köhnə yazıların
üzərinə qayıtdım,
arxivimi qaydaya saldım, "Yalqız” və "Yolsuz” romanlarını bir daha, bu dəfə
oxucu kimi oxudum, yenidən nəşrə hazırladım.
Uzun illər ərzində qələmə aldığım
portret yazıları yığıb bir kitab şəklində hazırladım, yəqin ki, imkan olanda
işıq üzü
görəcək. Ədəbi tərcümələrimi
də ayrı bir kitabda topladım,
o da öz nəşrini gözləyir.
Sonra, az
qala, özümü tanıyandan bəri yığdığım Qaraçöp
ağzında işlənən
bəzi sözlərin
izahlı lüğətini
tərtib eləməyə
başladım. Məhdudiyyətlər ərəfəsində yekunlaşdırdığım
4 cildlik "Azərbaycan
kino sənəti tarixi”ni, hələ çap olunmamış tərcümə kitablarını
da əlavə eləsək, bu sıxıntılar içində
müəyyən işlər
gördüyümü deyə
bilərəm”. Yazıçının
sözlərinə görə,
bu günlərdə
"Yol gəlir Ərdəbildən” publisistik
kitabı çap olunub: "Həmçinin
çapa hazırladığım
böyük gürcü
şairi Şota Rustavelinin "Pələng
dərisi geyinmiş cəngavər” poeması
(mərhum dostum Ruhin Sadıqlının orijinaldan və uğurlu tərcüməsində)
nəşr olundu. Dostum, şair Nurafizin poetik tərcümələr
kitabı da çapa hazırlıq prosesindədir. Bütün bu
işləri görə-görə
də yeni romanıma hazırlaşıram.
Beləcə, pandemiyaya, onun
əlavə sıxıntılarına
inad göstərərək
daha çox işləmişəm”.
Həbsxana kimi bir şey
Şair
Elxan Zal karantin günlərini yaradıcılıq üçün
fürsət hesab eləmir: "Pandemiya dövrü həbsxanada olmaq kimi bir
şeydir. Düşünmürəm ki, bu, yazmaq üçün böyük bir fürsətdir. Hansı bir
mənəvi qida alırsan ki, yazasan?” Bununla belə, yazıçı
klassik qazax şairi Abay Kunanbayevin poeziyasını
tərcümə etdiyini
deyir: "Demək olar ki, əsasən,
tərcümə işləri
ilə məşğul
olmuşam. Özümün də yarımçıq
əsərim var, onun üzərində işləyirəm”.
Evə qapanmağın ziyanı
Pandemiya dövrü
yazıçı Varis Yolçuyevə
yaradıcılığına daha çox vaxt
ayırmağa imkan verib:
"Yarımçıq romanım vardı, onun
üzərində çalışıram. Osmanlı
imperiyası dövründə erməni məsələsi ilə
bağlı arxiv sənədləri götürmüşdüm, onları
araşdırıram. Bir hekayə üzərində
də işləyirəm. İş
saatı ayırmışam, hardasa sutka ərzində 12-13 saat
işləyirəm. Bir romanım da tərcüməyə gedəcək, onu sadələşdirirəm ki,
rahat tərcümə olunsun”.
Yazıçı karantini
yaradıcılığı üçün
fürsət hesab eləmir: "Mən həmişə
bu qayda ilə işləmişəm,
yenə də eyni qrafiklə işləyirəm.
Sadəcə, pandemiya dövrü
yaradıcılığa daha çox vaxt
ayırmağa imkan verdi.
Bununla bərabər, beynəlxalq tədbirlər,
xarici səfərlərdən məni məhrum
etdi. Evə qapanmaq,
hamı kimi mənə də ziyan oldu”.
Nəfəs dərməyə macal
Yazıçı Kənan Hacı karantin dönəmində psixoloji
gərginliyi özünə yaxın buraxmayaraq,
çoxlu mütaliə edib:
"Nə vaxtdan bəri ertələdiyim
kitabları oxudum, beş-altı esse , bir hekayə
yazdım, xeyli filmlərə baxdım,
yazacağım roman barədə eskizlər
etdim. Həm də bu iki ayda koronavirusla
bağlı insanların xaotik
yaşantıları ilə ağlı xeyli
qeydlər aparmışam. Bu qeydlər ola bilsin ki,
hansısa əsər üçün mövzu olsun. Bu barədə də düşünürəm”.
Yazıçının fikrincə, evdə qalmağın
müsbət tərəfi odur ki, insanlar
düşünməyə, nəfəs dərməyə, çox şeyləri götür-qoy
etməyə macal tapıblar:
"Düşünürəm ki, bunun da çox
böyük faydası var”.
Pandemiyanın verdiyi zaman
Gənc yazar Ülviyyə Heydərova "COVİD-19 pandemiya elan olunanda, bununla bağlı bütün ölkələr karantin rejiminə keçəndə, təbii ki, mən də hamı kimi həyəcan keçirdim” - deyə qeyd edir: ”Əvvəlcə maarifləndim, tətbiq olunan bütün qaydalara əməl etməyə çalışdım. Bir çox müəssisələr ev şəraitində çalışsa da, bildiyiniz kimi, bu, KİV-ə, o cümlədən televiziyada çalışanlara şamil edilmədi. Çünki xəbər həmişə və hər an yaranır. Bununla belə, bir həftə evdə qalmaqla növbəli şəkildə çalışdıq. Hər dəfə evdə qaldığım müddətdən maksimum dərəcədə yararlandım, düşdüyüm vəziyyəti müsbətə dəyişdim. Pandemiya bizə böyük zaman verdi. Təsəvvür edin, zamanın sürətlə uçduğu bir vaxtda, birdən-birə sənə günlər, həftələr verilir”. Ü.Heydərova təşvişə, depressiyaya düşmədən bu həftələri bütünlüklə yaradıcılığa ayırıb: "2009-cu ildən Sankt-Peterburq haqqında yazdığım, işçi adı «Viva Piter» olan romanımı, nəhayət ki, bitirdim. Hazırda romanı redaktə edirəm. Karantin, həm də mənə yeni bir mövzu verdi. Romanımın redaktəsini müvəqqəti dayandırıb, ikipərdəli «Karantin nəğməsi» adlı dram əsəri yazdım. Əsər, toyları pandemiyaya görə təxirə salınan iki gəncdən bəhs edir. Bu günlər ərzində yaradıcılıqla məşğul olsam da, təbii ki, doğmalarım, dostlarım üçün darıxırdım. Etiraf edək ki, onlayn görüş canlı görüşü heç vaxt əvəz edə bilmir. Odur ki, hamı kimi mən də karantinin bitməsini gözləyirəm. Ölkəmizə, dünyamıza əmin-amanlıq arzulayıram. Virusa yoluxanlara isə tezliklə sağalmalarını diləyirəm”.
Təranə Məhərrəmova
Kaspi 2020.- 2-4 may.-S.11.