Gecə yarısından sonra zaman - Gülnar Yunusova yazır
Gecə yarısından sonra
zaman. Haruki Murakaminin “Qaranlıqdan sonra” romanı
Gülnar Yunusova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan-Asiya
ədəbi əlaqələri” şöbəsi
Haruki Murakaminin “Qaranlıqdan sonra” romanı
yazıçının digər əsərlərindən
olduqca fərqli quruluşa və məzmuna malikdir. Sözügedən
əsərdə yazıçının bundan öncəki
yaradıcılıq nümunələrinin izlərinə də
rast gəlinir.
Məlum olduğu kimi, H.Murakami Vaseda Universitetinin Ədəbiyyat
fakültəsinin drammaturgiya şöbəsindən məzundur. Tələbəlik illərində
bir neçə ekran əsəri yazan
yazıçının buraxılış işi “Amerikan filmlərindəki səfər
ideyası” adlı tədqiqat olub. “Qaranlıqdan
sonra” romanı bir növ ssenari şəklində
yazılıb. Hər nömrəli
bölüm bir saat şəklinin təsviri ilə
başlayır və beləliklə hər bir
bölümün nə qədər müddət davam etdiyini
saatlardan asanlıqla anlamaq olur. Roman tam şəkildə
adını ehtiva etməkdədir, çünki bütün
hekayətlər gecə saat 11:56-dan səhər saat 06:52-yə
qədər olan zaman dilimində baş verməkdədir. Lakin
bu zamanda baş verən bütün dialoqlardan uzunmüddətli və
retrospektiv məlumatlar əldə edilir.
Roman bir-biri ilə kəsişən hekayətləri əhatə
etməkdədir və bütün bunlar oxucuya hadisələri
görünməz şəkildə, sanki bir müşahidə
kamerası kimi izləyən üçüncü naməlum
şəxs tərəfindən çatdırılır. Təhkiyyəçi
özünü cəm halında “Biz” kimi təqdim edir. H.Murakaminin bu üslubu açıq şəkildə
oxucunu mətnə daxil etmək məqsədinə xidmət
edir. Hadisələr təhkiyyəçinin dilindən
vizul olaraq film və yaxud televizya çəkilişləri kimi kameranın
yönü dəyişdirilərək təqdim olunur. Vizual baxış bucağı zəruri hallarda kəsilir,
yaxınlaşdırılır, bəzən quş
baxışı halına gətirilir. Kameralar
sadəcə sözügedən gecə hadisələri izləyən,
bəzən çoxluq, bəzən də tək olan bir
baxışdır. Haruki Murakaminin “Bütün Tanrı
övladları rəqs edə bilər” povestinin baş qəhrəmanı
Yoşiyanın hiss etdiyi kimi, bu baxışların
arxasında əsas məqsədi sadəcə şahidlik etmək
olan görünməz bir varlıq vardır: “Birdən ona elə
gəldi ki, kimsə ona baxır. O açıq-aşkar
özünün üzərində kiminsə baxışını
hiss etdi. Onun bədəni, dərisi,
sümükləri bu baxışı hiss etdi. Amma onun
üçün fərqi yox idi, kim olur
olsun. Baxmaq istəyir, qoy baxsın”.
Kameralar romanın növbəti mərhələsində
hadisələrin gedişində önəmli bir rol
oynayır. Siravi bir işçi yüngül əxlaqlı
çinli qadına qarşı şiddətli hücum edir.
Hücumun baş verdiyi yaponsayağı eşq
otelindəki müşahidə kamerasının
görüntüləri vasitəsilə hücumçunun
üzü müəyyənləşdirilir və fotosu
qadını çalışdıran mafiyaya verilir. Bu
hadisə zamanı otelin meneceri xanım Kaoru digər əməkdaşları
kameraların hər yerdə ola biləciyindən
daim kontrol edildiyimizi xəbərdar edir: “Buna görə də
bu dövrdə çöldə-bayırda uyğunsuz hərəkətlər
etməsəz yaxşıdır. Çünki
nə zaman, harada kamera var görə bilməzsiniz”.
Yazıçı hadisələrin qeyd olunan şəkildə
təqdimi ilə söyləmək istəyir ki, artıq
kiminsə hər zaman izlədiyi bir dünyadayıq və biz
də oxuyucular olaraq həmin hər yerdə mövcud və
pluralist olan baxışa daxil edilirik. Yeni bir hadisənin yenidən
doğulduğuna şahid olan “digəri”nin
bir parçası oluruq. Türkiyəli tədqiqatçı
İ.Əmrə postmodern mətndə məkanı
araşdırarkən hadisələrin cərəyan etdiyi cəmiyyəti
“nəzarət cəmiyyəti”
kimi təqdim edərək yazır: “Əlbəttə, bir
çox cəmiyyət müxtəlif növ inzibati cəmiyyət
qırıntısı kimi illərdir varlığını
davam etdirir, lakin biz indidən fərqli bir cəmiyyət
növü – Burrouqsun tərifiylə nəzarət cəmiyyəti
(postmodern cəmiyyət) içərisində olduğumuzu
bilirik. İnzibati cəmiyyətlərdən
çox fərqli olan nəzarət cəmiyyətlərinə
keçirik”. Fransız filosof G.Deleuze yeni postmodern məkan
anlayışına avtomobil yollarını nümunə gətirərək
nəzarət cəmiyyətini belə izah edirdi: “Nəzarət
intizam deyildir. Avtomobil yolları çəkərək
insanları bir yerə qapatmırsınız, lakin nəzarət
üsullarını çoxaldırsınız. Bununla avtomobil yollarınn tək məqsədi budur
demirəm, insanlar bu yollarda sonsuzadək “sərbəstcə” gəzişərkən
qapadılmış olmurlar, lakin qüsursuz bir şəkildə
nəzarətdə saxlanılırlar. Bax
budur gələcəyimiz”. Sloveniyalı
filosof S.Jijek “Digərinin baxışları subyektin
varlığının qarantı rolunu oynamasını ifadə
etmirmi?” sualı ilə çıxış edərək
fantastik səhnədə daim izlənildiyimiz fikrinə gəlir.
“Qaranlıqdan sonra” romanı Yaponiyanın paytaxtı
Tokyoda gecəni yalnız keçirən bir qrup gəncin hekayətlərindən
ibarət əsərdir. Əsər gecəni evdən kənarda keçirmək
məcburiyyətində olan gənc bir qız, həmin
qızın iki aydır yuxudan oyanmaq istəməyən
bacısı, daim yeddi yaşındakı bir yetim hissinə
qapılan gənc oğlan, yaponsayağı eşq otelində
şiddətə məruz qalan yüngül əxlaqlı
çinli gənc qız, daxilindəki qaranlıq tərəfini
məharətlə gizlədən siravi bir işçi - gənc
oğlan və digər qaranlıqdan sonrakı insanların
romanıdır. Gecədəki
yalnızlığın öhdəsindən gələ bilsələr,
yeni bir gün başlayacaq ki, bu da romanda yenilənmiş bir
ümidə işarə kimi xarakterizə oluna bilər. Səhər açılmadan öncə qorxuları
ilə üzləşməli, keçmiş münasibətlərini
xatırlamalı, bir-birlərinə müraciət etməlidirlər.
Roman gecə vaxtı filmə bənzər bir tərzdə
şəhərin panoramasının təsviri ilə
başlayır. Daha sonra yüksəklərdə
uçan bir gecə quşunun gözlərindən şəhərin
mənzərəsini izləyən “kamera” aşağı enir
ve yavaş-yavaş daha spesifik obyektlərə və insanlara
fokuslanır. Gecənin ilk qəhrəmanı
19 yaşlı, Xarici Dillər Universitetinin ikinci kurs tələbəsi
olan Mari Asaydır. Mari bütün gecəni
evdən kənarda kitab oxumaqla keçirmək qərarına
gəlib. Yeni bir günün
başlamasına dəqiqələr qalıb, küçələr
gedəcək bir yeri olan və olmayan, məqsədli və məqsədsiz,
zamanı dayandırmaq istəyən və zamanı önə
çəkmək istəyən insanlarla doludur. Mari isə bütün bu ziddiyyətləri
özündə cəmləşdirmişdir. Onun gedəcək bir evi, ailəsi var, lakin məhz
evindən-ailəsindən qaçdığı, bəlli məqsədlərinə
çatmaqda məqsədsiz olduğu, keçmiş zamanı
dayandırmaq üçün zamanı önə çəkmək
istədiyindən gecəni evdən kənarda keçirmək
niyyətindədir. Mari Asayın ondan iki
yaş böyük bir bacısı vardır və o, iki
aydır ki, yuxu halındadır. Doğma
bacı olan, eyni evdə böyüyən iki qız bir-birindən
tamamilə fərqli xarakterə sahibdir. Daxili
ilə bərabər zahiri də bir-birindən fərqli iki
bacı – Eri Asay və Mari Asay. Yazıçının
yaradıcılıq strategiyasında diqqəti çəkən
məqamlardan biri də, yaratdığı qəhrəmanların
adlarında istifadə etdiyi simvollardır. Sözügedən romanda istifadə olunan Asay
soyadının çin dilindən
götürülmüş heroqlifləri “dayaz quyu” mənasını
ifadə etməkdədir. H.Murakaminin bədii
yaradıcılğında çox sıx şəkildə
rast gəlinən quyu insanın subyektivliyinə dair
metaforlardan biridir. Eri Asay xüsusilə
dayaz bir mənlik hissinə sahibdir. İki
fərqli qadın qəhrəmanın mövcudluğu da
H.Murakami yaradıcılığının ən tipik özəliklərindəndir.
Mari kitabsevər, intellektual və müəyyən
qədər antisosial olduğu halda, Eri olduqca gözəl və
çevrəsində məşhurdur, oğlanlara, bahalı
markalara, pop musiqiyə kitablardan daha çox maraq göstərir.
Ailənin sevgisini, qayğısını və
diqqətini görən Eridir, Mari isə hər zaman ikinci
planda qalmaqdadır. Mari bu gecəni şəhər mənzərəsi
boyunca müxtəlif - yüngül əxlaqlı qadın,
Çin mafiyası, eşq otelinin lezbiyan meneceri, musiqiçi
və kimliyini gizlədən qəhrəmanlarla kəsişən hadisələrə daxil olaraq
keçirir.
Eri Asay 21 yaşındadır, zəngin qızların
oxuduğu misyoner tərzi özəl universitetdə sosiologiya
fakültəsinin tələbəsidir. Eyni zamanda,
moda jurnallarında modellik edir və bəzən də televizor
proqramlarına, reklamlara çıxır. Ailənin ilk uşağı olan Eri hər zaman
valideynlərinin fəxri olmaq üçün
çalışıb. Ona verilən
öhdəlikləri yerinə yetirərkən ətrafındakıları
məmnun etmək bir vəzifə halına gəlib. Bütün bunların nəticəsində isə həyatının
ən önəmli zamanlarında sağlam mənlik duyğusu
formalaşdıra bilməmişdir. Daxilində
artıq bir çöküş başlayıb və bu
halını bölüşəcək kimsəsi
olmadığından müxtəlif dərmanlar qəbul etməyə
üz tutub. Eri bir çox problemləri tək
öz çiyinlərinə yükləyib. Artıq irəliyə gedə bilmir, kömək istəyirdi,
ətrafındakı heç kəs isə bunun fərqində
deyildi. İki ay əvvəl isə
çıxış yolu olaraq “mən biraz yatacağam” deyib
süfrədən qalxır və iki ay ərzində yuxudan
ayılmır. Ziqmund Freydin qeyd etdiyi kimi, Eri Asayın
dünyaya olan marağı itdiyindən ətraf aləmdən
ayrılaraq, onun bütün qıcıqlarından yayınaraq
yuxuya dalıb. İki aydır yuxu halında olan
Erinin daxilində iki güc bir-biriylə savaşır. Cismi oyanmaq, gerçək gün
işığını görmək istəyir. Şüuru isə qətiyyən oyanmamaq
üçün mübarizə aparır, gerçək
dünyaya məhəl qoymayıb sirrli qaranlıqda sonsuz
yuxusuna davam etmək istəyir.
Bacısının vəziyyəti səbəbiylə
evdə rahatlıq tapa bilməyən Mari gecəni evdən kənarda
qalın kitablar oxumaqla keçirir. Kameraların hədəfinə
tuş gəldiyi həmin gecə bacısı ilə ortaq
tanışları olan trombon ifaçısı Tetsuya
Takahaşi ilə qarşılaşır. Takahaşi yaşadığı bir çox çətinliklərə
baxmayaraq, romanın ən pozitiv qəhrəmanıdır.
Ailənin tək övladı olan Takahaşi
yeddi yaşında olan zaman anasını döş xərçəngindən
itirib. Atası bu hadisə baş verən
zaman həbsxanada olduğu üçün Takahaşi
qohumların və qonşuların qayğısı ilə
üç ayı tək yaşayıb. Fırıldaqçılıqdan
məhkum edilən ata uşağın vəziyyəti ilə əlaqədar
erkən həbsdən azad edilmişdir. Ögey
anası Takahaşini öz övladı kimi böyütməsinə
baxmayaraq, qəhrəman özünü hər zaman yeddi
yaşındakı bir yetim kimi hiss edir. Valideynləri
ilə münasibətləri olduqca zəif olan Takahaşi həyatı
yaxşı və pis tərəfləri ilə qəbul edən,
mübahisədən qaçınan, yalnızlıqdan
şikayətçi olmayan, genlərindən fərqli kimliyə,
fərqli dəyərlərə sahib bir xarakterdir.
H.Murakami əsərlərinə xas cəhət kimi
romanda ilk qarşılaşdığımız məsələ
ailə bağlarının zəifliyi, valideynlərlə
problemli münasibətlərdir. Yazıçının
yaradıcılığına hopmuş bu məsələnin
kökü isə Yaponiyanın tarixindəki hadisələrə
dayanır. İkinci Dünya Müharibəsində
Amerikaya təslim olduqdan sonra 1946-cı ildə Yaponiyada imperiya
sistemi ənənəvi gücünü itirərək
dövlətin simvolu halına gəlib. Yaponiya
imperatorluğunun Konstitusiyasının ləğvi ilə
Yaponiya ictimaiyyəti ata fiqurunu və nəhəng bir ailənin
simvolunu itirdi. H.Murakami ənənəvi
ailə adətləri ilə məhdudlaşmayan böyük
bir şəhərdə yalnız yaşayan gənc qəhrəmanları
təsvir edir. Yazıçı həm cəmiyyətdə,
həm də ailəsində atasının əmrlərinə
tabe olmağa ehtiyac görməyən gəncləri
romanına gətirir. Bu qəhrəmanlar
istədikləri hər şeyi əldə edə biləcəkləri
zəngin cəmiyyətdə yaşayırlar. H.Murakami göstərir ki, nə materializmin
özü, nə də Qərbin populyar mədəniyyətinə
üstünlük verilməsi problemdir. Yazıçı
məsələnin kökünün digəri ilə əvəz
olunmayan itirilmiş idealizmdə olduğuna diqqət çəkir.
Bu personajların yaşadığı postmodern
əhval-ruhiyyə, onları özlərindən və
başqalarından təcrid edən bir hadisədir. Onların varlığını idarə edən bu əhval-ruhiyyə
özünü dərk etmədə çətinliklər
yaradır.
Bu gecənin ən qaranlıq personajlarından
biri siravi ofis işçisi Şirakavadır. Şirakava ailə
başçısıdır, həyat yoldaşı və
uşaqları var, onların dolanışığını
təmin etmək üçün gecə çox gec saatlara qədər
işləyir. Bu səbəbdən də ailəsini fiziki
olaraq görmə imkanı olmur. Xarici
görünüşü ilə daxilindəki qaranlıq
dünyasını məharətlə gizlətməyi bacaran
bir xarakterdir. Cinsi münasibətdə olmaq istədiyi
yüngül əxlaqlı çinli gənc qızı
şiddətli şəkildə döyərək,
qadının bütün əşyalarını - geyim,
çanta, telefon və s. götürərək oteli tərk
edir. Ofis otağında işini davam etdirib, iş saatı
bitdiyində evinə geri dönür. Saatlar 04:31 göstərəndə
kameralar baxış bucağını Şirakavanın evinin
mətbəxinə çevirir. İş kostyumunda, hətta
qalstuku belə boynunda olan Şirakava mətbəxdə
qatıq yeyərək televizora baxır: “Televizor ekranında dəniz
dibi görüntüsü var. Dərin dənizlərdə
yaşayan müxtəlif varlıqlar. Çirkin olanlar, gözəl
olanlar. Ovlayanlar, ov olanlar. Yüksək texnologiya ilə təchiz
edilmiş kiçik bir dənizaltı araşdırması.
“Dərin dəniz varlıqları” adlı bir sənədli
filmdir”.
Hələ əsərin ilk sətirlərində
“şəhər nəhəng bir varlığa bənzəyir”
şəklində qarşılaşdığımız
“varlıq” anlayışı təsadüfi seçilməmişdir.
Müəllif Şirakava kimi adi bir
işçinin və ya digər birinin unikal bir fərd
olduğunu xatırladaraq onların özlərindən, hərəkətlərindən
daha böyük, daha güclü bir şeyin
qavrayışında adsız nəsnələr olduğuna
işarə edib. Romanın sonlarına doğru yeni
günəşin çıxmasıyla birlikdə
kameraların yenidən yuxarı qalxaraq şəhəri
quş baxışı ilə seyr etdikləri səhnədə
insanın bu nəhəng varlığın bir
parçası olması aydın şəkildə göstərilir:
“Gördüyümüz oyanmağa başlayan böyük bir
şəhərin mənzərəsidir. Müxtəlif rənglərə
boyanmış qatarlar fərqli yönlərə doğru
gedir, çox sayda insanı bir yerdən digər yerə
daşıyır. Qatarlarda daşınan insanların hər
biri fərqli bir üzə və fərqli bir ruha sahib, lakin
hamısı ortaq bir varlığın adsız
parçalarıdır. Hər biri öz daxilində bir
bütün olmaqla yanaşı bir parçadırlar. Bu
ikiliyi məharətlə və faydalı bir şəkildə
idarə edərək səhər
alışqanlıqlarını bacarıqlı şəkildə
yerinə yetirirlər. Dişlərini
fırçalayırlar, üzlərini təraş edirlər,
qalstuk seçirlər, dodaq boyası çəkirlər.
Televizordakı xəbərləri izləyirlər, ailə ilə
söhbətləşirlər, yemək yeyirlər, tualet
ehtiyyaclarını qarşılayırlar”.
Romandakı bütün qəhrəmanlar nəhəng varlığın pəncəsində yaşamağın stresini hiss edirlər. Lakin bəziləri bu sterisi digərlərindən daha yaxşı idarə etməyi bacarırlar. Bu nəhəng varlığın təhdidindən xəbərdar olan Takahaşi bir tələbə olaraq fəaliyyətsizliyini, laqeydliyini atmaq və ciddi şəkildə hüquq öyrənərək varlıqla mübarizə aparmaq niyyətindəndir. Baxmayaraq ki, musiqi ilə məşğul olmağı çox sevir, lakin yaşamaq və mübarizə apara bilmək üçün qanunları bilərək sistemə daxil olmağı öz yolu olaraq müəyyənləşdirir. Ailəsindən, xüsusilə də bacısı Eridən ayrı düşən Marinin də qalın kitablar oxuması, tələbə mübadiləsi proqramı ilə Pekinə getməyə hazırlaşması bədbəxtliyə qarşı mübarizə üsuludur.
Eri Asay,
Şirakava sistemin qurbanlarıdır. Takahaşinin izah etdiyi
kimi, sistem fərqli formalara bürünür, dövlət,
hüquq və bəlkə
də daha pis bir şey ola bilir. Qaçmağa
nə qədər çalışsan da, sənə
çata və tuta bilən qollara malikdir. Bu
Yaponiyanın bir simvolu şəklində Eri kimi birini
yatmış, itaətkar saxlamağa çalışan bir
sistemdir. Mari isə Erini xilas etməyə
çalışmaqla vəzifələndirilıb.
H.Murakaminin qələmə aldığı digər bədii
əsərlərində olduğu kimi, “Qaranlıqdan sonra”
romanında da əsas məqam şəxsiyyətin cəmiyyətə
uyğunlaşdırılması məqsədi ilə əvvəlcədən
qurulmuş bir cəmiyyətdə fərd ətrafındakı
hadisələri açmaqdır. Yazıçı
şəxsiyyətin maddi problemlərini aradan
qaldırmağı deyil, materialist dünyadan qaynaqlanan
mövcud cəhətlərə diqqət yönəldirdi.
Romandakı dominant mövzu şəxsiyyət
uğrunda mübarizə, cəmiyyətin mövcud quruluşu
və hegemon bir kimlik tətbiq etməsi arasındakı
döyüşdür. 2009-cu ildə
Qüdsdə ədəbi mükafat aldıqdan sonra H.Murakami
öz nitqində postmodern cəmiyyətdə hər bir
insanın qarşı-qarşıya gəlməli olduğu
mübarizəni təsvir edərək deyirdi ki, sistemin bizdən
sui-istifadə etməsinə icazə verməməliyik. İndi biz Sistemin özünə məxsus bir həyat
yaşamasına icazə verməliyik. Sistem
bizi yaratmadı, biz Sistemi yaratdıq. Burada
zənginliyin cəmiyyətə qoşulmaq üçün
prioritet hesab edildiyi və 1980-ci illərdə formalaşan
Yaponiya cəmiyyəti ümumi olaraq H.Murakami tərəfindən
“sistem” adlandırılıb. H.Murakami
üçün sistem təhsili, kütləvi informasiya vasitələri
və sənaye istehsalını idarə etməklə
kütləvi istəyi idarə edən təhlükəli bir
maşındır. Yazıçının
fikrincə, bu sistemlə mübarizənin yeganə yolu sistemdən
ayrı bir kimlik axtarmaqdır. Bu məqsədlə
şəxsiyyət qorunub saxlanılmalıdır və bunu
etmək tamamilə insanın öz iradəsini həyata
keçirmək məsələsidir.
Kaspi 2020.- 2-4 may.-S.12-13.