98 yaşlı veteran    

"Bu səhnələri görmək yaşamaq dəhşətli idi

İkinci dünya müharibəsinin dəhşətli süjetlərini onlar kinolardan izləməyiblər, həyatda yaşayıblar, gerçəklikdə görüblər. Müharibənin odundan-alovundan keçiblər, o zaman milyonlarla insanı müxtəlif millətləri bir çətir altında birləşdirən SSRİ adlı məkanın müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüblər. Bu ağır döyüşlərdə milyonlarla insan həyatını itirib, yaralanıb, ömürlük şikəst olub. Müharibənin fəlakətlərini yaşayıb sağ qalanlar yenidən əmək cəbhəsinə dönüb, vətənin dirçəldilməsi, inkişafı uğrunda rəşadət göstəriblər. O mətin insanları müharibədən sonrakı illərdə bir ordu kimi bir yerə yığmaq mümkün idi. İndi isə sayları çox az qalıb... Lənkəranda yaşayan Eyvaz Eyvazlı da Böyük Vətən müharibəsinin iştirakçılarındandır. Dəhşətli müharibənin ağır sınaqlarıdan keçib. Hər gün gözlərinin qabağında döyüş dostları yaralanıb, həlak olub. Aclığın dəhşətini, soyuğun acısını dadıb, əsgər dostlarının itkisini görüb. Amma heç bir çətinlik Vətəni qorumaq, onun uğrunda sonacan döyüşmək hissinin qarşısına sədd çəkə bilməyib.

Bakı neftini qorumaq uğrunda

98 yaşlı müharibə veteranı Eyvaz Eyvazov (pasportunda doğum tarixi 25 yanvar 1925 -ci il qeyd olunsa da, bu tarixdən təxminən 3 yaş böyük olduğunu deyir) bu tarixi şərəflə yaşayanlardandır. Sinəsini, keçdiyi döyüş yoluna görə orden medallar bəzəyir. Hər bir medalın, hər bir ordenin gənclərə örnək ola biləcək maraqlı tarixi var. Onun üçün müharibə təkcə həyat dərsi olmayıb, həm uzun illərdən bəri böyüyən nəslə örnək ola biləcək qəhrəmanlıq dərsi olub. Eyvaz Eyvazov Lənkəranın Veravul kəndində doğulub.  Bu kəndin enişli-yoxuşlu, palçıqlı yolları ilə məktəbə gedib-gəlib. Ürəyində oxumaq, sənətə yiyələnmək, vətəninə gərəkli övlad olmaq kimi arzularla böyüyüb. Ancaq günlərin birində dəhşətli müharibə xəbəri onun kimi miyonlarla gəncin arzularını yarıda qoyub. Onlar üçün vətəni qorumaq düşməndən azad etmək hissi bütün arzulardan öndə olub.

"Müharibəyə yollananda 18 yaşım vardı”-deyə müharibə veteranı xatırlayır: "1943- ildə Akim Abbasovun komandir olduğu diviziyanın tərkibində  Qroznı şəhərinə göndərildik.  Xidmət etdiyim 402 saylı atıcı diviziya bu şəhərin müdafiə xəttində yerləşdirildi. Diviziya müharibə zamanı çox böyük önəm daşıyan neftin müdafiəsini həyata keçirirdi. Qroznı Mozdok şəhərlərinin müdafiəsini təmin edib, alman faşist ordusunun Bakı neftinə tərəf irəliləməsinə mane olurduq”. Müharibə veteranı o dəhşətli günləri kino kimi xatırlayır: "Diviziyamız Otraşnikova, Staro-Buxirova, Şırkitovskoye, Xoxlovskiy, Smirnovka, Poti-Onin, Najdenovsk Mozdok şəhərlərini hücümlar nəticəsində azad etdi”- deyə veteran yaddaşını vərəqləyir: "Ağır döyüşlər gedirdi. Düşmənin qarşısını almaq üçün gecə-gündüz döyüşürdük. Demək olar ki, günlərlə davam edən döyüşlər nəticəsində diviziyanın yarıdan çoxu azaldı. Gözlərimizin qarşısında hər gün qədər yoldaşlarımız həlak olurdu.  Bu səhnələri görmək yaşamaq dəhşətli idi. Amma bizim üçün Vətəni qorumaq kimi müqəddəs vəzifə vardı...”

Hərbi qərargahın əmri ilə 416-ci diviziyanın tərkibi 402-ci diviziyanın şəxsi heyəti ilə tənzimlənir 402-ci atıcı diviziya Qafqaz cəbhəsinin ehtiyatında olur. Diviziya 1943-cü ildə 2200 nəfər, 1944-cü ildə 1500 nəfər yeni çağırışçı qəbul edərək döyüşə hazırlayır. 1943-cü ilin ilk üç ayı ərzində diviziya Azərbaycan dilini bilən kiçik komandirlər heyəti ilə təmin olunur. Diviziyaya hərtərəfli kömək üçün Bakıdan müvafiq hərbi siyasi mütəxəssislər göndərilir. Az sonra döyüşə hazırlanmış 1500 nəfər 402-ci milli diviziyanın tərkibinə göndərilir sonrakı illərdə diviziya Azərbaycandan yeni çağırışçılar dəstəsi alaraq onların da döyüşə hazırlığına başlayır. 1943-44-cü illərdə 402-ci diviziya digər milli diviziyaların tərkibini möhkəmləndirmək üçün döyüşçü komandirlər hazırlamaq uğrunda əsas ehtiyat bazası kimi istifadə edilir. Azərbaycanlı komandirlərdən bir çoxu, o cümlədən mayor Akim Abbasov döyüşlərdə yüksək hərbi sərkərdəlik qabiliyyətlərinə malik olduqlarını sübut edərək, general-mayor rütbəsi alırlar. Bu diviziyaların döyüşçüləri ilə görüşə Səməd Vurğun, Üzeyir Hacıbəyov, Rəsul Rza, Bülbül, Niyazi, Mustafa Topçubaşov kimi ictimai xadimlər gedir özləri ilə incəsənət kollektivləri aparırdılar. Onlar əsgələri ruhdan düşməyə qoymur, vətənin müdafiəsinə çağırırdılar. Maestro Niyazinin402-ci diviziya”,  "402” yürüş marşları bu diviziyanın qəhrəmanlığına həsr olunub. Bu tarixi yazanlar sırasında Eyvaz Eyvazovun da adı vardı...

Döyüşçülər ailəsi

Eyvaz Eyvazovun xidmət etdiyi hissə 1944- ildə xüsusi tapşırıqla Bakıya qayıdır. Müharibənin od-alovundan mətanətlə çıxan gənc, hərb işinə bağlanır. Ömrünü təkcə müharibənin qanlı-qadalı illərində deyil, elə dinc dövrdə hərbi işə həsr edir. Gizir rütbəsi ilə düz 30 iltəqaüdə çıxanadək hərbi sahədə xidmət edir. Hərbidə xidmət edərkən  Azərbaycanın ilk təyyarəçi qadınlarından olan Ziba Dadaşova ilə tanış olur. Sonradan bu tanışlıq evliliyə çevrilir. Onlar 1950-ci ildə ailə qururlar. Ziba Dadaşovanın da vətənin müdafiəsində xüsusi xidmətləri vardı. O da Böyük Vətən müharibəsinin iştirakçısı idi. Onları birləşdirən keçdikləri keşməkeşli zəfər dolu həyat yolu idi. Ziba Dadaşova Azərbaycanın ilk paraşütçü qadınlarından biri idi. 1937 -ci ildə orta məktəbi bitirdikdən sonra Bakıda aerokluba üzv yazılmış oranı müvəffəqiyyətlə bitirmişdi. Müharibə başlayanda  Saransk Aviasiya Məktəbində təhsil alırdı. O, Leyla Seyidməmmədova, Zərifə Qasımova, Hüseynbala Əliyev kimi cəsur şahinlərlə birlikdə oxuyur, bu çətin şərəfli sənətin sirlərinə yiyələnirdi. O, müharibə illərində Bakının hava məkanını faşist işğalçılarından müdafiə edən zenit qoşunlarında xidmət edib, Qafqazın müdafiəsində iştirak edib. Həmin vaxt Azərbaycan vətəndaşlarına müraciətdə yazılırdı: "SSRİ-nin əsas cəbbəxanası olan Bakının müdafiəsi etibarlı əllərdədir. Şəhərin havadan müdafiə "çəpərixüsusi təlim keçmiş qırıcı aviadəstələr hesabına gücləndirilib. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, o cümlədən Ziba Dadaşova, Zərifə Qasımova kimi cəsur qızlarımız uçurlar...”

Ziba Dadaşova "Almaniya üzərində qələbəyə görə”, "Qafqazın müdafisəsinə görə”, "Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilir. Onlar vətən qarşısında olduğu kimi, bir-birlərinə içdikləri anda da sadiq qalırlar. Zabit nizam-intizamı, qurulan ailədə də özünü göstərir. Onlar birlikdə 5 övlad büyüdüblər: 2 qız, 3 oğul. Sonradan ailə ocağında  dünyaya gələn 10 nəvə, 15 nəticə, 1 kötücə bu ailə ağacını daha da şaxələndirib. Ziba Dadaşova 2003-cü ildə dünyasını dəyişsə də, özündən sonra ləyaqətli bir örnək qoyub. Eyvaz Eyvazov isə sevimli həyat yoldaşını itirsə də, övladlarının, nəvə-nəticələrinin, ən əsası, dövlətin qayğısı ilə əhatə olunub. Yaşadığı kənddə böyükdən-kiçiyə hamı onu məhəbbətlə "Eyvaz baba” çağırır. Oğlu Çingiz deyir ki, valideynləri onları da özləri kimi Vətənə məhəbbət ruhunda böyüdüblər. Onlar müharibə veteranı kimi, yaşadıqları bölgənin böyüməkdə olan nəslinə vətəni necə sevmək nümunəsi göstəriblər. Gənclərlə, tələbə və məktəblilərlə görüşlərində müharibənin dəhşətlərindən danışıb, vətənin müqəddəs olduğunu, onun uğrunda canlarından keçməyə hazır olduqlarını söyləyiblər.

 Öz qələbəmizi görmək arzusu

Hər il Qələbə günü qohum-əqraba, nəvə-nəticə, dost-tanış Eyvaz babanın başına yığışır, onu təbrik edir. Bu ənənə uzun illərdir ki, davam edir. Baba müharibə haqqında çox danışmağı sevməsə də, onlar üçün uzun ömrünün səhifələrini təkrar-təkrar vərəqləyər. Yaşının üstünə illər gəlsə də, cəbhədə keçən günləri yaddaşından heç silinmir. Sanki dünən olubmuş kimi xatırlayır. Eyvazovlar ocağının gəlini Yelena Sidarenko Eyvaz babadan məhəbbətlə söz açır: "Eyvaz baba çox maraqlı adamdır. Sinəsi xatirələrlə doludur. Hər dəfə Lənkərana gedəndə baba ilə saatlarla söhbət edirəm. Eyvaz baba hər il 9 Mayda Bakıya gəlirdi. Amma bu dəfə karantinə görə veteran Qələbə Gününü  Lənkəranda, həm də ailə daxilində qeyd etməli olacaq. Heyf ki, vəziyyətlə əlaqədar babanın görüşünə gedə bilmirik!”

Buna baxmayaraq, bu dəfə də Eyvaz baba diqqət və qayğıdan kənar qalmayıb. Lənkəran rayon Hərbi Komissarlığı və yerli icra orqanının əməkdaşları onu sevindirib. Sinəsini bəzəyən çoxsaylı ordenmedallar sırasına yenisi əlavə olunub: Eyvaz babaya Rusiya Federasiyasının "Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı təqdim olunub. Yaxın günlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının da qocaman veterana təqdim olunması nəzərdə tutulur. Ulu yaradan  ömür versə, müharibə veteranı iki ildən sonra 100 yaşını qeyd edəcək. Əsrin yaşıdı kimi illərin əskildə bilmədiyi həyat eşqindən, müdrik nəsihətlərindən, sinəsi dolu xatirələrindən hələ çox söhbət açacaq...

Bu gün nə qədər diqqət və qayğı ilə əhatə olunsa da, sınaqlardan keçən uzun və zəhmətlə yoğrulan ömrünün nigarançılığı da var Eyvaz babanın. Bu, erməni işğalçılarının əlində qalan vətən torpaqlari ilə bağlı narahatlıqdır: "Vətən torpaqları bizə əmanətdir. Onun bir qarışını da düşmənə vermək olmaz. Əminəm ki, tezliklə erməni işğalında olan torpaqlarımız geri alınacaq və biz o günü bayram edəcəyik. İnanıram ki, o gün uzaqda deyil. Və mənim də həmin qələbə bayramını görmək arzum var...”

 

Təranə Məhərrəmova

Kaspi 2020.- 9-12 may.- S.10.