“Heç
vaxt qızımın adını əzizləyərək
çağırmamışam”
Pərvin Əsgərli:
Çox istəyirəm ki,
ailələrdə övladlarla valideynlər
arasında hörülmüş hündür hasarlar yox olsun
Arzularının, istəklərinin ardınca qaçmağı ona həyat öyrədib. İstəklərini gerçəkləşdirmək üçün dəstək olanı, arxasında dayanan heç kimi olmayıb. Öz gücünə, çalışqanlığı hesabına bu gün cəmiyyətdə özünə yer tutmağı bacarıb. Bu baxımdan 8 yaşlı qızı Yağmur daha şanslıdır. Çünki onun arzularını, xəyallarını gerçəyə çevirməyə çalışan anası var. Aparıcı kimi tanıdığımız Pərvin Əsgərlini bu dəfə ana kimi tanımağa çalışdıq.
- Bu
gün cəmiyyətə yararlı övlad yetişdirmək üçün
valideynlər ilkin olaraq
haradan və necə başlamalıdır?
- Bir valideyn
olaraq deyə bilərəm ki, qızımı körpə vaxtından tərbiyələndirməyə
başlamışam. Təbii ki, onun bir fərd kimi yetişməsində tək ailənin deyil, bağçanın, məktəbin, ətraf
mühitin də rolu var. Ancaq hər şey ailədən başlayır. Tərbiyə
sistemi uşağa doğulduğu gündən tətbiq edilməlidir
ki, mən də elə etmişəm.
Qızımın 8 yaşı var, onunla heç zaman uşaq kimi davranmamışam, adını belə əzizləyərək
çağırdığımı xatırlamıram. Hər
kəsə övladı əzizdir, ancaq bu əzizləmələri anlamıram. Bəzən
cəmiyyətimizdə valideynlərin övladlarının
adlarını qısaldaraq gülməli təxəllüslər
qoymasının tez-tez şahidi
oluram. Bunu
yanlış hesab edirəm. Çünki uşağın
formalaşmasına bu, birbaşa
olaraq təsir göstərir.
Bundan başqa,
valideynlər mütəxəssis rəyi də
almalıdırlar. Belə ki, psixoloqla birbaşa əlaqədə
olmaqda fayda var. Övladımız sağlam
olsa da, peşəkar
rəyi mütləqdir. Mən mütəmadi olaraq
psixoloqla əlaqə saxlayıram və üçüncü şəxs kimi onunla məsləhətləşir,
qabaqlayıcı tədbirlər görməyə
çalışıram. Cəmiyyətə yararlı övlad yetişdirmək üçün
bütün bu
sadaladıqlarım mütləqdir. Bir valideyn olaraq mütəmadi
şəkildə müəllimlərlə əlaqə
saxlayır, qızımın hərəkətlərinə, cəmiyyətdə
davranış qaydalarına nəzarət edirəm.
İnanıram ki, ölkəmiz üçün yararlı bir
fərd yetişdirəcəm.
- Hesab
edirsiniz ki,
uşağı bir fərd kimi yetişdirdikdə, cəmiyyətdə
özünə daha rahat
yer tapmış olacaq?
- Əlbəttə. Övlad böyüdərkən
çalışmışam ki, onun qürurunu, şəxsiyyətini,
mənliyini zədələməyim. Əgər biz uşağı gözüqıpıq, qorxaq böyütsək, bu
onun gələcək həyatına da təsir edəcək. Mən heç zaman qızıma
"burda xoxan var", "bunu etsən,
xoxan səni yeyəcək" tipli sözlər deməmişəm. Ona hər şeyin uşaq yaşından izahını verməyə
çalışmışam. Misal üçün, demişəm ki, bu çay
istidir, əlini ona toxundursan, yanacaqsan.
Əlin yansa, bu səni
incidəcək. Yağmur uşaq
yaşında belə hansı qərarı veribsə,
arxasında dayanmağa
çalışmışam. Qərarlarına sayğı duymuşam və onu anlamağa çalışmışam.
Qızım nənə-baba yanında böyüsə də,
çalışmışam ki, ərköyün
olmasın.
-
Uşağın tərbiyəsində ailədən başqa, cəmiyyətin və çevrənin
də rolu az deyil. Bu fikirlə nə qədər
razısınız?
- Uşaq birinci ailədə, daha sonra cəmiyyətdə formalaşır. Valideynlərin hansısa qüsurlu cəhətlərini gördükdə, onu mənimsəyirlər. Ailələrdə yaşanan məişət zorakılıqlar orada böyüyən uşaqların şüaraltına birbaşa təsir edir. Uşaqlar elə ilk zərbəni burdan alırlar. Belə olduğu halda, uşaq psixi gərginlik keçirir və bu onun psixologiyasına təsir edir. Buna görə qeyd edirəm ki, övladı bir fərd kimi yetişdirmək üçün valideynlər ilkin olaraq dəyişməyə və özlərini yetişdirməyə meyillənməlidir. Hər bir uşaq ailəsinin güzgüsüdür. Biz o güzgüdə nə göstəririksə, o bizə olduğu kimi geridönüş edir.
- Pərvin
Əsgərli yaxşı anadır, yoxsa
yaxşı övlad?
- Ana olana qədər mənə bu sualı versəydiniz, deyərdim ki, yaxşı övladam. Bu gün mənim Pərvin Əsgərli olmağımda valideynlərimin böyük əziyyəti olub. Onlar məni yetişdirib, təhsil veriblər. Xüsusən də anam mənə daha çox dəstək olub. İndi siz sual verdikdə, o illər gözümün qarşısından keçdi və müqayisə etdikdə, belə başa düşürəm ki, daha yaxşı anayam, nəinki yaxşı övlad. Mənim iş rejimim elədir ki, səhər çıxıb, axşam gəlirəm. Ancaq işimin nə qədər çox olmasına baxmayaraq, övladımla maraqlanmağa mütləq zaman ayırıram. İş fasiləsi zamanı valideynlərimi deyil, qızımı axtarıb, səsini eşitmək istəyirəmsə, demək yaxşı övladdan çox, yaxşı anayam.
- Qeyd
etdiniz ki, iş rejiminizlə əlaqədar olaraq səhər çıxıb, axşam gəlirsiniz. Qızınızın sizin sənətinizin davamçısı
olmasını istəyərsinizmi?
- Sənətimi sevirəm və ona bağlıyam. Bu gün mediada
qalmağım və Pərvin Əsgərli kimi
tanınmağım üçün bəlkə
də qurbanlar da
vermişəm. Amma heç
nəyə görə peşman deyiləm.
Geriyə baxanda, buna daha da əmin oluram ki, nə
yaxşı, jurnalistikaya gəlmişəm.
Bununla fəxr edirəm və hər zaman da fəxr edəcəm.
Elə hesab edirəm ki,
işim mənim ikinci
övladımdır. O ki qaldı
qızımın bu sənəti
seçməsinə, Yağmurun da media nümayəndəsi
olması üçün əlimdən gələni
etməyə hazıram. Bu baxımdan
qızım məndən 1:0 öndədir. Çünki
mən bu sahəyə gələndə,
ailəmdə jurnalistika
ilə məşğul olan yox idi. Bu
səviyyəyə gəlib çıxmaq üçün
heç bir dəstək
görmədim, pillə-pillə, addım-addım irəlilədim.
Əvvəl dövlət televiziyasında müxbir
işlədim. Müxbir kimi
təcrübə topladım, sonra redaktor və aparıcı kimi
fəaliyyət göstərdim. Bu gün də işimi xəbər
aparıcısı olaraq davam
etdirirəm. Qızım bu sənətə
gələrsə, ona əlimdən gələn
dəstəyi göstərəcəm.
- İxtisas
seçərkən valideynlərinizin müdaxiləsi olubmu? Bəs siz özünüz necə, bir
valideyn kimi
övladınızın sənət seçiminə
müdaxilə edəcəksinizmi?
- Valideyn övladının sənət seçiminə əsla və əsla müdaxilə etməməlidir. Əks halda, insan gələcəkdə çalışdığı peşəsini sevmir. Jurnalistikaya sevərək gəlmişəm və bu ixtisası da valideynlərimdən gizlin şəkildə seçmişəm. İxtisas seçimində birinci olaraq Bakı Dövlət Universitetinin jurnalistika ixtisasını yazmışdım. Cavablar çıxan günə qədər evdə heç kimə heç nə deməmişdim. Cavablar çıxanda atam məyus olmuşdu. Təsəvvür edin ki, atam həkim olmağıma belə razılıq vermirdi ki, qızım gecə növbəsində qalmalı olacaq. Ancaq bu gün mən jurnalistəm və gecə-gündüz işləyirik. Bu gün elə əsas dəstəkçilərimdən biri atamdır. Zaman insanları dəyişdirir. Atam vaxtilə bu ixtisası oxumağıma icazə vermirdi, amma bu gün məni efirdə görəndə ürəyi dağa dönür. Görünür, zamanla bəzi xarakterlər də dəyişə bilir.
Övladımın da valideyn olaraq sənət
seçiminə qarışmayacam. Özü
hansı peşəni seçərsə, onun
arxasında dayanacam və hər bir köməklik göstərəcəm. Yağmurun ən böyük
arzusu televiziyada
aparıcı olmaqdır. Hərdən mənə sual verir ki,
"dərslərimi yaxşı oxusam, televiziyada məni işə götürəcəklərmi".
Qızımın hədəfi aparıcı olmaqdır. O, hədəfinə
çatmaq üçün
əlindən gələni edir.
- Sizcə,
hazırkı dövr üçün
təhsil, yoxsa şans
daha önəmlidir?
- Jurnalistikada
çalışmaq üçün təcrübə,
baza mütləqdir. Ən azından,
müsahibənin təfərrüatlarını bilmək
lazımdır. Əks halda, zəif olduğunu bir neçə
günə büruzə verirsən. 1 saat
söhbət bəs edir ki,
qarşı tərəfin nitqindən onun
təhsilli olub-olmamasını anlayasan.
Ancaq indiki zamanda təhsillə bərabər
şanslı da olmaq
lazımdır. Bəzən yüksək intellekt
səviyyəsi olan insanların işsiz olduğunu görürük.
Demək, onun şansı yoxdur
ki, layiq olduğu yerdə deyil. Hiss olunur ki,
bu gün şansa daha çox ehtiyac var. Təhsil mütləqdir, amma
şans da olsa, lap yaxşı olar.
- Övladınızı
dədə-baba üsulu ilə tərbiyə
edirsiniz, yoxsa sizin öz tərbiyə
metodikanız var?
- Qızıma təzyiq göstərmirəm. Öz istəklərimi ona
sırımıram. Övladımı sərbəst,
özgüvənli şəkildə böyüdürəm. Verdiyi bütün qərarlarda
sərbəstdir. Mən mühafizəkar ailədə
böyümüşəm. Bu gün atama sözümü, problemimi
deyə bilmirəm. Atamla aramızda sərhəd
olub. Anamla da o qədər də
açıq olmamışam. Onlara söz deməyə çəkinmişəm,
qorxmuşam. İstəyərdim ki, atamla üz-üzə oturub, hər hansı məsələni
danışım, müzakirə edim. Yeri gələndə sirdaş,
yoldaş olum onunla. Bu gün
çox istəyərəm ki, ailələrdə övladlarla
valideynlər arasında hörülmüş
bu hündür hasarlar yox olsun.
İstəyirəm ki, Yağmur
gələcəkdə bütün
problemlərini mənimlə bölüşsün.
Onu o cür
yetişdirirəm. Məni bir rəfiqə,
dost görsün, təbii
ki, analıq statusu qalmaq şərti ilə.
- Karantin
günlərində özünüzü
və övladınızı necə qoruyursunuz?
- Karantin günlərində də biz hər gün işimizin başında oluruq. Həftə sonunda Yağmurla əyləncəli vaxt keçiririk. Öncədən özümüz üçün proqram qururuq. Səhər durub idman edir, yeməyimizi yeyirik. Karantin günlərində ən çox sevdiyimiz məşğuliyyətimiz birlikdə yerli və xarici mətbəxdən yeməklər hazırlamaqdır. Biz bunları sevərək edirik. Kitablar oxuyur, musiqi dinləyir, birlikdə idman edirik. Bu günlərdə dərsə də vaxt ayırırıq. Təhsilimizi evdə davam etdiririk.
Xəyalə Rəis
Kaspi 2020.- 1 may.- S.11.