Yazdıq
ki, izimiz qalsın...
Bəzən hər şeyin başlanğıcı
kiçik bir cəsarətdən doğur, eynən bizimki kimi. 9 il
bundan öncə bir cəsarətdən yola çıxıb
"Teatr" əlavəsi yaratmaq istədik. İstəyin
qələbənin yarısı olduğunu ilk dəfə o
zaman anladıq. Yəni, kiçik bir kollektivlə Azərbaycanın
müasir teatr prosesinə güzgü ola
bilmək iddiası bizim üçün hər nə qədər
böyük görünsə də, bacaracağımıza
inandıq. "Kaspi" qəzeti bizə bir
qapı açdı. Artıq bizim də
bir ünvanımız vardı. "Kaspi"
qəzetində hər həftə "Teatr" səhifəmiz
olacaqdı. Komandada məndən başqa
hamının bu sahədə kifayət qədər təcrübəsi
vardı. Bu əlavədə ən
çox öyrənən, təcrübə toplayan elə bəndəniz
oldu. Teatr əlavəsi məni
böyütdü, "Kaspi" ailəsinin qonağına
deyil, bir parçasına çevirdi. Bu əlavə məni
teatr dünyası ilə tanış etdi.
Yeni dostluqlar, əlaqələr, ünsiyyət
qurmaq bacarığı, yazı yazmaq vərdişi...
aşıladı. Mən onunla bərabər
böyüdüm. Həftəlik yazılar, mövzular,
müzakirələr....
Geriyə
boylananda 9 il o qədər böyük rəqəm
kimi görünməsə də, bu illərin hər biri xatirələlərlə
doludur. İnsanın özü böyük bir
kitabdır. Mən bədii ədəbiyyatdan,
tamaşalardan daha çox insanı öyrəndim. "Teatr" əlavəmiz mənə öyrətdi
ki, istək olduğu halda, dar çərçivə daxilində,
məhdud imkanlarla da arzularına toxuna bilərsən. Biz bu gün fəxrlə "bacardıq" deyə
bilirik. Çünki bizdən əvvəlkilər
bunu ancaq xəyal edirdilər. Arzulayırdılar,
ancaq reallaşdırmaq üçün o kiçik cəsarətin
qanadından yapışmağa cəhd etməmişdilər.
Kiçik bir ümid bizi uzun bir yola
çıxardı. Bəzən
müşahidəçi olduq, bəzən də prosesin tam mərkəzində
dayanıb, yaşanan hadisələri qələmə
aldıq. Beynəlxalq
teatr festivallarında iştirak edib, səfər təəssüratlarımızı
qeyd etdik. Teatrlarımızın
direktorlarından tutmuş, bu sənətə yeni gələn
ən gənc sənətçilərinə qədər
müsahibələr aldıq, araşdırmalar etdik, portretlər,
tərcümələr, resenziyalar, esselər yazdıq. Bu gün fəxrlə deyə bilərəm ki, bu əlavədə
yazısı olan hər bir teatrşünasın qələmi
kifayət qədər tanınır. Onların
da deməyə sözü var.
"Teatr"
əlavəsinin yaradıcısı Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov təəssüratlarını
belə ifadə edir:
May ayı xalqımız üçün çox əlamətdar
aydır. Bu
ayda biz hər il 9 may - faşizm üzərində
Qələbə gününü, 28 may – bizi azadlığa
çıxaran Respublika gününü bayram edirik. Bu
bayramlarla yanaşı, teatr cameəsinin də bu ayda özəl
bir bayramı var. Artıq 9 ildir ki, 11 may tarixini "Kaspi” qəzetinin
"Teatr” əlavəsinin ad günü kimi qeyd edirik. Üç əsrdən bəri yol gələn milli
peşəkar teatrımızın inkişafına və təbliğinə
xidmət edən "Teatr” əlavəsinin məhz,
üç əsrdən bəri xalqımızın mədəni
inkişafına xidmət edən "Kaspi” qəzetində
işıq üzü görməsi, görünür,
özü də bir rəmzi məna daşıyır. Bəli,
ilk sayı 11 may 2011-ci il tarixində
işıq üzü görən "Teatr” əlavəsi,
artıq 9 yaşını qeyd edir. Və
artıq 9 ildir ki, çağdaş milli mətbuatımızda
teatra həsr olunmuş (təəssüf ki...) yeganə nəşr
olaraq, hər həftə qəzet içində qəzet kimi
oxucuların, tamaşaçıların
görüşünə gəlir.
"Kaspi” qəzetinin "Teatr” əlavəsi haqqında
danışmaq mənimüçün qürurvericidir. Çünki biz bu illər
ərzində çox çətinlikərdən keçsək
də, az iş görülmədi:
-
"Teatr” əlavəsi işə yalnız peşəkar
teatrşünasları cəlb etməklə, az qala,
unudulmuş "teatrşünas” kəlməsini yenidən
dövriyyəyə qaytardı;
- uzun illərdən bəri mətbuatda teatra
qarşı hökm sürən qeyri-peşəkar münasibətə
son qoydu;
- səhifələrində dərc etdiyi obyektiv
təhlil yazıları ilə, xəbər, resenziya,
müsahibə, portert, reportajlarla milli teatr prosesini əks
etdirməyə, onun tarixini yazmağa, canlandırmağa və
inkişaf etdirməyə çalışdı;
- heç vaxt yaşlı nəsli unutmadı, həmişə
gənclərə dəstək oldu: bir çox gənclər
ilk dəfə məhz "Teatr” əlavəsində geniş
oxucu kütləsinə təqdim edildi.
- bu gün ölkədə yeganə teatr
saytı olan "Teatro.az” portalının yaranmasında
birbaşa rol oynadı;
- və bunları heç bir təmənna
güdmədən, heç bir intriqaya getmədən,
yalnız teatra olan sevgisi naminə etdi.
"Teatr” əlavəsi çağdaş teatr prosesinin
canlanmasına xidmət etməklə yanaşı, özü
də inkişaf etdi, yeni teatrşünaslar yetişdirdi, mətbuata
yeni imzalar gətirdi. 9 il əvvəl yaradıcılığa yeni
başlayan gənc teatrşünaslar: Elçin Cəfərov,
Könül Əliyeva-Cəfərova, Aygün Süleymanova, Xəyalə
Rəis, Nigar Pirimova bu gün kifayət qədər tanınan
və hörmət edilən imzalardır. Çox sevindiricidir
ki, onların davamçıları - Dağlar Yusif, Emin Əliyev,
Razimə İsmayılova, Əli Hacılı kimi gənc və
istedadlı teatrşünaslar yetişməkdədir. Bu gün "Teatr” əlavəsinin redaktoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Elçin Cəfərov
işinin öhdəsindən yüksək peşəkarlıqla
gəlməkdə və uğurla ənənələri davam
etdirməkdədir.
Sonda, sözsüz ki, "Kaspi” qəzeti
redaksiyasının rəhbərliyindən tutmuş, sıravi
əməkdaşına qədər, hamısına hər
zaman göstərdikləri dəstəyə görə
ayrıca minnətdarlıq düşür. Çox sağ
olun dostlar, milli mədəniyyətimizin inkişafına
göstərdiyiniz bu xidməti tarix unutmayacaq!
Ad günün mübarək, "Teatr” əlavəsi,
100 yaşa!
Teatrşünas
Könül Əliyeva-Cəfərova "Teatr” əlavəsini
ovuc içi qədər xoşbəxtlik adlandırır:
"10 milyonluq əhalisi olan məmləkətdə bir ovuc sənət
adamı var ki, həqiqi sənət eşqi, gerçək
teatr sevgisiylə yaşayır, yaradır və
yaşadır. "Kaspi” qəzetinin "Teatr” əlavəsində
bu insanların gördüyü işi
işıqlandırmaq, onların
yaradıcılığına güzgü tutmaq,
düşünürəm ki, ən azı, elə o
insanların gördüyü iş qədər dəyərlidir,
qiymətlidir, özü də dəyərlərin alt-üst
olduğu, doğruyla yanlışın seçilmədiyi bir
çağda. Gördüyümüz iş – 9 il çiyin-çiyinə
apardığımız əqidə mübarizəsi (bunu deməyə
tam haqqım çatır) qutludur, əziz məsləkdaşlarım!
Bu 9 il ərzində sərt tənqid də
yazdım, amansız qınaq dolu yazı da, bəzən
gözəlim teatrı qamçıladım da, amma nə
etdimsə, sevgiylə etdim, Vaqif müəllimin
(İbrahimoğlu) öyrətdiyi bir amalı heç zaman
unutmadım – TEATR mənimdir: yaxşısı da, pisi də...
Bizi bir amal ətrafında birləşdirən Vidadi müəllim
(Qafarov) də hər şıltaqlığımıza
dözdü (ona ən çox əziyyət verən də Xəyalə
ilə mən olmuşam – yəqin buna görə ən
çox ikimizi sevir), doğru yoldan sapınmağa imkan vermədi,
bəzən yazımın bir cümləsi üstündə
qopartdığım həngaməni sülhlə yola verdi. Biz – "Teatr” əlavəsinin
yazarları TEATRımıza sahib çıxdıq, ovuc
içi qədər olsaq da, dünya boyda sevgi yaratdıq. Şairsə deyir ki, "ovuc içi qədər
xoşbəxtlik yetər”. Yetərmi?”
Teatr əlavəsini
yeni başlayanda ilk üzvlərimizdən olan
Teatrşünas, Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Vəfa Mühacirova öz təssüratlarını belə
bölüşür: "Bu yolu gedən hər insan bilir ki,
tələbəlikdən iş həyatına keçid
zamanı yaşanan anlar, xatirələr heç vaxt unudulmur,
hər şeyin başlanğıcı kimi daima
xatırlanır. "Kaspi” qəzetinin
"Teatr" əlavəsinin yaradılmasına
çalışdığımız zamanlar da mənim
üçün belə unudulmaz anlardandır. Toplantılarımızın, söhbətlərimizin,
müzakirələrimizin belə peşəkar işlə nəticələnəcəyinin,
kövrək tələbə addımlarının necə
böyük uğura çeviriləcəyinin, bəlkə də,
o zamanlar fərqində deyildik. Bu gün 9 il
öncəyə baxarkən bunu daha yaxşı görə
bilirik. İnanıram ki, "Teatr" əlavəsinin
uğurları gündən günə artacaq, hələ
bundan sonra uzun illər teatr ictimaiyyətinə qərəzsiz
xidmət edəcək, neçə-neçə tələbənin
iş həyatına keçidinin ilk unudulmaz mərhələsi
olacaq. Yarandığı vaxtdan bu günə qədər
bütün çətinliklərə baxmayaraq,
"Teatr" əlavəsinin keşiyində dayanan müəllimlərimizin
(başda Vidadi müəllim olmaqla), əməyi keçən
məsləkdaşlarımızın hər birinə təşəkkürümü
bildirirəm və bu gözəl gün münasibəti ilə
səmimi qəlbdən təbrik edirəm. Əməyinizə
sağlıq, yolunuz açıq, oxucularınız bol olsun!".
AMEA-nın dissertantı, teatrşünas Nigar Primova "Teatr" əlavəsinin Azərbaycan teatr tarixində müstəsna xidmətlərindən bəhs edərək, onun bir parçası olduğu üçün sevinc hissi yaşadığını bildirir: "Bu 9 il ərzində ilbəil irəliləyişlər olub, teatr aləmində baş verən maraqlı məlumatlar, tamaşalarla bağlı müxtəlif resenziyalar, önəmli şəxslər barədə portret yazıları, teatrlarımızın uğurları, qastrolları haqqında saysız məqalələr yazılıb. Bununla yanaşı, xarici teatr aləmində baş verən ən maraqlı hadisələrdən tərcümələr dərc olunub. Bu doqquz ildə biz komanda olmağı, ailə olmağı bacarmışıq. Bu gün əminliklə deyə bilərəm ki, bu əlavədə çıxan yazılarımız sayəsində teatra getməyən insanlar teatrlara doğru yol alıblar, maraq göstəriblər. Bir daha 9 yaşımızı təbrik edirəm və arzum budur ki, teatrlarımızda elə tamaşalar olsun ki, ürəkdolusu fəxrlə tərif də yazaq, yeri gəldikdə tənqid də edək. Yəni, qısacası, haqqında yazılmalı iş olsun və yazarlarımızın qələmləri heç zaman korşalmasın, həqiqi teatrı sevən, sənətə bağlı olan teatrşünaslar yetişib sıralarımıza daxil olsunlar. ADMİU-nun Magistr tələbəsi Əli Hacılı da təbriklərə qoşulur: Bəzən elə anlar olur ki, səni anlayacaqları, sona qədər səbrlə dinləyəcəkləri yerə getmək istəyərsən. Qəlbində olanları demək üçün, xoş hadisələri, yaxud problemlərini bölüşmək üçün. Xəbər tutmaq, zamandan geri qalmamaq üçün. Bu danışdığım ortam, çox insanın nəzərində uzaq kimi görünən, amma hər zaman gözümüzün qabağında olan "Teatr” əlavəsidir. Çox böyük deyil, vur-tut 4 səhifə. Amma bu 9 il ərzində həftəlik teatr xəbərlərini, yazıları, resenziyaları, dünya teatrında baş verənləri, gərəkli bilgiləri özündə ehtiva edən 4 səhifə. Bu illər ərzində düzgün və qərəzsiz şəkildə, hadisələrə obyektiv baxaraq, öz böyüklüyünü göstərən "Teatr” əlavəsi. Azərbaycandakı cari teatr prosesini oradan rahatlıqla izləyə bilərik. Bizim üzərimizə düşən isə bu əlavənin böyüməyi üçün, onu yaşatmaq üçün əlimizdən gələni etməkdir. Təbriklər, teatr! Gör necə böyüksən ki, sənin xəbərini bizə çatdıranın ad gününü qeyd edirik. Təbriklər, teatr, təbriklər "Teatr” əlavəsinin zəhmətkeşləri!
Xəyalə Rəis
Kaspi 2020.- 7 may.- S.10.