"Teatr
mənim üçün əsa rolunu oynayır"
Elvin Mirzəyev: Bura
özünü realizə etmək istəyən,
potensialının mövcudluğuna inanan insanların motivasiya
mənbəyidir
Onunla ilk
dəfə Azərbaycanın, eləcə də Qafqazın fiziki məhdudiyyəti olan
və olmayan aktyorlardan
ibarət ƏSA Teatrında
qarşılaşmışdıq. M.F.Axundovun
"Müsyo Jordan və
Dərviş Məstəli şah"
komediyası əsasında hazırlanan "Paris
partladı" tamaşasının məşq prosesi gedirdi. Burda hər qəbildən insanla
rastlaşmaq mümkün
idi. Kiçik bir otaqda bir
araya gələn gənc aktyorların məkanına
qonaq olmuşdum. Məşq
prosesi gedən otaqda fiziki məhdudiyyət anlayışı ortadan qaldırılmışdı.
Rejissorun, yaradıcı heyətin gözündə hər kəs bütün imkanlara sahib aktyorlar idi. Yaranan mənzərə məndə o qənaəti yaratmışdı ki, gənclər istərsə, özlərinə bütün imkanları yarada bilər.
Bu günkü
"Debüt" rubrikamızın
qonağı da elə o
dünyanın sakinidir. ƏSA Teatrı yaranandan burada irili-xırdalı bir
çox obrazların öhdəsindən
gələn Elvin Mirzəyev. O, öz dəst-xətti, səhnə
plastikası ilə seçilir. Müsahibimi özəl edən isə boyunun kiçik olması deyil, böyük ürəyə
sahib olmasıdır. O, boyunun
qısa olmasını kompleks hesab etmir. Deyir ki,
əsas qayə ona həvalə edilən
obrazın əhatəli şəkildə səhnədə öz əksini tapmasıdır. Əgər boyunun kiçik olması ona səhnədə obraz yaratmağa maneçilik
törətmirsə, burda heç
bir çətinlikdən söhbət gedə
bilməz.
Elvin Mirzəyev ƏSA
Teatrında yaradıcı heyətin əslində bir ailə olduğunu, yeri gəldikdə bir amal uğrunda mübarizə
aparmağı öyrəndiyini, əgər ortada
bir məqsəd varsa,
gecə-gündüz demədən
çalışmağın zərurliyini deyir.
Bildirir ki, əgər
ortada bir istək varsa, bütün komanda fiziki
qüsurların, əngəllərin, maddi-mənəvi
çətinliklərin öhdəsindən gəlməyi
bacarır. Onları güclü edən də
bu birlikdir.
- Gənc bir aktyor olaraq
çalışdığınız ƏSA Teatrı sizin üçün
hansı imkanları yaradır?
- Teatr aktyorla tamaşaçı arasında rabitə yaradan ən ideal vasitədir. ƏSA mənə səhnədə olmağın gözəlliyini bəxş edir. Belə ki, teatrımızın tamaşalarını nümayiş etdirir, tamaşaçı qarşısına çıxırıq. Bir parçası olduğum bu teatr təkcə mənim üçün deyil, cəmiyyətimiz, incəsənətimiz üçün böyük dayaq rolunu oynayır. Belə ki, səhnəyə çıxmaq imkanı olmayan, özünü realizə etmək istəyən, potensialının mövcudluğuna inanan insanların motivasiya mənbəyidir.
- Aktyorluq potensialınızın olduğunu
nə zaman hiss etdiniz?
- Aktyorluğa uşaqlıqdan
böyük marağım
olub. Uşaqlıq istəyi olaraq
hər dəfə filmlərə baxanda, ya da cəmiyyətdə
qəhrəmanlıq edən
müxtəlif sənət
sahiblərinə baxdıqda,
özümü onların
yerində təsəvvür
edirdim, hər dəfə bir peşə sahibi olmağı arzulayırdım.
Uşaqlıq arzusu olaraq müxtəlif peşələrə
həvəs göstərirdim.
Ancaq müəyyən yaşa çatdıqdan sonra anladım ki, bütün bu sənətlərin hamısı
elə məhz aktyorluqda cəmlənib.
Aktyor olaraq hər dəfə bir obraz canlandırmalı oluram və hər obrazın da öz sənəti,
peşəsi olduğunu
nəzərə alsaq,
mən uşaqlıqdakı
arzularıma çatmış
hesab edilirəm.
- Sizcə, hansı obrazlar əyninizə biçilib?
- Bu sualı cavablandırmaqda çətinlik çəkirəm.
Aktyorluq sənətini peşə
olaraq götürsək,
istənilən rolun öhdəsindən bacardığım
qədər gəlməyə
çalışıram. Hər rolun öz gözəlliyi
var. Bu günə qədər
düşünməmişəm ki, hansısa bir rol məhz
mənim əynimə
biçilib. Mənə həvalə
olunan obrazların öhdəsindən bacardığım
qədər gəlməyə
çalışmışam.
- İlk
dəfə səhnəyə
çıxanda hansı
hissləri keçirdiniz?
- ƏSA Teatrından əvvəl
həvəskar şəkildə
aktyorluqla məşğul
olurdum. Az
da olsa, səhnə təcrübəm
vardı. Təbii ki, burada peşəkar səhnə
təcrübəsindən söhbət
gedə bilməzdi.
ƏSA Teatrı isə mənə yeni imkanlar, özümü təqdim etmək üçün şərait yaratdı.
İlk dəfə peşəkar səhnədəki çıxışım
isə unudulmaz idi. İçimdəki hisslər bir-birinə
qarışmışdı. Qürur, sevinc, fəxr və bu kimi
ülvi hisslərdən
söhbət gedir.
Teatrımızın ilk tamaşasını nümayiş etdirdikdə
sevinirdik. Çünki artıq teatrımız yaranmışdı və
bu bizim debütümüz idi.
Bizim həmin gün bir tarix yazdığımızın
fərqində idim.
Ona görə də içim-içimə sığmırdı.
Bundan başqa, canlandırdığım
personajın psixoloji tərəfləri də olduğu üçün
çox təsirləndiyimi
xatırlayıram. İlk tamaşamızda
izləyicilər arasında
peşəkar teatr mütəxəssisləri də
olduğu üçün
həyəcanımız daha
artıq idi. Tamaşanı bitirdikdən
sonra özümdə
bir yüngüllük
hiss etməyə başlamışdım.
Bundan sonra nə qədər
obraz canlandırsam da, peşəkar səhnədəki ilk obrazımı
unutmaram.
- Teatr sizin üçün əsa rolunu oynaya bilirmi?
- Teatrın insanların mənəvi zənginlik gücünü artırmaq
üçün fəaliyyət
göstərdiyini nəzərə
alsaq, əlbəttə
ki, elədir. Bilirsiniz ki, ƏSA Teatrının məqsədi fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə
inteqrasiyasını yaratmaq,
bu inteqrasiyanı sürətləndirmək, əlilliyi
olan və olmayan şəxslərin birgə fəaliyyətini
təmin etməkdən
ibarətdir. Belə olduğu
halda, teatrımız fiziki məhdudiyyətli insanlar üçün stimuldur və motivasiya mənbəyidir.
Təbii
ki, teatr mənim üçün əsa rolunu oynayır. Çünki həm mənəvi,
həm də özünüifadə baxımından
teatr bizə bu imkanları yaradır. Teatrla məşğul olduqda,
insanlar özlərini
mənən rahat hiss etməyə başlayırlar.
İnsanların özünü ifadəsi
daha da yaxşılaşır,
təkmilləşir və
cəmiyyətə daha
tez inteqrasiya olurlar.
-
Özəlliyiniz nələrdir?
- Məni özəl edən... Bu
sualı mənim çevrəmdəki insanlar
daha yaxşı cavablandırarlar. Mən
özümdə xüsusi olaraq
nəyisə vurğulaya bilmirəm.
- Bəs hədəfləriniz
nələrdir, 15 il sonra
özünüzü harda
görürsünüz?
- Bir-iki il əvvəl mənə bu sualı versəydiniz, sizə arzularım və gələcək hədəflərim haqqında saatlarla danışardım. Ancaq insan yaşadıqca, arzunun real həyatla üst-üstə düşmədiyinin şahidi olur. Mənim özümə dair planlarım var. Sabahın nələr gətirəcəyini isə bilmək olmaz.
- Boyunuzun
kiçik olması hansı işlərinizə
mane olub?
- Düzünü desəm,
boyumun kiçik
olması işlərimi görmək üçün
o qədər də maneçilik
törətməyib. Hansı işdə boy lazım olursa,
dostlarım və ətrafımda olan
insanların sayəsində bunun da öhdəsindən gəlirəm. İnsan sosial
varlıqdır. Əgər hər hansı məhdudiyyətiniz
sizə bir işi
görməkdə maneə yaradırsa, bu
o demək deyil ki, siz o
işi görə bilməzsiniz.
- Gördüyümüz
qədəri ilə, kompleksli biri deyilsiniz. Bu ağır mərhələni necə
adlamısınız?
- Açığı, bu barədə heç zaman düşünməmişəm. Ümumiyyətlə kompleks hiss etdikdə və ya nəyəsə qarşı sıxıntım olduqda, onu həll etməyə çalışıram. Düşdüyüm situasiyadan hansı yollarla azad olmaq haqqında fikirləşirəm və o an həmin komplekslərim adiləşir. Onlar kompleks olmaqdan çıxır. Bu proses məndə indi deyil, uşaqlıqdan baş verir. Həmin vaxtlardan onları özüm üçün adiləşdirməyi bacardığım üçün belə bir problemim olmayıb. Hər hansı çətin situasiyaya düşəndə, qeyd etdiyim mexanizm özü işə düşür və avtomatik olaraq buna bir çarə tapıram, özüm üçün problemə çevirmirəm.
Xəyalə Rəis
Kaspi 2020.- 8 may.- S.11.