Azərbaycan florasının nadir bitkisi Xarıbülbül Qarabağın maddi irsi kimi  

Beynəlxalq təşkilatlar işğal altındakı ərazilərimizdə ermənilər tərəfindən biomüxtəlifliyə vurulan zərbənin qarşısını almaq üçün ciddi addım atmırlar

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycanın Qarabağ torpaqları zəngin flora və faunası ilə fərqlənir. Azərbaycanın Dağlıq Qarabağ ərazisinin qədim Şuşa şəhərində bitən Xarıbülbül bitkisi Şuşanın milli simvolu hesab olunur. "Sülh və məhəbbət gülü" adlanan Xarıbülbül əsl möcüzədir.

Xarıbülbül Azərbaycan florasının nadir endemik bitkisidir. Bu gözəl bitki Səhləbkimilər (lat.Orxidacea) fəsiləsinin Ofris (Ophrys lat.) cinsinə aiddir. Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Caucasicaya Ophrys Mammosa adlanır, lakin Azərbaycanda bitən bütün növlərə el arasında Xarıbülbül deyilir. Xarıbülbülün digər adı - Qafqaz qaş Səhləbidir. Ophrysyunan mənşəli sözdür, mənası "qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmasına” eyham ediblər.

Ofrislər bir çox orxideyalar kimi, kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur - onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı (eşşəkarısı və başqaları) həşəratların köməyi ilə baş verir və onların çiçəkləri həmən həşəratların formasını və görünüşünü təkrarlayaraq, həşəratları özünə cəlb edir. Ofrislərin çiçəkləri şirə ixrac eləmir, ətri isə demək olar ki, yoxdur. Lakin bəzi növlərinin gülləri, müəyyən növ həşəratların dişi fərdlərinə xas olan və erkək fərdlərini cəlb edən xüsusi qoxuya malik ola bilər. Təbii ki, həşəratları, ofrislərin xüsusi görünüşü ilə bərabər, bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesi baş verir. Göbələklərdən və müəyyən növ həşəratlardan asılı olması ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Xarıbülbül (Ophrys Caucasica) və ofrislərin  bir çox başqa növləri isə hətta "Qırmızı kitabda qeydə alınıblar. Qədim Azərbaycan xalçalarının ornamentlərində də onun təsvirinə rast gəlmək olar.

Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə, Qafqaz ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Xarıbülbül yalnız Şuşa məhəbbətindən cücərir. Bu bitkinin əsas məskəni Şuşanın Cıdır düzüdür. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. "Xarsözü isə tikan mənasını verir, yəni "tikanlı bülbül”. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonuboradaca donub qalıb. Bu möcüzəni bələnmiş uşağa da bənzədirlər. Qeyri adi görkəmə malik olan bu gülə baxdıqda, bülbül təsvirini aydın görmək olur.

Şuşanın sülhsevgi gülü Xarıbülbül haqqında dillərdə bir çox əfsanələr dolaşır. Yer kürəsində yalnız Qarabağda bitən Xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var.

Bu rəvayətlərdən birində deyilir ki, Pənah xan qızını, şairə Ağabəyim Ağanı İran şahına ərə verir. Saraya gəldiyi gündən şairənin üzü gülmür. Bunu görən şah səbəbini soruşur. Şuşa üçün çox darıxdığını söyləyir xan qızı, sonra da şahdan xahiş edir ki, onun üçün bir bağ saldırsın və o bağda yalnız Şuşa torpağında bitən ağaclar basdırılsın, bəlkə bu yolla Vətən həsrəti azala. Şah əmr verir, bağ salınır, Şuşadan hər növ ağac gətirilib əkilir. Hazır olanda Ağabəyim Ağa bağın seyrinə çıxır. "Vətən bağı" adı verdiyi bağı dolaşır, çox arayır, axtarır, amma onu tapa bilmir. Yenidən kədər buludları gözəl çöhrəsini bürüyür. Şah səbəbini soruşur. Şairə bağı gəzərkən Xarıbülbülü görmədiyini deyir. Şah bu bitkinin də gətirilib əkilməsini əmr edir. Ha çalışırlar, nəticə hasil olmur.  Bitkilərin hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur.  Məlum olur ki, Xarıbülbül Şuşa torpağından qeyri yerdə bitmir. Deyilənə görə, məşhur mahnın misraları elə yüz illərdir bu kədərin yükünü daşıyır:

                       Vətən bağı al-əlvandır,

Yox içində Xarıbülbül...

 Xarıbülbül haqqında başqa rəvayət də var: "Bir bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vururonu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görüronun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, sevgisi və cəsarəti onu, sancdığı arı ilə birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhali bu gülə hər zaman xüsusi münasibət bəsləyib. Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Xarıbülbülün təsvirinə Azərbaycan xalçalarında rast gəlmək mümkündür. Bu endemik gül həm gözəl, həm də müalicəvidir və ondan xalq təbabətində istifadə olunur. Xarıbülbül təbiətə verdiyi gözəlliyi ilə yanaşı, müalicə əhəmiyyətli bitkidir. Xarıbülbüldən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə, Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Biomüxtəlifliyin qorunub saxlanılması üçün dövlət səviyyəsində uğurlu tədbirlərin həyata keçirilməsinə baxmayaraq, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ onun ətrafındakı 7 rayonumuzda biomüxtəlifliyə ağır zərbələr vurulmaqdadır. Belə ki, ermənilər tərəfindən işğal edilən ərazilərdəki 250 min 928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri vəhşicəsinə məhv edilməkdədir. Buna paralel olaraq, erməni işğalı altında olan ərazilərimizdə adları "Qırmızı kitab”a düşən (ağquyruq dəniz qartalının, böyük qartalın, məzar qartalının, qara kərkəsin, Qafqaz tetrası digərlərinin) düşməyən 100-dən artıq quş növlərinin nəslinin tamamilə kəsilməsi təhlükəsi əmələ gəlib. Halbuki erməni işğalına qədər zəngin flora faunası ilə məşhur olan Qarabağda nadir endemik quş növləri ilə yanaşı, nəsli kəsilməkdə olan quş növləri müxtəlif qoruq yasaqlıqlarda qorunurdu. Təsadüfi deyil ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş fauna növləri ümumi şəkildə bu təbii vilayətdə məskunlaşan heyvanların 25-30 faizini təşkil edir. Onu da deyək ki, işğal edilmiş ərazilərdəki biomüxtəlifliyə vurulan ağır zərbənin qarşısının alınması üçün müvafiq beynəlxalq qurumlara müraciət edilib. Təəssüflər olsun ki, onlar bu günə qədər işğal altındakı ərazilərimizdə ermənilər tərəfindən biomüxtəlifliyə vurulan zərbənin qarşısını almaq üçün hər hansı bir ciddi addım atmayıblar.

Erməni separatistləri tərəfindən Dağlıq Qarabağ ərazilərinin işğalı zamanı, Xarıbülbülün vətəni Azərbaycanın qədim mədəni musiqi mərkəzi Şuşa şəhəri işğal olundu. Erməni aqressiyası Azərbaycana heç bir ölçüyə sığmayan böyük itkilər gətirdi. Böyük bir ərazidə tarixi, mədəni tarixi abidələr, məscidlər, qədimi yaşayış yerləri dağıdıldı. Dünya yaradıcılığında iz qoymuş məşhur bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün şairə Natəvanın abidələri güllələnmişdir. İyirmi faiz Azərbaycan torpağı zəbt edildi, bir milyon əhali öz əcdadlarının torpaqlarından sürgün oldular. İndi Qarabağımız kimi Xarıbülbülümüz əsirlikdədir. Qürbət cənnət olsa da, Vətən ola bilməz. Bu, özünü zaman-zaman təsdiq etmiş həqiqətdir. Bütün canlılar qəriblikdə sıxılır, darıxır. Yaradılış hər zaman Vətən hava­sına möhtacdır. Doğma torpaqdan havalanan bir əsim yel on­ların dərdinə dərman­ ola bilir.

        Biz inanırıq ki, tezliklə işğala son qoyulacaq Qafqazda sülh bərqərar olunacaq, Şuşada, Dağlıq Qarabağda Azərbaycan bayrağı ucalacaqdır. İnanırıq ki, bir gün qürurlu gül Xarıbülbül yenidən ruhlanacaq öz nəfəsi ilə doğma torpaqlarımızı isidəcəkdir.

 

Vüsalə İsmayılova,

Naxçıvan Dövlət Universitetinin dosenti

 

Kaspi  2020.- 13 may.- S.10.